Məhkəmə qərarları › İş №2(010)-2350/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2350/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2350/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək – övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 “Pirəliyev” olaraq dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 149.2.3.-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, “soyadın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə hazırkı mülki iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı atalığın müəyyən edildiyini bildirsə də, iş materiallarından ata haqqında məlumatın ananın ərizəsinə əsasən yazıldığı müəyyən olunur, həmçinin iş materiallarına atalığın müəyyən edilməsi barədə şəhadətnamə əlavə olunmamışdır. Dolayı yolla iddiaçı soyadın dəyişdirilməsi tələbi ilə deyil, atalığın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir. Ailə qanunvericiliyin tələbinə əsasən atalığın müəyyən edilməsi tələbi ilə bağlı olaraq mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11.2.-ci bəndində qeyd olunur lki, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 6.2.-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Həmin qaydanın 6.6.-ci bəndində əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. Lakin iddiaçının özü tərəfindən atalığın müəyyən edilməsi ilə bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət edilməsi iş materiallarından müəyyən olunmur. Yəni hazırkı halda uşaqların anası vəfat etsə də, əvvəlcədən müvafiq qeydiyyat şöbəsinə ata haqqında məlumat vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadığı halda atalığın müəyyən edilməsinin məhkəmə qaydasında baxılmasının mümkünlüyünü müəyyən etmişdir. Belə olan halda iddiaçı ilk öncə müvafiq qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək cavabdehlə birgə nikahlarından olan uşağa münasibətdə atalığın müəyyən edilməsinı xahiş etməli və Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsindən imtina edildiyi təqdirdə iddiaçı hazırkı cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı atalığın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Yəni onun müraciətinə qeydiyyat şöbəsi tərəfindən rəsmi şəkildə imtina cavabı verildikdən sonra məhkəməyə iddia ərizəsi təqdim edilməli olduğu halda, bu qaydaya iddiaçı tərəfindən hazırda əməl olunmamışdır. Hesab edirəm ki, iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən və yaranmış mübahisəyə hazırkı mərhələdə məhkəmə qaydasında baxılması mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar