Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2387/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarma” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanunu
Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”
İnzibati orqanların adı:
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 5.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 №-li Qərarı
15.4. İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
Məhkəmənin mövqeyi
8. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.
9. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını istəyirlər. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin qanunda qeyd olunmuş müvafiq icra hakimiyyəti orqanının funksiyalarını isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri daşıyır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri isə inzibati orqan hesab olunduğu üçün onlara qarşı mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətlərinə aiddir.
10. Bununla bağlı məhkəmə izah edir ki, iddiaçılar cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün ilk öncə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq ərazi və ixtisaslaşdırılmış polis idarəsi və şöbəsinə (hazırki iş üzrə Suraxanı rayon Qeydiyyat və X1) müraciət etmək, müraciətdən aidiyyəti orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Məhkəmənin gəldiyi nəticə
11. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarma” tələbinə dair iddia ərizəsinin ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçılara izah edilsin ki, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün ilk öncə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq ərazi və ixtisaslaşdırılmış polis idarəsi və şöbəsinə (hazırki iş üzrə Suraxanı rayon Qeydiyyat və X1) müraciət etmək, müraciətdən aidiyyəti orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.