Məhkəmə qərarları › İş №2(010)-2387/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2387/2025

19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2387/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərin əvəzi kimi 4000 manat və mənəvi zərərin əvəzi kimi 3000 manat olmaqla cəmi 7000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən aydın olur ki, İddiaçı onun ünvan 1 ünvanında yerləşən mənzilinə Cavabdeh tərəfindən su axıdılması nəticəsində (qeyd etdiklərinə görə) yaranan zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçının tələbi mülkiyyətində olan mənzilə cavabdeh tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçı (mülkiyyətçi) hüquqlarının pozulmasının aradan qaldırılmasını xahiş edir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). İddiaçı özü də iddia tələbində qeyd etmişdir ki, tərəflər arasında eyni mübahisəyə Binəqədi Rayon Məhkəməsində bir dəfə baxılmışdır. Məhkəmə hesab edir ki, iddiaya müstəsna aidiyyət qaydasında, yəni əmlakın olduğu yerin məhkəməsində baxılmalı olduğundan hazırkı işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir. Bu baxımdan işə ümumi aidiyyat qaydasında cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Odur ki, iddiaçı ərazi aidiyyatı üzrə düzgün məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, müstəsna aidiyat qaydalarına müvafiq olaraq, o, hazırkı tələblə əmlakın yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməlidir. Qərardaddan, onun rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar