Məhkəmə qərarları › İş №2(010)-240/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-240/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-240/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 Firmasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 775 manat maddi ziyan, 1300 manat məbləğində əldən çıxmış fayda və 10.000 manat mənəvi zərər olmaqla ümumilikdə 12.075 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xx xxxx 2020-ci il saat 10:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi “FORD TRANSİT” markalı, ** RE *** dövlət nömrə nişanlı "Binə Çörək" zavodunun sürücüsü Cavabdeh2 tərəfindən törədilmişdir. Səbuhi yol hərəkəti qaydasını pozaraq onun avtomaşınını sağ tərəfdən vurmuş və nəticədə avtomobilin arxa sağ qapısı, qapının kantı, arxa qanadın kantı, şüşə qaldıran mexanizmi və səs kalonkası yararsız hala düşmüşdür. Sürücü Cavabdeh2 barəsində Azərbaycan respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməklə protokol tərtib olunmuşdur. Hadisədən sonra cavabdeh sığorta şirkətinə zəng etsə də, hadisə yerinə sığorta şirkətinin mütəxəsissi gəlməmişdir. Lakin məhkəmə iclasları gedişatı zamanı sığorta şirkəti ona 267,30 manat ödəmişdir. Cavabdeh2 el arasında "Binə Çörək" zavodu kimi tanınan müəssisədə sürücü işləyir. Həmin zavod rəsmi olaraq dövlət qeydiyyatından Cavabdeh1 adı altında keçmişdir. Cavabdeh2 xidməti vəzifəsini yerinə yetirərkən bu hadisəni törətdiyindən Cavabdeh1 işçinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığından cavabdeh olmalıdır. xx xxxxxx 2020-ci il tarixdə xxxx MMC-də avtomobilinə dəymiş real ziyan qiymətləndirilmiş və nöqsan aktı çıxarılaraq müvafiq arayış verilmişdir. Arayışa görə “OPEL ZAFİRA” minik markalı ** DZ *** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən ümumilikdə 775 manat məbləğində ziyan dəymişdir. Ekspert rəyindən də göründüyü kimi onun maşınına həqiqətən ziyan dəymişdir və həmin ziyanın məbləği 735 manat qiymətləndirilmişdir. Hazırda dəymiş zərərdən 267,30 manat məbləğində “xxxx” ASC tərəfindən ona sığorta ödənişi edilmişdir. Əlavə olaraq, o, hadisə baş verməmişdən qabaq taksi xidməti göstərən *9933, *2111 və *0404 sərnişin daşıma şirkətlərində müqavilə əsasında işləyirdi. Taksi fəaliyyəti ilə məşğul olduğu müddətdə gündəlik ən azı 40-45 manat olmaqla orta aylıq qazancı təxmini 1300 manat məbləğində olurdu. Artıq aylardır ki, işləmir və cavabdehin qanunsuz hərəkətlərinə görə qazancından məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər də dəymişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onun idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində o, təqsirli bilinərək cərimə olunmuşdur. O, həmin cərimə məbləğini artıq ödəmişdir. İddiaçının idarə etdiyi avtomobilə dəymiş ziyanı o, deyil sığorta şirkəti ödəməlidir. Eyni zamanda bildirdi ki, iddiaçının avtomobilinə 775 manatlıq ziyan dəyməmişdir. O, ziyan məbləğini şişirtmişdir. Həmin avtomobilə maksimum 200-300 manat dəyərində ziyan dəymişdir. Buna baxmayaraq o, ekspert rəyi ilə razılaşdığını və iddiaçıya dəymiş ziyanın geri qalanın ödənilməsinə köməklik edəcəkdir. Lakin iddianı əldən çıxmış fayda və mənəvi zərərlə bağlı hissədə qəbul etmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 ddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan “Ford Tranzit” markalı ** RE *** dövlət nömrə nişanlı avtomaşın heç vaxt Cavabdeh1 Firmasının mülkiyyətində olmamış, dövlət tərəfindən də həmin avtomaşına dair Cavabdeh1 Firmasına heç bir halda mülkiyyət hüququ verilməmişdir. Sözügedən avtomaşınla yol-nəqliyyat hadisəsi törədən Cavabdeh2 ilə də Cavabdeh1 Firmasının arasında heç bir əmək müqaviləsi bağlanmamış və o, Cavabdeh1 Firmasının əməkdaşı olmamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AB seriyalı 778178 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Ford Transit” markalı **-RE-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X2r. xx.xx.2018-ci il tarxli etibarnamədən müəyyən olunur ki, X5 “Ford Transit” **-RE-*** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir və etibarnamə xx.xx.2028-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AB seriyalı 943128 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Opel Zafira” markalı **-DZ-*** dövlət nömrə nişanlıavtomaşının sahibi X6r. xx.xx.2019-cu il tarxli etibarnamədən müəyyən olunur ki, X10 “Opel Zafira” markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomaşını İddiaçı nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir və etibarnamə xx.xx.2020-ci il tarixədək qüvvədədir. xx.xx.2020-ci il tarxli etibarnamədən müəyyən olunur ki, X10 “Opel Zafira” markalı **- DZ-*** dövlət nömrə nişanlı avtomaşını İddiaçı nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir və etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədədir. “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından müəyyən olunur ki, “Opel Zafira” markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilə təmir işlərinə sərf olunan ehtiyyat hissələri və usta işlərinin ümumilikdə 775 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4546 №-li məhkəmə ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Opel Zafira” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 735,0 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli poçt qəbzindən müəyyən olunur ki, “xxxx” ASC tərəfindən İddiaçı hesabına 267,30 manat məbləğində sığorta ödənişi edilmişdir. Beləliklə, proses iştirakçılarının izahatlarından, eləcədə iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi X3 məxsus olan “Ford Transit” markalı **-RE-*** dövlət nömrə nişanlıavtomaşını ilə xx xxxx 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının idarə etdiyi “Opel Zafira” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan dəymişdir. Həmin zərərin aradan qaldırılması ilə bağlı iddiaçıya 267,30 manat məbləğində sığorta ödənişi ödənilmişdir İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi avtomaşınına vurulan zərərin aradan qaldırılması ilə bağlı təmir-bərpa xərci hadisə baş verən tarixə 735.00 manat təşkil etmişdir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı hesab edilməlidir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzini təqdim etdiyi qüsur aktına əsasən 775 manat məbləğində tələb etsə də, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı iddiaçıya “xxxx” ASC tərəfindən 267,30 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 735 manat kimi müəyyən olunan zərərin ümumi məbləğdən çıxılmalı və son nəticədə Cavabdeh2 iddiaçının xeyrinə 735-267,30=467,70 manat tutulmalıdır. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq belə nəticəyə gəlir ki, yuxarıda qeyd olunan hüququ normaları ilə iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olsa da, zərərin əvəzinin Cavabdeh1 firmasından tutulması üçün heç bir əsası yoxdur. Belə ki, İddiaçı Cavabdeh2 qeyd edilən şirkətdə sürücü vəzifəsində işləməsini əsas gətirərək iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsini istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, hüquqi şəxsin üzərinə vurulmuş zərərin əvəzininin ödənilməsi vəzifəsi qoyulması üçün, zərərin vurulması onun işcisinin əmək vəzifələrinin icrası zamanı baş verməsi zəruridir. İddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdeh2 hadisə törətdiyi zaman idarə etdiyi avtomobilin üzərində “Binə çörək zavodu” reklamının yerləşdirilməsi onun (Cavabdeh2) həmin şirkətdə sürücü vəzifəsində işləməsinə dəlalət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla iddiaçı Cavabdeh2 məhz əmək vəzifələrinin icrası zamanı yol nəqliyyat hadisəsini törətdiyini qeyd etsə də, bu tələbini əsaslandıra bilməmiş və sonuncunun həmin şirkətin əməkdaşı olmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Digər tərəfdən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsini törətdiyi zaman idarə etdiyi “Ford Transit” markalı **- RE-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh1 şirkətin mülkiyyət və ya balansında deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 firmasına qarşı iddia tələbini əsassız hesab edir və qeyd edir ki, hüquqi şəxs digər şəxslərin hərəkətlərinə görə yox, işçilərinin hərəkətlərində ifadə olunan öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Belə ki, işcinin hərəkəti onun əmək funksiyaları ilə bağlı olmalı və hüquqi şəxsin özünün fəaliyyətini əks etdirməlidir. Hazırki iş üzrə bu hal iddiaçı tərəfindən sübut edilməmişdir. İddiaçı 1300 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, həmin öhdəliyin hansı əsasla yaranmasını əsaslandıra bilməmiş və əldən çıxmış mənfəətin məhz həmin məbləğdə yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tələbinin 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə tələb qismən təmin olunmalıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyri-hüquqi əməli iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Beləliklə, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları və işin halları iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verir. Mənəvi ziyanın həcminə gəldikdə isə, məhkəmə zərərin baş verməsinə səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçiridiyi mənəvi sarsıntının xarakterini, iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 200 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 467,70 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 667,70 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən Azərbaycan Respublikası Dövlət Büdcəsinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə dəymiş zərər qət etdi: İddia Cavabdeh2 münasibətdə qismən təmin olunsun. Cavabdeh2 467,70 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 667,7 (altı yüz altmış yeddi manat yetmiş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 Azərbaycan Respublikası Dövlət Büdcəsinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: Dövlət Xəzinədarlığı Agentliyip, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar