Məhkəmə qərarları › İş №2(010)-241/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-241/2023

16.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-241/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahiblik hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Qara-Çuxur qəsəbəsi, A.Şadlinski küçəsi ev 1 “A”da inşa edilmiş tikiliyə və torpaq sahəsinə iddiaçının sahiblik hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsi. İddia tələbinin dəlilləri İddiaçının atası X13 1936-cı il tarixdən ünvan 1 ünvanında yaşamışdır. O, 1946-cı il tarixdə anası X3 ilə evlənmişdir. Göstərilən ünvanda atasıyla anasının birgə nikahından 1950-ci il tarixdə qardaşı X16 və 1951-ci il tarixdə iddiaçı X12 anadan olmuşlar. Atası 1984-cü il tarixdə, anası isə 1992-ci il tarixdə rəhmətə getmişlər. Anası Aliyə rəhmətə getdikdən sonra ev kitabçası iddiaçının razılığı əsasında qardaşı X14 adına sənədləşdirilmişdir. Qardaşı 1973-cü il tarixdə Qaliyə adlı qadınla evlənmiş və birgə nikahdan 3 övladı olmuşdur. 1986-cı il tarixdə qardaşı öz ailəsi ilə birlikdə Rusiya Federasiyasının Saransk şəhərinə köçmüş və orada daimi yaşamağa başlamışlar. X17 bir il sonra xəstə vəziyyətdə Bakıya qayıtmış və iddiaçıdan ona köməklik etməsini xahiş etmişdir. Onun ailə üzvləri isə Rusiya Federasiyasına köçdükdən sonra Rusiya dövlətinin vətəndaşlığını qəbul etmişlər. Qardaşı X16lə iddiaçı A.Şadlinski ev 1 “A”da yaşamışlar. O xəstə olduğu müddətdə iddiaçının qızı Elvira və həyat yoldaşı Rauza ona qulluq etmişlər. Çünki o, yataq xəstəsi olmuşdur. Qardaşı xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. İddiaçı qardaşını dəfn edib hüzn mərasimlərini keçirmişdir. Qardaşı rəhmətə getdikdən sonra evdə iddiaçı yaşayır. Evə və torpaq sahəsinə iddiaçı sahiblik edir. Onun ailə üzvləri, iki oğlu və bir qızı Rusiya Federasiyasına köçdükdən sonra ataları ilə maraqlanmamışlar və iddiaçının dəvətinə baxmayaraq dəfn mərasiminə gəlməmişlər. Onu iddiaçı dəfn edib və mərasim xərclərini ödəmişdir. İddiaçının Qara-Çuxur qəsəbəsi A.Şadlinski ev 1 “A”-da yaşadığını şahidlər də təsdiq edə bilərlər. İddiaçı hesab edir ki, Qara-Çuxur qəsəbəsi A.Şadlinski ev 1 “A” saylı ünvana həm istifadə, həm də sahiblik hüququ əldə etmişdir. İddiaçının atası Asadulin Alim 1936-cı il tarixdən bu ünvanda yaşamış, ev tikmiş, torpaq sahəsini çəpərə almış və həyətyanı sahədə əkilən ağac və bitkilərə qulluq etmişdir. Halhazırda Qara-Çuxur qəsəbəsi A.Şadlinski ev 1 “A”ya iddiaçı sahiblik edir. Həyətyanı sahədə inşa edilmiş tikililərdə təmir və yenidən qurma işləri aparır. Həyətyanı sahədə əkilmiş ağac və bitkilərdən əlavə iddiaçı yeni ağaclar əkmiş və onlara qulluq edir. Onun atasından miras qalmış tikili və 7 sot torpaq sahəsinə sahiblik hüququ 86 ildən artıqdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin dəlillərini müdafiə edərək iddianın təmin olun olunmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X8 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin dəlillərini müdafiə edərək iddianın təmin olun olunmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2019-cu il tarixdə verilmiş, 141-05/70 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X13 və X4 nikahı haqqında 14 oktyabr 1946-cı ildə 92 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Asadulina soyadı verilmişdir. 24 fevral 1950-ci il tarixdə doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1950-ci il tarixdə doğulmuşdur. Onun valideynləri X13 və X1. 13 noyabr 1984-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22 oktyabr 1984-cü il tarixdə Bakıda ölmüşdür. 10 mart 1992-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1992-ci il tarixdə Bakıda ölmüşdür. Ev kitabından görünür ki, X16, Asadulin Qaliya və uşaqları Said, Alisa və Rinat xx.xx.1985-ci il tarixdə “Podqornaya” küçəsi 1A-a köçürülmüşlər. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22 may 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 876219 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə digər dəqiqləşdirilmiş tüstü, od və alov mənbələrinin təsiri səbəbindən Bakıda ölmüşdür. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-955/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş və ərizəçi İddiaçı mərhum X9rdaşı olması faktı müəyyən edilmişdir. Həmin qətnamənin təsvir hissəsində şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı 34 ildir ki, tanıyır. Belə ki, Denislyamın arvadı onun baldızıdır və onlar evlənəndən ərizəçini tanıyır. O özü isə 1946-cı ildən bəri Azərbaycanda yaşayır. O, əvvəllər Yevlax və Gəncə şəhərlərində də yaşamışdır. Asadulin Syadan isə ərizəçinin yaşadığı evlə üzbəüz yaşamış, 2017-ci ilin aprel ayında vəfat etmişdir. Baldızının dediyinə görə Syadanın arvadı Rusiyada yaşayır və üç uşağı var. Lakin onlar Bakıya gəlmirlər. Ərizəçi Syadanı özü dəfn etmiş, dəfndə o da iştirak etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********04 saylı məktubundan görünür ki, iddiaçı X7 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciəti rədd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi. İddiaçı Qara-Çuxur qəsəbəsi, A.Şadlinski küçəsi ev 1 “A”da inşa edilmiş tikiliyə və torpaq sahəsinə özünün sahiblik hüququnun tanınmasını istəyir. Məhkəmə müəyyən edir ki, iddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün müvafiq quruma müraciət etmiş, lakin bundan imtina edilmişdir. Bundan irəli gələrək, iddiaçı hüququnun məhkəmə qaydasında tanınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəf iddiasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinə istinad etsə də, məhkəmə qeyd edir ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 179.1-ci maddə çıxarılmışdır. Bununla belə məhkəmə iddiaçı tərəfin irəli sürdüyü mülahizələrdən belə qənaətə gəlmişdir ki, tərəf öz fikirlərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsini əsas götürür. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinad edərək müvafiq torpaq sahəsinə 30 ildən çoxdur ki, faktiki sahiblik etdiyini bildirsə də, nəzərə almamışdır ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. (“S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun xx.xx.2006-cı il Qərarı). Həmçinin həmin maddə hazırkı mübahisəyə şamil edilə bildiyi halda belə məhkəmə işin hallarını araşdıraraq belə hesab edir ki, iddiaçı tərəf mübahisəli yaşayış yerində 30 ildən artıq yaşadığını iddia etsə də, buna dair heç bir əsaslı sübut məhkəməyə təqdim etməmiş və məhkəmə iclası zamanı verdiyi izahatlarında və ərizələrində irəli sürdüyü formal fikirlərlə kifayətlənmişdir. Əksinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və artıq preyudisial xarakter daşıyan 2(010)-955/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin təsvir hissəsində şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsindən aydın olur ki, İddiaçılə Asadulin Syadan bir evdə deyil, “üzbəüz” evlərdə yaşamışlar. Həmçinin iş materiallarında olan ev kitabında da sözügedən evə 1985-ci ildən yalnız Asadulin Syadan və onun ailə üzvlərinin köçürülməsinin qeyd olunması 1936-cı il tarixdən iddiaçının atası X11, ailə həyatı qurduqdan sonra iddiaçının anasının, eləcə də iddiaçı və qardaşının özlərinin doğulduqdan həmin evdə yaşamamasına dair məhkəmənin mülahizəsini qətiləşdirir. Məhkəmə həmçinin vurğulayır ki, sözügedən ev kitabçasında cavabdehlərdən Cavabdeh1 pasport məlumatlarına dair qeydlərin 1992-ci ilə aid olması iddiaçının cavabdehlərin 1986-cı ildən daimi əsaslarla başqa ölkəyə köçməsinə dair fikrini də təkzib edir.

Məhkəmənin gəldiyi nəticə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahiblik hüququnun müəyyən olunması” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahiblik hüququnun müəyyən olunması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar