Məhkəmə qərarları › İş №2(010)-2463/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2463/2024

25.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2463/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 3-dan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2007-ci il tarixində verilmiş ********* qeydiyyat nömrəsi olan MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzildə Cavabdeh pasport qeydiyyatındadır. Qeyd edilən şəxs onun oğlu (bioloji) olsa da, xeyli vaxtdır ki, (10 ildən artıq) həmin ünvanda yaşamır və qeydiyyatı formal xarakter daşıyır. Bu fakt AR-sı Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş 258 nömrəli arayışla da öz təsdiqini tapır. Oğlunun həmin ünvanda formal olaraq qeydiyyatda qalması onun bir mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Ümumiyyətlə oğlunun ona məxsus mənzildə qeydiyyatda olmağı onu narahat edir və oğlunun onun mənzilinə formal qeydiyyatına son vermək üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət etsə də, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi müraciətinə baxılmasından xx.xx.2024-cü il tarixində imtina etmiş və ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Nəticədə o da məcbur olub Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun oğludur, hazırda oğlunun onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması ona maneçilik törədir. Çünki cavabdeh 2014-cü ildən orada yaşamır. Onun haqqında bircə onu bilir ki, hazırda Xabarovski şəhərində yaşayır və işləyir. Hazırda cavabdehin istifadə hüququna xitam verilməsi ona məhz o səbəbdən ötrü lazımdır ki, əgər hər hansı bir arayışın əldə olunması tələb olunursa, cavabdehin buna razılığının alınması zəruridir. Cavabdeh isə burada yaşamadığından bu ona problem yaradır. Cavabdeh onun evində neçə ildir ki, yaşamasa da qeydiyyatda olduğundan o, əlavə kommunal xərclər ödəyir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, iddiaçı ilə orta məktəbdə bir sinifdə təhsil almışdır və ailəvi olaraq Tofiqlə yaxındırlar. Hazırkı iş üzrə cavabdeh Anar Tofiqin oğludur. Anarı təxminən 14-15 ildir ki, görmür və ümumiyyətlə Anarın hansı şəhərdə olmasına dair məlumatı yoxdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçını 32 ildir ki, tanıyır və onunla qonşudur. Cavabdeh Anar Tofiqin oğludur. Anarı sonuncu dəfə 2013-cü il tarixdə görmüşdür və o gündən bu yana Anarı görmür. Anarı görməsə də, onun qardaşını görür və qardaşının dediyinə görə Anar xaricdədir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-38-2/33-1933/24 nömrəli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh xx.xx.2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır (sonuncu dəfə xx.xx.2014-cü il tarixdə - çıxış). Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində istifadədə olan 0.029 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 2 mərtəbəli binada 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə 347 nömrəli reyestr kitabının 32480 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 258 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 7 saylı evin, 10 nömrəli mənzilində qeydiyyatdadır, lakin 2014-cü il tarixdən yuxarıda göstərilən ünvanda yaşamır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır (Qeydiyyatda olan digər şəxslər – xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, müraciətlə bağlı İdarənin Qeydiyyat məsələləri bölməsində müvafiq araşdırma aparılmış, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməmə sorğusuna xx.xx.2024-cü il tarixli, 3-38-2/33-1933/24 nömrəli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh xx.xx.2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır (sonuncu dəfə xx.xx.2014-cü il tarixdə - çıxış). xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və şahid ifadələri, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, ünvan 3 üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2007-ci il tarixində qeydə alınmışdır. Cavabdeh iddiaçının oğlu olmaqla həmin mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı cavabdehin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, hazırki halda cavabdeh uzun müddət fasiləsiz olaraq həmin mənzildə yaşamamaqla mənzildən istifadə etmir. Bu hal işdə olan sübutlarla, həmçinin məhkəmə sorğusuna əsasən əldə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfinin cavab məktubundan da müəyyən olunur. Belə ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh xx.xx.2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır. Cavabdeh müxtəlif vaxtlarda ölkə ərazisinə giriş və ərazidən çıxışlar etmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə ölkədən çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş şəxslər də cavabdehin uzun müddət iddiaçıya məxsus mənzildə yaşamadığını öz ifadələri ilə təsdiq etmişdirlər. Sadalananlara əsasən məhkəmə Cavabdeh uzun müddət və fasiləsiz olaraq iddiaçıya məxsus mənzildə yaşamamasını onun həmin mənzilə olan ehtiyacının aradan qalxması kimi qiymətləndirir. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Buna görə də Cavabdeh İddiaçı məxsus mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar