Məhkəmə qərarları › İş №2(010)-249/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-249/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-249/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə ödənilmiş 10.000 manat məbləğində pul vəsaitinin və bu vaxta qədər ona dəymiş mənəvi ziyan olaraq 5.000 manat məbləğində pul vəsaitinin, ümumilikdə isə 15.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əsasən, cavabdeh “Podratçı” Cavabdeh ilə aralarındakı razılaşma üzrə ev tikintisi üçün şirkətə 10.000 manat ilkin ödəniş edərək müqavilə imzalamışdır. Müqaviləyə əsasən (evin özülünün dəmir betonla inşası, evin kürsüsünün mişar daşı ilə 5 daş hündürlüyündə inşası, kürsünün üstünün “ruberoudlə” izoliyasiyası, evin mişar daşı ilə tikilməsi h=3 metr (xarici), evin dam örtüyünün inşası (taxta materiallar: 5x10, 3x10), dam örtüyünün istilik qatı ilə (şüşə pambıq) izolyasiya edilməsi, dam örtüyünün “profnastil” ilə örtülməsi, evin pəncərələrinin ağ plastik materiallar ilə montajı (cift, nəfəslik, setka, dəmir barmaqlıqlar daxil deyil), evin döşəməsinin inşası (“şlifovkası”, dolğu və lak işləri), evin tavanının inşası (“alçipan” sadə formada), hamam tualetin kafellə inşası, hamam tualetin döşəməsinin metlaxla inşası, giriş pilləkanın tikilməsi, evin seyf qapısının montajı, elektrik xəttlərinin çəkilməsi, hər otaqda 2 “rozetka” yeri (“karobka”), 1 “vkluçatel” yeri (“karobka”), kombi sisteminin çəkilməsi (kombi aparatı və radiator daxil deyil), su xəttlərinin çəkilməsi (mətbəxə və sanitar qovşağa çəkilişi), kanalizasiya xəttinin çəkilməsi, həyətdə sambonun inşası, evin divarlarının oboyla örtülməsi, evin otaq qapılarının montajı, hasar 5 daş) ona fərdi olaraq ev tikilib təhvil verilməli idi. Lakin, xx.xx.2024-cü il tarixdən bu günə qədər heç bir irəliləyiş yoxdur və tikinti ilə bağlı heç bir addım atılmamışdır. Beləliklə də, cavabdeh müqavilə üzrə üzərinə düşən heç bir öhdəliyi icra etməmiş və bununla da, onun qanunla qorunan hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bundan əlavə, evin vaxtında ona təhvil verilməməsi səbəbindən o, aylardır ki, 300 manat ödəniş etməklə kirayədə yaşayır. Bütün bu hadisələrdən sonra səhhəti pozularaq mənəvi əsəb və sarsıntı keçirmişdir. Özünü dərmanlarla güclə ayaqda saxlamağa çalışır. Cavabdehin bu hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Bu səbəbdən qeyd edilənlər nəzərə alınaraq, Cavabdeh müqavilə üzrə ödənilmiş 10.000 manat və bu vaxta qədər ona dəymiş mənəvi ziyan olaraq 5.000 manat pulun alınaraq ona qaytarılması tələbinə dair qətnamə qəbul edilməlidir. Məhz bu səbəbdən həmin pulun cavabdehdən alınaraq ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən, podratçı ümumi sahəsi 90 m2 olan fərdi yaşayış evinin tikintisini həyata keçirməli və iddiaçıya təhvil verməli idi. Bu məqsədlə, iddiaçı tərəfindən cavabdehə 10.000 manat məbləğində ilkin ödəniş edilmiş və qalıq məbləğin hər ay 500 manat olmaqla ödənilməsi barədə razılıq əldə edilmişdir. Müqavilədə nəzərdə tutulan fərdi yaşayış evinin tikintisinin ümumi dəyəri isə 35.000 manat təşkil etmişdir. Bununla belə, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ümumiyyətlə evin tikintisinə başlamamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, İddiaçı onun qızının yoldaşıdır. Cavidin 10.000 manat pul vəsaiti olmuş və ev almaq məqsədilə elanlara baxış keçirmişdir. Daha sonra, Cavid hazırkı iş üzrə cavabdehə məxsus elanı görmüş, o və həyat yoldaşı ilə birlikdə həmin şəxslə görüşməyə getmişlər. Cavabdeh onlara bildirmişdir ki, nağd alışda 15.000 manat məbləğində pul, hissə-hissə alışda isə 10.000 manat məbləğində pul ödəməlidirlər. Lakin, Cavidin 10.000 manat pulu olduğu üçün evin pulunu hissə-hissə ödəmək istəmiş və cavabdehlə müqavilə bağlanmışdır. Cavabdeh müqavilə bağlanarkən onlara bildirmişdir ki, təxminən 3-4 aydan sonra evin tikintisinə başlanacaqdır. Lakin, həmin vaxtdan 3-4 ay keçsə də, ərazidə heç bir tikinti işi görülməyə başlanmamışdır. Bununla bağlı cavabdehlə əlaqə saxlanılmış və ona bildirilmişdir ki, ya pul vəsaitini geri qaytar, ya da evin tikintisinə başla. Cavabdehdə buna cavab olaraq, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməməsini bildirmiş və verilmiş pul vəsaitini geri qaytaracağını söyləmişdir. Lakin, nə evin tikintisinə başlanılmış, nə də pul geri qaytarılmışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun qızının yoldaşıdır. İddiaçı ev almaq məqsədilə Hövsan qəsəbəsində yerləşən satış ofislərindən birinə o və həyat yoldaşı Səidə ilə birlikdə yaxınlaşmış və ev almaq məqsədilə cavabdehlə müqavilə bağlamışdır. İddiaçı cavabdehə satış ofisində onların iştirakı ilə 10.000 manat məbləğində pul vermişdir. Cavabdeh isə həmin evin tikintisinin təxminən 2-3 ay ərzində başa çatacağını onlara bildirsə də, sözünə əməl etməmiş və öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Daha sonra cavabdehlə əlaqə saxlayaraq tikintinin nə yerdə olduğunu xəbər almış, cavabdeh isə tikinti işlərinə başlamaq üçün icazə verilmədiyini bildirmişdir. Məhz, yuxarıda qeyd edilən səbəblərdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialları Cavabdeh (Podratçı) və İddiaçı (Sifarişçi) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış podrat müqaviləsindən müəyyən olunur ki, “Sifarişçi” Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində özünə məxsus olan 3 sot torpaq sahəsində ümumi sahəsi 90 m2 olan və müqaviləyə əlavə edilən layihəyə əsasən fərdi yaşayış evinin təmirli tikintisini sifariş edir, “Podratçı” “Sifarişçi”nin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür. xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əlavə olunan görülən işlərin siyahısından müəyyən olunur ki, tərəflər arasında müvafiq müqavilə üzrə aşağıdakı işlərin görülməsi razılaşdırılmışdır: 1) Evin özülünün dəmir betonla inşası, 2) Evin kürsüsünün mişar daşı ilə 5 daş hündürlüyündə inşası, 3) Kürsünün üstünün “ruberoudlə” izoliyasiyası, 4) Evin mişar daşı ilə tikilməsi h=3 metr (xarici), 5) Evin dam örtüyünün inşası (taxta materiallar – 5x10, 3x10), 6) Dam örtüyünün istilik qatı ilə (şüşə pambıq) izoliyasiya edilməsi, 7) Dam örtüyünün “profnastil” ilə örtülməsi, 8) Evin pəncərələrinin ağ plastik materialla montajı (cift, nəfəslik, setka, dəmir barmaqlıqlar daxil deyil), 9) Evin döşəməsinin inşası (“şlifovkası”, dolğu və lak işləri), 10) Evin tavanının inşası (“alçipan”la, sadə formada), 11) Hamam və tualetin kafellə inşası, 12) Hamam və tualetin döşəməsinin “metlax”la inşası, 13) Giriş pilləkanının tikilməsi, 14) Evin seyf qapısının montajı, 15) Elektrik xəttlərinin çəkilməsi, hər otaqda 2 “rozetka” yeri (“karobka”), 1 “vkluçatel” yeri (“karobka”), 16) Kombi sisteminin çəkilməsi (kombi aparatı və radiator daxil deyil), 17) Su xəttlərinin çəkilməsi (mətbəxə və sanitar qovşağa çəkilməsi), 18) Kanalizasiya xəttinin çəkilməsi və həyətdə “sambonun” inşası, 19) Evin divarlarının oboyla örtülməsi, 20) Evin otaqlarının montajı və 21) Hasar 5 daş. xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, podrat müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, müqavilənin ümumi dəyəri olan – 35.000 manat məbləğdən 10.000 manat ilkin ödəniş olmaqla, müqavilə üzrə borcun 50 ay müddətinə, hər ay 500 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş pretenziyadan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə yaranmış borc məbləğinin 15 (on beş) gün müddətində geri qaytarılması tələb olunmuş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq pretenziya məktubunun göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yerində müayinə Məhkəmə tərkibi (Hakim Rzayeva Fəridə İslam qızı, hakim köməkçisi X4) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə yerli baxış keçirilmişdir. Qeyd olunan ünvana gəldikdə mübahisə predmeti olan torpaq sahəsinin daş hasarla əhatə olunduğu, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün təməlin qoyulması işinə başlanması, lakin işin başa çatdırılmaması, təməlin qoyulması üçün yalnız bir sıra daş kərpiclərin sıra ilə düzülməsi, eləcə də torpaq sahəsinin daxilində müxtəlif sayda daş kərpiclərin yerləşməsi müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkili) izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən mülki qanunvericiliyin müvafiq maddi hüquq normaları təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı ilkin ödəniş etməklə müqavilə üzrə razılaşdırılmış ümumi pul məbləğini hissə-hissə ödəməyi, cavabdeh fərdi yaşayış evinin müqaviləyə əlavə olunan siyahıda nəzərdə tutulmuş təmirtikinti işlərini yerinə yetirməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə ilə razılaşdırılmış ilkin ödəniş kimi 10.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş, cavabdeh isə müqaviləyə əlavə edilmiş siyahıda nəzərdə tutulmuş təmir – tikinti işlərini yerinə yetirməmişdir. Beləliklə də, cavabdeh vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış podrat müqaviləsinin 2.2.1-ci maddəsinə əsasən, “Podratçı bu podrat müqaviləsində göstərilən bütün bəndlərə tam riayət etməli, göstərilən vaxtda görüləcək işlər siyahısında nəzərdə tutulmuş işlərin inşasına başlamalı (tikinti normativlərinə və görülən işlər siyahısına uyğun) başlamalıdır”. Lakin, podratçı müqavilə ilə öz üzərinə müəyyən olunmuş vəzifəni vaxtında və lazımı qaydada icra etməmiş, bununla müqavilənin digər tərəfinə zərər vurmuşdur. Eyni zamanda, mübahisə predmeti olan fərdi yaşayış evinin təmir və tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zamanı torpaq sahəsinin daş hasarla əhatə olunması və həmin ərazidə heç bir tikinti işinin aparılmaması müəyyən edilmişdir. Fərdi yaşayış evinin tikintisi və təmiri üçün ayrılmış torpaq sahəsində hər hansı işin görülməməsi səbəbindən, eləcə də yuxarıda işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsaslanan məhkəmə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsinə gəlir. Məhkəmə iclasından məlumatlı olan cavabdeh iddia ərizəsində qeyd olunanları təkzib edən hər hansı sübut məhkəməyə tədqim etməmiş və məhkəmə işdə olan materiallar və şahid ifadələri ilə iddia tələbinə qiymət verərək, iddianın 10.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsinə dair hissədə əsaslı hesab edir. Digər tərəfdən, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsində məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İddiaçı tərəfindən mənəvi ziyanla bağlı hissədə iddia tələbinin əsasını təşkil edən fakt və halları təsdiq edən hər hansı mötəbər sübut işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (10.000 manat) mütənasib hissəsi olan 120 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 120 manatı məbləği tutularaq İddiaçı ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul vəsaiti və 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar