Məhkəmə qərarları › İş №2(010)-2512/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2512/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2512/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birdəfəlik olaraq 5.000 (beş min) manat maddi zərərin, 5.000 (beş min) manat mənəvi zərərin və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, 1-ci Qarabağ müharibəsinin İİ-ci qrup əlili atası X2 14 sentyabr 2010-cu il tarixdə “qırtlağın eroziyası” xəstəliyi səbəbilə dünyasını dəyişəndən sonra cavabdeh X1, Veteranları və X4 Birliyi Suraxanı rayon şöbəsi tərəfindən ona yardımçı təsərrüfatın yaradılması üçün verilməsi nəzərdə tutulmuş torpaq sahəsi İddiaçı adına notarial qaydada rəsmiləşdirilmişdir. Belə ki, 23 yanvar 2011-ci il tarixdə Bakı şəhəri 37 saylı dövlət notariat kontorunda X1, Veteranları və X4 Birliyi Suraxanı rayon şöbəsi İdarə Heyətinin sədri X3 ilə İddiaçı arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********22 reyestr və ********** qeydiyyat nömrəsi olan xx.xx.2010-cu il qeydiyyat tarixli, MA seriyalı, ******* saylı çıxarış əsasında yardımçı təsərrüfatın təşkil olunması üçün onun daimi istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yerləşən 3.839 (üç min səkkiz yüz otuz doqquz) ha torpaq sahəsinin 0.02 ha-dan ibarət olan hissəsinin iddiaçıya daimi əvəzsiz istifadəyə verilməsi haqqında AN-İ seriyalı, ******* nömrəli Müqavilə imzalanmışdır. 1-ci Qarabağ müharibəsi əlili 52 yaşlı atam X2 14 sentyabr 2010-cu il tarixdə dünyasını dəyişəndən sonra ailəvi olaraq uzun müddət özünə gələ bilməmişdir. Çünki onlar sağlamlığını Vətən yolunda qurban vermiş ailə başçısını itirmişdir. Sonra 1914-cü ilin əvvəlindən başlayaraq 23 yanvar 2011-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Müqaviləyə əsasən notarial qaydada iddiaçıya yardımçı təsərrüfatın yaradılması üçün daimi əvəzsiz istifadəyə verilmiş 0.02 ha-dan ibarət olan torpaq sahəsinə Çıxarış almaq imkanının olması ilə bağlı yazılı və şifahi olaraq bir neçə dəfə X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsinə müraciət etmiş, hər dəfə də iddiaçıya deyilib ki, problemləri həll edəcək və çıxarış alacaq. Çünki, ondan-bundan eşidirdi ki, yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahələrinə vətəndaşlar çıxarış ala bilmirlər. “Torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında” AN-İ seriyalı, ******* nömrəli 23 yanvar 2011-ci il tarixli Müqavilə imzalanandan sonra yuxarıda qeyd olunmuş 0.02 hektardan ibarət olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq Çıxarışın iddiaçıya verilməsi üçün dəfələrlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, hər dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi yuxarıda qeyd olunmuş 0.02 hektardan ibarət olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmiş və imtinasını şərti sərhədlənmiş torpaq sahəsinin 124.0 kv. metrinin sənəd üzrə sahədən kənarda yerləşməsi, bölgü sxemində perimetrik ölçülərin və istinad nöqtələrinin qeyd olunmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktublarında qeyd olunmuş iradların aradan qaldırılması və həlli ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh yuxarıda qeyd olunmuş iradların aradan qaldırılması üçün heç bir əməli tədbir görməmiş və məsuliyyətsizlik nümayiş etdirərək aralarında notarial qaydada bağlanmış “torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında” AN-İ seriyalı, ******* nömrəli 23 yanvar 2011-ci il tarixli Müqavilənin şərtlərini kobudcasına pozmuşdur. Çünki yuxarıda qeyd edilən AN-İ seriyalı, ******* nömrəli 23 yanvar 2011-ci il tarixli Müqavilənin 1.3-cü bəndində göstərilmişdir: "Birinci tərəf bu Müqavilə notariat qaydasında təsdiq edildiyi gündən sonra ertəsi gündən başlayaraq üç gün müddətində həmin Müqavilənin 1.2-ci bəndində göstərilən 0.02 ha. torpaq sahəsini ikinci tərəfə təhvil verməyi öhdəsinə götürür”. Hətta xx.xx.2019-cu il tarixdə AR ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 ildən çox davam edən məhkəmə prosesi zamanı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-358/2021 saylı Qərardadı ilə (hakim Pərviz Hüseynov) inzibati işin həlli üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Lakin ekspert, belə halda (qeyd olunan torpaq sahəsinin 124.0 kv. m.-nin sənəd üzrə sahədən kənarda yerləşməsi) ekspertizanın mümkün olmaması səbəbilə məhkəmə ekpertizasmın aparılmasından imtina etmişdir. Daha sonra yenidən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilıməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu dəfə də sahəsi 0.02 ha-dan ibarət mübahisəli torpaq sahəsi üzərində hüququ onun 124 kv. metrinin sənəd üzrə sahədən kənarda yerləşməsi səbəbindən cavabdeh tərəfindən tanınmadığına görə o, məcbur qalıb iddia tələbinin dəqiqləşdirilməsinə dair - “torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında” xx.xx.2011-ci il tarixli, AN-İ № ******* nömrəli müqaviləyə əsasən onun istifadəsinə verilmiş 76 kv.m. torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahişi ilə bağlı ərizəsini məhkəməyə təqdim edir. Bakı İnzibati Məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində qeyd edilən məzmunda iddiasının təmin edilməsi barədə 2-1(112)-4848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsi ilə aralarında notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* nömrəli 23 yanvar 2011-ci il tarixli Müqavilədə daimi əvəzsiz idaçının istifadəsinə verilmiş torpaq sahəsi 0.02 ha. (200 kv.m.) göstərilsə də iddiaçı faktiki olaraq həmin torpaq sahəsinin 76 kv. metrinə, yəni müqavilədə göstəriləndən 124 kv.m. az torpaq sahəsinə çıxarış almışdır. Beləliklə, cavabdeh X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsi tərəfindən aralarında notarial qaydada bağlanmış “torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında” AN-İ seriyalı, ******* nömrəli 23 yanvar 2011-ci il tarixli Müqavilənin şərtlərinin kobudcasına pozulması nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Bütün bunların nəticəsində iddiaçı həm fiziki, həm də mənəvi əzab-əziyyət çəkərək sarsıntılar və həyəcanlı anlar yaşamışdır. Hesab edir ki, bütün bunlar cavabdeh tərəfindən Qarabağ müharibəsi əlilinin ailəsinə və onun ruhuna edilən böyük hörmətsizlikdir. Əgər cavabdeh AN-İ seriyalı, ******* nömrəli 23 yanvar 2011-ci il tarixli Müqavilənin şərtlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya göndərdiyi imtina məktublarında göstərdiyi iradları aradan qaldırsaydı iddiaçı həmin torpaq sahəsindən istifadə edərək orada tərəvəz və bostan bitkiləri əkərək öz ailəsinin ehtiyacını ödəməklə bərabər bazarda da satıb çoxlu miqdarda maddi mənfəət (xeyir) əldə edərdi. Keçən müddət ərzində cavabdehin günahı ucbatından belə bir maddi mənfəətdən məhrum olmuş və iddiaçıya 5.000 (beş min) manat maddi zərər və 5.000 (beş min) manat mənəvi zərər dəymişdir. Bundan əlavə, X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsi ilə aralarında notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* nömrəli xx.xx.2011-ci il tarixli Müqavilədə daimi əvəzsiz iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi 0.02 ha. (200 kv.m.) göstərilsə də, iddiaçıya faktiki olaraq həmin torpaq sahəsinin 76 kv. metrinə, yəni müqavilədə göstəriləndən 124 kv.m. az torpaq sahəsinə çıxarış almışdır. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ümumi məbləği 10.000 (on min) manat təşkil edir. Hesab edir ki, cavabdeh 10.000 (on min) manat məbləğində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsin xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-728/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2011-ci il tarixli Torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləsinə əsasən X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi iarəsi tərəfindən verilmiş **********22 reyestr və ********** qeydiyyat nömrəsi olan 3.09.2010-cu il qeydiyyat tarixli, MA seriyalı, ******* saylı çıxarış əsasında yardımçı təsərrüfatın təşkil olunması üçün onun daimi istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı ayonu, Hovsan qəsəbəsinin şimal-qərbində yerləşən 3.839 ha. torpaq sahəsinin 0.02 ha-dan ibarət olan hissəsini yardımçı təsərrüfatın təşkil olunması üçün Qarabağ Müharibəsi əlili İddiaçı əvəzsiz daimi istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması mümkün olmadığından iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün əkdiyi və ya çəkməli olduğu xərclər və ya həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barəsində sübut təqdim olunmadığından iddia həmin lissədə təmin oluna bilməz. Həmin qətnamədən həmçini görünür ki, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərarında olarsa; Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə cavabdeh X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsi arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki ərizə üzrə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1, Veteranları və X4 Birliyinin Suraxanı rayon şöbəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı (qəbzin № **********; xx.xx.2024-cü il tarixli) qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar