Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2552/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. ünvan 1 ünvanda yerləşən (yeni qeydalarla AZE 1042, Bakı şəhəri, Sabunçu rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, giriş 55 ) 0,0338 ha torpaq sahəsinin üzərində olan və ümumi sahəsi 253,35 kv.m yaşayış sahəsinin İddiaçı məxsus hissəsi olan “A” tikilisinin naturada ayrılması İddia tələbin dəlilləri. ünvan 1 ünvanda yerləşən (yeni qeydalarla AZE 1042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, giriş 55 ) 0,0338 ha torpaq sahəsinin üzərində olan və ümumi sahəsi 253,35 kv.m yaşayış sahəsinin “A” tikilisi İddiaçı, mülkiyyətin “B” tikilisi Cavabdeh1, “C” tikilisi Cavabdeh3 məxsusdur. Xüsusi mülkiyyət Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystrində **********94-10301 sayda Qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi ümumi sahəsi 253,35 kv.m təşkil edir və paylı mülkiyyətdir. Yuxarıda qeyd olunan şəxsi mülkiyyət üzrə Bakı şəhər İcra hakimiyyəti tərəfindən tərəfindən 09 avqust 2003-ci ildə Texniki Pasport verilmişdir. Həmçinin payın tərəflər arasında naturada bölünməsi barədə AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlər Reyster Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə xx.xx.2024-ci il tarixdə ********** saylı ərizə ilə müraciət olunmuşdur. Payaçıların bir qismi Azərbaycan Respublikası hüdudlarından kənarda yaşadığına görə onlarla razılıq əldə etmək mümkün olmamışdır. Payçılar öz hissəsini naturada bölmək, şəxsi mülkiyyət üzərində sərbəst sərancam vermək hüququndan istifadə etmək üçün dəfələrlə aidiyyəti üzrə müraciət etsələrdə cavabdeh bu proseslərdə iştirak etməyərək iddiaçının mülkiyyət hüquqlarına məhdudiyyət yaratmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh2 onun əmisidir. Cavabdeh1 barəsində məlumatı yoxdur. Onun həyat yoldaşının adının Samirə olduğunu xatırlayır. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddiaçıya məxsus payın naturada ayrılmasına etiraz etmir. C tikilisi Cavabdeh3dir. 25 noyabr 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə qarşı etiraz etdiyini, payçıların hamısının payının ayrılmalı olduğunu bildirdi. İş materialları. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsinin **********94-10301 nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən (yeni qeydalarla AZE 1042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, giriş 55 ), ümumi sahəsi 250.7 kv.m, yaşayış sahəsi 149.7 kv.m olan 12 saylı fərdi yaşayış evinin 0,0338 ha torpaq sahəsinin üzərində olan “A” tikilisi İddiaçı, “B” tikilisi Cavabdeh1, “Ç” tikilisi Cavabdeh2, “C” tikilisi Cavabdeh3 qeydiyyatdan keçmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********09 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli bölgü sazişindən və bölgü sxemindəndan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 17 saylı fərdi yaşayış evində “A” tikilisinin yerləşdiyi 0.03546 ha torpaq sahəsi birinci tərəf olaraq Cəfərova (nikahdan əvvəl Abdinova) Aynurə Ramis qızına, “B” tikilisinin yerləşdiyi 0.0168 ha torpaq sahəsi ikinci tərəf olaraq X1, “C” tikilisinin yerləşdiyi 0.02084 ha torpaq sahəsi üçüncü tərəf olaraq X2, “Ç” tikilisinin yerləşdiyi 0.02668 ha torpaq sahəsi dördüncü tərəf olaraq Cavabdeh2 bölünmüşdür. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2025-ci il tarixli 10/3812 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin mülkiyyətində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında olan tikililərin ayrı- ayrı tikililər olduğunu, yəni bir dam altında olan tikililər olmadığını, yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin tikililərinin tərəflərin paylarının Əmlak Məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli plan sxemə uyğun naturada ayrılmasının Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. İşin faktiki halları. ünvan 1 ünvanda yerləşən (yeni qeydalarla AZE 1042, Bakı şəhəri, Sabunçu rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, giriş 55 ) 0,0338 ha torpaq sahəsinin üzərində olan və ümumi sahəsi 253,35 kv.m olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evindən iddiaçıya düşən payı, yəni 0.03546 ha torpaq sahəsi A tikilisi təşkil edir. Hazırkı iddia tələbində iddiaçı ona məxsus payın natura şəklində təcrid edilərək ayrılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 iddiaçıya məxsus payın natura şəklində ayrılmasına etırazının olmadığını bildirir, Cavabdeh3 yalnız iddiaçıya məxsus payın natura şəklində ayrılmasına etirazının olduğunu bildirir. Digər Cavabdeh1 tərəfindən iddia tələbinə dair hər hansı ərizə yaxud etiraz məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Qərarı. Həmin qərara əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırda iddiaçı yuxarıda qeyd olunan mübahisəli daşınmaz əmlakda olan payının naturada ayrılması barədə tələb irəli sürmüşdür. Qanunvericiliyin tələbindən də görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bunun naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Məhkəmə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Belə ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən keçirilmiş ekspertiza rəyindən müəyyən olunur ki, qeyd olunan mübahisəli ev üzrə iddiaçıya məxsus payın natura şəklində təcrid edilərək ayrılmasının mümkün olduğu qeyd edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək ona tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə xərcləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 0,0338 ha torpaq sahəsinin üzərində olan və ümumi sahəsi 253,35 kv.m olan 17 saylı (yeni qeydalarla AZE 1042, Bakı şəhəri, Sabunçu rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, giriş 55) fərdi yaşayış evindən İddiaçı payına düşən “A” tikilisi naturada ayrılmalı, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 0,0338 ha torpaq sahəsinin üzərində olan və ümumi sahəsi 253,35 kv.m olan 17 saylı (yeni qeydalarla AZE 1042, Bakı şəhəri, Sabunçu rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, giriş 55) fərdi yaşayış evindən İddiaçı payına düşən “A” tikilisi naturada ayrılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2552/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2552/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver