Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2583/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh və "xxxx" ASC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23 fevral 2025-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus KİA Optima markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün dəymiş ziyan olaraq 2225 məbləğində, avtomobilin evakuasiya olunması üçün 80 manat məbləğində, avtomobilə baxış keçirilərək qüsur aktı tərtib olunması üçün ödədiyi 67 manat məbləğində və dövlət rüsumu 44 manat məbləğində - ümumilikdə 2416 manat məbləğində pul vəsaitinin cavabdeh şəxsdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək Cavabdeh 23 fevral 2025-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus KİA Optima markalı **-XC- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün dəymiş ziyan olaraq 2225 məbləğində, avtomobilin evakuasiya olunması üçün 80 manat məbləğində, avtomobilə baxış keçirilərək qüsur aktı tərtib olunması üçün ödədiyi 67 manat məbləğində və dövlət rüsumu 44 manat məbləğində - ümumilikdə 2416 manat məbləğində pul vəsaitinin Cavabdeh və "xxxx" ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixində saat 13:00 radələrində ona məxsus KİA Optima markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi 127 №li məktəbin yanından keçən yolda hərəkətdə olan zaman ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh idarə etdiyi VAZ 21061 markalı A244BH136 Rusiya Dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə hərəkət edərək dönmə əməliyyatı icra edərkən idarəetməni itirərək yolun əks zolağına, onun avtomobili idarə etdiyi yola çıxaraq idarə etdiyi KİA Optima markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinə dəyərək toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə hadisə barədə məlumat verildi. VAZ 21061 markalı avtomobilin sürücüsü Cavabdeh avtomobili idarə edərək kənarda saxlamışdır. Cavabdeh Bəyalı oğlu ilə aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Qeyd etdiyi kimi, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra 102 xidmətinə məlumat verilmiş, lakin daha sonra Cavabdeh Bəyalı oğlu avtomobilin sənədlərinin qaydasında olmadığından xərci ödəyəcəyinə razılıq verərək DYP inspektorunun gəlməməsini ondan xahiş etmişdir. 23 fevral 2025-ci il tarixdə hava şəraiti qarlı olduğundan yollar buzlu olmuşdur. Hava şəraitini, Cavabdeh Bəyalı oğlunun qonşu olduğunu və dəymiş ziyanı ödəyəcəyini öz öhdəsinə götürməsini nəzərə alaraq yol nəqliyyat inpektoru ilə danışaraq barışıq əldə olunduğunu və gələcəkdə hadisə ilə bağlı narazılıq olduğu halda şikayət olunacağını bildirmişdir. Hadisədən bir neçə gün sonra Cavabdeh Bəyalı oğlu ilə telefonla danışmış və avtomobilin toqquşması nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh Bəyalı oğlu isə dəymiş ziyan olaraq ona 50 manat məbləğində pul ödəyəcəyini bildirmişdir. 26 fevral 2025-ci il tarixdə, Qaradağ rayon DYPŞ-na ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında polis kapitanı Tural İsmayılov baş vermiş hadisə ilə bağlı izahatını almışdır. 26 fevral 2025-ci il tarixli İXP ******* saylı protokol tərtib olunmuşdur. Material toplandıqdan sonra inzibati tənbeh vermə haqqında 26 fevral 2025-ci il tarixli TP ******* saylı qərar qəbul olunaraq Cavabdeh Bəyalı oğlu İXM-nin 327.1- ci maddəsində qeyd olunmuş “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə” və 327.6-cı maddəsində qeyd olunan “Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə”-inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Cavabdeh Bəyalı oğlu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğundan mülki qaydada aidiyyəti məhkəməyə müraciət olunması üçün sənədlər toplamaq qərarına gəlmişdir. 80 manat məbləğində pul ödəyərək avtomobili "xxxx" MMCnin Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanda yerləşən servisinə aparmışdır. Orada avtomobilə baxış keçirilməsi və qüsurun müəyyən edilməsi üçün 67 manat məbləğində pul ödəmişdir. Servisdə avtmobilə baxış keçirilərək 2225 manat məbləğində ziyan dəydiyi bildirilmiş və bu barədə akt tərtib olunaraq təqdim olunmuşdur. Hadisə zamanı "xxxx" ASC-nin qaynar xəttinə zəng edərək məlumat verməyinə baxmayaraq qarşı tərəfin sığortasının olmamasını əsas gətirərək şirkətin əməkdaşını hadisə yerinə göndərməmişdir. Hesab edir ki, sığortalı olduğu halda şirkətin əməkdaşı hadisə yerinə gəlməli və müvafiq qaydada ödəniş siğorta şirkəti "xxxx" ASC tərəfindən təmin olunmalıdır.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, xx.xx.2025 tarixində ona məxsus KİA Optima markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi avtomobil yüksək sürətlə hərəkət edərək, onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra qardaşı oğlu da hadisə yerinə gəlmişdir. Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə hadisə barədə məlumat vermişlər. Ertəsi gün DYPŞ-na ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında Cavabdeh barəsində protokol tərtib olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “KİA Optima” markalı **- XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2225 manat məbləğində ziyan dəymişdir. Lakin, sığorta təşkilatı tərəfindən qarşı tərəfin sığortasının olmamasını əsas gətirilərək ona sığorta ödənişi olunmamışdır. Hal-hazırda avtomobilini təmir etdirə bilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
6. İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
7. TP7077632 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nöqsan aktının surətindən müəyyən olunur ki, "Kia Optima" markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 2225 manat müəyyən olunur.
9. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixində İddiaçı ünvanlanmış məktubdan müəyyən edilir ki, Mərkəzi Banka daxil olmuş müraciətə əsasən "xxxx" ASC-yə (bundan sonra - sığortaçı) sorğu göndərilmişdir. Sığortaçının xx.xx.2025-ci il tarixli, SŞ000440/2-307/2025 nömrəli məktubuna əsasən bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərvuran tərəf "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmadığı üçün qeyd olunan hadisə “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın 3-cü maddəsi ilə müəyyən olunmuş tələblərə cavab vermir və zərərlərin birbaşa tənzimlənməsi çərçivəsinə düşmür. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Qarşı tərəfin sığorta müqaviləsi mövcud olmadığı halda baş vermiş hadisə Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilmədiyindən sığortaçının ödəniş etmək öhdəliyi yaranmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən məhkəməyə müraciət edərək dəymiş zərər mülki qaydada zərərvurandan tələb edilə bilər.
İşin faktiki halları.
10. Cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində idarə etdiyi VAZ 21061 markalı A244BH136 Rusiya Dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı məxsus KİA Optima markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.
11. İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
12. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nöqsan aktına əsasən "Kia Optima" markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 2225 manat müəyyən olunur.
13. Hazırda hadisə nəticəsində zərərçəkmiş avtomobilin sahibi olan iddiaçı hadisənin baş verməsində birbaşa təqsiri müəyyən edilən Cavabdeh və sığorta təşkilatından avtomobilə dəymiş zərərin ödənilməsini tələb etmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
18. İşin faktiki hallarından göründüyü kimi İddiaçı məxsus olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir.
19. Yuxarıda (§ 19) istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 21.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 21.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 21.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 21.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
20. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
21. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, cavabdehin mülki məsuliyyəti icbari qaydada sığortalanmadığından avtomobilə dəymiş zərər sığorta təşkilatı tərəfindən ödənilməmiş qalmışdır.
22. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək avtomobilə dəymiş zərərin sığorta təşkilatı tərəfindən ödənilmədiyini nəzərə alaraq vurulmuş zərərin sığorta təşkilatı və zərər vuran şəxs tərəfindən ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, cavabdehin mülki məsuliyyəti icbari qaydada sığortalanmadığından avtomobilə dəymiş zərər sığorta təşkilatından tələb oluna bilməz.
Məhkəmə xərcləri.
24. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur. Bundan əlavə qüsur aktı tərtib olunması üçün 67 manat ödənilmişdir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Kia Optima” markalı, **-XC-*** DQN-lı avtomobilə dəymiş 2225 manat maddi zərər və qüsur aktı tərtib olunması üçün ödənilmiş 67 manat tutularaq İddiaçı ödənilməli, həmçinin 43 (qırx üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “Kia Optima” markalı, **-XC-*** DQN-lı avtomobilə dəymiş 2225 (iki min iki yüz iyirmi beş) manat maddi zərər və qüsur aktı tərtib olunması üçün ödənilmiş 67 (altmış yeddi) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 43 (qırx üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova