Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2589/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçılar İddiaçı2 oğu və İddiaçı1 cavabdehlər "xxxx" MTK və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərancamın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2 oğu və İddiaçı1 cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərancamın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bina tikintisi üçün "xxxx" Mənzil-Tikinti Kooperativinə verilmiş sərancamın ləğv edilməsi, cavabdehlər tərəfindən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının sökülməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli, 2(102)-474/2020 saylı qərarının 3 ay ərzində "xxxx" MTK tərəfindən icra olunması və təmirə aparılmış kondisionerin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçılar cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tikinitiyə icazənin verilməsi barədə sərancamın qanunsuz olduğunu əsas gətirərək onun ləğv edilməsini və "xxxx" MTK tərəfindən inşa edilmiş binanın sökülməsini xahiş etmişdir. Hansı ki, bu tip iddialara ümumi məhkəmələrdə baxılmır. Belə ki, inzibati orqanlara qarşı yönəldilmiş bu cür tələblərə baxılması inzibati məhkəmələrin səlahiyyətindədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ... Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərancamın ləğv edilməsi ilə bağlı iddia tələbi birbaşa inzibati orqana qarşı yönəlmiş tələbdir və əgər inzibati orqan bu tələbin təmin edilməsindən imtina edirsə, onun hərəkətləri inzibati icraat qaydasında mübahisələndirilə bilər. Odur ki, hazırkı tələbin bu hissəsi yolverilməz olduğundan iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddia tələbinin digər hissəsi - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli, 2(102)-474/2020 saylı qərarının 3 ay ərzində "xxxx" MTK tərəfindən icra olunması hissəsində də işə iddia icraatı qaydasında baxılması istisna edilir. Belə ki, əgər iddiaçı məhkəmə qərarının icra edilməməsindən narazıdırsa, bununla bağlı icra məmurunun hərəkətlərindən icraya nəzarət edən məhkəməyə məhkəmə qərarlarının icrasına nəzarə qaydasında müracət edə bilər. Və nəhayət, iddia tələbinin “kondisionerin geri qaytarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu kateqoriyadan olan işlərə mülki məhkəmə icraatı qaydasında baxılmasına qanunvericiliklə yol verilsə də yuxarıda göstərilən tələblərin birlikdə baxılmasının mümkün olmaması səbəbindən bu tələbə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən (bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə) məhkəmədə hazırkı formada baxıla bilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-i 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçılar İddiaçı2 oğu və İddiaçı1 cavabdehlər "xxxx" MTK və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərancamın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərancamın mübahisələndirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edə, onun müraciətindən imtina edilərsə, müvafiq inzibati orqanın imtinasını inzibati icraat qaydasında inzibati məhkəmədə mübahisələndirə bilər. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2589/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2589/2022
06.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver