Məhkəmə qərarları › İş №2(010)-26/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-26/2025

27.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-26/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdə payın naturada ayrılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia Tələbi.

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdə payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanda iddiaçılara məxsus payların naturada ayrılaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. ünvan 2 onların və cavabdehlərin ümumi mülkiyyətindədir. Belə ki, onlar mərhum ataları X2 bu əmlakdan çatası paya vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyət hüququ əldə etmişlər. Bu əmlakdan iddiaçı kimi hər birinə 1/20 hissə pay düşür. Lakin cavabdehlər onlara məxsus olan bu əmlakdan istifadə etməyə şərait yaratmırlar. Onlar dəfələrlə cavabdehlərə müraciət edərək onlara məxsus olan payın naturada ayrılaraq verilməsini xahiş etsələr də, heç bir nəticəsi olmamışdır. İlk vaxtlar nənələri, həm də bu əmlakda payçılardan biri olan Cavabdeh1 razılıq yolu ilə bu əmlakdakı paylarını onlara verəcəyini bildirmiş və bunun üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən mütəxəssis gətirilməsini istəmişdirlər. Lakin həmin qurumdan gələn əməkdaş bu torpaq sahəsinə baxış keçirmək istəsə də, cavabdehlər qərəzli şəkildə buna şərait yaratmamışlar. Bu faktın özü də bir daha təsdiq edir ki, cavabdehlər onlara məxsus olan payı qarşılıqlı razılıq əsasında vermək istəmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.

Tərəflərin izahatları.

3.Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək tələbi müdafiə etdiyini bildirdi. Əlavə olaraq, mübahisə obyektinin naturada bölgüsünün mümkünlüyünü bir daha yoxlanılması üçün yenidən müvafiq ekspertizanın təyin edilməsini zəruri hesab etdiyini bildirdi. 5.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 hazırki iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsinə etiraz etmədiyini bildirdi.

6. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, hazırkı iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsinə etiraz etmir.

İş materialları.

7. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında ümumi sahəsi 136 kv.m olan fərdi yaşayış evinə 3/5 hissədə Cavabdeh1, 1/10 hissədə X1, 1/10 hissədə Cavabdeh3, 1/10 hissədə Cavabdeh4, 1/20 hissədə İddiaçı2 və 1/20 hissədə İddiaçı1 mülkiyyət hüququ tanınmışdır.

8. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, 2-ci döngə, 5 saylı fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 2.2, 2.4, 2.9 bəndlərinin və metodik tövsiyələrin tələblərinə uyğun qaydada İddiaçı1 və İddiaçı2 paylarına uyğun olaraq naturada təcrid mənzillər şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

İşin faktiki halları.

9. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, 2-ci döngə, 5 saylı fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir, paylı mülkiyyətçilərin sayı altı nəfərdir. Onlardan Cavabdeh1 mülkiyyətdə payı 3\5, digər cavabdehlərin payı 1\10, iddiaçıların payları isə 1\20 təşkil edir. Daşınmazz əmlakın ümumi sahəsi 136 kv.m, torpaq sahəsinin ölçüsü ilə 0.1250 ha. Təşkil edir. Hazırki tələbdə iddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, 2-ci döngə, 5 saylı fərdi yaşayış evinə dair payların naturada ayrılmasını tələb edir. Tələblərini onunla əsaslandırırlar ki, cavabdehlər onlara paylarından istifadə etməyə şərait yaratmırlar. İş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspert rəyində bildirmişdir ki, əmlakın naturada ayrılması mümkün deyil. İddiaçı bu rəylə razı olmamamış və yenidən ekspertiza keçirilməsini tələb etmişdir. Məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmiş, məhkəmə tərəfindən ekspertin vəsatəti əsasında tədqiqat obyektinə iki dəfə baxış keçirilməsinin təyin edilməsinə baxmayaraq, tərəflər baxış keçirilən əraziyə gəlmədiklərinə görə baxış keçirmək mümkün olmamışdır. Cavabdehlər iddia tələbinə etiraz edir və hesab edirlər ki, əmlakın naturada bölgüsünün mümkün olmaması barədə artıq bir dəfə ekspert rəy vermişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

11. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Qərarı.

Həmin qərara əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir.

12. AR Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir.

14. Belə ki, hazırda iddiaçılar yuxarıda qeyd olunan mübahisəli daşınmaz əmlakda olan payların naturada ayrılması barədə tələb irəli sürmüşdür. Qanunvericiliyin tələbindən də görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bunun naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Məhkəmə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Lakin, bununla belə, məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqdim edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, 2-ci döngə, 5 saylı fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 2.2, 2.4, 2.9 bəndlərinin və metodik tövsiyələrin tələblərinə uyğun qaydada İddiaçı1 və İddiaçı2 paylarına uyğun olaraq naturada təcrid mənzillər şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspert rəyi veriləndən sonra iddiaçı tərəf rəyə etirazını bildirərək, əmlakın naturada bölgüsünün mümkün olduğunu qeyd etmiş və iş üzrə təkrar ekspertiza təyin edilməsini xahiş etmiş, lakin iddiaçı tərəfin xahişi təmin olunsa da, onlar tədqiqat obyektinə baxış keçirilməsinə gəlməməklə, prosessual hərəkətin icra edilməsinə maraq göstərməmişlər. Digər tərəfdən, mübahisə obyektinin ümumi həcmi və iddiaçıların həmin əmlakda paylarının həcminə nəzər saldıqda görünən odur ki, əmlakın naturada bölgüsünün mümkünlüyünə dəlalət edən açıq aşkar hallar da mövcud deyil. Beləliklə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Bu baxımdan, məhkəmə hazırki iddia tələbində qeyd olunan mübahisəli fərdi yaşayış evinə münasibətdə iddiaçılarının payının naturada ayrılmasının mümkün olmaması barədə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz.

Məhkəmə xərcləri.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumipaylı mülkiyyətdə payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

Qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumipaylı mülkiyyətdə payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar