Məhkəmə qərarları › İş №2(010)-2609/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2609/2022

16.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2609/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas katibliyi, İddiaçının və üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə və Üçüncü şəxs X5 iştirakları ilə, İddiаçı İddiaçı (üçüncü şəxs X13) Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən ona və ailəsinə Cavabdeh tərəfindən göstərilən təzyiqlərin, onlara məxsus evdə rahat yaşamaqlarına qarşı maneələrin, cavabdeh tərəfindən hüquqlarının pozulmasının və onlara məxsus hasarın sökülməsinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən anam X13, bacım X9 və qardaşım X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, ev 23-də pasport qeydiyyatındayıq və yaşayırıq. Atam X1 qazisidir. xx.xx.2008-ci il tarixində X2 ilə anam X13 arasında münasibətlər pozulmuş və nikahları ləğv edilmişdir. X3 anam 2011-ci il tarixində 3000 manata 1 sot torpaq almışdır. Atamla anamın nikahları ləğv edildikdən sonra qonşumuz Cavabdeh bizə təzyiq göstərməyə başlamışdır. O, bizə sakit yaşamağa imkan verməmiş, rahatlığımızı pozmuş, gecə saatlarında dəfələrlə qapını döyüb bizi qorxutmuş, məni, qardaşımı və bacımı öldürəcəyi ilə hədələmiş, anamı küçə söyüşləri ilə təhqir etmişdir. Məqsədi isə anamın 2011-ci ildə Tarxanova Lumiyədən 3000 manata aldığı 1 sot torpağı zorla öz torpağına birləşdirməkdir. Zorla köhnə daşlardan hördüyümüz, 20 ilə yaxın yaşadığımız evin hasarını sökmüş və anama bildirmişdir ki, evimizi söküb bizi küçəyə atacaq, könüllü verməsək zorla torpağımızı bizdən alacaq. Bildirmək istəyirəm ki, həmin torpağın Cavabdeh heç bir aidiyyəti yoxdur, çünki bizim həyətlə onun həyəti arasında iki hasar vardır. Hər iki hasar daşdan hörülmüşdür. Birinci hasar Cavabdeh, köhnə daşlardan tikilmiş ikinci hasar isə bizə məxsusdur. Cavabdeh bizə məxsus olan köhnə daşlardan tikilmiş ikinci hasarı sökməyə başlamış, bir neçə daşı söküb yerə atmışdır. Məqsədi isə bizə məxsus illərlə istifadə etdiyimiz, Tarxanova Lumiyədən 3000 manata aldığımız 1 sot torpağı öz torpağına birləşdirmək olmuşdur. O bizə bildirmişdir ki, güclüdür, imkanı da var. Həmin torpağı bizdən zorla alacaq və evimizi sökdürəcək. Biz, yəni, mən, anam, qardaşım və bacım qorxu içində yaşayırıq, Cavabdeh tərbiyəsiz küçə söyüşləri ilə anamı və bizi mütəmadi olaraq təhqir edir, bizi əvvəl-axır yaşadığımız evdən köçürəcəyini bildirir. O, bizim hüquqlarımızı pozur, sakit yaşamağımıza imkan vermir”.

Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin işə cəlb edilməsi.

3. Daha sonra X13 ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində iddiaçı ilə eyni tələbləri irəli sürmüş, üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir.

İddia tələbinin həcminin artırılması.

4. Həmçinin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, hasarla yanaşı, hamamın da sökülməsinin aradan qaldırılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

5. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, atası və anası boşandıqdan sonra qonşuları Cavabdeh onlara qarşı təzyiq göstərməyə başlamış, dəfələrlə gecə saatlarında icazəsiz evlərinə daxil olmuş, onu, anasını, bacısını və qardaşını öldürməklə hədələmiş və anasını küçə söyüşləri ilə təhqir etmişdir. Bütün bunların səbəbi cavabdehin onların faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahəsini ələ keçirmək istəməsidir. Belə ki, cavabdeh onlara məxsus olan köhnə daşlardan tikilmiş hasarın bir neçə daşını söküb yerə atmış və bu hərəkətlərini davam etdirmişdir. Bununla yanaşı onlara qarşı zorakı hərəkətlərini, təhqirlərini davam etdirərək yaşadıqları evi sökəcəyini bildirmişdir. Buna görə də məhkəmədən Cavabdeh ona və ailəsinə qarşı bu hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında üçüncü şəxs X13 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh onlara məxsus hasar və həyətdə yerləşən hamamdan bir neçə daşı sökmüş, bu hərəkətlərini davam etdirəcəyini bildirmiş və hal-hazırda da bu qanunsuz hərəkətlərinə davam edir. Halbuki, həmin hasarı o, hələ 2005-ci ildə tikmişdir. Həmin vaxtlar cavabdehin hasara heç bir etirazı olmamışdır. Torpağı ona satan adam öldükdən sonra cavabdeh hasarı söküb torpağı öz həyətinə qatmaqla bağlı iddialar irəli sürməyə başlamış, dəfələrlə evinə hücum etmişdir. O, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də heç bir nəticəsi olmamışdır. Hətta cavabdeh hər dəfə mübahisə yaradaraq cəhd edir ki, oğlu cavabdehə xəsarət yetirsin, cavabdeh də onu polisə versin. Odur ki, Cavabdeh tərəfindən ona və ailəsinə qarşı qanunsuz hərəkətlərin və eyni zamanda cavabdeh tərfindən onların faktiki istifadəsində olan hasarın və hamamın sökülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iddiaçının və üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdeh iddiaçıları daim qorxutmuş, hədələmişdir. Oğlunun artıq böyüdüyünü və onların evini söküb oğluna ev tikəcəyini bildirmişdir. Halbuki cavabdeh özü də qəbul edir ki, onun nə iddiaçının evi, nə hasarı, nə də torpağı üzərində heç bir hüququ yoxdur. Buna baxmayaraq, özbaşına hərəkətlərini davam etdirir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

8. Məhkəmənin hazırlıq iclasında və yerində müayinədə iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həmin hasar üçüncü şəxs tərəfindən yox, Lyuba adlı qadın tərəfindən tikilmiş, onun ölümündən sonra Şöhrət Əliyeva həmin ərazini mənimsəmiş, hamam tikərək oraya yol açmışdır. X15 buraya 2011-ci ildə köçmüşdür. Onun bu ərazidə hamam tikməyə ixtiyarı yoxdur. Hasarı isə özü tikməmişdir. Bu ərazi nə ona, nə də Şöhrət Əliyevaya məxsusdur. Bununla bağlı onların heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Hesab edir ki, əgər üçüncü şəxs və iddiaçı həmin hasarı və hamamı tikə bilirsə, o da sökə bilər. Çünki onun evinin girişi dardır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

İş materialları.

9. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 937 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır.

10. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 561 nömrəli arayışdan görünür ki, İddiaçı, anası X13, bacısı X9 və qardaşı X6 həqiqətən ünvan 3 ünvanında qeydiyyatdadırlar.

11. "xxxx" MMC tərəfindən verilmiş mədaxil qəbzlərindən görünür ki, Mağaza küçəsi 23 ünvanındakı ödəyici X13 məişət tullantılarının daşınması üçün ödəniş etmişdir.

12. "xxxx" QSC-nin Bakı şəhəri BİQİ-si “Bakıqaz” Suraxanı rayon Qİİ tərəfindən verilmiş xx.xx.2005-ci il, xx.xx.2005-ci il və xx.xx.2006-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, Mədən küçəsi 23 ünvanında istifadəçi X13 qaz sərfi üçün ödəniş etmişdir.

13. "xxxx" QSC X19 İdarəsi tərəfindən 2009-cu il və 2010-cu il tarixli “Abonent kitabça”larından görünür ki, X.Ələbərov, Mədən küçəsi 23 ünvanında yaşayan Əliyeva Şöhrət "xxxx" QSC-nin abonentidir.

14. X12 tərəfindən verilmiş qəbzlərdən görünür ki, Mağaza küçəsi, ev 23 ünvanında yaşayan ödəyici X13 yerli (bələdiyyə) vergiləri üçün ödəniş etmişdir.

15. "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, ünvan 5 ünvanında yaşayan X13 əmlakın qiymətləndirilməsi üçün ödənişlər etmişdir.

16. Doqquz ədəd fotoşəkildən mişar daşından tikilmiş ev, 5-6 daşı sökülmüş hasar və hasarın yanında yerləşən hamam görünür.

17. xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23 ünvanında yaşayan ödəyici X5 30.56 manat məbləğində vergi ödəməsi nəzərdə tutulmuşdur.

18. Bakı şəhəri Suraxanı rayonu X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 760 nömrəli arayışdan görünür ki, X13 həqiqətən ünvan 6 ünvanında qeydiyyatdadır. X4 vergi ödəciyisi kimi qeydiyyatdadır.

19. "xxxx" MMC tərəfindən verilmiş fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, X11 məxsus ünvan 8 ünvanında yerləşən tikinti xx.xx.2011-ci il tarixdə inventarlaşdırılmışdır.

20. Bir ədəd CD və beş ədəd fotoşəkildən Cavabdeh X11 öz evi qarşısında hücum etdiyi, evə girdiyi, üçüncü şəxslərin araya girməyə çalışdığı görünür.

21. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixi, 2(010)- 1117/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı “sahiblik və istifadə hüququnun pozulması ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4674/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixi, 2(010)-1117/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Yerində müayinə.

23. Məhkəmə tərəfindən iddiaçının yaşadığı və mübahisəli hasarın, eləcə də hamamın yerləşdiyi yerləşdiyi torpaq sahəsində tərəflərin iştirakı ilə yerində müayinə keçirilmişdir. Müşahidə edilmişdir ki, iddiaçı və üçüncü şəxsin faktiki olaraq yaşadığı fərdi yaşayış evi və cavabdehin faktiki olaraq yaşadığı fərdi yaşayış evi bir-birindən iki qat hasarla ayrılır. Bu hasarlardan biri cavabdehin evinin həyətinə, digəri iddiaçı və üçüncü şəxsin evinin həyətinə baxır. Həmçinin, üçüncü şəxs tərəfindən öz evinə baxan hasara bitişik yarımtikili (hamam) tikilmişdir. Müəyyən edilmişdir ki, cavabdeh hasarın və hamamın tikildiyi torpağın nə özünə, nə də üçüncü şəxsə və ya iddiaçıya məxsus olmadığını (mülkiyyətlərində olmadığını) qəbul edir. Bununla belə iddiaçı və üçüncü şəxsin yaşadığı evə baxan hasarı və hamamı sökəcəyini bildirir. Müşahidə edilmişdir ki, hasarın üst hissəsindən bir neçə daş artıq sökülmüşdür. Cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, həmin hasar Şöhrət Əliyeva tərəfindən yox, Lyuba adlı qadın tərəfindən tikilmiş, Şöhrət Əliyeva həmin qadını aldatmış, ölümündən sonra onun torpağına və hasarına sahib çıxmışdır. Əslində isə o, bu torpağa 2011-ci ildə köçmüşdür və torpaqla bağlı heç bir sənədi yoxdur. İddia etmişdir ki, əgər Şöhrət Əliyeva həmin torpaqda hansısa tikinti işi apara bilirsə, o da söküntü işi apara bilər. Çünki torpaq nə ona, nə də qarşı tərəfə məxsusdur. Üçüncü şəxs isə iddia etmişdir ki, o, hələ 2005-ci ildə bu torpağa köçmüş, hasarı da həmin vaxt özü çəkmişdir. Həmin vaxtdan bu torpağa görə vergi də ödəyir.

İşin faktiki halları.

24. İddiaçı və üçüncü şəxs X13 ünvan 3 ünvanında yaşayır. Üçüncü şəxs X13 həm də bu ünvanda qeydiyyatdadır. Həmin ev özbaşına tikilidir və heç kimin adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh isə onların qonşusudur və bu iki tərəfin evləri bir-birindən iki qat hasarla ayrılır. Tərəflər arasındakı mübahisə də əsasən bu hasarlardan biri ilə bağlıdır. Belə ki, Cavabdeh iddiaçı və üçüncü şəxsin yaşadığı evə baxan hasarı sökmək niyyətindədir. Hazırkı iş üzrə üçüncü şəxs olan X13 Cavabdeh qarşı daha əvvəl də məhkəməyə müraciət edərək, yaşadığı evdən sahiblik və istifadə hüququnun cavabdeh tərəfindən pozulmasının aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddiaçının bu ev üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından onun belə bir iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığını nəticəsinə gəlmiş, iddiaçının şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşaraq şikayəti təmin etməmişdir.

25. Bundan sonra İddiaçı və mübahisəyə sonradan qoşulan üçüncü şəxs X13 Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onlara məxsus hasarın, eləcə də hamamın sökülməsinin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində Cavabdeh hasarı, eləcə də hasara bitişik inşa edilmiş hamamı sökmək niyyəti olduğunu qəbul etmiş, bunun üçün real hərəkətlər gördüyünü bildirmiş, buna haqqı çatdığını iddia etmişdir. Cavabdeh təkidlə bildirmişdir ki, heç bir mülkiyyət hüququ olmadığı halda əgər qarşı tərəf orada tikinti aparırsa, o da söküntü apara bilər. Məhkəmə tərəfindən mübahisəli ərazidə yerində müayinə keçirilmiş və hasarın üst hissəsindən bir neçə daşın söküldüyü müşahidə edilmişdir.

Tətbiq edilən hüquq.

26. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 31. Təhlükəsiz yaşamaq hüququ. İ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. İİ. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 72. Vətəndaşların vəzifələrinin əsası. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 170. Qonşuluq hüququ. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərd=ən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi. 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 55. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər. 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

29. İşin faktiki hallarından göründüyü kimi iddiaçı və cavabdeh qonşudur. Cavabdeh iddiaçının faktiki olaraq yaşadığı evlə onun faktiki olaraq yaşadığı evi ayıran hasarlardan birini (iddiaçının evi tərəfdə olanı) sökmək istəyir. O, bu istəyini hasarın yerləşdiyi torpaq sahəsi, eləcə də bu torpaq sahəsi üzərində inşa edilmiş heç bir tikili (eləcə də hamam) üzərində iddiaçının mülkiyyət hüququnun olmaması ilə əsaslandırır.

30. Göründüyü kimi hazırkı işin xüsusi halı ondan ibarətdir ki, cavabdeh iddiaçı ilə onun yaşadığı evi bir-birindən ayıran hasarı (hamamı) sökmək üçün real hərəkətlər edir və bununla bağlı niyyətini açıq şəkildə ifadə edir. Yəni, işin halları baxımından cavabdehin bu hasarı (hamamı) sökməyəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Bu baxımdan mübahisənin mahiyyəti üzrə həll edilə bilməsi üçün geriyə iki suala cavab verilməsi qalır: 1) iddiaçının bu hasarın (hamamın) sökülməməsini tələb etməyə subyektiv hüququ varmı?; 2) cavabdehin bu hasarın (hamamın) sökülməsinə yönələn hərəkətləri qanuna uyğundurmu?

31. İlk növbədə məhkəmə iddiaçının subyektiv hüququ məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı iş üzrə üçüncü şəxs olan X13 daha əvvəl yaşadığı və qeydiyyatda olduğu evə sahiblik və istifadə hüququnun cavabdeh tərəfindən pozulmasının aradan qaldırılması üçün iddia ilə məhkəməyə müraciət etsə də ev özbaşına tikili olduğundan işə baxan məhkəmələr iddiaçının həmin tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığı nəticəsinə gəlmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırkı iş üzrə tələb tamamilə fərqlidir. Belə ki, əvvəlki işdə iddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış ev üzərində “sahiblik və istifadə hüququnun” pozulmasının qarşısını almaq üçün məhkəməyə müraciət etmişdi. Hazırkı halda isə iddiaçı faktiki olaraq yaşadığı evin hasarının (hamamının) cavabdeh tərəfindən söküldüyünü iddia edərək, bunun qarşısının alınmasını tələb edir və məhkəmə hesab edir ki, iddiaçının bu iddia ilə məhkəməyə müraciət etməyə subyekti hüququ var. Ona görə ki, cavabdeh tərəfindən sökülməyə başlanan hasar iddiaçı və cavabdehin evini bir-birindən ayıran bitişik iki hasardan biridir. Digər hasar cavabdehin evinin hasarıdır və iddiaçının həmin hasara müdaxilə etmək imkanı yoxdur. Yəni, cavabdeh iddiaçının evinə baxan hasarı sökməyə nail olarsa, iddiaçı və cavabdehin evləri arasında yalnız cavabdehin hasarı qalacaq. Mübahisəli ərazidə məhkəmə tərəfindən yerində müayinə keçirilən zaman cavabdeh evinin girişinin dar olduğunu və girişi genişlətmək istədiyini bildirmişdir. Belə görünür ki, o, buna həmin hasarları (eləcə də hamamı) söküb hazırda iddiaçı və üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsini zəbt etməklə nail olmaq istəyir. Hansı ki, cavabdehin hasarı (hamamı) heç bir marağı olmadan sökməsi məntiqəuyğun da olmazdı.

32. Yuxarıda qeyd edilən halların fonunda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Belə ki, cavabdehin həmin hasarı sökməsi onu təhlükəsiz yaşamaq hüququndan məhrum edir. İlk növbədə ona görə ki, hər bir insan öz yaşayış yerini öz təhlükəsizliyini təmin etmək üçün, kənardan gələ biləcək mümkün təhlükələrlə yaşayış yeri arasına sədd çəkmək üçün hasarlayır. Digər tərəfdən, hazırkı işin xüsusi halları nəzərə alındıqda belə görünür ki, cavabdehin sökmək istədiyi bu hasar iddiaçını cavabdehin özbaşınalığından (qeydiyyata alınmış heç bir hüququ olmadığı torpaq sahəsini zəbt etmək) qoruyan səddir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ var və bu hüququn əsasını onun təhlükəsiz yaşamaq hüququ təşkil edir.

33. Cavabdehin bu hasarı (eləcə də hamamı) sökməsinin qanuni olub-olmaması məsələsinə münasibətdə məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hasarın (hamamın) sökülməsi ilə bağlı mövqeyini yalnız bununla əsaslandırır ki: “Əgər iddiaçı rəsmi olaraq mülkiyyətində olmayan torpaqda hasar (eləcə də istənilən tikinti) tikə bilirsə, mən də sökə bilərəm”. Məsələyə cavabdehin məntiqi ilə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, iddiaçı özbaşına tikintidə yaşadığına görə nəinki cavabdeh, istənilən şəxs gəlib hətta onun yaşadığı evi belə sökə bilər və iddiaçı buna heç bir etiraz etməməlidir, çünki onun nə torpaq sahəsi, nə də ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır.

34. Məhkəmə isə bu cür mövqeyi təbii olaraq qəbuledilməz hesab edir. Belə ki, iddiaçının (eləcə də üçüncü şəxsin) nə bu torpaq sahəsi, nə də torpaq sahəsi üzərində inşa edilmiş hər hansı tikili üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun olmaması, bu tikililərin özbaşına tikili olması onsuz da işin mübahisələndirilməyən hallarıdır. Bununla belə bu o mənaya gəlmir ki, cavabdeh buna heç bir səlahiyyəti olmadan, tamamilə özbaşına şəkildə iddiaçının yaşadığı torpaq sahəsinə özbaşına müdaxilə edə, onunla öz evini ayıran hasarı (yaxud hamamı) sökə bilər.

35. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması daşınmaz əmlak mülkiyyətçilərinin dövlət tərəfindən dəqiq reyestrinin tutulması yolu ilə daşınmaz əmlakın qanunsuz zəbtinin, əmlak üzərində “özbaşına mülkiyyət”in yayılmasının qarşısını almaq, bununla da digər mülkiyyət sahiblərinin hüquqlarının qorunmasını təmin etmək zərurətindən irəli gəlir. Başqa sözlə, bu qeydiyyat dövlətlə mülkiyyətçi (yaxud mülkiyyətçi olmağa qanuni gözləntisi olan şəxs) arasındadır və üçüncü şəxslərə aidiyyəti yoxdur.

36. Bunun davamı olaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınmadığı halda həmin sahədə ev, hasar, yaxud istənilən növ digər tikinti aparmış şəxs özbaşına tikinti tikmiş sayılır, lakin istənilən halda bu “özbaşınalıq” maraqlı şəxs (torpaq sahəsinin mülkiyyətçisi), özbaşına tikintini tikmiş şəxs və dövlət arasındadır. Hər bir halda özbaşına tikinti tikmiş şəxslər maraqlı şəxslər qarşısında bu tikintiyə görə mülki (tikintinin məhkəmənin qərarı əsasında sökülməsi üçün iddia qaldırılması halında), dövlət qarşısında isə inzibati (yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xəta törədilməsi halında) və cinayət (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin törədilməsi halında) məsuliyyəti daşıyırlar. Bütün hallarda üçüncü şəxslərin buna müdaxiləsi istisna edilir.

37. Sözsüz ki, üçüncü şəxslər daşınmaz əmlakın real mülkiyyətçisi olmalarını iddia edə, bu əmlak üzərində mülkiyyət hüquqlarının dövlət tərəfindən qeydiyyata alınmasını tələb edə, yaxud mövcud mülkiyyəçinin qeydiyyatını mübahisələndirə, ya da sadəcə olaraq daşınmaz əmlakın “özbaşına mülkiyyətçi”lərinin hərəkətləri (hərəkətsizliyi) qarşısında öz hüquq və azadlıqlarını müdafiə edə bilərlər. Lakin bu hüquqların realizəsi heç vaxt qanunla qadağan olunan üsul və vasitələrin tətbiqi hesabına baş tuta bilməz. Yuxarıda da (§ 26) istinad edildiyi kimi Azərbaycan Respublikasının Konstitusiyası yalnız qanunla qadağan olunmayan üsul və vasitələrlə hüquqların və azadlıqların müdafiəsinə təminat verir.

38. Hazırkı işin yuxarıda qeyd edilmiş faktiki hallarından da göründüyü kimi cavabdeh öz hüquqlarının (görünüşə görə evinin girişini genişləndirməyə nail olmaq) müdafiəsi üçün qanunla təminat altına alınmış inzibati və ya məhkəmə müdafiəsi üsulundan istifadə etmək əvəzinə, hasarı (hamamı) özbaşına sökməyə cəhd etməklə bu vəziyyətdə ola biləcək ən qanunsuz üsula əl atmışdır. Hətta bu qanunsuzluq o dərəcəyə gəlib çatmışdır ki, cavabdeh öz “məqsədinə” nail olmaq üçün bu iş üzrə üçüncü şəxsə fiziki zorakılıq göstərməkdən belə çəkinməmiş, məhkəmə tərəfindən yerində müayinə keçirildikdən sonra üçüncü şəxsin üzərinə hücum çəkərək zorla yaşayış sahəsinə girmiş, bununla bağlı görüntülərin yer aldığı fotoşəkillər və CD məhkəməyə təqdim edilmişdir. Məsələ ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2609/2022 saylı xüsusi qərardadı ilə Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 221-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olub-olmaması faktının araşdırılması üçün qərardadın Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

39. Aydındır ki, bu vəziyyətdə cavabdehin öz hüquqlarını qanunla qadağan olunmayan üsul və vasitələrdən istifadə etməklə müdafiə etməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə cavabdehin mülkiyyətində olmayan, üzərində heç bir hüququ olmadığı torpaq sahəsində yerləşən hasarı (hamamı) sökməklə bağlı hərəkətlərinin qanuni olmadığı nəticəsinə gəlir. Odur ki, iddiaçı həmin hasarın (hamamın) cavabdeh tərəfindən sökülməsinin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur.

40. Son olaraq məhkəmə bu cür nəticəyə gələrkən həmçinin o halı da nəzərə alır ki, ölkə ərazisində özbaşına tikililər, daşınmaz əmlaklar üzərində dövlət qeydiyyatına alınmamış, özbaşına sahiblik kifayət qədər geniş yayılmışdır. Hətta bu məsələnin həlli üçün “Daşınmaz əmlakın avtomatlaşdırılmış Milli Qeydiyyat Proqramı”nın hazırlanması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1540 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə” Tədbirlər Planına daxil edilmişdir. Həmin Planda deyilir ki, daşınmaz əmlakın dövlət reyestrinin elektron daşıyıcılar üzərində aparılmasını təmin etmək üçün yaradılmış daşınmaz əmlakın vahid kadastrı və hüquqların dövlət qeydiyyatı sisteminin təkmilləşdirilməsi “Daşınmaz əmlakın avtomatlaşdırılmış Milli Qeydiyyat Proqramı”nın hazırlanmasını zəruri edir. Bu sistemin əsasını ölkənin bütün ərazisini əhatə edən ortofoto xəritəsinin (rəqəmli baza xəritəsinin) mərhələlərlə ərazilər üzrə yaradılması, həmin xəritələrdə daşınmaz əmlakın yerinin müəyyən edilməsi və daşınmaz əmlak üzərindəki hüquqların dövlət qeydiyyatının aparılması təşkil edir. Belə bir sistemin olması daşınmaz əmlak barəsində vahid məlumat bazasının yaradılmasına xidmət edəcək və bu məlumatların daşınmaz əmlakın kadastrını aparan digər dövlət orqanlarına verilməsi, onlarda olan məlumatların bazaya daxil edilməsi kadastr məlumatlarının daim yeniləşməsinə və hüquqların dövlət qeydiyyatı üzrə vahid kadastr məlumatlarının əldə edilməsinə imkan verəcəkdir.

41. Göründüyü kimi özbaşına tikililərlə bağlı məsələnin həlli dövlət proqramına daxil edilmişdir və bu məsələnin mərhələlərlə gələcəkdə öz həllini tapması gözlənilir. Bununla belə bu gün üçün məsələ hələ həll edilməmiş qaldığından ölkə ərazisində özbaşına tikililərin sayı on minlərlədir. İddiaçı və üçüncü şəxsin yaşadığı torpaq sahəsi və üzərində inşa edilmiş tikili də belə özbaşına tikililərdən sadəcə biridir. Məhkəmə hesab edir ki, bu özbaşına tikililərlə bağlı məsələ dövlət səviyyəsində tam həllini tapmayana, həmin daşınmaz əmlaklar üzərində hüquqi rejim tam müəyyən edilməyənə qədər məhkəmələr bu əmlaklarla bağlı cari mübahisələri mülkiyyət hüququ nöqteyi-nəzərindən yox, yalnız hər bir işin xüsusi halları fonunda həll edə bilərlər.

42. Hazırkı işin xüsusi halı isə yuxarıda da qeyd edildiyi kimi cavabdehin heç bir hüququ, qanuni gözləntisi, səlahiyyəti olmadığı halda iddiaçı və üçüncü şəxsin faktiki olaraq yaşadığı evin hasarını (hamamını) sökməyə çalışmasıdır. Üstəlik, hazırkı iddia təmin edilməzsə belə görünür ki, cavabdeh hasarı, eləcə də hamamı tam sökərək öz yaşadığı evin girişinə qatacaq. Hətta cavabdehə görə o, iddiaçı və üçüncü şəxsin faktiki olaraq yaşadığı evi də sökməyə haqlıdır, lakin o, hələ ki, “güzəşt edib” yalnız hasarı və hamamı sökür. Məhkəmə hesab edir ki, bu vəziyyətdə iddianın təmin edilməməsi ədalətsiz məhkəmə aktının qəbul edilməsinə gətirib çıxara bilər.

43. Nəzərə alınmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı, “X16rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

44. Hazırkı işin xüsusi halları fonunda ədalətin bərqərar edilməsinin yeganə yolu cavabdehin özbaşına hərəkətlərinə son qoymaqdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin hasarı və hamamı sökməsi qadağan edilməlidir.

45. Lakin iddia tələbinin “iddiaçıya və ailəsinə cavabdeh tərəfindən göstərilən təzyiqlərin, onlara məxsus evdə rahat yaşamaqlarına qarşı maneələrin, cavabdeh tərəfindən hüquqlarının pozulmasının aradan qaldırılması” hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələblər özlüyündə qeyri-dəqiq olduğundan və cavabdehə hasarın (hamamın) sökülməsinin qadağan edilməsi ilə faktiki olaraq mübahisə mahiyyəti üzrə tam həll edilmiş olduğundan məhkəmə bu tələblərə münasibətdə iddianı təmin etmir.

Məhkəmə xərcləri.

46. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddialarla məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur.

47. Dövlət rüsumu tərəflərdən iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə tutulduğundan məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu bütövlükdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

48. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı və üçüncü şəxs X5 yaşadığı ünvan 3 ünvanında yerləşən evin hasarının (hamamın) sökülməsi Cavabdeh qadağan edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

49. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı və üçüncü şəxs X5 yaşadığı ünvan 3 ünvanında yerləşən evin hasarının (hamamın) sökülməsi Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar