Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-262/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 10 800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbi qanunsuz və əsassız olduğundan onun rədd edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
4. ünvan 1 saylı mənzil İddiaçı1 məxsusdur və xüsusi mülkiyətindədir. Mülkiyyətində olan mənzildə cavabdeh xx.xx.1962-ci il doğum tarixli Cavabdeh qeydiyyatda olmasına baxmayaraq, harada yaşadığı barədə məlumatı yoxdur. Mənzil hazırda onun istifadəsindədir, bütün kommunal ödənişləri o ödəyir. Bu isə ona bir sıra maliyyə və digər hüquqlarının həyata keçirilməsində əlavə çətinliklər yaradır. Elə bu səbəbdən də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçı2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddia tələbini müdafiə edir və tələb əsaslı olduğundan təmin edilməlidir.
7. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyildir və tələbin təmin edilməməsini xahiş edir.
8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 bildirdi ki, iddia tələbi əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Şahid ifadəsi
9. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilən X1 bildirdi ki, mübahisəli ev ona məxsus olmuşdur. Uzun illər oğlu ilə birlikdə həmin evdə yaşamışdır.
İş materialları.
10. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
11. AZ-İ seriyalı, 919034 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
12. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V-439 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi qızı – X4r. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx/xx/1999 tarixdə X10 verilmiş 30/160370 qeydəalma nömrəsilə 1068 nömrəli kitabın 160370-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 26.0 kv.m olan 10 saylı mənzildən ibarətdir. X11 miras əmlakdan 1/3 hissədə pay almalıdır.
13. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V-437 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi oğlu – İddiaçı2dur. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx/xx/1999 tarixdə X10 verilmiş 30/160370 qeydəalma nömrəsilə 1068 nömrəli kitabın 160370-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 26.0 kv.m olan 10 saylı mənzildən ibarətdir. İddiaçı2 miras əmlakdan 1/3 hissədə pay almalıdır.
14. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V-438 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi arvadı – Cavabdeh Çölü qızıdır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx/xx/1999 tarixdə X10 verilmiş 30/160370 qeydəalma nömrəsilə 1068 nömrəli kitabın 160370-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 26.0 kv.m olan 10 saylı mənzildən ibarətdir. Cavabdeh Çölü qızı miras əmlakdan 1/3 hissədə pay almalıdır.
15. xx.xx.2018-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”ndən görünür ki, Cavabdeh Çölü qızı 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V-438 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında miras əmlakdan ona çatası 1/3 hissədə payı vərəsə sırasında olan və miras əmlakda 1/3 hissədə payı olan X5 bağışlamışdır.
16. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı və ******* nömrəli Çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ev 16 ünvanında yerləşən, ümumi sahəsi 49.1 kv.m olan 10 saylı mənzil 1/3 hissədə İddiaçı2 və 2/3 hissədə X3 mülkiyyətindədir.
17. AR Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı2, X11 və Cavabdeh Çölü qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ev 16 ünvanında yerləşən 10 saylı mənzildə qeydiyyatdadırlar.
18. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ev 16 ünvanında yerləşən 10 saylı mənzilinin hazırki bazar dəyəri 66 500 manatdır. Həmin mənzilə analoji mənzilin orta aylıq kirayə haqqı 300 manat təşkil edir.
İşin faktiki halları.
19. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh övladlarıdır. Qeyd olunan ünvanda yerləşən mübahisəli mənzil mərhum X6 onun ailə üzvləri olan övladları - iddiaçılar İddiaçı1 və İddiaçı2 və həyat yoldaşı - Cavabdeh hər birinin 1/3 hissədə payı olmaqla vərəsəlik qaydasında keçmişdir. Daha sonra, Cavabdeh miras əmlakdan ona məxsus olan 1/3 hissədə payı qızı Əhmədova (Məmmədova) Aytac Faiq qızına bağışlamışdır. Hazırda həmin mübahisəli mənzil 1/3 hissədə İddiaçı2 və 2/3 hissədə X3 mülkiyyətindədir. İddiaçılar onlara məxsus olan mənzildən cavabdehə müstəqil qiymətləndirmə rəyində göstərilən aylıq kirayə haqqına uyğun olaraq kompensasiya məbləği ödənilməklə istifadə hüququna xitam verilməsini xahiş edirlər. Tələblərini onunla əsaslandırırlar ki, anaları onlara heç zaman qayğı göstərməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Etirazını onunla əsaslandırır ki, o uzun illərdir ki, həmin mənzildə yaşayır və getməyə başqa yeri də yoxdur. Yaxın zamanlarda isə təqaüdə çıxacaqdır və gəliri də məhduddur.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. M a d d ə 3 8 . Sosial təminat hüququ İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
M a d d ə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi
82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı: X2 Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
27. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
28. İşin faktiki halından göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh övladlarıdır. Qeyd olunan ünvanda yerləşən mübahisəli mənzil mərhum X6 onun ailə üzvləri olan övladları - iddiaçılar İddiaçı1 və İddiaçı2 və həyat yoldaşı - Cavabdeh hər birinin 1/3 hissədə payı olmaqla vərəsəlik qaydasında keçmişdir. Daha sonra, Cavabdeh miras əmlakdan ona məxsus olan 1/3 hissədə payı övladı olan İddiaçı1 bağışlamışdır. İddiaçılar tələblərində ona əsaslanırlar ki, cavabdeh onlara yaxşı valideyn olmamışdır. Məhkəmə hazırkı mübahisəyə həm fundamental hüquqları təsbit edən Konstitusion hüquqlar, həm də mülki və ailə qanunvericiliyinin tələb və göstərişləri baxımından yanaşır. Mülki qanunvericilikdə təsbit olunmuş normalara əsasən kompensasiya verməklə mülkiyyətini digər şəxsin istifadə hüququndan azad etmək mülkiyyətçinin hüququdur. Qanunvericilik burada mülkiyyətçinin məhdud əşya hüququ sahiblərinə münasibətdə daha üstün hüquqlarını tanıyır. Lakin, hər bir hüququn sərhədləri digər şəxslərin və ya cəmiyyətin hüquqları ilə və ya mənəvi və etik qaydalarla məhdudlaşa bilər. Məsələn, Mülki Məcəllənin 16-cı maddəsi hüquq sahiblərinə başqa şəxslərə ziyan vurmaqdan ötrü və ya hüquqdan sui-istifadə formasında hüquqların həyata keçirilməsini qadağan edir. Göründüyü kimi, qanunvericiliyin başlıca məqsədi ədalətli vəziyyətin yaradılması və ya bərpa edilməsidir. Hazırkı mübahisəyə də, məhkəmə məhz bu cəhətdən yanaşaraq, hazırkı iddia tələbinin Konstitusiya, mülki və ailə qanunvericiliyinin hüquq normaları baxımından ədalətli olub-olmasını araşdırır. Hazırkı işdə iddiaçılar anaları olan Cavabdeh istifadə hüququna xitam verilməsini və onun mənzildən çıxarılmasını xahiş edirlər. Cavabdeh ailə qurandan sonra həmin mənzildə daimi olaraq yaşayır. Onun həmin mənzilə əvvəllər vərəsəlik hüququ əsasında hissəvi mülkiyyət hüququ mövcud olmuşdur, lakin, o, özünə məxsus mülkiyyət hüququndan qızının xeyrinə imtina etmişdir. Göründüyü kimi, Cavabdeh öz mülkiyyət payından qızının xeyrinə imtina etməyi bir valideyn kimi özünə mənəvi borc bilmiş və bunu edərkən ailə bağlarına güvənərək gələcəkdə özünün həmin mənzildə yaşayacağına ümid etmişdir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh fasiləsiz olaraq həmin mənzildə yaşayır, elə iddiaçı tərəf də bunu inkar etmir. İddiaçılardan İddiaçı1 ailə həyatı qurub və başqa yerdə yaşayır. İddiaçı tərəf (xüsusən də İddiaçı1) bildirir ki, anaları uşaq vaxtı onlara qayğı göstərməyib, ona görə də, onlar analarının mübahisəli mənzildə yaşamasını istəmirlər. Hazırda cavabdeh təqaüd yaşındadır, onun məvacibindən əlavə digər gəlir yeri və başqa yaşayış yerinin olması da müəyyən edilmir. Göründüyü kimi, cavabdeh sosial cəhətdən müdafiəsizdir. Belə bir vəziyyətdə iddiaçıların mülkiyyətçi kimi hüquqlarından (nəzərə almaq lazımdır ki, onların mülkiyyət hüquqlarının həcmi cavabdehin öz hüququndan onların xeyrinə imtinası ilə artmışdır) istifadə edib təqaüd yaşına çatmış cavabdehi kompensasiya verməklə mənzildən çıxarmalarını məhkəmə hüquqdan sui-istifadə kimi qiymətləndirir və bunu vicdanlılıq və ailə prinsiplərinə uyğun hesab etmir. Nəzərə almaq lazımdır ki, ailə qanunvericiliyi yaxın qohumların birbirilərinə qayğı ilə yanaşmaq prinsiplərinə əsaslanır və bu davranışları təşviq edir, bəzi hallarda isə bu mənəvi borcu yerinə yetirməyən ailə üzvünün üzərinə bunu öhdəlik (məsələn Ailə Məcəlləsinin 82-ci maddəsi) kimi də qoyur. Öz miras payını övladına bağışlamış və digər yaşayış yeri olmayan təqaüd yaşına çatmış valideynin sonradan həmin paydan müəyyən kompensasiya müqabilində məhrum edilməsi isə qanunvericiliyin yuxarıda qeyd edilən prinsiplərinə ziddir. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, iddiaçıların mübahisəli mənzildə yaşamalarına qarşı hər hansı bir maneə də yoxdur və cavabdehin onların həmin mənzildə yaşamalarına hər hansı əngəl törətməsi də müəyyən olunmur. Bundan başqa, cavabdehə təklif edilən kompensasiya onun yaşını, digər gəlir mənbəyinin və yaşayış yerinin olmamasını nəzərə almaqla, onun uzun müddət ləyaqətli yaşayış hüqununa da təminat vermir. Bütün bu sadalanan hallar məhkəmədə o qənaətə gəlməyə əasas verir ki, hazırkı idida tələbi ədalətli deyildir və ona görə də təmin edilə bilməz.
Məhkəmə xərcləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilməli və iş üzrə keçirilmiş müstəqil qiymətləndirmə dəyərindən 100 manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
31. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilməli və iş üzrə keçirilmiş müstəqil qiymətləndirmə dəyərindən 100 manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməlidir.
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. İş üzrə keçirilmiş müstəqil qiymətləndirmə dəyərindən 100 manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.