Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2631/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi sarsıntılar və fiziki iztirablar nəticəsində ona dəymiş 450 manat məbləğində faktiki zərərin əvəzinin ödənilməsi və 3000 manat məbləğində təzminatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh barəsində xüsusi qərardadın çıxarılması və məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə qardaşının vasitəsi ilə 2017-ci ilin sonlarında tanış olmuşdur. Həmin vaxt Azər onun “9933” taksi xidmətində nəzarətçi işlədiyini bildiyindən özünün imkanlı adam olduğunu bildirərək, özü və ona şərik olan digər şəxslər tərəfindən avtomobillər alınaraq onların icarəyə verilməsi və pul qazanılması məqsədi ilə bu işdə sürücülərə avtomobilləri icarəyə verilməsi və icarə haqlarının yığılması üçün nəzarət edilməsini təklif etmişdir. O, Azərin təklifi ilə razılaşdıqdan sonra aralarında əmək müqaviləsinin bağlanılmalı olduğunu bildirmiş, lakin, Cavabdeh ona bildirmişdir ki, heç bir əmək müqaviləsinə ehtiyac yoxdur, sən sadəcə icarə haqlarının yığılmasına nəzarət et və bunun müqabilində biz sənə xidmət haqqı ödəyəcəyik. Beləliklə də, Cavabdeh ilkin olaraq 5 ədəd “Ravon” markalı, sonradan bir ədəd, daha sonra isə 3 ədəd “Ravon” markalı avtomobili və şərikli olduğu digər şəxslərə məxsus 25 ədəd “KİA” və sairə avtomobillərin icarəyə verilməsini və onlara nəzarət edilməsini ona həvalə etmişdir. Belə ki, 2019-cu ilin may ayınadək cavabdehin şifahi tapşırığına əsasən o, 34 ədəd avtomobillərin icarəyə verilməsi və icarə haqlarının yığılması ilə bağlı nəzarət funksiyalarını həyata keçirmişdir. Lakin, bəzi sürücülər tərəfindən icarə haqları bir aydan çox müddətə ödənilmədiyindən o, Cavabdeh və digər şəxslər tərəfindən sürücülərə verilmiş etibarnamələrin ləğv edilməsi və onların mülki qaydada məhkəmələrə verilməsi üçün müraciət edilməsini bildirmişdir. Buna baxmayaraq Cavabdeh ödənilməmiş icarə haqqlarını ondan tələb edərək, bu haqları ödəməyən sürücülərdən avtomobillərin geriyə alınması üçün etibarnamələrin ləğv edilməsi vəzifəsini onun üzərinə qoymuşdur. O, avtomobillərin mülkiyyətçisi olmadığına görə bunun mümkün olmadığını bildirdikdə Cavabdeh ona hədə-qorxular gələrək uşaqlarının oğurlanmasını və ailəsinin başına min oyunlar gətirəcəyini bildirərək mütəmadi qaydada özünün başçılıq etdiyi dəstənin üzvlərini onların yaşadıqıları evə göndərərək bu məsələnin həll edilmədiyi təqdirdə ailə vəziyyətinin pis olacağını bildirmişdir. Cavabdehin bu hərəkətlərindən o, qorxu altında yaşasa da, arvadı X8 buna dözməyərək özünü ölüm həddinə çatdırmaqla intihar etmək məqsədi ilə özünü zəhərləmişdir. Arvadı xəstəxanalarda olarkən Cavabdeh öz qanuna zidd hərəkətlərini 2020-ci ilin aprel ayınadək davam etdirdiyindən o, keçirdiyi həyacanlar və pisixi strestlər nəticəsində ürək ağrısı xəstəliyinə tutulduğundan 2020-ci ilin aprel ayının 20-də ağır vəziyyətdə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 5 saylı Klinik xəstəxanasına infarkt və qan-damar çatışmazlığı ilə ağır vəziyyətdə yerləşdiriləsi olmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, psixi sarsıntılar keçirmiş, sağlamlığının müəyyən müddətdə pozulmasına səbəb olan fiziki iztirablara məruz qalmaqla nəinki, müalicə dövründə müalicə müəssisəsinin onun müalicəsinə ayrılan dərman preparatlarından əlavə olaraq dava-dərman almaq və müxtəlif sistemlərə xərc çəkməklə zərərə düşmüş, habelə, bugünədək əmək fəaliyyətini və iş yerini itirməklə hazırda müalicələrinə xərclər çəkmək məcburiyyətində qalmışdır. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun sağlamlığına ciddi ziyan dəydiyini, əsəb sarsıntısı keçirdiyini, nəticədə sağlamlığının pozulduğunu bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddia ərizəsinə etiraz edərək, iddiaçının bildirdikləri ilə bağlı hər hansı sübutunun olmadığını, yalnız formal mülahizələrə əsaslandığını, ona görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin əsaslılığına dəlalət edən sübutlar olmadığına görə iddia tələbi əsassızdır. Belə ki, işə əlavə edilən tibbi sənədlərə əsasən iddiaçının həyat yoldaşı X4 və İddiaçı sağlamlıqlarının pozulması səbəbi ilə tibbi müalicə almışlar. Məhkəmə iclasına şahid kimi çağırılmış X2 izahatında bildirmişdir ki, o, Xalidin bibisidir, Xalid Azərlə bağ qonşusu olmuşdur. Xalid “9933” taksi şirkətində işləmişdir və həmin dövrdə Azər onu ortaq iş qurmağa dəvət etmişdir. Azər Xalidlə işləməyə başlamış və Azərə hər ay pul ödənilmişdir. Sonradan o, eşitmişdir ki, Xalid işləmir, Azər isə ondan pul tələb edir. Bildiyinə görə Xallidgil əllərində olan qızılı satıb Azərin pulunu vermişlər. İşə 2018-ci ildə başlanılmış, 2019-cu ildə isə Azərin hədə qorxuları başlamışdır. Azərlə danışıb belə etməməsini xahiş etsə də, Azər əməllərinə davam etmişdir. Məhkəmə iclasına şahid kimi çağırılmış X3 izahatında bildirmişdir ki, o, Xalidin tanışıdır. O, Xalidin arvadı Samirədən satmaq üçün qızıl almış, lakin bir miqdar borcu qalmışdır. 2019-cu il oktyabrın əvvəllərində Samirə onu polisə vermiş, o isə digər şahid Sədaqətlə birgə Samirəgilin evinə borcla bağlı güzəşt etməsi üçün getmişdir. Onlar Samirəgilin evində üç-dörd nəfər adamın olduğunu görmüş, onlardan biri Azər olmuşdur. Azər Xalidin boğazından yapışmış və ona bıçaq çıxartmışdır. Məhkəmə iclasına şahid kimi çağırılmış X6 izahatında bildirmişdir ki, o, digər şahid Zəmilənin tanışıdır. Zəmilənin Samirəyə borcu olmuş və onlar borcla bağlı Zəminə ilə birlikdə Samirəgilə getmişlər. Orada olanda qapı döyülmüş və Xalid qapını açdıqda iki-üç nəfər adamın evə daxil olduğunu görmüşdür. Onlardan biri Xalidi divara dirəmiş, Samirənin isə üstünə bıçaq çıxartaraq hədə-qorxu gəlməyə başlamışdır. Söhbət əsnasında həmin şəxsin adının Azər olduğunu bilmişdir. Məhkəmə şahid ifadələrini hazırkı iddia tələbinin mahiyyəti baxımından qiymətləndirərək qeyd edir ki, həmin ifadələrlə iddia tələbinin əsaslılığı sübuta yetirilmir. Belə ki, nə işə əlavə edilmiş tibbi sənədlərlə, nədə ki şahid ifadələri ilə iddiaçının tibb müəssisəsinə müraciət etməsinin səbəbinin cavabdehlə yaranan münaqişə nəticəsində iztirab çəkməsi olması müəyyən edilmir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X12 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və X12 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçının iztirab çəkməsi nəticəsində sağlamlığının pozulması faktı sübut edilmir. Ona görə də, iddia təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin, təzminatın ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2631/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2631/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver