Məhkəmə qərarları › İş №2(010)-2678/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2678/2020

16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2678/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pulun, adi mülki dövriyyə şəraitində həmin pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu 7000 (yeddi min) manat məbləğində əldən çıxmış fayda qismində zərərin, 10000 (on min) manat mənəvi və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumillikdə 29530 (iyirmi doqquz min beş yüz otuz) manat tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə teleqramı daxil olmuş, həmin teleqramda iddiaçı onun iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, özünə məxsus olan, Səməd Vurgun küçəsində yerləşən 34 saylı evin 20 saylı mənzilində təmir işləri aparılması ilə əlaqədar Cavabdeh havalandırma işlərinin görülməsi ilə əlaqədar sonuncunun deməsinə görə lazımlı materialın alınması və digər zəruri olan avadanlıqların sifariş edilməsi üçün ilk olaraq 7500 manat, bir qədər sonra isə 5000 manat vermişdir. Lakin pulu aldıqdan sonra Cavabdeh yoxa çıxmış, sonra isə telefonla pulu öz ehtiyaclarına xərclədiyini bildirməklə yaxın vaxt ərzində pulu qaytaracağını bildirmişdir. Dəfələrlə söhbət etməsinə və onun barəsində müvafiq orqanlara müraciət edəcəyini bildirsə də, o buna heç bir əhəmiyyət vermiyərək artıq açıq-aşkar pulun ona qaytarılmamasını bildirməklə və telefon zənglərinə də cavab vermədiyinə görə cavabdehin hərəkətlərindıən Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Orxan Əkbərovun xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilsə də, həmin orqana izahatında Cavabdeh 12500 manat pul vəsaitini mənimsədiyini etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində izahat verərək X2 iddianı qəbul etməyərək göstərfi ki, Cavabdeh həqiqətən də İddiaçı 2018-ci ildə əvvəllərindən tanımış və sonuncunun ünvan 1 ünvanında yerləşdiyi evində havalandırma sisteminin qurlaşdırılması işlərini görmək üzərinə götürmüşdür. Cavabdeh həqiqətən də iddiaçıdan bu işlərin görülməsi ilə əlaqədar 12500 manat pul almış, lakin sonradan həmin pulu sonuncuya qaytarmışdır. Velə olan halda iddianı əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən imzalanmış xx xxxxxx 2018-ci il tarixli iltizamdan görünür ki, o, (Cavabdeh) İddiaçı ilə olan şifahi razılaşmasına əsasən ona məxsus olan və “AF Mall” binasında yerləşən mənzilə 1 ədəd SKVT-lıq Daikin markalı, 1 ədəd 14 kvvtlıq Green markalı çöl bloku və 2 ədəd 7,2 kvvtlıq Daikin, 3 ədəd 16 kvvtlıq Gree və 1 ədəd 5 kv-lıq Green markalı daxili blok kondisioner və avadanlıqların quraşdırmasını öhdəsinə götürür, işin dəyəri avadanlıqla birlikdə 15.000 təşkil edir. Pulun yarısını xx.xx.2018-ci il tarixdə avadanlıqları sifariş etdiyi zaman almış, pulun qalan yarısını isə avadanlıqları mənzilə gətirdiyi zaman almalı idi. Lakin avadanlıqlar üçün əlavə pul lazım olduğuna görə xx.xx.2018-ci il 1000 AZN; xx.xx.2018-ci il -1000 AZN və xx.xx.2018-ci il -3000 AZN yenidən pul almış və 12.09.18-ci il tarixdə avadanlıqların təhvil verəcəyinə söz vermiş, lakin gətirə bilməmişdir. Öhdəsinə götürdüyü işi xx xxxxxx 2019-cu ilə qədər təhvil verməyə söz vermişdir. Beləliklə də, məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, təmir işlərinin görülməsi ilə əlaqədar cavabdehin iddiaçıdan 12500 manat pul alması işin mübahisəsiz halıdır. Belə olan halda qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış münasibətlər podrat müqaviləsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlardan müəyyən edilir ki, tərəflər arasında azad surətdə müqavilələr bağlanmış və müqavilə şərtləri müəyyənləşdirlmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin razılaşma üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu kreditora dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır. “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Bu isə ona dəlalət edir ki, cavabdeh aldığı pul müqabilində müəyyən işlər görülməsini bildirsə də, bu hal tərəflər arasında bağlanmış müqavilə üzrə onun tərəfindən öhdəliyin icra edildiyinə dəlalət etmir. Çünki, podrat müqavilələrinin məzmunu və predmeti baxımından cavabdehin (podratçının) öhdəliyi iki evin tikinti və təmir işlərini görüb sifarişçiya təhvil verilməsindən ibarət olmuşdur. Bir sözlə, podrat müqaviləsini bağlamış sifarişçinin podrat müqaviləsi bağlanılan zaman gözlənilən hüquqi nəticə - istilik avadanlıqların əldə etdikdən sonra quraşdırılması kimi qiymətləndirilə bilən iş olmuşdur. Belə olan halda isə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehdən 12000 manat cavabdehdən alınaraq iddiaçıya qaytarmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdeh tərəfindən qeyd olunan məbləğdə pulun qaytarıldığını bildirsə də, bu halı təsdiq edən hər hansə sübutu məhkəməyə təqdim etməmişdir. Odur kİ, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 12.500 manat məbləğində pul alması tam sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla belə məhkəmə iddianın adi mülki dövriyyə şəraitində həmin pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu 7000 (yeddi min) manat məbləğində əldən çıxmış fayda qismində zərərin, 10000 (on min) manat mənəvi pulun cavabdeh tutulmasını xahiş etsə də, həmin tələbini məhkəm baxışı zamanı sübuta yetirə bilmədiyindən, həmin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı xeyrinə 12.500 (on iki min beş yüz) manat məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12530 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar