Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2691/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh - Cavabdeh maddi zərərə görə 6000 manat, mənəvi ziyana görə 3000 manat, hazırki müvafiq Bank uçot dərəcəsinin 10%-i tətbiq edilərək, hər il üçün 600 manat nəzərə alınmaqla 1800 manat, ödədiyi 122,40 manat dövlət rüsumu, cəmi 10922,40 manat pulun tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar ayında özünə münasib qiymətə avtomobil axtarışı ilə məşğul idi. Bununla əlaqədar olaraq o, “Turbo.AZ” internet saytına daxil olaraq bir neçə avtomobilə baxdıqdan sonra özünə daha münasib şərtlərlə təklif olunan “Toyota Prius” avtomobilinin elanını seçərək, elanın sahibinə zəng etdi. Zəng etdikdən sonra, müəyyən olundu ki, avtomobili satan şəxs elanda Natiq adını göstərsə də, onunla danışan şəxs özünü Mirzə adlandırmışdır. Mirzə (Natiq) ilə apardığı söhbət əsnasında, məlum oldu ki, avtomobil kreditlə satılır, ilkin ödənişin 5000 manata təklif olunduğunu, aylıq 560 manat 12 ay ərzində ödəmək şərtilə avtomobilin mülkiyyətinə veriləcəyini bildirmişdir. Mirzə bildirdi ki, özünün vaxtı məhdud olduğuna görə Elnur adlı şəxslə görüşməli idi. Belə də oldu, Mirzənin tanışı Elnurla görüşdülər, avtomobili ustaya göstərdikdən sonra, avtomobili bəyəndi və ona beh olaraq 600 manat pul verdi. O bunun müqabilində, avtomobilin açarını ona təhvil verərək avtomobili onun yanında (yaşadığı ünvanda) saxladı. Növbəti gün Mirzə adını verən şəxs onunla əlaqə saxlayaraq bağlanılacaq müqavilənin hazır olduğunu bildirmişdir və görüş vaxtını və yerini müəyyənləşdirdikdən sonra onunla görüşdülər. Görüş zamanı müqaviləni, avtomobilin mülkiyyətçisinin adından etibar edən X4 adından iddiaçının adına verilən etibarnaməni ona təqdim etdi, o da əvvəlki etdiyi 600 manat ödənişdən başqa, 4300 manat əlavə olaraq ona pul verdi. Həmçinin onu tam olaraq inandırmaq üçün avtomobilin mülkiyyətçisinin adından və şəxsi imzası ilə imzalanan icarə müqaviləsi (üzərində fərdi sahibkara məxsus olan möhürü vardı) ona təqdim olundu. Avtomobilin qeydiyyat şəhadətnaməsi X1 adına idi. Etibarnamə 1 il müddətinə verilmişdir. Əlavə olaraq aylıq ödənişlərin həyata keçirilməsi üçün Umico bank kartı votsapla ona göndərilmişdir. Bundan sonra avtomobil onda olmaqla sonrakı aylıq ödənişi də həmin kart vasitəsilə - 560 manat pulu ödədi. Nəticədə, ümumlikdə bu adamlara iddiaçı 6000 pul ödəmişdir. Lakin ötən ilin mart ayında avtomobillə Bakı şəhəri, Ukrayna dairəsi ətrafında hərəkət etdiyi zaman AR DİN Yol- Patrul Xidmətinin əməkdaşları avtomobil axtarışda olduğuna görə onu saxlamış və ona məlum olmuşdur ki, kreditə aldığı avtomobilə həbs qoyularaq, ona məlum olmayan səbəblərdən etibarnaməsi ləğv olunmuşdur. Beləliklə də, o dələduzluq cinayətinin qurbanı olmuşdur. Onun əlində olan qalan pul aldatma yolu ilə əlindən vicdasızcasına alınaraq mənimsənilmişdir. Daha sonra aldadıldığını başa düşdükdən, o, mülki cavabdehdən tələb etməyə başldadı, lakin telefon zənglərinə cavab verən olmadı. Nəticədə, polis istintaq orqanına şikayətlə müraciət etməyə məcbur oldu. Orada istintaq başlanılmış və Cavabdeh barəsində AR CM-nin 178.2.4cü maddəsi üzrə ittiham irəli sürülümüşdür. Daha sonra isə istintaq yekunlaşaraq cinayət işinə baxılması üçün Xətai Rayon Məhkəməsinə aidiyyəti üzrə verilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-438/2023 saylı hökmü ilə cavabdeh cinayətin törədilməsində təqsirli bilinərək, 02 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edir ki, hələ cinayət işinə məhkəmədə baxılarkən, cinayət nəticəsində ona vurulan həm maddi, həm mənəvi ziyanın əvəzinin ödənilməsinə dair mülki iddia vermək istəmişdir. Lakin bu iddianın verillməsi üçün dövlət rüsumunun ödənilməsinə maddi imkanı olmadığına görə bunu edə bilməmişdir. Güman edirdi ki, ona qarşı cinayət törətmiş Cavabdeh vurduğu ziyanı könüllü olaraq ödəyəcəkdir. Lakin bu belə olmadı və bu günə qədər o, iddiaçıya 1 manat da olsa ödəməmişdir. Baxmayaraq ki, cinayətin törədilməsindən 3 ilə yaxın vaxt keçibdir və bu günə qədər onun pulu Elnur tərəfindən qaytarılmamışdır. Ona görə də, iddiaçı məcbur olaraq bu iddianı verir. Bundan başqa qeyd edir ki, Xətai Rayon Məhkəməsinin 1(011)-438/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Elnura təyin olunmuş cəzanı yüngül hesab etdiyinə görə, hökmdən apellyasiya şikayəti vermişdi. Lakin həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin olunmamış və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu cinayət hadisəsi nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Bundan başqa ona hər gün 40 manatdan artıq maddi ziyan vurulur. Çünki, o, fərdi əməklə məşğuldur və gündəlik işləri ilə bağlı avtomobildən istifadə etmək üçün alternativ olaraq taksi xidmətindən istifadə etmək məcburiyyətindədir. Bundan başqa, şikayəti üzrə dəfələrlə müxtəlif instansiyalara müraciət etmişdir. Nəhayət cavabdehə qarşı cinayət işi başlanılmış və o məhkəməyə verilmişdir. Bu günə qədər ona vurulan maddi zərərin 1 manatı belə pul qaytarılmamışdır. O, güclü stress və narahtçılıq hissləri keçirtmişdir. Belə olduğu təqdirdə cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsinin də bu cinayət prosesində həll olunması zəruridir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, bu hadisə baş verəndən sonra cavabdeh onunla bir dəfə də olsun əlaqə saxlamadı. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, əsas məbləğ olan 4900 manatı qəbul edir. 5500 manatı 1 aylıq kredit məbləğlə hesablayıblar. Bildirir ki, 4900 manat ödəməyə razıdır. İş materialları. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-438/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının C.M-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmdən görünür ki, Cavabdeh ümumilikdə zərər çəkmiş şəxs İddiaçı ümumilikdə 5500 manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən görünür ki, Cavabdeh cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 178. Dələduzluq 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə... 178.2. Eyni əməllər: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2 iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin.
3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı.
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-438/2023 saylı hökmündən göründüyü kimi, Cavabdeh özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə mülkiyyətində və üzərində heç bir sahiblik hüququ olmayan, X2 məxsus olmuş “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satacağı barədə yalan vəd verib aldadaraq, ümumilikdə zərər çəkmiş şəxs İddiaçı 5500 manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Həmin hökmdən görünür ki, cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya qarşı dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə dələduzluq (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) kimi tövsif edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə iddiaçı və cavabdehin həmin hadisəyə aidiyyatı tam sübut olunur. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüququndadır. İş materialarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-438/2023 saylı hökmündə mülki iddianın olmadığı görünür. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)- 438/2023 saylı hökmü qanuni qüvvəyə mindikdən sonra iddiaçı cinayət əməli nəticəsində ona dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə mülki qaydada müraciət etmişdir. Belə olan halda, iddiaçı cinayət əməli nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Tələbin Cavabdeh maddi zərərə görə 6000 manatın tutulması hissəsində məhkəmə qeyd edir ki, bu məbləğin bir hissəsi - 5500 manat məbləğində pulun cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut edilmiş, lakin digər hissəsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Tələbin cavabdehdən mənəvi ziyana görə 3000 manatın tutulması hissəsində məhkəmə qeyd edir ki, AR Konstitusiyanın yuxarıda qeyd edilən norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Belə ki, iddiaçı mənəvi zərərin vurulması və həmin zərərin cavabdehdən onun xeyrinə tutulmalı olması ilə bağlı haqlı olsa da, buna görə 3000 manat kompensasiya məbləğinin müəyyən edilməsini tələb etməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilənlərə əsasən ədalətli məbləğ kimi qəbul edilə bilməz. Məhkəmə bildirir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunverici konkret məbləğləri müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, həmin Qərara uyğun olaraq zərərin məbləği cavabdehin etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya qarşı törətdiyi dələduzluq əməlinə uyğun, ağlabatan və ədalətli olmalıdır. Nəticə etibarı ilə, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərə görə cavabdehdən 1100 manat məbləğində pulun tutulması məqsədəmüvafiqdir. Tələbin hazırki müvafiq bank uçot dərəcəsinin 10%-inin tətbiq edilərək, hər il üçün 600 manat nəzərə alınmaqla cavabdehdən 1800 manat tutulması hissəsində məhkəmə qeyd edir ki, AR MM-nin 449-cu maddəsinə uyğun olaraq, cavabdeh pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini gecikdirdikdən, iddiaçı həmin vəsaitin məbləğindən (5500 manat) faizlər ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin, qanunvericiliyin tələblərinə müvafiq olaraq, borc məhkəmə qaydasında tutulduqda məhkəmə iddiaçının tələbini qərarın çıxarıldığı gün – xx.xx.2025-ci il tarixi üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin tarixə olan bank uçot dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 7.25% olaraq müəyyən edilmişdir. Buna əsasən, faiz dərəcəsi 7.25% olmaqla müəyyən edilməli, hesablaşma – 5500 (əsas məbləğ) x 7.25% = 398.75 x 3 il = 1196.25 manat formasında aparılmalıdır. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 5500 manat, mənəvi ziyana görə 1100 manat və gecikdirilmiş vaxt üçün illik 7.25% tətbiq edilərək, hər il üçün 398.75 manat nəzərə alınmaqla, 1196.25 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 97.96 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 5500 manat, mənəvi ziyana görə 1100 manat və gecikdirilmiş vaxt üçün illik 7.25% tətbiq edilərək, hər il üçün 398.75 manat nəzərə alınmaqla, 1196.25 manat, ödənilmiş 97.96 manat dövlət rüsumu, cəmi 7894.21 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva