Məhkəmə qərarları › İş №2(010)-2693/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2693/2023

15.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2693/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X15 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 11, mənzil 17 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən tam pay hüququ ilə ona (iddiaçıya) məxsusdur. Cavabdeh onun bacısıdır. xx.xx.2017-ci il tarixdə Zaur adlı şəxslə rəsmi nikaha daxil olduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 11, mənzil 17-dən gəlin köçmüş və həmin vaxtdan onun mülkiyyətində olan mənzilində yaşamır, 2017-ci ilin yanvar ayının 7-dən sonra bacısı mənzilə qayıtmamış, mənzildən istifadə etməmişdir. Mənzildə onun heç bir əşyası yoxdur. Cavabdeh mənzildən uzun müddət (5 ildən çox müddətində) və davamlı olaraq könüllü istifadə etməmişdir, çünki onun mənzildəki yaşayış sahəsinə olan ehtiyacı olmamışdır və mənzillə bağlılığını da itirmişdir. Gəlin köçdüyü vaxtdan bu günə qədər o Ucar şəhərində ailəsi ilə birlikdə yaşayır. 2017-ci il tarixdən cavabdehin yaşayış yeri onun mülkiyyətində olan mənzil olmamışdır və mənzildə onun heç bir əşyası da yoxdur. Hazırda cavabdehin mənzildə qeydiyyatda qalması onun (iddiaçının) mənzilə mülkiyyətçi kimi sərəncam vermək, öz mülahizəsinə uyğun istifadə etmək hüquqlarını pozur. Belə ki, ona məxsus olan evini satmaq, bağışlamaq, ipoteka qoymaq və digər məqsədlər üçün cavabdehin razılığı tələb olunur, halbuki 6 ildir ki, cavabdeh başqa bir mənzildə yaşayır, ümumiyyətlə, Bakı şəhərində yaşamır, cavabdehin mənzildə qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından cavabdehin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını istəyir.

İddiaçınını tələbi.

2. Cavabdeh ünvan 1-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəlilov Teyyub Babaş oğlu bildirdi ki, mübahisəli mənzili 1989-cu il tarixdə almış, sonradan oğluna bağışlamışdır. Lalə onun qızıdır, 2017-ci ilə kimi həmin ünvanda yaşamış, həmin ildə ailə qurmuş, evləndikdən sonra həmin evə gəlməyib. Hazırda Ucra rayonunda yaşayır.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, 2006-cı ildən mübahisəli evin qonşuluğunda yaşamağa başlayanda Lalə həmin evdə yaşayırdı, həmin vaxt Lalə uşaq idi. İddiaçı Vüsalın ailəsi ilə çox yaxındır, tez-tez həmin evə gedir. Lalə evləndikdən sonra yəni, 2017-ci ilin yanvar ayından həmin evə gəlməyib. Hal-hazırda həmin ünvanda Vüsal, atası, arvadı və iki uşağı yaşayır.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, 2009-cu ildən mübahisəli evin qonşuluğunda yerləşən mənzildə yaşayır, yaxın qonşudurlar. Hal-hazırda da gediş-gəliş var. Vüsalın yoldaşı Xatirə onun rəfiqəsidir. Evlənməmişdən əvvəl Lalə orada yaşayırdı. Son 5-6 ildir ki Laləni mübahisəli evdə görməyib. Hal-hazırda həmin ünvanda Vüsal, atası, arvadı və iki uşağı yaşayır.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, 2006-cı ildən, yəni ailə qurduqdan sonra mübahisəli evin qonşuluğunda yerləşən mənzildə yaşayır, Vüsalla qonşudurlar. Hal-hazırda da gediş-gəliş var. Son illər Laləni mübahisəli evdə görməyib. Hal-hazırda həmin ünvanda Vüsal, atası, arvadı və iki uşağı yaşayır.

11. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.43 kv/m, yaşayış sahəsi 65.03 kv/m, yardımçı sahəsi 39.4 kv/m olan 5 otaqlı mənzil tam mülkiyyət üzrə Xəlilov Teyyub Babaş oğlu tərəfindən İddiaçı hədiyyə edilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2021).

13. Suraxanı rayon Kommunal Təsərrüfat Birliyi 105 saylı MKİS tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 11 saylı evin 17 nömrəli mənzilində yaşayır, qeydiyyatdadır. Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatdadır, lakin yaşamır.

14. Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında X5, Xəlilov Teyyub Babaş oğlu, X8, X6, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh və X2 qeydiyyatdadırlar.

15. İş materiallarına Cavabdeh toy və xına mərasimləri əks olunmuş fotoşəkillər və disk əlavə edilmişdir.

16. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh notariat ofisinə ərizə ünvanlayaraq, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 11, mənzil 17-də yerləşən mənzilin İddiaçı bağışlanmasına etiraz etməmişdir.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikası Konstitusiyası.

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

18. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 60.1. İcarədar və ya onun ilə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 184.2. İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

21. Məhkəmə iddiaçının nümayəndəsi (vəkilini) və şahidləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

22. Belə ki, hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri 2009-cu ilədək yarandığından məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

23. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının bacısı olan cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olsa da, 2017-ci ildən orada yaşamır.

24. İddiaçı hazırki tələbində cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir.

25. İş materiallarında olan sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh 2017-ci ildə ailə quraraq mübahisəli evdən çıxmış və həmin vaxtdan Ucar rayonunda yaşamışdır.

26. Göründüyü kimi Cavabdeh mübahisəli evdə qeydiyyatı formal olaraq qalmışdır.

27. Cavabdeh mübahisəli mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmiş, sadəcə qeydiyyatda olmuşdur.

28. Bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir.

29. Məhkəmə qənaətə gəlir ki, Cavabdeh 2017-ci ildə ailə həyatı qurub mübahisəli evdən köçməsi həmin evi məhz daimi əsaslarla tərk etdiyinə dəlalət edir.

30. Məhkəmə qeyd edir ki, cavabdehin istinad edilən müddət ərzində mənzilə köçürülmə iddiası ilə məhkəməyə müraciət etməsi və ya ümumiyyətlə həmin mənzilə köçüb yaşamağa cəhd etməsi müəyyən edilmir və onun qeydiyyatda olduğu mübahisəli evə qayıtmaq arzusunun nümayiş etdirilməməsindən ibarət hallar həmin evi məhz daimi əsaslarla tərk etməsini təsdiq edir.

31. Belə ki, keçən müddət ərzində cavabdehin həmin mənzilə geri qayıtması üzrə hər hansı cəhdinin olmaması, yəni mənzilə köçürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməməsi və yaxud məhkəmədə iddia qaldırmaması məhkəmənin onun həmin evə qayıtmaq istəyinin olmaması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Həmin evdə qeydiyyatda qalması isə formal olmuşdur.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh daimi yaşamaq üçün başqa ünvana köçüb getdiyi vaxtdan, mübahisəli mənzildən istifadə etməsini zəruri edən əsas aradan qalxdığından həmin evdən istifadə hüququnu itirmişdir.

33. Odur ki, məhkəmə yuxarıda istinad edilən 1982-ci il redaksiyasında olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları baxımından hesab edir ki, cavabdehin mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsaslar mövcüddur.

34. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 11 saylı evin 17 saylı mənzilinə dair istifadə hüququ itirilmiş hesab edilsin. Hazırki qətnamə cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 11 saylı evin 17 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar