Məhkəmə qərarları › İş №2(010)-2698/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2698/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2698/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 3 saylı evin 24 saylı mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 3 saylı evin 24 saylı mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 3 saylı evin 24 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyətində olan mənzilə cavabdehlər müxtəlif vaxtlarda pasport qeydiyyatına düşmüşlər və uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar. Cavabdeh1 və X3 onun nəvələridir. Onların hər ikisi ailə qurduqdan sonra öz ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər, sözügedən mənzildə yaşamırlar və onların qeydiyyatı formal xarakter daşıyır. Bu səbəbdən onların əvəzinə külli miqdarda kommunal xidmət haqqı ödəmək məcburiyyətində qalır. Bununla yanaşı halhazırda ona məxsus mənzilə dair Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları pozulur. Belə ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə köçmüşlər və onun mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda qalmışlar. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları onun mülkiyyətinə dair sərəncam vermək hüquqlarını məhdudlaşdırır. O, məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.

4. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli mənzil 1980-cı ildə order əsasında yaşamaq üçün onun həyat yoldaşı X4 və onun ailə üzvlərinə verilmişdir. Onun həyat yoldaşı 2012-ci ildə vəfat etdikdən sonra mənzil xx.xx.2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestr xidmətində onun özünün adına özəlləşdirilmişdir. Onun oğlu Vasif Əzizov evləndikdən sonra mübahisəli mənzildə yaşamış və onun övladları həmin mənzildə doğulmuşdur. Lakin sonradan onun oğlu Vasif üçün Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində fərdi yaşayış evi tikmişlər və həmin fərdi yaşayış evi hazır olduqdan sonra oğlu Vasif öz ailə üzvləri ilə birlikdə ona məxsus olan mənzildən köçüb getmişlər. Hazırkı cavabdehlər onun nəvələridir, 2007-ci ildən mübahisəli mənzildə yaşamırlar və valideynləri ilə birlikdə Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində fərdi yaşayış evində yaşamışlar. Halhazırda isə hər iki cavabdeh iki ildən artıqdır ki, ailə quraraq öz həyat yoldaşlarına məxsus olan evdə yaşayırlar. O bir neçə dəfə cavabdehlərə ona məxsus olan mənzildən qeydiyyatdan çıxmağı təklif etsə də, onlar bununla razılaşmamışlar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını pozur və onun əmlakı üzərində sərəncam verməsinə süni maneələr yaradır. Odur ki, cavabdehlərin mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 3 saylı evin 24 saylı mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanındakı mənzil xx.xx.2015-ci ildən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikası Əmlak məsələləri Dovlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin hüquq subyekti İddiaçıdır.

9. 11 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 35 saylı arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 2007-ci ilin aprel ayından göstərilən ünvanında yaşamırlar. Hal-hazırda sözügedən mənzildə faktiki olaraq İddiaçı, gəlini və iki azyaşlı nəvəsi ilə birlikdə yaşayır.

İşin faktiki halları.

10. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 3 saylı evin 24 saylı mənzili 1980-cı ildə order əsasında yaşamaq üçün iddiaçının həyat yoldaşı X4 və onun ailə üzvlərinə verilmişdir. Onun həyat yoldaşı 2012-ci ildə vəfat etdikdən sonra mənzil xx.xx.2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestr xidmətində iddiaçının adına özəlləşdirilmişdir. Hazırkı cavabdehlər Cavabdeh1 və X3 iddiaçının nəvələridir və onların hər ikisi 2007-ci ildən öz valideynləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. Məhkəmə araşdırması zamanı mülkiyyətçi cavabdehlərin həmin mənzildə qeydiyyatda olduqlarını, lakin sonuncuların həmin mənzildə uzun müddətdir ki, yaşamadığından istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması məhkəmə araşdırılması zamanı mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun mövcudluğunu qəbul edir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

15.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

17. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 3 saylı evin 24 saylı mənzili xx.xx.2015-ci ildə İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının etirafına görə mübahisəli mənzildə yaşasalar da, 2007-ci ildən valideynləri ilə birlikdə həmin mənzildən köçüb getmişlər. Hal-hazırda həmin mənzildə iddiaçı və onun digər oğlu öz ailə üzvləri ilə birgə yaşayır.

18. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

19. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 3 saylı evin 24 saylı mənzildən istifadə hüquqlarına xitam verilməlidir.

22. Məhkəmə hesab edir ki, məhkəmə xərci- ödənilmiş – 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 3 saylı evin, 24 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərci - ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar