Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-27/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Suraxanı rayon MKTB-nin Cavabdeh qarşı “özbaşına aparılan tikilinin sökülməsi, girişin lahiyədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Suraxanı rayon MKTB Cavabdeh qarşı “özbaşına aparılan tikilinin sökülməsi, girişin lahiyədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi” tələbi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, ev 11, mənzil 4-də yaşayan Cavabdeh yaşadığı mərtəbədə özbaşına apardığı tikintini sökərək, giriş lahiyədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 11 saylı bina Suraxanı rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin balansındadır. Sözügedən binada əsaslı təmir işlərinin aparılması məqsədilə binaya baxış keçirilən zaman məlum olmuşdur ki, həmin binada ev 11, mənzil 4 ünvanında yaşayan Cavabdeh yaşadığı mərtəbənin ümümi istifadə üçün nəzərdə tutulmuş hissəsində-liftin qarşısında qanunsuz tikinti apararaq zəbt etmişdir. Dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, Cavabdeh özbaşına tikdiyi yardımçı hissəni sökərək, girişi layihədə nəzərdə tutulan vəziyyətə gətirməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı Suraxanı rayon MKTB-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə ekspertin rəy verdiyini, keçirilən bütün məhkəmə proseslərində birliyin iştirakının təmin edildiyini, ona görə də, növbəti məhkəmə prosesinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə işə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin mövqeyini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh məxsus, AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “Q” y/S, ev 11, mənzil 4-də yaşayır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Yeni Günəşli qəsəbəsi "Q" y/sahəsi ev 11-in girişində əsaslı təmir işləri ilə əlaqədar həmin girişə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ev 11 mənzil 4 ünvanında yaşayan Cavabdeh yaşadığı mərtəbənin ümumi istifadə üçün nəzərdə tutulmuş liftin qarşısında qanunsuz tikinti apararaq zəbt etmişdir. Dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, sonunju zəbt etdiyi hissəni sökməyərək əvvəlki vəziyyətinə qaytarmamışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı qurum tərəfindən Cavabdeh qeyri-qanuni zəbt edilmiş qeyri-yaşayış sahəsinin 3 gün müddətinə boşaldılmasının vacib olduğu bildirilmişdir. İş materiallarında xx.xx.2021-ci il tarixə olan arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 11 saylı bina Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakının siyahısına daxildir. İş materiallarında xx.xx.2021-ci il tarixə olan arayışdan müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 11 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. İş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2065 saylı rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 11 saylı evin 4 saylı mənzilin böyründə ümumi istifadə üçün nəzərdə tutulmuş hissəsində liftin qarşısında inşa edilmiş dəhliz, mətbəx və anbar tikililərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 № li qərar ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2 bəndlərində uyğun olunmadığı müəyyən edilir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 11 saylı evin 4 saylı mənzilin böyründə ümumi istifadə üçün nəzərdə tutulmuş hissəsində liftin qarşısında cavabdeh tərəfindən, dəhliz tikilisinin sahəsi 3,0 m2 (1,60x1,85), mətbəx tikilisinin sahəsi 5,8 m2 (1,60x3,30), anbar tikilisinin sahəsi 1,50 m2 (1,50x1,0) inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə,işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı qurum cavabdehin binanın ümumi istifadə üçün nəzərdə tutulan hissəsindən öz mənzilinə qanunsuz artırma etdiyini bildirir və bu artırmanın sökülməsini xahiş edir. Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mənzil Məcəlləsinin: 24.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 25.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.3-cü maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyrimümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.6-cı maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 27.1-ci maddəsinə görə Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2-ci maddəsinə görə Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1-ci maddəsinə görə bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2-ci maddəsinə görə bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3-ci maddəsinə görə Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 27.4-ci maddəsinə görə Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5-ci maddəsinə görə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»-nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 mənzil 4 ünvanında yaşayan Cavabdeh yaşadığı mərtəbədə özbaşına apardığı tikinti sökülərək, girişi layihədə nəzərdə tutulmuş vəziyyətə gətirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Q" y/s, ev 11, mənzil 4-də yaşayan Cavabdeh yaşadığı mərtəbənin ümumi istifadə üçün nəzərdə tutulmuş sahəsində özbaşına apardığı tikinti sökülərək giriş layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilsin. Cavabdeh 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-27/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-27/2021
29.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver