Məhkəmə qərarları › İş №2(010)-2716/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2716/2021

06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2716/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyana görə 15.623 (on beş min altı yüz iyirmi üç) manat, mənəvi ziyana görə isə 5000 (beş min) manat, cəmi 20.623 (iyirmi min altı yüz iyirmi üç) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "iddia tələbinin dəqiqləşdirilməsi barədə" ərizə ilə müraciət edərək, cavabdehlərdən onun xeyrinə yalnız maddi ziyanın tutulmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri "Skoda Yeti" markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfindən mülkiyyətində olan həmin avtomobilə dair oğlu X2 ada etibarnamə verilmişdir. «Mercedes Benz B170» markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh2 mülkiyyətindədir və o, həmin avtomobilə dair digər Cavabdeh1 adına 16.11.2020-ci il tarixli etibarnamə ilə avtomobili idarə etmək səlahiyyəti vermişdir. 21.02.2021-ci il tarixdə saat 17:10 radələrində Neftçilər prospektində Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz B170” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozmuş və nəticədə iddiaçının mülkiyyətində olan və etibarnamə əsasında oğlu T.Mirzəzadə tərəfindən idarə olunan «Skoda Yeti» markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil avtomobili vurmuş, zərbənin təsirindən həmin avtomobil də yolun kənarında dayanmış «Toyota LC 200» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobillərə xeyli maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü, YPX baş inspektoru polis kapitanı Rəşad Rüstəmli tərəfindən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı, 21.02.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında həmin tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. "X6" tərəfindən verilmiş təmir aktına əsasən hadisə nəticəsində iddiaçının mülkiyyətində olan "Skoda Yeti" markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 19014 (on doqquz min on dörd) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 094927 №-li, 19.03.2021-ci il tarixli aktına əsasən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 19014 manat (on doqquz min on dörd) manat müəyyən edilmiş, həmin zərərdən icbari sığorta ödənişi mütənasib qaydada 3391 (üç min üç yüz doxsan bir) manat təşkil etmiş və həmin məbləğ iddiaçıya ödənilmişdir. Lakin cavabdehlər bu günədək vurulmuş ziyanın qalan hissəsini, yəni 15623 (on beş min altı yüz iyirmi üç) (19014 - 3391 = 15623) manat məbləğində pulu ödəməmişlər. Eyni zamanda bildirir ki, baş vermiş hadisə ilə bağlı güclü sarsıntı və əsəb keçirmiş və bu onun sağlamlığına çox ciddi təsir vurmuşdur. Cavabdehlər tərəfindən vurulmuş mənəvi zərərin əvəzi 5.000 manat olaraq qiymətləndirilir, çünki çox gərgin mənəvi və psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur və bu da öz işini müntəzəm şəkildə həyata keçirməsinə mane olmuşdur. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 18.06.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Yol-nəqliyyat hadisəsi Neftçilər prospektində baş vermişdir. Xəttin tələbini pozduğu üçün onu sürətlə gəlib vurmuşlar. O, yoldaşının avtomaşınını idarə etmişdir. İş materiallarına əlavə edilmiş: 21.02.2021-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh1 21.02.2021-ci il tarixdə “Mercedes Benz B170 minik” markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verməklə inzibati xəta törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə olunmuşdur. AD seriyali 973470 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Mercedes Benz B170” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. 16.11.2020-ci il tarixi etibarnamədən müəyyən olunur ki, Cavabdeh2 “Mercedes Benz B170” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh1 etibar etmişdir. AB seriyali 890342 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Skoda Yeti minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. «Skaz Autohouse» təmir aktından müəyyən olunur ki, "Skoda Yeti" markalı **-RM- *** dövlət nömrə nişanlı avtomaşına ümumilikdə 19014 manat məbləğində ziyan dəymişdir. 094927 saylı Sığorta aktından müəyyən olunur ki, “Mercedes Benz B170” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil 11.11.2020-ci il tarixdən 11.11.2021-ci il tarixədək 55000 manat məbləğində sığortalanmışdır. 21.02.2021-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobil "Skoda Yeti" markalı ** RM *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində 19014,00 manat məbləğində dəymiş ziyandan 3391 manat məbləğində köçürmə yolu ilə İddiaçı ödənilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2716/2021 saylı 18.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01.10.2021-ci il tarixli 9/5798 saylı rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 13000,00 manat olmuş 2012-ci il buraxılışlı, “Skoda Yeti” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin fevral ayına nəzəri qaydada təxminən 8450,00 (13000m - 35%) manat müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan "Skoda Yeti" markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olan «Mercedes Benz B170» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında 21.02.2021-ci il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Neftçilər prospektində yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı iddiaçıya məxsus avtomobili etibarnamə əsasında oğlu X3, Cavabdeh2 məxsus avtomobili isə Cavabdeh1 idarə etmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobil zədələnmiş və iddiaçıya maddi ziyan vurulmuşdur. Hadisənin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərim edilmişdir. Hadisədən sonra iddiaçıya məxsus avtomobilə 19014 manat məbləğində ziyan vurulduğu müəyyən edilmiş və həmin məbləğdən 3391 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı hazırda qalıq 15623 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş edir. İddiaçıya məxsus avtomobilə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertiza tədqiqatının nəticəsində avtomobilə təxminən 8450,00 manat məbləğində zərərin vurulduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və onu əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya 8450 manat məbləğində vurulmuş zərərdən sığorta şirkəti tərəfindən ödənilmiş 3391 manat çıxılmalı, qalıq 5059 (8450-3391) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı xeyinə tutulmalıdılır. İddia qalan hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh1 idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan avtomobilin zədələnməsi təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Lakin məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə isə əsaslı saymır. Belə ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, qəza baş verən zaman Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu hal onu deməyə əsas verir ki, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh2 mülkiyyətində olsa da, qəza zamanı qanuni əsaslarla Cavabdeh1 sahibliyində olmuşdur. Deməli, yüksək təhlükə məmbəyi sayılan avtomobilin Cavabdeh1 qanunsuz (etibarnamə olmadan onun idarəçiliyinə vermək və ya avtomobili nəzarətsiz buraxmaq halı) verilməsi halı olmadığına görə Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbi baxımından zərərin əvəzinin ödənilməsi Cavabdeh2 tələb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 iddiası avtomobilə vurulmuş zərərin əvəzi olan pulun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə 5059 manat məbləğində pul tutulmalıdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01.10.2021-ci il tarixli bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci İddiaçı və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyana görə 5059,00 (beş min əlli doqquz) manat məbləğində vəsait alınaraq İddiaçı xeyinə tutulsun. İddia qalan hissəsi təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 (əlli) manat İddiaçı və Cavabdeh1 müştərək qaydada Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar