Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2761/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 5000 manat pulun, 10000 manat mənəvi ziyanın, vəkilin hesabına ödədiyi 200 manat pulun, nümayəndə üçün ödədiyi 12 manat pulun, məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 30 manat olmaqla, ümumilikdə 15242 (on beş min iki yüz qırx iki) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yaşar oğlunu 2014-cü ildən tanıyır. Həmin vaxt o, Hövsan qəsəbəsində yerləşən, "Şüşəli Bazar" deyilən marketdə işləmişdir. Cavabdeh marketə gələrək, onunla tanış olmaq istədiyini bildirmiş, sonradan ona qarşı fikrinin ciddi olduğunu deyərək, onunla ailə qurmaq istədiyini demişdir. Tanışlıqları 4-5 ay davam etmiş, 2015-ci ilin yanvar ayının 4-də cavabdehin atası, anası və bacısı onlara elçi gəlmiş və ona nişan hədiyyəsi olaraq 3,5 qramlıq qızıl "nişan üzüyü" gətirmişlər və onun valideynləri də evlənmələrinə razılıq vermişlər. Cavabdehlə eyni qəsəbədə (Hövsan qəsəbəsində) yaşadıqlarından və artıq nişanlı olduqlarından, cavabdeh hərdən evlərinə gəlib valideynlərilə söhbət etmiş və eyni zamanda o da onların evinə gedib ailə üzvləri ilə söhbət etmişdir. Ailələri və qohumları onları nişanlı kimi tanımış və tezliklə toy olacağını gözləmişlər. Lakin toy gecikmişdir. Toy barədə cavabdehlə söhbət edəndə, o, bildirmişdir ki, həyətlərində özü üçün ayrıca ev tikir və istəyir ki, evi tikib qurtarandan sonra toyu etsin və onu gəlin olaraq tikdiyi evə gətirsin. Lakin hazırda evi tikib başa çatdırmaq üçün bir qədər pul lazımdır. Usta işləyib pul qazansa da rəsmi iş yeri olmadığı üçün banklar ona kredit vermirlər və əgər kiminsə adına kredit götürmək mümkün olsaydı, bankdan alınan krediti özü ödəyər və evi tikib toylarını edərdi. O, cavabdehə demişdir ki, marketdə işlədiyi üçün banklar ona kredit verə bilər və əgər bankdan götürdüyüm krediti ödəyə bilərsə, öz adına kredit götürüb ona verə bilər. Cavabdeh dedi ki, " özü istəyirdi ki, ona bu barədə, yəni bankdan kredit götürüb ona verməsi barədə desin və guya buru deməyə utanırmış". Cavabdehlə nişanlı olduqları üçün onu aldatmaycağına, bankdan aldığı krediti özü qaytaracına inanaraq, evin tikilməsi üçün bankdan kredit götürüb cavabdehə verməyə razı olmuş və 2015-ci ilin iyul ayında metronun "Neftçilər" stansiyasının çıxışında yerəşən "xxxxxxxxxxxx"dan 1500 (min beş yüz) manatı ABŞ dolları ilə götürərək, cavabdehin yaşadığı Hövsan qəsəbəsində yerləşən mənzilində cavabdehə vermişdir. Həmin vaxt ABŞ dolları 78(yetmiş səkkiz) qəpik təşkil edirdi. Cavabdeh pulu alan kimi demişdir ki, gedib elə bu gün qum, sement, taxta alaraq tezliklə evi tikib başa çatdıracaq və toyu edəcək. Lakin pulu alıb cavabdehə verdiyi vaxtdan bir neçə ay keçmiş, cavabdeh evi tikməmişdir. Cavabdehlə nişanlı olduqları üçün o də hərdən onlara gedib gəlirmiş. Amma fikir vermişdir ki, cavabdeh ondan 1500 manat almasına baxmayaraq, evi tikmir, bankın kreditini də ödəmir və bankın aylıq kreditini o özü ödəyir. O, cavabdehdən nə üçün evi tikmədiyini soruşanda demişdir ki, ona verdiyi 1500 manatı öz borclarını ödəmiş və evi tikməyə pul qalmamışdır. Özü usta olduğu üçün tək materialın pulu olsa, material alıb evi özü tikib başa çatdıra bilər və ondan təzədən bankdan 1000 manat alıb ona verməsini xahiş etmişdir. O, təzədən "xxxxxxxxxxxx”dan “Bolkartdan" 1000 (min) manat götürərək cavabdehə vermişdir ki, evi tikib başa çatdırmışdır. Beləliklə, o, "xxxxxxxxxxxx"dan 2500 (iki min beş yüz) manat pul götürərək cavabdehə vermişdir. O, bundan əlavə olaraq cavabdehə ümumi qiyməti 500(beş yüz) manat olan 3 ədəd mobil telefon alaraq vermiş və bundan əlavə olaraq cavabdehə ümumi dəyəri 500 (beş yüz) manat olan "geyim şeyləri" almışdır. Beləliklə, o, cavabdehə 2500 (iki min beş yüz) manat pul və ümumi qiyməti 1000 manat olan 3 ədəd telefon və geyim əşyaları almışdır. Cavabdeh ondan aldığı pullara görə bankın kreditlərini özü ödəyəcəyinə söz versə də, sözünə əməl etməmiş, bankın kreditlərini anasının köməyi ilə o ödəmiş və bu gün də həmin kreditləri ödəməkdədir və hazırda banka 5000 manatdan artıq faiz pulu ödəmişdir. Bir müddətdən sonra məlum olmuşdur ki, cavabdeh başqa bir qadına elçi göndərərək nişan taxmışdır. Bundan sonra o, cavabdehdən ondan aldığı pulu geri qaytarmasını dəfələrlə desə də cavabdeh ilk vaxtlar pulu qaytaracağına söz verərək bir az gözləməsini xahiş etmişdir. O, cavabdehin ondən aldığı pulu qaytarması barədə onun valideynlərinə də demişdir. Cavabdehin valideynləri də onun pulunun qaytarılması barədə cavabdehə təsir edəcəklərinə söz vermişlər. O, cavabdehin onun pulunu qaytarmayacağı qənaətinə gələndən sonra, bu barədə Suraxanı Rayon 30-cu polis bölməsinə ərizə ilə müraciət etmişdir. 30-cu Polis Bölməsi Cavabdeh bölməyə çağıraraq ondan izahat almış və cavabdeh izahatında onun bankdan kredit götürərək ona verməsini və ona 3 ədəd telefon aldığını və həmin pulları qaytarmadığını etiraf etmişdir. O, krediti ABŞ dolları ilə ilə götürdüyündən sonradan dolların məzənnəsi qalxdığından bu günə kimi bankın pulunu ödəyib qurtara bilməmişdir və bu gün də banka pul ödəyir. O, cavabdehin onu aldadaraq aldığı pulu qaytarmayacağına tam əmin olandan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Bundan sonra və xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 6 X7 gedərək məhkəmədə hüquqlarının müdafiəsinə yardım etməsi üçün müqavilə bağlamışdır və vəkil bürosunun hesabına "Kapital Bank" vasitəsilə 200 (iki yüz) manat pul ödəmişdir. Bundan əlavə olaraq, işdə nümayəndə kimi iştirak etməsi üçün Vəkil notariat kontorunun təsdiq etdiyi "etibarnamə" vermiş və etibarnamə üçün notariat kontoruna 12 (on iki) manat pul ödəmişdir. Eyni zamanda, məhkəmədə işə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hesabına 30(otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehin iş yeri olmadığına görə onun yerinə bankdan iki dəfə kredit götürmüş, cavabdeh krediti ödəyəcəyinə söz versə də ödəməmişdir. Eyni qaydada cavabdeh üçün üç ədəd mobil telefonu kreditlə götürmüş, lakin cavabdeh həmin telefonların pulunu ödəməkdən də yayınmış, beləliklə bütün bu pulları özü ödəməli olmuşdur. Eyni zamanda cavabdeh bu hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. Odur ki, iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıdan borc pul almamışdır. İddiaçı ilə bir müddət nişanlı olmuşlar və həmin dövrdə bir-birlərinə hədiyyələr almışlar. O da iddiaçı üçün pul xərcləmişdir. Hər bir halda həmin pulu qaytarmağı da öhdəsinə götürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Belə ki, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh növbəti məhkəmə iclasının vaxtı barədə məhkəmə bildirişin kötüyünə imza etməklə xəbərdar edilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında vətəndaş Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-yə verilmiş izahatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı bankdan kredit götürdüyü 1500 manat və 1000 manat pul, bundan əlavə 500 manat dəyərində telefon alması barədə suala cavab olaraq izahatında bildirmişdir ki: “Bəli mən ondan 1500 və 1000 manat başqa-başqa vaxtlarda pul almışam. Bu onun öz istəyi və razılığı əsasında olmuş və mənə verərkən qeyd olunan məbləği mənim şəxsi borclarımı bağlamaq üçn verdiyindən özünün xəbəri olmuşdur. Mən onun etibarından sui-istifadə edərək pulunu mənimsəməmişəm. Biz nişanlı olduğumuz üçün o mənə şəxsi istəyi ilə köməklik etmişdir və nişanlı olduğumuz ərəfələrdə hədiyyə kimi özü mənə istəyərək mobil telefonlar almışdır. Bunları məndən tələb etdikdə isə mən etiraz etməyərək nişanlı olduğumuz vaxt kömək etdiyi üçün hissə-hissə qaytaracağımı qeyd etmişəm”. “xxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2020- cil tarixli arayışdan görünür ki, onun “xxxxxxxxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixindən bu günə qədər götürdüyü kreditlərin cəmi məbləği 1450 manat təşkil edir. xx.xx.2020-ci il tarixinə qədər əsas məbləğ üzrə 500 manat, faiz qismində 161.90 manat ödəniş olub. Hal-hazırda əsas məbləğ üzrə 950 manat, götürülmüş kreditə görə isə 16.50 manat faiz borcu var. “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Samsung 106 mini” və “Samsung J2” markalı telefonların ödənişi ilə bağlı xx.xx.2020-ci il tarixli iki ədəd ödəniş cədvəlindən görünür ki, İddiaçı tərəfindən həmin telefonlar üçün hissə-hissə 266 manat və 426 manat məbləğində pul ödənilmişdir. xx.xx.2016-cı il tarixli, 2057 nömrəli ödəniş cədvəlindən görünür ki, cəmi 228 manat məbləğində pulun 30 manat ilkin ödəniş olmaqla, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasında hər ay 33 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş üzrə tərəflərin izahatları dinlənilərək və iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh nişanlı olduğu vaxt – 2015-ci ilin iyul ayında İddiaçı “xxxxxxxxxxxx” ASC-dən 1500 manat, daha sonra 1000 manat məbləğində kredit götürərək Cavabdeh vermişdir. Bu zaman Cavabdeh həmin krediti özü ödəyəcəyinə söz vermişdir. Bundan başqa, İddiaçı nişanlı olduqları dövrdə Cavabdeh adına hissə-hissə ödəmək şərtilə üç ədəd mobil telefon almışdır ki, həmin telefonların pulunu da ödəyəcəyini vəd edən cavabdeh pulları ödəməmiş, ödənişləri iddiaçı həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, işin bu halları iş materialları ilə tam sübut edilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mətnindən görünür ki, İddiaçı müvafiq Polis Şöbəsinə müraciət edərək nişanlısı olmuş Cavabdeh bankdan kredit götürürərək 1500 manat və 1000 manat məbləğində pul verdiyini, bundan əlavə 500 manat dəyərində üç ədəd mobil telefon aldığını, sonradan nişanlısı ilə aralarında olan münasibətlərin pisləşdiyini, Elnurun başqası ilə nişanlandığını, bu səbəbdən ona xərclədiyi 3000 manat məbləğində pulun qaytarılmasını ondan tələb etsə də Elnurun pulu qaytarmadığını bildirmişdir. Material üzrə izahatı alınmış Cavabdeh da İddiaçı tanışlıqları və nişanlı olmaları ilə bağlı qeyd etdiklərini təsdiq etmiş, əlavə etmişdir ki, Rəşalə bankdan 1500 manat və 1000 manat olmaqla iki dəfə kredit götürərək ona vermiş, həmin pulları borclarını ödəmək üçün xərcləmiş, Rəşalənin bundan xəbəri olmuş, pulu öz istəyi ilə ona vermişdir. Həmçinin mobil telefonları da öz istəyi ilə ona aldığını bildirmişdir. Sonda qeyd etmişdir ki, nişanlı olduqları vaxt ona kömək etdiyi üçün bütün bunları hissə-hissə qaytaracaq. Göründüyü kimi, Cavabdeh Polis Şöbəsində verdiyi izahatda bankdan götürülmüş 1500 manat və 1000 manat, həmçinin hissə-hissə qaytarmaq şərtilə götürülmüş 500 manat dəyərində üç ədəd mobil telefonla bağlı hissədə iddia ərizəsində qeyd edilənləri təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməsə də, iddiaçıdan pulu və mobil telefonu aldığını inkar etməmiş və bunları nişanlı vaxtı onun da iddiaçıya pullar xərcləməsi ilə əlaqələndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddianın qəbul etməməsi inandırıcı hesab edilməməklə yalnız onun pulu qaytarmaqdan yayınmaq cəhdinin təzahürü kimi qiymətləndirilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilənlər və İddiaçı Polis Şöbəsinə müraciətində qeyd etdikləri arasında bir neçə hissədə aşkar uyğunsuzluq var. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, bankdan 1500 ABŞ dolları məbləğində kredit götürərək cavabdehə vermişdir. Hətta o, həmin vaxt 1 ABŞ dollarının 78 qəpik olmasını da iddia ərizəsində xüsusi qeyd etmişdir. Lakin onun Polis Şöbəsinə etdiyi müraciətdən görünür ki, iddiaçı bankdan pulu ABŞ dolları ilə deyil, milli valyuta ilə götürmüşdür. Elə iddia ərizəsinin qalan hissələrində də bir neçə yerdə borc verilmiş 1500 ABŞ dollarından deyil, 1500 manatdan bəhs edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 1500 manat və 1000 manat olmaqla, cəmi 2500 manat məbləğində borc pul, həmçinin cəmi dəyəri 500 manat olan üç ədəd mobil telefon alıb pulunu qaytaracağını öhdəsinə götürüb qaytarmadığından və bu hallar cavabdehin Polis Şöbəsinə verdiyi izahatla tam sübut olunduğundan 3000 manat məbləğində pulla bağlı hissədə iddia təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 5000 manat məbləğində pul tutulmasını tələb edir. O, bunu belə əsaslandırır ki, cavabdeh ondan aldığı pullara görə bankın kreditlərini özü ödəyəcəyinə söz versə də sözünə əməl etməmiş, bu səbəbdən bankın kreditlərini özü ödəməli olmuş, beləliklə, hazırda faizləri ilə birlikdə banka 5000 manatdan çox pul ödəmişdir. O, bununla bağlı məhkəməyə “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş bir neçə hesabdan çıxarış sənədi təqdim etmişdir. Məhkəmə həmin çıxarışlarla bağlı qeyd edir ki, bu çıxarışlardan bəziləri tərəflərin tanışlığından əvvəl – 2012-ci il tarixindən başlayan ödəniş dövrünü əhatə edən çıxarışlardır. Digər çıxarışlardan isə 5000 manat məbləğində borc ödənilməsi nəticəsinə gəlmək mümkün deyil. Digər tərəfdən iddiaçı bu hissədə iddiasını əsaslandırarkən krediti ABŞ dolları ilə götürdüyündən, dolların məzənnəsinin qalxdığından və bu günə kimi borcu ödəyə bilmədiyindən bəhs edir ki, bankdan pulun ABŞ dolları ilə deyil, manatla götürülmüş olduğu artıq sübut edilmişdir. İddia ərizəsinin bir çox hissəsində bankdan pulu manatla götürdüyünü qeyd edən iddiaçının isə nə səbəbə bəzi hissələrdə valyutanı dəyişib ABŞ dolları kimi göstərməsi qeyri müəyyəndir. Odur ki, iddia yalnız 3000 manat məbləğində pul hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı məhkəməyə üç ədəd müxtəlif ödəniş cədvəli təqdim etmiş, həmin ödəniş cədvəllərində mobil telefonların cəmi dəyərinin 500 manatdan çox olduğu müəyyən edilmişdir. Lakin iddia tələbində telefonların cəmi dəyəri 500 manat məbləğində müəyyən edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından həmin hissəyə münasibət bildirilmir. Həmçinin, iddiaçı məhkəməyə “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş maliyyə arayışı da təqdim etmişdir. Məhkəmə qeyd edir ki, bu arayışın ümumiyyətlə iş üçün hər hansı sübut əhəmiyyəti yoxdur. Belə ki, ilk öncə iddia ərizəsində bu təşkilatdan götürülmüş kredit barədə heç bir məlumat verilməmiş, iddiaçı heç bir izahatında lombarddan götürülmüş pulla bağlı heç bir qeyd etməmişdir. Bundan başqa, həmin arayışın əhatə etdiyi dövrün başlanğıcı kimi qeyd edilən xx.xx.2019-cu il tarixində tərəflər nişanlı olmamışdır. Eyni zamanda, məhkəmə 500 manat məbləğində geyim əşyalarının pulunun qaytarılması ilə bağlı qeyd edir ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Əvvəla ona görə ki, iddiaçı Polis Şöbəsinə etdiyi müraciətində həmin əşyalardan və onların pulundan bəhs etməmiş, cavabdeh də nə Polis Şöbəsində, nə də məhkəmə iclasında verdiyi izahatlarda bu qeyd edilənləri təsdiqləməmişdir. İkincisi ona görə ki, cavabdeh iddiaçının ona hansısa geyim əşyası aldığını etiraf etmiş olsa belə aydındır ki, bu əşyalar sonradan geri qaytarılması şərtilə deyil, hədiyyə kimi cavabdehə verilmişdir və cavabdehin bu əşyaların dəyərinin geri qaytarılması ilə bağlı hər hansı öhdəliyi yoxdur. Xüsusən nəzərə alınmalıdır ki, tərəflər həmin dövrdə nişanlı olmuşlar və bu cür şəxslər arasında bir-birinə geyim əşyaları, eləcə də digər hədiyyələr almaq adi haldır. Yəni iddiaçı bankdan götürdüyü pulları və hissə-hissə ödəmək şərtilə aldığı mobil telefonları cavabdehə verərkən cavabdeh onların pulunu ödəməyi öhdəsinə götürmüş, bu barədə izahatında da bildirmişdir. Lakin iddiaçının hədiyyə olaraq ona aldığı geyim əşyaları, yaxud onların dəyərinin geri qaytarılması ilə bağlı hər hansı öhdəliyi yoxdur, çünki iddiaçı həmin əşyaları cavabdehə bağışlamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Odur ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İşdən görünür ki, iddia tələbinin digər hissəsi 10000 manat məbləğində mənəvi ziyan tələbi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı mənəvi zərər dəyməsi ağlabatan və realdır. Bu zaman xüsusi nəzərə alınmalıdır ki, Cavabdeh iddiaçıdan borc pul alıb qaytarmayan hər hansı şəxs deyil, onun nişanlısı olmuş, həmçinin iddiaçı nişanlısı olan cavabdeh yerinə bankdan iki dəfə pul götürüb pulun hamısını cavabdehə verəcək, eyni zamanda onun üçün hissə-hissə qaytarmaq şərtilə üç ədəd mobil telefon alacaq qədər ona etibar etmiş, ona qiymət vermişdir. Təkcə bu amillər cavabdehin hərəkətlərinin iddiaçı üçün sadəcə borc verilmiş pulun qaytarılmaması mənasına gəlmədiyini, iddiaçıya çox daha dərin və heç bir pulla kompensasiya edilə bilməyəcək ağır mənəvi iztirab yaşatdığını müəyyən etməyə imkan verir. Məhkəmə mənəvi ziyanın real olması ilə bağlı nəticəyə gələrkən, həmçinin, tərəflərin nişanlı olduqları müddətin kifayət qədər uzun (üç ildən çox) olmasını, bu müddətdə onların ailələrinin bir-birini tanımasını, iddiaçının ailəsi və bütün qohumlarının cavabdehi onun nişanlısı kimi qəbul etməsini və bütün bunların cavabdehin zahirən yalnız borc pulu qaytarmamaqla ifadə olunan hərəkətinin eyni zamanda iddiaçının ailəsi və qohumları qarşısında pis vəziyyətə düşməsinə səbəb olmasını, bu halın ona daha dərin mənəvi iztirab yaşatmasını nəzərə almışdır. Məhkəmə hesab edir ki, bütün bu qeyd edilən amillər cavabdehin hərəkətləri nəticəsində iddiaçının ağır mənəvi sarsıntı və iztirab keçirməsini, ona mənəvi ziyan vurulmasını real edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin mənəvi zərərin məbləği ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən mənəvi zərərə görə tələb edilən 10000 manat məbləğində pul ağlabatan və ədalətli deyil. Belə ki, Ramazanov və digərlərinin işi üzrə xx xxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəalarının olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. Adı çəkilən qərarın mənası məhkəmələrin Konvensiyanın zərərçəkən tərəfə ədalətli təzminatın kəsilməsi haqqında 41-ci maddəsinə birbaşa müraciətidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsində qeyd edilir ki, əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir” Göründüyü kimi, mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə müraciət etmək məhkəmələrə tövsiyə edilmişdir. Bununla belə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi iddiaçı 10000 manat məbləğində pul tələb edir edir. Məhkəmə bu qədər yüksək məbləğdə mənəvi ziyana görə cavabdehdən pul tələb edən iddiaçının nəzərinə çatdırır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu mənada məhkəmə hesab edir ki, iş üzrə iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən 100 manat məbləğində pul tutulması ağlabatandır və iddiaçının məruz qaldığı mənəvi zərərin ədalətli kompensasiyasını təmin edir. Son olaraq, məhkəmə iddiaçı tərəfindən tələb edilən 200 manat məbləğində vəkilin hesabına ödənilmiş pul, etibarnamə üçün ödədiyi 12 manat pul və dövlət rüsumu kimi ödədiyi 30 manat pul tələbinə münasibət bildirərərək qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-cı maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı məhkəməmə 6 saylı Vəkil Bürosunun hesasına 200 manat məbləğində pul ödədiyini, həmçinin dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödədiyini təsdiq edən sənəd təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 3000 manat məbləğində borc pul və 100 manat məbləğində mənəvi ziyan hissəsində təmin edildiyindən vəkil hesabına ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin iddiaçı tərəfindən vəkilinə verilmiş etibarnamədən görünür ki, etibarnamənin verilməsi üçün notariat ofisi tərəfindən 12 manat yox, 11.50 manat məbləğində haqq tutulmuşdur. Odur ki, cavabdehdən də 11.50 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində borc pul, 100 manat məbləğində mənəvi ziyana görə kompensasiya, vəkil xidməti üçün ödənilmiş 200 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, etibarnamənin verilməsi üçün ödənilmiş 11.50 manat olmaqla, cəmi 3341.50 manat (üç min dörd yüz qırx bir manat əlli qəpik) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat məbləğində borc pul, 100 manat məbləğində mənəvi ziyana görə kompensasiya, vəkil xidməti üçün ödənilmiş 200 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, etibarnamənin verilməsi üçün ödənilmiş 11.50 manat olmaqla, cəmi 3341.50 manat (üç min üç yüz qırx bir manat əlli qəpik) məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2761/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2761/2020
02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver