Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-277/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh qanunsuz olaraq saxladığı 1000 manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən həyat yoldaşım X1 onurğa sütunundan əziyyət çəkməsinə görə evimi dəyişmək, həyət evi almağı düşünürdüm. Ona görə də internet vasitəsilə həyət evi axtararkən Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dördotaqlı mənzilə baxmaq qərarına gəldik. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə görüşüb fərdi yaşayış evinə baxdıqdan sonra almaq qərarına gəldim. İlkin ödəniş kimi 1000 manat pul verdim. Sabahı günü gəlib evi rəsmiləşdirmək istəyərkən sənədlərin düzgün olmadığını gördükdə evi almaqdan imtina etdim. Cavabdehdən ilkin ödəniş kimi ödədiyim pulu geri tələb etdikdə verməkdən imtina etdi. Bunun məni aldadaraq pulu ələ keçirmək olduğunu düşünərək hüquq mühafizə orqanlarına müraciət etdik. Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin təhqiqatçısı polis kapitanı X3 xx.xx.2022-ci il tarixdə müraciətimə baxaraq Cavabdeh barəsində cinayət işinin rədd edilməsi barədə qərar qəbul etdi və mənə məhkəməyə müraciət etməyimi tövsiyə etdilər. Cavabdeh hesab edir ki, mənim tərəfimdən ona verilmiş 1000 manat məbləğində pul beh olaraq verilib və ona görə qaytarmır. Hesab edirəm ki, bu tamamilə yanlış bir mövqedir. Əvvəla, beh müqaviləsi yazılı formada bağlanır. Bizim aramızda isə hər hansı bir yazılı beh müqaviləsi yoxdur. Digər tərəfdən isə mən ona beh olaraq yox, ilkin ödəniş olaraq pulu vermişəm. Axşam olduqda biz görüşüb evə baxmışdıq. Həm mən evə baxmağa gələrkən bütün pulu götürməmişdim, həm də cavabdeh evin sənədlərini özü ilə götürməmişdi. Digər tərəfdən qaranlıq vaxtı evə baxmağın mümkün olmaması səbəbindən səhər görüşüb tamamilə həll edəcəyimizi razılaşmışdıq”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, ailəsi ilə birlikdə bina evində beşinci mərtəbədə yaşayır. Lakin arvadının xəstəliyinə görə mənzilini satıb həyət evi almaq istədiyindən həyət evi axtarışına başlamışdır. Bu zaman qarşısına çıxan bir elanda cavabdehin həyət evi satdığını görmüşdür. Bundan sonra oğlu cavabdehin elanda qoyduğu nömrəyə zəng etmiş, cavabdeh ona evin ünvanını vermiş, onlar da həmin ünvana getmişlər. Onları orada Mahir qarşılamışdır. Evə baxdıqdan sonra evi 40000 manat nağd, geriyə qalan 17000 manatı 2 il müddətinə aylıq 500 manat olaraq ödəməyə razılaşmışlar. Daha sonra həmin gün cavabdeh ondan ilkin ödəniş kimi 1000 manat istəmişdir. O da öz mənzilini satmaq istədiyi Asif adlı şəxsdən 1000 manat pul alaraq onun yanında həmin pulu Mahirə vermişdir. Sonradan o, Mahirin satdığı evin sənədlərinə baxmaq üçün oraya bir daha getmişdir. Lakin ona göstərilən evin sənədində evin ikiotaqlı kimi qeyd olunduğunu görmüşdür. Bundan sonra evi almaqdan imtina etmiş və pulunu geri istəmişdir. Pulu geri istəyən zaman cavabdeh etiraz etməsə də, sonradan pulu qaytarmaqdan imtina etmişdir. Onu da qeyd etdi ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda təhqiqatçı tərəfindən onun izahatında cavabdehə beh verdiyini qeyd etdiyi yazılmışdır. Halbuki o, cavabdehə ilkin ödəniş vermişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, öz həyət evini satıb bina evi almaq istəmişdir. Evini almaq istəyən iddiaçı da evə gəlib baxaraq evi bəyənmiş və 1000 manat məbləğində beh ödəmişdir. Lakin o, 15 gündən sonra evin sənədlərinin düzgün olmadığını deyərək evi almaqdan imtina etmişdir. Halbuki, onun yaşadığı ərazidə heç bir evin sənədi yoxdur. Həmçinin o, iddiaçıdan aldığı 1000 manatı yeni almaq istədiyi mənzil üçün beh qoymuşdur. Lakin iddiaçı sonradan evi almaqdan imtina etdiyindən o da almaq istədiyi mənzili ala bilməmiş, mənzil sahibi ondan aldığı pulun beh olduğunu deyərək pulu qaytarmamışdır. Hazırda iddiaçının da ondan tələb etdiyi pul ilkin ödəniş deyil, beh olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
6. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı tərəfindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
İşin faktiki halları.
7. İddiaçı ev almaq üçün Cavabdeh 1000 manat məbləğində ilkin ödəniş etdiyini, evin sənədlərinin qaydasında olmadığını öyrəndikdən sonra isə evi almaqdan imtina etdiyini, lakin cavabdehin ilkin ödəniş kimi ödədiyi pulu ona geri qaytarmadığını iddia edərək, həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddiaçının ona evini almaq üçün 1000 manat məbləğində pul verdiyini, lakin sonradan evin sənədinə görə evi almaqdan imtina etdiyini və pulunu geri tələb etdiyini qəbul etsə də, iddiaçının ona verdiyi 1000 manat məbləğində pulun ilkin ödəniş yox, beh olduğunu, həmin pulla evini iddiaçıya satdıqdan sonra almaq istədiyi mənzilin sahibinə 1000 manat beh verdiyini, iddiaçı sonradan evi almaqdan imtina etdiyindən özünün də almaq istədiyi mənzili ala bilmədiyini, mənzil sahibinin beh kimi verdiyi pulu ona geri qaytarmadığını bildirmiş, bu səbəbdən iddiaçının da beh kimi verdiyi pulun ona geri qaytarılmamalı olduğunu iddia edərək iddianı qəbul etməmişdir.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 491. Beh anlayışı. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (Mülki qanunvericiliyin zamana görə qüvvəsinə uyğun olaraq, maddəyə xx.xx.2022-ci il tarixdə əlavə edilmiş yeni məzmunda ikinci və üçüncü cümlələr nəzərə alınmamışdır). 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi.
11. İşin faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh satdığı fərdi yaşayış evini almaq məqsədilə ona ilkin olaraq 1000 manat məbləğində ödəniş etmişdir. İşin bu halını hər iki tərəf mübahisələndirmədən qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 1000 manat məbləğində pul vermiş olması faktı cavabdehin etirafı ilə sübuta yetirilmişdir. Ona görə ki, yuxarıda (§ 9) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində qeyd edildiyi kimi tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
12. Lakin tərəflər arasındakı mübahisəli məsələ iddiaçının cavabdehə verdiyi pulun beh, yoxsa ilkin ödəniş (avans) olması, buna bağlı olaraq cavabdehin bu pulu iddiaçıya qaytarmalı olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı iddia edir ki, o, evi almaq üçün cavabdehə 1000 manat məbləğində ilkin ödəniş vermiş, lakin evin sənədi olmadığına görə evi almaqdan imtina etmişdir. Cavabdeh isə iddia edir ki, iddiaçı onun evini almaq üçün ona 1000 manat məbləğində beh vermiş, lakin sonradan evin sənədinin olmamasını əsas gətirərək evi almaqdan imtina etmişdir. Cavabdeh əlavə etmişdir ki, iddiaçının ona verdiyi behlə o da almaq istədiyi mənzilin sahibinə beh vermiş, lakin iddiaçı sonradan evi almaqdan imtina etdiyindən o da almaq istədiyi mənzili ala bilməmiş, ödədiyi beh də mənzil sahibində qalmışdır. Cavabdeh hesab etmişdir ki, əgər o, almaq istədiyi mənzilə görə ödədiyi behi ala bilmirsə, iddiaçı da ona ödədiyi behi ondan tələb etməməlidir.
13. Göründüyü tərəflər arasındakı mübahisənin həlli üçün ilk növbədə iddiaçının cavabdehə ödədiyi 1000 manat məbləğində pulun beh, yoxsa avans olmasına münasibət bildirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, onlar arasında yazılı beh müqaviləsi bağlanmamışdır. Halbuki, yuxarıda (§ 8) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsində qeyd edilir ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
14. Bununla belə, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, hazırkı iş üzrə iddiaçının müraciəti əsasında təhqiqatçı tərəfindən aparılmış araşdırma gedişinə iş üzrə hər iki tərəfin izahatı alınmış, hər iki tərəf izahatında iddiaçı tərəfindən cavabdehə verilmiş 1000 manat məbləğində pulun beh kimi verildiyini qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, təhqiqatçının müvafiq qərarında müəyyən etdiyi hallar hazırkı işə baxan məhkəmə üçün heç bir preyudisual əhəmiyyət daşımır. O da nəzərə alınmalıdır ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı pulun beh kimi yox, ilkin ödəniş (avans) kimi verildiyini, sadəcə təhqiqatçının müvafiq qərarda verilmiş pulu beh kimi göstərdiyini qeyd etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən ona verilmiş pulun beh olaraq verildiyini iddia etmişdir.
15. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş pulun beh olaraq verilib-verilmədiyinə şübhə var. Belə ki, tərəflərdən biri pulun avans kimi, digəri isə beh kimi verildiyini iddia edir. Eyni zamanda, Mülki Məcəllənin 491.2-ci maddəsində müəyyən edilmiş qaydaya (yazılı beh müqaviləsi bağlanması) riayət edilməməsi nəticəsində verilmiş pulun beh olub-olmadığına şübhə yaranır. Belə olan halda məhkəmə iş üzrə iddiaçının cavabdehə ödədiyi 1000 manat məbləğində pulu avans kimi qiymətləndirir.
16. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, avans və beh müqavilənin bağlanmasının sübutu kimi çıxış etsə də, behdən fərqli olaraq avans müqavilənin icrasının real təminatı kimi çıxış etmir. Buna görə də, yazılı beh müqaviləsi bağlanmadığı halda, hər bir qabaqcadan ödəniş avans hesab olunur.
17. Məhkəmə hesab edir ki, bu vəziyyətdə Cavabdeh İddiaçı aldığını etiraf etdiyi və məhkəmə tərəfindən avans olduğu müəyyən edilən 1000 manat məbləğində pulu iddiaçıya qaytarmağa borcludur. Belə ki, iddiaçının cavabdehə avansını verdiyi daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflər arasında bağlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ödədiyi avans iddiaçıya geri qaytarılmalıdır. Ona görə ki, cavabdehin evini almaqdan sonradan imtina edən iddiaçı olsa da, buna səbəb cavabdehin evinin sənədlərinin qaydasında olmaması, bu səbəbdən aralarında qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin bağlanmasının mümkün olmamasıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh də işin bu halını mübahisələndirməmiş, evin sənədlərinin qaydasında olmadığını bildirmişdir. Belə olan halda cavabdeh iddiaçıdan aldığı avansı ona geri qaytarmalıdır.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, ödənilmiş bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (1000 manat) mütənasib olmuşdur.
19. Odur ki, iddia təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə (1000 manat) mütənasib olan ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 (min) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva