Məhkəmə qərarları › İş №2(010)-2787/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2787/2023

05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2787/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun faktiki yaşadığı Bakı şəhəri, Sabunçu yayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 54 saylı evin 43-cü mənzili xüsusi mülkiyyətindədir. O artıq uzun müddətdir ki, həyat yoldaşı rəhmətə getdiyi vaxtdan 2 oğlan uşağını tək böyüdür. Onların günü-gündən artan təlabatını ödəmək üçün hal-hazırda yaşadığı mənzili kirayə vermək qərarına gəlmişdi. Bu məqsədlə binadakı komendant kimi tanıdığı şəxsə müraciət etdikdə o kirayənişin tapmaqda ona köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra o, rəhmətlik atasından qalan evə köçmüşdür. Bir müddət sonra, yəni 21 may 2022-ci il tarixində komendant ona zəng edərək mənzili kirayə götürmək istəyən olduğunu bildirmiş və o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gələrək mənzili kirayə götürmək istəyən şəxslə (həmin vaxt özünü Əli Məmmədov kimi təqdim etmişdir) görüşərək hər ay 350 manat müqabilində sonradan əsl adını bildiyi Cavabdeh kirayəyə vermişdir. Cavabdeh həmin gün ona 100 manat, qalan 250 manatı isə ertəsi gün bank kartına ödəmişdir. Cavabdeh mənzilə kirayənişin köçdüyü vaxtdan o (iddiaçı), ona aralarında kirayə müqviləsinin bağlanılmasının və özünün şəxsiyyət vəsiqəsinin təqdim etməli olduğunun vacibliyini dəfələrlə bildirməyinə baxmayaraq müqavilə bağlamaqdan yayınımışdır. Ötən ilin iyun ayının əvvəllərində komendant ona zəng edərək işıq pulu üzrə borc yarandığına görə ödəniş etməli olduğunu bildirmiş, o da razılaşmaya əsasən işıq pulunu kirayənişinin ödəməli olmasını bildirmişdir. Komendant ona kirayənişindən pulu birlikdə istəməyini və bu səbəbdən kirayə verdiyi ünvana gəlməyini xahiş etmişdir. O, kirayənişinə (Cavabdeh) gün ərzində dəfələrlə zəng etsə də, Cavabdeh cavab verməmiş, sonradan isə ümumiyyətlə telefonunu söndürmüşdür. O, bundan narahat olaraq həmin günün axşamı ünvana gələrək komendantla birlikdə qapını döysələr də, qapını açan olmamışdır. Bir daha Cavabdeh zəng etmiş və ona zəng çatmadığından ehtiyat açarlarla mənzilin qapısını açaraq komendantla birlikdə mənzilə daxil olmuşdur. Mənzilin qonaq otağına daxil olarkən ona məxsus dəyəri 2500 manat olan 150 dioqanallı “Samsung” markalı televizorun, digər otaqlara baxan zaman 250 manat dəyərində bir ədəd xalçanın, 400 manat dəyərində yataq dəstinin, 300 manat dəyərində pərdə cütlük dəstinin və 250 manat dəyərində müxtəlif növ qab-qacaq əşyalarının oğurlandığını aşkar etmişlər. Oğurluq nəticəsində ona 3700 manat dəyərində maddi ziyan dəymişdir. O, AR DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdikdən sonra Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında fakta görə AR CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və hazırkı iş üzrə Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Aparılmış istintaq zamanı oğurluq hadisəsinin məhz Cavabdeh tərəfindən törədilməsi və iddiaçıya 3700 manat maddi ziyanın dəyməsi öz təsdiqini tapmışdır. Bundan sonra ittiham aktı tərtib və təsiq edilərək Cavabdeh AR CM-nin 177.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı da hazırkı iş üzrə cavabdehin təqsiri sübuta yetirilmişdir. Cavabdeh məhkəmə isintaqı zamanı ona dəymiş, ümumilikdə 3700 manatdan bir qismini, yəni 1350 manatı ödəmiş, qalan 2350 manatı isə ödəyəcəyinə söz verməsinə baxmayaraq bu günə kimi ödəməmişdir. Bütün qeyd edilənlər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, artıq qanuni qüvvəsini almış hökmündə öz əksini tapmışdır. Bu səbəbdən o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündə təsdiqini tapmış dəymiş ziyanın ödənilməmiş 2350 manatın cavabdehdən alınaraq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı iş üzrə cavabdehin barəsində artıq qanuni qüvvəsini almış məhkəmə hökmü vardır ki, həmin hökmlə o cinayət əməlini törətməkdə təqsirli bilinməklə yanaşı ona 2350 manat maddi ziyan vurduğu da öz təsdiqini tapmış, lakin Cavabdeh hərəkətləri onun bundan sonra da pulu qaytarmayacağı barədə əsaslı şübhələr yaratmışdır.

İddiaçının tələbi.

2. Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2350 manatın və ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında həmçinin qeyd etdi ki, cavabdeh özü mənzilə köçdükdən sonra ailəsinin bir neçə gün sonra mənzilə köçəcəyini, uşağı xəstə olduğundan yoldaşının uşağı həkimə apardığını bildirmişdir. Bir neçə gün sonra o, mənzilə gəldikdə mənzilə daxil olmuş mənzilin boş olduğunu, əşyaların olmadığını görərək 102 xidmətinə və prokurorluğa bu barədə bildirmiş, bir neçə ay sonra cavabdeh tapılaraq istintaqa cəlb edilmişdir. Cavabdeh məhkəmədə şifahi olaraq borcu hissə-hissə qaytaracağını qeyd etsə də, borcu qaytarmamışdır. Sadalananlara əsasən iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, həqiqətən onun iddiaçıya borcu vardır, məhkəmə hökmünə əsasən ayağına qolbaq taxıldığından heç bir yerdə iş tapa bilmir, qəssab kimi fəaliyyət göstərir, lakin ayağı xəsarət aldığından bir müddət işləyə bilməyib, buna görə də, borcunu ödəyə bilməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkməsinin 1(008)-290/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, həmin hökm ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi; Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir.

6. Hökmdən həmçinin görünür ki, zərərçəkmiş şəxs İddiaçı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh anası tərəfindən ona 3700 manat ziyandan 1 ədəd 1350 manat dəyərində televizor alınaraq ona ödənilmiş, qalan maddi ziyan hissəsini bir neçə aya ödəməsinə söz vermişdir.

7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

11. Belə ki, cavabdehin iddiaçıya maddi ziyan vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hazırkı iş üzrə iddiaçıya maddi ziyan vurulması hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi cavabdehdən 2350 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir.

12. İddia tələbi digər tərəfdən ona görə təmin edilməlidir ki, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir.

13. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

14. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

15. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir.

16. Məhkəmə həmçinin iddianın 45 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 2350 manat məbləğində vurulmuş zərərin əvəzi və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat məbləğində vurulmuş zərərin əvəzi və 45 (qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar