Məhkəmə qərarları › İş №2(010)-2847/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2847/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2847/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Emıl Abasova və Alı İbat oğluna qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC cavabdehlər Emıl Abasova və Alı İbat oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Alı İbat oğlundan və Emıl Abasovdan müştərək qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 1480,00 manat məbləğində ziyanın və ödənilmiş 34.80 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Emıl Abasova məxsus Alı İbat oğlu tərəfindən idarə olunan xx.xx.2019-cu il tarixində MM247XX dövlət qeydiyyat nişanlı, Mercedes Benz E290 markalı avtonəqliyyat vasitəsi ‘‘PAŞA Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh Alı İbat oğlu idarə etdiyi MM247XX dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ E290 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi torətmiş və nəticədə ** BZ *** dövlət qeydiyyat nişanlı VAZ 21063 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təsfilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh Alı İbat oğlu avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** KN *** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1480,00 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən 1480,00 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsə avtonəqliyyat vasitəsinin təmir olunması üçün ödənilməsi qərara alınmışdır və köçürülmə həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, ona uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan PPA********** saylı xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitələrinin İcbari Sığorta Müqaviləsinin surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC Emıl Abasova məxsus MM247XX dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ E290 markalı nəqliyyat vasitəsini 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən «Mercedes Benz E-290» markalı MM247XX dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək 5000,00 manata sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər, Zirə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1480,00 manat məbləğində zərər dəymişdir və həmin məbləğ sığorta ödənişi avtomobilin təmiri üçün X2 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Zərər dəymiş Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsinin və servis xidmət haqqının ümumi dəyəri 1480,00 manat məbləğindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 3(003)-834/2019 saylı Bakı şəhər Xəzər rayon Məhkəməsinin inzibati xəta haqqında qərarından görünür ki, İbat oğlu Ali Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sürücü Alı İbat oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibinin, “Mercedes” markalı avtomobilin sahibi Cavabdeh2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinin tərkibinin olduğu üçün barələrində inzibati təsir tədbirləri görülməsi məqsədlə material Xəzər DYPŞ-i vasitəsi ilə Xəzər rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Gürcüstan Respublikası tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, MM247XX dövlət qeydiyyat nişanlı MERCEDES BENZ E290 markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X6 Abasova məxsus MERCEDES BENZ E290 markalı MM247XX dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə ** BZ *** dövlət qeydiyyat nişanlı VAZ 21063 markalı avtonəqliyyat vasitəsinə 1480 manat məbləğində maddi ziyan yetirmişdir. Dəymiş ziyan sığorta təşkilatı tərəfindən X2 hesabına 1480 manat məbləğində ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Alı İbat oğlunun avtomobili idarə etmək hüququ olmadığından vurulmuş zərəri ödəmək vəzifəsi Alı İbat oğlunun və Emıl Abasovun üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçdiyindən 1480 manat məbləğində vurulmuş zərər, 34,80 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin Alı İbat oğlundan və Emıl Abasovdan birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Emıl Abasovdan və Alı İbat oğlundan birgə qaydada vurulmuş zərərin əvəzi 1480 (bir min dörd yüz səksən) manat, 34,80 (otuz dörd manat, səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət xərci tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar