Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-286/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 835 manat sığorta ödənişi və ödənilmiş 30.4 manat məhkəmə rüsumu olmaqla, cəmi 865.4 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-6009/2021 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış PMİ014820 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta” müqaviləsinə əsasən ** ZM *** d.q.n., “Nissan Kicks minik” markalı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Sığorta portfelinin ötürülməsi haqqında müqaviləyə görə bu müqavilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. xx.xx.2021-ci il tarixdə Cavabdeh istifadəsində olan ** UX *** dövlət qeydiyyat nişanlı, “Ford Transit yük” markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq sığortalanmış avtomobillə toqquşmuşdur. TP ******* saylı inzibati xəta haqqında qərara əsasən, cavabdeh yol hərəkət qaydalarını pozduğu üçün hadisədə təqsirli şəxs kimi tanınmışdır. xx.xx.2021-ci il zərər aktına əsasən hadisə nəticəsində ** ZM *** d.q.n., “Nissan Kicks minik” markalı avtomobilə 5349 manat məbləğində zərər dəydiyi hesablanmışdır. Həmin məbləğdən 500 manat azadolma məbləği çıxılaraq, yerdə qalan 4849 manat sığorta ödənişi sığortalıya ödənilmişdir. ** UX *** dövlət qeydiyyat nişanlı “Ford Transit yük” markalı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində dəymiş zərərin 4014.74 manat hissəsi iddiaçıya ödənilmişdir. Hesab edirlər ki, sığortalanmış avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh təqsirli hesab edildiyi üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yekun aktın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Kicks” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilə 5349 manat məbləğində ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli, A-138/21 nömrəli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalı X3 məxsus “Nissan Kicks” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilə görə X3 4849 manat (5349 manat - 500 manat şərtiz azadolma) məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 08:52-də Yeni Günəşli ərazisində “Ford Transit yük” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarının pozulmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfidən X3 4849 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1328 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" Sığorta Şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Nissan Kicks minik” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5033 manat müəyyən edilir. İşin faktiki halları. Cavabdeh idarə etdiyi “Ford Transit yük” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə Yeni Günəşli qəsəbəsi ərazisində hərəkətdə olarkən ara məsafəsi qaydalarını pozmuş və nəticədə “Nissan Kicks” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobili zədələmiş, beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində müvafiq inzibati tənbeh haqqında qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri artıq müəyyən edilmişdir. Eyni zamanda, hadisə nəticəsində zərərçəkmiş avtomobil "xxxx" ASC (sonradan "xxxx" SŞ ASC-yə ötürülmüşdür) tərəfindən sığorta (“kasko”) edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş həmin avtomobilə dəymiş zərər 5340 manat məbləğində qiymətləndirilmiş, bundan 500 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalan 4849 manat məbləğində pul sığortalıya ödənilmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğundan onun idarə etdiyi “Ford Transit yük” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC zərərçəkmiş avtomobilin sığortaçısı "xxxx" SŞ ASC-in ödədiyi sığorta ödənişinin bir hissəsini – 4014.74 manat qarşılamışdır. Hazırda sığortaçı "xxxx" SŞ ASC cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 4849 manat məbləğində sığorta ödənişinin ödənilməmiş hissəsini – 835 manatını subroqasiya qaydasında cavabdehdən tələb edir. Məhkəmə tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş “Nissan Kicks” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş müvafiq rəylə avtomobilə 5033 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 925. Zərərin qiymətləndirilməsi. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər... 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət. Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hazırkı iş üzrə Cavabdeh idarə etdiyi “Ford Transit yük” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsində təqsirli olması, təqsirli hərəkətləri nəticəsində “Nissan Kicks minik” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması, zərərdəymiş avtomobilin sığortaçısı olan "xxxx" SŞ ASC tərəfindən avtomobilə dəymiş zərərin 5349 manat məbləğində qiymətləndirilməsi, bu məbləğdən şərtsiz azad olma məbləği çıxıldıqdan sonra qalan 4849 manat məbləğində sığorta ödənişinin "xxxx" SŞ ASC tərəfindən sığortalıya ödənilməsi, sonradan bu ödənişin 4014.74 manatının Cavabdeh idarə etdiyi “Ford Transit yük” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" SŞ ASC-yə qaytarılması, qalan 835 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tələb edilməsi işin faktiki hallarından görünür. Sığorta hadisəsi cavabdehin təqsirli olduğu qanunazidd hərəkətlər nəticəsində baş verdiyindən məhkəmə hesab edir ki, sığortaçı hadisə nəticəsində zərərçəkmiş avtomobilə ödədiyi sığorta ödənişinin qaytarılmamış hissəsini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə iddiaçı tərəfindən cavabdehdən tələb edilən pulun məbləği ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" SŞ ASC tərəfindən hadisə nəticəsində “Nissan Kicks minik” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5349 manat məbləğində qiymətləndirilmiş, sığorta ödənişi də bu qiymətləndirməyə əsasən ödənilmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, hadisə nəticəsində həmin avtomobilə dəymiş zərər (avtomobilin təmir-bərpa xərci) 5033 manat məbləğində olmuşdur. Məhkəmə verilmiş ekspert rəyi ilə razılaşır. Belə ki, bu rəy məhz iddiaçı "xxxx" SŞ ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, bu sahədə xüsusi biliyi olan ekspert tərəfindən verilmişdir. Digər tərəfdən, ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas nə məhkəmə tərəfindən müəyyən edilmiş, nə də iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı dəlil təqdim edilmişdir. Bu baxımdan məhkəmə rəylə razılaşır və hesab edir ki, Cavabdeh təqsirli olduğu yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə dəymiş zərər 5033 manat məbləğindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" SŞ ASC tərəfindən cavabdehdən subroqasiya qaydasında tələb edilən 835 manat məbləğində pul tələbi qismən, yalnız 518.26 manat məbləğində olan hissədə əsaslıdır. Belə ki, hadisə nəticəsində digər avtomobilə dəymiş 5033 manat məbləğində zərərdən 500 manat şərtsiz azadolma məbləği və təqsirli avtomobilin sığortaçısı tərəfindən ödənilmiş 4014.74 manat məbləğində pul çıxıldıqda geriyə 518.26 manat məbləğində pul qalır. Belə olan halda iddiaçı yalnız həmin məbləğdə pulu subroqasiya qaydasında cavabdehdən tələb edə bilər. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 30 manat məbləğində pul ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Hazırkı halda iddia qismən təmin edilsə də iddianın təmin edilmiş hissəsinə (518.26 manat) mütənasib dövlət rüsumu 30 manat olduğundan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 518.26 manat (beş yüz on səkkiz manat iyirmi altı qəpik) məbləğində sığorda ödənişi və 30.4 manat (otuz manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 518.26 manat (beş yüz on səkkiz manat iyirmi altı qəpik) məbləğində sığorda ödənişi və 30.4 manat (otuz manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-286/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-286/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver