Məhkəmə qərarları › İş №2(010)-2864/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2864/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2864/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Qubadlı rayonunda qeydiyyatdadır. Buna baxmayaraq, hazırkı iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerə uyğun olaraq Qubadlı Rayon Məhkəməsinə deyil, cavabdehin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin yerləşdiyi yerə uyğun olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunda “yaşadığı yer” yox, “rəsmi qeydə alındığı yer” anlayışından istifadə edilmişdir. Rəsmi sözünün mənası hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan deməkdir. (Azərbaycan dilinin izahlı lüğəti, dörd cilddə, üçüncü cild, 2006) Bu baxımdan məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş cavabdehin rəsmi qeydə alındığı yer anlayışı yaşadığı yer kimi başa düşülə bilməz. Nəzərə alınmalıdır ki, qanunverici də bu iki anlayışı bir-birindən fərqləndirmişdir. Məsələn, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsində qeyd edilir ki, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi, burada iddiaçının rəsmi qeydə alındığı yer yox, yaşadığı yer anlayışından istifadə edilmişdir. Sadəcə bu fakt onu deməyə əsas verir ki, bu iki anlayış eyniləşdirilə bilməz. Üstəlik, cavabdehin rəsmi qeydə alındığı yerə görə müəyyən edilən ümumi ərazi aidiyyəti qaydası cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi halda da keçərlidir. İlk növbədə ona görə ki, cəzaçəkmə müəssisəsinin həmin müəssisədə cəza çəkən məhkumların rəsmi qeydə alındığı yer kimi qəbul edildiyi qanunla müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində isə şəxsin rəsmi qeydə alındığı yerdən yox, yaşadığı yerdən bəhs edilir. İkincisi isə, cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkməsi o deməkdir ki, işə hansı məhkəmədə baxılmasından asılı olmayaraq cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün o, müəssisədən məhkəməyə etap edilməlidir. Bu zaman işə cəzaçəkmə müəssisəsinin yerləşdiyi inzibati rayonun məhkəməsində, yaxud digər məhkəmədə baxılması yalnız məhkumu müəssisədən məhkəmənin inzibati binasına gətirən penitensiar xidmət avtomobilinin hərəkət marşrutunu qısalda bilər. Yəni işə məhz cəzaçəkmə müəssisəsinin yerləşdiyi inzibati rayonun məhkəməsində baxılmasının çəkişmə prinsipi, yaxud hansısa “səmərəlilik”lə heç bir əlaqəsi yoxdur. Nəticə hər bir halda eyni qalır, məhkum cəzaçəkmə müəsisəsindən istənilən məhkəməyə etap edilməlidir. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyəti ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla məhkəməyə təqdim edilmişdir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar