Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-287/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X4, Müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İPHONE 11 128 GB telefonun dəyəri olan 1584 manat və 35,84 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh ilə 3-cü şəxs X1nın nikahları xx.xx.2021-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış və 1 övladları xx.xx.2022-ci il tarixdə X7 anadan olmuşdur. Cavabdeh ARDNŞ-də (SOCAR-da) Neft Daşlarında işləyir. X1 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. O, bacısı Vüsalənin ad günündə qiyməti 1584 manat olan İMEİ Kod **********96944, İPHONE 11 128 GB markalı telefonu kreditə götürüb ona verməklə təbrik etmişdir. Telefonun alqı-satqısı ilə bağlı müqavilə xx.xx.2022-ci il tarxdə onunla bağlanmış və kreditin pulunun aylar üzrə tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bacısının ad günündə əri Cavabdeh evdə əsassız söz-söhbətlər yaratmış, bacısını döymüş, onu və ailə üzvlərini təhqir etmiş, telefonu vurub sındırmışdır. Cavabdeh bu hərəkətləri ilə ona ziyan vurmuşdur ki, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh öz izahatında bildirdi ki, yoldaşı ilə aralarında mübahisə zamanı həmin mobil telefonu yoldaşının əlindən almaq istəmiş və bu zaman yoldaşı müqavimət göstərərək telefonu vermədiyi üçün telefon onun əlindən düşüb zədələnmişdir.
5. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbi ilə razı olmadığını və həmin telefonun təmir xərcinin ödənilməsinə razı olduqlarını bildirdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər mübahisə edən zaman telefon yerə düşüb sınmışdır. Telefonun zədələnməsində hər iki tərəfin təqsiri var, bu hal nəzərə alınmalıdır.
6. Məhkəmə iclasında iddiaçı tərəfindən müstəqil tələb irəli süməyən üçüncü şəxs X5 bildirdi ki, aralarında baş verən mübahisə zamanı cavabdeh onun telefonunu dolaba çırparaq sındırmışdır.
İş materialları
7. xx.xx.2022-ci il tarixli, 03692714 nömrəli “nisyə alqı-satqı müqaviləsi” və ona 1 saylı Əlavədən görünür ki, İddiaçı "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1584 manat məbləğində olan İmei kodu **********96944 olan, İphone 11 128 GB Purple markalı telefon əldə etmiş və həmin telefonun dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, Müştəri malı qəbul edir və yalnız “Mal”a istifadə etmək hüququ ona keçir. Həmin müqavilənin 2.5-ci bəndinə görə müqavilənin bütün şərtləri yerinə yetirilənə qədər “Mal” "xxxx" MMC-nin əmlakı hesab olunur və Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri yerinə yetirildiyi təqdirdə “Mal”a mülkiyyət hüququ Müştəriyə keçir.
8. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/3879-3/1138-9/5501 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İmei kodu **********96944 olan, İphone 11 128 GB Purple markalı telefonun üzərində kimyəvi maddələrə məxsus izlər olmadığı, mobil telefon üzərində (gövdəsində) olan batıq zədəsinin telefonun hündürlükdən yerə düşməsi və hər hansı maneəyə (predmetə) dəyməsi, gövdəni bərkidən vintlərin üzərində olan izlərin isə kənar müdaxilə zamanı vintlərin açılıb-bağlanması nəticəsində yaranmasının mümkün olması, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və zədələnməmişdən əvvəl normal vəziyyətdə istifadədə olması nəzərə alınmaqla orta bazar qiymətinin təxminən 650 manat müəyyən edilməsi və həmin mobil telefonun zədələnməsi nəticəsində kənar korpusuna dəymiş ziyanın 40 manat və təmir xərcinin isə 5 manat müəyyən edilməsi qeyd olunmuşdur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.
İşin faktiki halları
9. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh baldızı və müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 isə bacısıdır. Cavabdeh ilə müstəqil tələb irəli süməyən üçüncü şəxs X5 rəsmi nikaha daxil olmuşlar, hazırda onların ailə münasibətləri pozulmuşdur. Mübahisə obyekti olan İphone 11 128 GB Purple markalı telefon İddiaçı tərəfindən onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03692714 nömrəli “nisyə alqı-satqı müqaviləsi” əsasında əldə edilmişdir. Qeyd olunan mobil telefon İddiaçı tərəfindən ad gününə “hədiyyə” qismində bacısı - müstəqil tələb irəli süməyən üçüncü şəxs X3 verilmiş, cavabdeh isə həyat yoldaşının hədiyyə verilən telefonu işlətməsinə qarşı olduğuna görə aralarında mübahisə yaranmış və mübahisə nəticəsində telefon zədələnmişdir. İddiaçı tərəf həmin telefona cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər vurulduğundan telefonun alqısatqı dəyərinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək telefonun zədələnməsində onun təqsiri olmadığını bildirir və buna baxmayaraq yalnız telefonun təmir xərcinin ödənilməsinə razı olduğunu bildirir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları: 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 666. Bağışlama Müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668. Bağışlama forması. Bağışlama vədi 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları: Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Məhkəmənin mövqeyi
11. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
12. Məhkəmə öncə iddiaçının cavabdehə qarşı hazırkı tələbi qaldırmağa subyektiv hüququnun olub-olmamasını yoxlamağı zəruri hesab edir.
13. İşin hallarından müəyyən edildiyi kimi, iddiaçı mübahisə obyekti olan telefonu "xxxx" MMC nisyə alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci ildə kreditə götürmüşdür. Həmin müqavilənin şərtlərində (2.4 və 2.5) nəzərdə tutulmuşdur ki, alıcıya yalnız istifadə hüququ keçir, mal "xxxx" MMC-nin əmlakı hesab olunur və Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. İddiaçı həmin telefonu xx.xx.2022-ci ildə bacısına ad günü münasibəti ilə hədiyyə etmişdir. Bağışlama münasibətlərini tənzimləyən maddi hüquq normalarına nəzər saldıqda aydın olur ki, daşınar əşyalara münasibətdə şifahi bağışlama müqaviləsi də bağlana bilər. Belə ki, Mülki Məcəllənin 666-cı maddəsində qeyd edilmişdir ki, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Eyni zamanda, həmin Məcəllənin 668-ci maddəsində bağışlamanın formalarından biri kimi daşınar əşyaların bağışlanması zamanı hədiyyə verənin əşyanı hədiyyə alana verməsi faktı göstərilmişdir. İddiaçının sözügedən telefonu bacısı V.M.Yusifliyə hədiyyə etməsinə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən məhkəmə belə qənaətə gəlir ki, onlar arasında bağlanmış şifahi bağışlama müqaviləsi etibarsızdır. Belə ki, hədiyyə edilən telefona münasibətdə İddiaçı mülkiyyət hüquqları olmamış, yuxarıda qeyd edilən kredit müqaviləsi ilə iddiaçıya yalnız istifadə və sahiblik hüququ ötürülmüş, mülkiyyət hüququ isə telefonun dəyəri tam ödənilməyənə kimi satıcıda saxlanılmışdır. Bu müqavilə şərtlərində nəzərdə tutulmuş və iddiaçı da bu şərtlərlə razılaşmışdır. Deməli, iddiaçı ona məxsus olmayan əşyanı digər şəxsə bağışlamışdır. Halbuki, yuxarıda qeyd edilmiş maddi hüquq normlarının tələbinə görə hədiyyə verən yalnız öz əmlakını bağışlaya bilər. Beləliklə, məhkəmə iddiaçının mübahisəli telefonu bacısı V.M.Yusifliyə hədiyyə etməsini etibarlı bağışlama müqaviləsi kimi qəbul etmir. Belə olan halda, iddiaçının mübahisəli telefona istifadə və sahiblik hüquqları mövcuddur və həmin telefona görə məsuliyyəti də iddiaçı daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının Mülki Məcəllənin 158-ci maddəsi baxımından hazırkı iddianı qaldırmaqda subyektiv hüququ var.
14. Tələb edilən pul məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi qismən əsaslıdır.
15. iş materiallarından göründüyü kimi İphone 11 128 GB Purple markalı telefonun alqısatqı qiyməti 1584 manat olaraq müəyyən edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3879-3/1138-9/5501 nömrəli ekspert rəyindən görünür ki, mobil telefonun zədələnməmişdən əvvəl normal vəziyyətdə istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 650 manatdır. Eyni zamanda, həmin mobil telefonun zədələnməsi nəticəsində kənar korpusuna dəymiş ziyan 40 manat və təmir xərci isə 5 manat müəyyən edilmişdir. Göründüyü kimi həmin mobil telefon alındığı vaxt 1584 manat olmuş, zədələndikdən sonra isə onun əmtəə dəyəri 650 manata düşmüşdür. Məhkəmə hesab edir ki, telefonun zədələnməsinin cavabdehin təqsiri üzündən baş verməsi işin halları ilə öz təsdiqini tapır. Belə ki, məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində telefon zədə almışdır. Bu xüsusda cavabdehin, onun telefonu sındırmaq niyyətinin olmaması, telefonun həyat yoldaşının əlindən almağa çalışarkən yerə düşüb zədə alması barədə etirazı iddia tələbinə münasibətdə əsaslı deyildir. Belə ki, telefonun yerə düşməsinə və zədələnməsinə səbəb məhz cavabdehin onu iddiaçının əlindən almağa çalışması olmuşdur. Bu hadisədə iddiaçının ona verilən əşyanı cavabdehdən qorumağa çalışması qanunazidd hərəkət hesab edilə bilməz, əksinə cavabdehin telefonu iddiaçıdan almağa çalışması isə qanunazidd hərəkət hesab edilə bilər. Nəticə etibarilə telefonun zədələnməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə hesab edir ki, telefonun öz əmtəə dəyərini cavabdehin təqsirli hərəkəti nəticəsində itirməsi iddiaçının məruz qaldığı real zərərdir. Çünki, baş vermiş hadisə ilə, telefon öz əvvəlki dəyərini itirmiş və beləliklə, iddiaçı həmin dəyərdən məhrum olmuşdur. Ona görə də, telefonun itirilmiş əmtəə dəyəri də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Alqı-satqı qiymətinin 1584 manat olmasına baxmayaraq, zədəli vəziyyətdə həmin telefonun orta bazar qiyməti 650 manat müəyyən edilmiş, yəni mübahisə obyekti olan telefon 934 manat həddində əmtəə dəyərini itirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, telefonun itirilmiş əmtəə dəyəri kimi - 934 manat məbləğində pul vəsaiti və eyni zamanda telefona dəymiş ziyan və təmir xərci qismində 45 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 35.84 manat dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh Famı̇ l oğlundan tutularaq iddiaçı Yusı̇ fli Xəyalə Mübarı̇ z qızının xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının dəyəri olan 250 manat pul vəsaiti Cavabdeh Famı̇ l oğlundan tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Famı̇ l oğlundan İphone markalı telefonun itirilmiş əmtəə dəyərinə görə 934 manat, eləcə də telefona dəymiş ziyan və təmir xərci qismində 45 manat pul və iş üzrə ödənilmiş 35.84 manat dövlət rüsumunun 30 manat hissəsi tutularaq iddiaçı Yusı̇ fli Xəyalə Mübarı̇ z qızının xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının dəyəri olan 250 manat pul vəsaiti Cavabdeh Famı̇ l oğlundan tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Famı̇ l oğlundan İphone markalı telefonun itirilmiş əmtəə dəyərinə görə 934 manat, eləcə də həmin telefonun təmir xərcinə görə 45 manat pul və iş üzrə ödənilmiş 35.84 manat dövlət rüsumunun 30 manat hissəsi tutularaq iddiaçı Yusı̇ fli Xəyalə Mübarı̇ z qızının xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının dəyəri olan 250 manat pul vəsaiti Cavabdeh Famı̇ l oğlundan tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.