Məhkəmə qərarları › İş №2(010)-288/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-288/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-288/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 Firmasının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh2 və qeyrisinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 Firmasına və digərinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.800 (on üç min səkkiz yüz) manat maddi ziyan, 10.000 (on min) manat mənəvi zərər, 111,50 (yüz on bir manat əlli qəpik) manat vəkil orderi və etibarnamənin alınması üçün ödənilmiş xərc, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaiti olmaqla ümumilikdə 23.941,50 (iyirmi üç min doqquz yüz qırx bir manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 9725 manat maddi ziyan, 10.000 manat mənəvi zərər, 111,50 manat vəkil orderi və etibarnamənin alınması üçün ödənilmiş xərc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti olmaqla ümumilikdə 20.146,50 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, AR DİN BDYP idarəsinin verdiyi AC 817645 №-li, 14 mart 2017-ci il tarixli texniki pasporta əsasən 99KU645 dövlət nömrə nişanlı, “Mitsubishi Attrage” minik markalı avtomaşın ona məxsusdur. 10 iyul 2020-ci il saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində özünə məxsus olan avtomaşını idarə edən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi FORD TRANSİT markalı, 90XK927 dövlət nömrə nişanlı üzərinə "Binə Çörək" zavodu yazılmış Cavabdeh1 sürücüsü Cavabdeh2 tərəfindən törədilmişdir. Cavabdeh yol hərəkəti qaydasını pozaraq ara məsafəsi gözləmədən onun avtomaşınını arxadan vurmuş və o da qarşı tərəfdən hərəkətdə olan X6 məxsus FORD TRANSİT markalı, 99DE774 dövlət nömrə nişanlı avtomaşına çırpılmışdır. Hadisə nəticəsində onun avtomaşınının arxa və qabaq buferi, arxa baqaj, kapot qabaq sol disk qabaq hissəsi tam yararsız hala düşmüş, arxa deformasiyaya uğramışdır. X17 hadisə yerinə gələrək yol nəqliyyat hadisəsinin sxemini çəkmiş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edərək, 12.06.2020-ci il tarixli, TP ******* nömrəli protokol tərtib etmişdir. Hadisədən sonra sığorta şirkətinə zəng olunmuş, sığorta şirkətinin mütəxəsissi hadisə yerinə gələrək avtomaşınların şəkillərini çəkərək sənədləşmə işlərini aparmışlar. Sığorta şirkətinin araşdırması nəticəsində onun avtomobilinə 4050 (dörd min əlli) manat məbləğində sığorta ödənişi ayrıldığını bildirdilər. Çünki, hadisə zamanı başqa bir avtomaşına da ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən sığorta ödənişi ayrılsa da, şirkətin lisenziyası ləğv edildiyi üçün ödəniş olunmamış, lakin məhkəmə prosesləri gedişatı zamanı sığorta şirkəti tərəfindən ödəniş edilmişdir. Həmçinin, Cavabdeh2 el arasında "Binə Çörək" zavodu kimi tanınan hüquqi sənədlərdə adı "Cavabdeh1" firmasında sürücü işləyir və onun çörək zavodu ilə 16.04.2020-ci il tarixdə bağladığı əmək müqaviləsi hazırda qüvvədədir. Həmin zavod rəsmi olaraq dövlət qeydiyyatından Cavabdeh1 adı altında keçmişdir. Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkən, yəni əvvəlcədən müəyyən olunmuş məntəqələrə çörək paylayarkən iş vaxtı işəgötürənin tapşırığı ilə hərəkət edən zaman bu hadisəni törətmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş daxili əmr sonradan hazırlanmışdır və həmin əmrdə Cavabdeh2 hansı növbədə işləməsi də öz əksini tapmamışdır. Ona görə də, "Cavabdeh1" firması öz işçisinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə delikt öhdəliyi vardır. 12 iyun 2020-ci il tarixdə müstəqil ekspert X10 (VÖEN:**********) onun avtomobilinə dəymiş real ziyanı qiymətləndirmiş və qüsur aktı çıxararaq “Mitsubishi Attrage” MİNİK markalı 99KU645 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə ehtiyyat hissələri 11.500 (on bir min beş yüz) manat, xidmət haqqı 2.300 (iki min üç yüz) manat olmaqla ümumilikdə 13.800 (on üç min səkkiz yüz) manat məbləğində ziyan dəymişdir. Həmçinin, o, hadisə baş verən zaman “xxxx” MMC-də satış nümayəndəsi vəzifəsində işlədiyi üçün nəqliyyat vasitəsi ilə ərazi üzrə ticarət şəbəkələrində satış təmsil edirdi. Hazırda da həmin vəzifədə işləsə də, indi ticarət şəbəkələrinə nəqliyyat vasitəsi olmadığından taksi və digər ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalmışdır. Bu da ona əlavə maddi xərclər yaradır. Avtomobilsiz qalması, işə taksiylə getməsi, hadisədən xeyli müddət keçsə də dəymiş ziyanın ödənilməməsi ona psixoloji olaraq mənfi təsir göstərir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir. Belə ki, hadisə baş verəndən üç ay vaxt keçməsinə baxmayaraq, cavabdehin təqsiri ucbatından onun avtomobili təmir edilməmiş qalmışdır. Əgər onlar bu müddət ərzində avtomobilə dəymiş real ziyanın məbləğini versəydilər onun avtomobili vaxtında təmir edilərdi. Lakin bu vəziyyətdə avtomobilin qalması onu çox narahat edir, hər dəfə stres keçirir, bu hal onu əsəbləşdirir və keçirdiyi iztirabı daha da dərinləşdirir. Odur ki, o, bu keçirdiyi sarsıntıların və mənəvi ziyanın qarşılığını 10.000 manat məbləğində qiymətləndirmişdir. Ekspert rəyinə münasibət bildirərək qeyd etdi ki, ekspertdən maşına baxmasını tələb etsə də, işinin bu olmadığını bildirərək imtina etmişdir. Həmçinin, ekspert tərəfindən ehtiyat hissələrinə də amortizasiya tətbiq edilsə də, onun fikrincə bu hal düzgün deyildir. Çünki, maşın 2015-ci ilin maşınıdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 Firmasına məxsus olan bütün “xxxx” markalı avtomobillərin dövlət nömrə nişanının sonu 927 nömrəsi ilə bitir. Firma özü xüsusi olaraq avtomobillərə həmin nömrələri seçir. Lakin Firma qəsdən həmin avtomobilləri başqa şəxslərin adına rəsmiləşdirir ki, gələcəkdə hər hansı bir hadisə baş verərsə, Firma Məsuliyyətdən yayınsın. Firma ilə bağlı olan cinayət işlərinin istintaqı zamanı da müəyyən olunmuşdur ki, sonu 927 nömrəsi ilə bitən bütün “xxxx” markalı avtomobilləri Cavabdeh1 Firmasına məxsusdur. Bundan əlavə, məhkəmə prosesləri zamanı təqdim etdiyi sənədlərdən də göründüyü kimi Cavabdeh2 5 günlük iş rejimində işləyir və iş vaxtı 08:00- 17:00 aralığındadır. Yəni hadisə baş verən zaman onun iş vaxtına təsadüf etmişdir. Mülki Məcəllə ilə də müəyyən olunub ki, hüquqi şəxslər işçilərinə görə məsuliyyət daşıyırlar və ona görə də onlar birgə məsuliyyət daşımalıdırlar. Bununla yanaşı, qeydiyyat nömrəsinin sonu 927 ilə olan 2 maşın Qılıncxanın mülkiyyətindədir. Digər 927 nömrəsi ilə bitən maşınlar isə X2 mülkiyyətindədir. Maşınların hamısı şirkətin işçilərinin adınadır. Onlar məsuliyyətdən yayınmaq üçün şirkətin adına salmayıblar. Bu faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən ona verilmiş və məhkəməyə təqdim edilmiş məktub da təsdiq edir. Bütün bunlardan əlavə, qarşı tərəf Cavabdeh2 həmin zaman növbəli iş rejimində işlədiyi və buna görə də hadisənin baş vermə anının iş vaxtına təsadüf etmədiyini əsas gətirir. Əgər növbəli iş rejiminə keçirilibsə əmək müqaviləsinə əlavə dəyişikliklər olmalı və portala daxil olunmalıdır. Çünki işçi ilə işəgötürən arasındakı münasibətləri məhz əmək müqaviləsi tənzimləyir. Cavabdeh tərəfindən təqdim edilmiş daxil əmr sonradan hazırlanmışdır və həmin əmrdə Cavabdeh2 hansı növbədə işləməsi də öz əksini tapmamışdır. Bundan əlavə, bəzi yerlər bağlansa da çörək, ərzaq kimi yerlər həmişə işləmişdir. Məhz bu baxımdan qarşı tərəfin arqumentləri əsassızdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onun idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində o, təqsirli bilinərək cərimə olunmuşdur. Maşının sahibi olan Qılıncxanın Cavabdeh1 ilə əlaqəsi yoxdur və o, heç vaxt orada işləməyib. Bundan əlavə, həmin gün saat 15:00-da o, işini qurtarmış və üç Bravo mağazasına çörək payladıqdan sonra istirahətə getmişdir. Şirkət tərəfindən təqdim edilmiş daxil əmrdən də göründüyü kimi hadisə zamanı o, növbəli iş rejimində işləmişdir. Eyni zamanda iddiaçının idarə etdiyi avtomobilə dəymiş ziyanı onun tərəfindən yox, sığorta şirkəti tərəfindən ödənilməlidir. Eyni zamanda bildirdi ki, iddiaçının avtomobilinin qiyməti təxminən 9.000-10.000 manat olar və həmin avtomobilə təxminən 5.000-6.000 manat ziyan dəymişdir. Həmin avtomobilə 13.800 manatlıq ziyan dəyməmişdir. O, ziyan məbləğini şişirtmişdir. Ekspert rəyi ilə də razılaşmadığını bildirərək qeyd etdi ki, ekspert rəyi də dəymiş ziyanı artıq hesablamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında Cavabdeh1 Firmasının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan “xxxx” markalı ** XK *** dövlət nömrə nişanlı avtomaşın heç vaxt Cavabdeh1 Firmasının mülkiyyətində olmamış, dövlət tərəfindən də həmin avtomaşına dair Cavabdeh1 Firmasına heç bir halda mülkiyyət hüququ verilməmişdir. Sözügedən avtomaşınla yol-nəqliyyat hadisəsi törədən Cavabdeh2 ilə Cavabdeh1 Firmasının arasında əmək müqaviləsi bağlanmış və o, Cavabdeh1 Firmasının əməkdaşı olmuşdur. Lakin hadisə vaxtı Cavabdeh2 artıq işini bitirib getmişdi. Belə ki, iş saatı günortaya qədərdir. Çörəklər paylanıldıqdan sonra işçinin istirahət vaxtı sayılır. Həmçinin, həmin zaman pandemiya dövrü olduğu üçün işçilər növbəli rejimdə işləyiblər. 2020-ci ilin həmin ayları karantinin ən sərt vaxtları idi, həmin vaxt hər kəs növbəli rejimdə işləyirdi. İkili növbə ilə bağlı Nazirlər Kabinetinin qərarları və daxili sənədlər var. Tərəfindən məhkəməyə təqdim edilmiş daxili əmrdən də göründüyü kimi, 01.04.2020-ci il tarixindən karantin müddəti bitənədək müəssisədə xüsusi iş rejimi tətbiq edilmiş və Cavabdeh2 08:00-dan 14:00-dək olan iş rejimində çalışmışdır. Bundan əlavə, dəymiş zərər həm iddiaçı tərəfindən şişirdilir, həm də ekspert rəyində artıq göstərilmişdir ki, bunu da tərəfindən təqdim edilmiş turbo.az saytından edilmiş çıxarış da sübut edir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın Cavabdeh1 Firmasına münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan “xxxx” markalı ** XK *** dövlət nömrə nişanlı avtomaşın heç vaxt Cavabdeh1 Firmasının mülkiyyətində olmamış, dövlət tərəfindən də həmin avtomaşına dair Cavabdeh1 Firmasına heç bir halda mülkiyyət hüququ verilməmişdir. Bundan əlavə, dəymiş zərər həm iddiaçı tərəfindən şişirdilir, həm də ekspert rəyində artıq göstərilmişdir. Onlar tərəfindən məhkəməyə təqdim edilmiş daxili əmrdən də göründüyü kimi 01.04.2020ci il tarixindən karantin müddəti bitənədək müəssisədə xüsusi iş rejimi tətbiq edilmiş və Cavabdeh2 08:00-dan 14:00-dək olan iş rejimində çalışmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş ekspert X7 ekspert rəyini müdafiə edərək bildirmişdir ki, müstəqil ekspert X10 tərəfindən təqdim edilmiş 12.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mitsubishi Attrage” minik markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11277,0 manat müəyyən edilir. İddiaçı tərəf maşına baxılmadığını əsas gətirərək rəylə razılaşmasa da, qeyd edilməlidir ki, avtomaşına ancaq həmin sahə üzrə mütəxəssislər baxır. Belə ki, aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Bu məhkəmə ekspertizası metodikasıdır. Qüsur aktı hansı tarixədirsə həmin vaxtadək 26 faizədək amortizasiya tətbiq edilir. Həmçinin, istənilən 29 adda ehtiyat hissələri yenisi ilə əvəz olunsun deyə 4 faizədək amortizasiya tətbiq edilir. 2020-ci ilə uyğun olan qiymətlər ilə ehtiyat hissələrinə amortizasiya tətbiq edilib. Belə ki, ekspert 2 halda baxış keçirir: birgə nikah dövründəki avtomobil olarsa və bank qarşısında ipoteka olarsa. Həmin avtomobillər ekspertiza mərkəzinə daxil olduqda ekspertlər dəymiş ziyan ilə bağlı maşına baxış keçirir. Bundan əlavə, başqa qiymətlərlə maraqlanmış və onlara uyğun ehtiyat hissələrinin qiymətləri təyin etmişdir. Belə ki, maşın 2015-ci ilin maşınıdır və təxmini olaraq 18000- 23000 manat aralığında qiymətləndirilir. Avtomobilin dəyəri təxmini olaraq 20000 manat götürülür və oradan da müəyyən qədər köhnəlmə xərcləri çıxılır. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı 12.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 12.01.2016-cı il tarixdə verilmiş AC seriyalı 615185 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Ford Transit” markalı **-XK-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X3r. 07.01.2020-ci il tarxli etibarnamədən müəyyən olunur ki, X8 “Ford Transit” **-XK-*** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir və etibarnamə 28.08.2029-cu il tarixədək qüvvədədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, X8 01.04.2013-cü il tarixli əmək müqaviləsi əsasında 01.07.2016-cı tarixədək Cavabdeh1 firmasında fəhlə, 25.08.2020-ci il tarixli əmək müqaviləsi əsasında 28.08.2020-ci il tarixədək ekspeditor vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 17.07.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 13.04.2020-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh1 firmasında işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 13.04.2020-ci il tarixli əmək müqaviləsi əsasında 04.08.2020-ci il tarixədək Cavabdeh1 firmasında işləmiş və iş vaxtı 5 günlük iş həftəsi, iş vaxtları isə 08:00-17:00-dək, istirahət vaxtları 12:00-13:00-dək olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 14.03.2017-ci il tarixdə verilmiş AC seriyalı 817645 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Mitsubishi Attrage” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomaşının sahibi İddiaçıdur. Müstəqil ekspert X10 tərəfindən tərtib edilmiş 12.06.2020-ci il tarixli qüsur aktından müəyyən olunur ki, “Mitsubishi Attrage” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobilə təmir işlərinə sərf olunan ehtiyyat hissələri və usta işləri ümumilikdə 13800 manat məbləğində təşkil edir. “xxxx” MMC tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli qüsur aktından müəyyən olunur ki, “Mitsubishi Attrage” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobilə təmir işlərinə sərf olunan ehtiyyat hissələri və usta işləri ümumilikdə 14030 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2021-ci il tarixli, 9/5951 №-li ekspert rəyində qeyd olunmuşdur ki, müstəqil ekspert X10 tərəfindən təqdim edilmiş 12.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mitsubishi Attrage” minik markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11277,0 manat müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 18.12.2020-ci il tarixli kassa məxaric qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı hesabına 4075 manat məbləğində sığorta ödənişi edilmişdir. 06.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil1 hesabına 110 manat məbləğində pul köçürülmüşdür. 04.08.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Vəkil1 etibarnamə verilməsi üçün 11.50 manat dövlət rüsumu ödənilmişdir. 25.08.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizə ilə müraciət olunarkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh1 Firmasının vəkili və nümayəndəsi Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş 01.04.2020-ci il tarixli, 37 №-li “karantin dövründə növbəli iş rejiminin tətbiqi haqqında” əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.03.2020-ci il tarixli 122 №-li qərarının 1 nömrəli əlavəsinə əsaslanaraq qapalı və açıq yerlərdə COVİD-19 virusunun yayılması təhlükəsinin qarşısının alınması və işçilərin sağlamlığının qorunması məqsədilə, 01 aprel 2020-ci il tarixdən karantin müddəti bitənədək müəssisədə xüsusi iş rejimi tətbiq edilməsi, yəni müəssisənin işçilərinin 2 növbəli iş rejiminə keçirilməsi və buna uyğun iş saatı bölgüsünün tətbiq edilməsi əmr edilmişdir: 1. İşçilərin bir qisminin iş saatı 08:00-dan 14:00-dək, 2. İşçilərin digər qisminin iş saatı 14:00-dan 18:00-dək (fasilə 1 saat). Bu rejim müəssisədə çalışan bütün işçilərə şamil olunmuşdur. Beləliklə, proses iştirakçılarının izahatlarından, eləcədə iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi X4 məxsus “Ford Transit” markalı, **-XK-*** dövlət nömrə nişanlıavtomaşını ilə 10 iyul 2020-ci il, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının idarə etdiyi “Mitsubishi Attrage” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan dəymişdir. Həmin zərərin aradan qaldırılması ilə bağlı iddiaçıya 4075 manat manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi avtomaşınına vurulan zərərin aradan qaldırılması ilə bağlı təmir-bərpa xərci hadisə baş verən tarixə 11277,0 manat təşkil etmişdir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı hesab edilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, Cavabdeh2 əmək müqaviləsi əsasında Cavabdeh1 firmasının işçisi olmuş və həmin avtomobili Cavabdeh1 firması ilə aralarında mövcud olan əmək müqaviləsi əsasında idarə etmişdir. Cavabdeh1 firması avqtoqəzanın digər cavabdehin əmək funksiyalarının icrası vaxtında deyil, başqa vaxt törətdiyini iddia etsə də, bu halı təsdiq etmək təqdim etdiyi sübutu məhkəmə kifayət hesab etmir. Belə ki, təqdim edilmiş əmrdə həmin dövrdə işçilərin növbəli iş rejimində çalışması öz təsdiqini tapsa da, həmin əmrdən Cavabdeh2 hansı növbədə, yəni, günün birinci və ya ikinci yarısında işləməsini müəyyən etmək mümkün deyil. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmunundan da göründüyü kimi, işçinin vurduğu ziyana görə işəgötürənin məsuliyyəti xüsusi növ məsuliyyət olmaqla, iddianın həm işçi, həm də işəgötürənə eyni vaxtda yönəlməsinə baxmayaraq, subsidiar cavabdehlik yaranmır. Bu halda işəgötürən iddianı təklikdə qarşılamaqla, ödədiyi ziyan müqabilində və məbləğində işçiyə qarşı reqres iddia ilə çıxış edə bilər. Beləliklə, iddiaçı tərəfindən maddi zərərin əvəzi kimi irəli sürülmüş pulun tutulması barədə tələb Cavabdeh1 firmasına münasibətdə təmin edilməlidir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzini təqdim etdiyi qüsur aktına əsasən 9725 manat məbləğində tələb etsə də, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı iddiaçıya “xxxx” ASC tərəfindən 4075 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 11277 manat kimi müəyyən olunan zərərin ümumi məbləğdən çıxılmalı və son nəticədə Cavabdeh1 firmasından iddiaçının xeyrinə 11277-4075=7202 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddia tələbinin 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə tələb qismən təmin olunmalıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında, o cümlədən, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyri-hüquqi əməli iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Beləliklə, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları və işin halları iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verir. Mənəvi ziyanın həcminə gəldikdə isə, məhkəmə zərərin baş verməsinə səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçiridiyi mənəvi sarsıntının xarakterini, iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 500 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilə göstərilmiş yardıma görə 111,50 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməli və hüquqi yardıma görə 111,50 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 firmasından iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 20 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul Cavabdeh1 firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia Cavabdeh1 firmasına münasibətdə qismən təmin olunsun. Cavabdeh1 firmasından 7202 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 7702 (yeddi min yeddi yüz iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat və vəkilə göstərilmiş yardıma görə 111,50 (bir yüz on bir manat əlli qəpik) məbləğində pul Cavabdeh1 firmasından İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 20 (iyirmi) manat hissəsi İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh1 firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar