Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-288/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 “Mervedes Benz GLS 450” markalı, **-AA-*** nömrə nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, **-LG-*** nömrə nişanlı avtomobilə dəymiş ziyan – 19995 manat məbləğində pul və məhkəmə üçün ödənilmiş 160 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 00:50-də Bakı şəhəri, Neftçilər prospektində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz GLS 450” markalı, **-AA-*** nömrə nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Nəsimi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qeyd edilən yol nəqliyyat hadisəsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta protokol əsasında eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın həcmini müəyyən etmək üçün "xxxx" tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş avtomobilin təmiri üçün tələb olunan xərclərin siyahısından görünür ki, “BMW” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün 19995 manat xərc çəkilməlidir. Avtomobil hal-hazırda qəzalı vəziyyətdə həyətdə saxlanılır. **-AA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsi AD 750311 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi üzrə Cavabdeh2 MMC-yə məxsusdur. Cavabdeh2 MMC-nin məsuliyyəti isə avtomobilin gecə saatlarında idarə olunması ilə bağlıdır. Belə ki, hadisənin baş verdiyi vaxtlarda Cavabdeh1 həmin avtomobili idarə etmək üçün yol vərəqəsinin olub-olmaması ilə bağlı heç bir məlumat yoxdur. Hesab edilir ki, sürücünün xx.xx.2021-ci il tarixdə saat 00:50-də avtomobildən istifadə hüququ olmamışdır.
İddia tələbinin həcminin artırılması.
3. İddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, sonuncu ərizəsində məhkəmədən yol nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan – 19995 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması, İddiaçı vurulmuş 3000 manat məbləğində mənəvi ziyan, həmçinin 900 manat məbləğində ziyan, ödənilmiş 192 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinə etiraz.
4. Daha sonra Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi tələbin ödənilməsinə” dair iddia tələbinin qismən, yəni ikinci ekspert rəyində nəzərdə tutulmuş məbləğdən "xxxx" ASC-nin iddiaçıya ödədiyi məbləğ çıxıldıqdan sonra qalıq 605 manat məbləğində təmin edilməsini xahiş etmişdir.
İddia tələbinə etirazın əsaslandırıldığı hallar.
5. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki halları belədir ki, Cavabdeh2 MMC ona məxsus “Mercedes Benz GLS 450” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xx.xx.2021-ci il tarixli, 07 № 21 nömrəli etibarnamə ilə Cavabdeh1 vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 MMC-nin arayışına əsasən Cavabdeh1 həmin MMC-nin işçisi deyildir. Cavabdeh1 Cavabdeh2 MMC-nin rəhbərliyi ilə tanışdır və bu səbəbdən MMC-yə məxsus nəqliyyat vasitəsilə bəzən sənədlərin daşınması ona həvalə olunmuşdur. Cavabdeh1 “Mercedes Benz GLS 450” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir və dəymiş ziyan Nəsimi RDYPŞ axtarış üzrə inspektoru polis leytenantı X5 tərəfindən tərtib edilmiş 043436 nömrəli nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışda əks olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 116623 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, iddiaçıya məxsus 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 2270 manat təşkil edir və bu məbləğ iddiaçıya ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 19995 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 9/1223 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 2270 manat müəyyən olunmuşdur. Bu zaman həm "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 116623 nömrəli, həm də işdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən dəymiş zərərin məbləği müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 9/4277 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 2875 manat müəyyən olunmuşdur. Göründüyü kimi verilmiş hər iki ekspert rəyində iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin qiyməti təqribən eyni olmuşdur. Lakin iddiaçı "xxxx" MMC-nin qüsur aktını əsas gətirərək 19995 manat dəyərində dəymiş ziyanın cavabdehlərdən tutularaq ödənilməsini xahiş etmişdir. Halbuki, 2000-ci il buraxılışlı, “BMW 540” markalı bənzər maşınların alqı-satqısı ilə bağlı “Turbo.az” internet səhifəsində axtarış aparıldıqda 2000-ci il buraxılışlı, “BMW 540” markalı nəqliyyat vasitələrinin satışı ilə bağlı bazar qiymətinin 10000-12000 arasında dəyişdiyi görülə bilər. Odur ki, "xxxx" MMC-nin 2000-ci il buraxılışlı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətinin maşının bazar qiymətindən artıq müəyyən etməsi ağlabatan deyildir ki, bu da iki ekspert rəyi ilə təsdiqlənmişdir.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, avtomobilinə dəymiş zərərin tam olaraq qarşılanmasını tələb edir. Hansı ki, real zərər ekspert rəyində göstəriləndən dəfələrlə artıqdır. Belə ki, avtomobil qəzadan sonra yararsız hala düşdüyündən artıq 1 il 8 aydır ki, gün altında işlənmədən qalır. Bu vəziyyətdə olan avtomobilin məsələn rəngsaz işi xərci əlbəttə daha çox olmalıdır. Digər tərəfdən, hər usta avtomobilin təmir işlərini müxtəlif qiymətləndirə bilər. Hər bir halda hesab edir ki, “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktında müəyyən edilmiş təmir xərcləri daha realdır. Belə ki, həmin rəy tam obyektiv verilmişdir. Bununla belə əgər zərurət olarsa, o, “Deluxe Pro”nun nümayəndəsini məhkəməyə də dəvət edə bilər. "xxxx" ASC, eləcə də ekspert rəyi ilə müəyyən edilmiş təmir xərci isə avtomobilin real xərcindən dəfələrlə azdır. "xxxx" ASC tərəfindən ona 2270 manat məbləğində sığorta ödənişi edilmişdir. Lakin bu məbləğ avtomobilə dəymiş zərərin yalnız çox cüzi bir hissəsini qarşıladığından o, real zərərin cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Hesab edir ki, cavabdehlərdən tutulacaq pul “Deluxe Pro”nun verdiyi qüsur aktına uyğun olmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, iş materiallarında “Deluxe Pro” tərəfindən tərtib olunmuş qüsur aktı mövcuddur. Həmin aktdan görünür ki, cavabdehin təqsirli olduğu yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər 19995 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında həmçinin, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktı mövcuddur və həmin akta əsasən hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə 2270 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçıya ödənilmişdir. Lakin iddiaçının avtomobilinə dəymiş real zərər “Deluxe Pro” tərəfindən tərtib olunmuş qüsur aktından da göründüyü kimi daha çox olduğundan dəymiş zərərin cavabdehlərdən tutulması üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, ekspert rəyi alınmışdır. Lakin ekspert yalnız "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına istinad etmiş, avtomobilə dəymiş zərəri həmin rəyə uyğun hesablamışdır. Halbuki iş materiallarında “Deluxe Pro” tərəfindən verilmiş rəy də olmuşdur və əgər ekspert “Deluxe Pro”nun yox, "xxxx" ASC-nin rəyinə istinad etmişsə, bunu rəyində əsaslandırmalı idi. Lakin bununla bağlı rəydə heç bir qeyd edilməmişdir. Bundan başqa, əlavə ekspertizanın rəyindən görünür ki, rəy "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi əsasında verilmişdir. Halbuki, avtomobilə baxış “Toyota Əhmədli” servisində baş tutmuşdur. Buna baxmayaraq, mütəxəssis rəyi "xxxx" adlı bir MMC tərəfindən verilmiş, üstəlik rəydə MMC-nin VÖEN məlumatları belə göstərilməmişdir. Belə bir vəziyyətdə həmin MMC-nin həqiqətən mövcud olması belə mübahisəlidir. Bundan başqa, avtomobilə həmin MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman tərəfindən mütəxəssislərə təklif etmişdir ki, qiymətləri elə müəyyən etsinlər ki, qətnamə çıxarıldıqdan sonra həmin qiymətə elə özləri avtomobili təmir etsinlər. Lakin onlar buna qəti şəkildə qarşı çıxmışlar. Belə bir vəziyyətdə həmin mütəxəssislər tərəfindən verilmiş rəy barədə şübhə yaranmaya bilməz. Buna baxmayaraq, ekspert öz rəyində bu MMC-nin verdiyi rəyə istinad etmişdir. Hər bir halda qəbul edir ki, iş üzrə kifayət qədər araşdırma aparılmış, tərəfindən verilmiş bütün vəsatətlər təmin edilmişdir. Lakin ekspert belə bir rəy vermişdir. Hesab edir ki, həmin rəy əsassız və qərəzli rəydir. Belə ki, ekspert nəyə görə “Deluxe Pro” tərəfindən verilmiş rəyi qəbul etmədiyini əsaslandırmamışdır. O, məhkəmə iclasında çıxışı zamanı həmin rəydəki xərclərin absurd olduğunu bildirməklə kifayətlənmiş, fikrini əsaslandıra bilməmişdir. Bu səbəbdən hesab edir ki, ekspert rəyində göstərilmiş xərc məbləği nəzərə alınmamalı, cavabdehlərdən tutulacaq pul “Deluxe Pro” tərəfindən verilmiş qüsur aktına uyğun müəyyən edilməlidir. Hər bir halda onu da qeyd etməyi zəruri hesab edir ki, “Deluxe Pro” tərəfindən verilmiş qüsur aktına əsasən iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 20000 manata yaxın olmuş, ekspertin özünün də qəbul etdiyi kimi avtomobilin satış qiyməti isə 12-13000 manat olmuşdur. Buna baxmayaraq, iddiaçı razılaşmışdır ki, cavabdehlər tərəfindən ona 10000 manat qiyməti olan köhnə də olsa bir maşın alınıb verilsin. Lakin cavabdehlər bunu qəbul etməmişlər. Bu vəziyyətdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iddiaya etirazı müdafiə edərək, iddianı qismən qəbul etdiklərini bildirdi. Əlavə olaraq, iddiaçının vəkilinin izahatında mübahisələndirdiyi məsələlərə münasibətdə bildirdi ki, iddiaçının vəsatəti əsasında iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və bu zaman avtomobilə “Toyota Əhmədli” servis mərkəzində baxış keçirilmişdir. Belə görünür ki, “Toyota Əhmədli” servis mərkəzi tərəfindən öz servislərində baxılmış avtomobilə görə qüsur aktı "xxxx" MMC adından verilir. Hansı ki, “Toyota Əhmədli” servis mərkəzi və "xxxx" MMC-nin ünvanları eynidir və məhkəmə iclasında dinlənilən ekspert də "xxxx" MMC-nin “Toyota Əhmədli”nin servisi olduğunu bildirmişdir. Hesab edir ki, ekspert rəyi kifayət qədər əsaslıdır. Əksinə, iddiaçı tərəfindən tələb edilən məbləğ isə hədsiz şişirdilmiş məbləğdir. Ekspertin də bildirdiyi kimi iddiaçının avtomobilinə bu məbləğdə zərər dəymiş olması mümkün deyil. Odur ki, məhkəmədən iddianın qismən - iddiaya etirazda qeyd edildiyi kimi ikinci ekspert rəyində nəzərdə tutulmuş məbləğdən "xxxx" ASC-nin iddiaçıya ödədiyi məbləğ çıxıldıqdan sonra qalıq 605 manat məbləğində pul hissəsində təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş etdi.
9. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı məxsus “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirərək hadisədən əvvəlki vəziyyətinə qaytarmağa razıdır.
10. Daha sonra Cavabdeh1 yenidən məhkəməyə ərizə ilə müraciət edərək, məhkəməyə təqdim etdiyi əvvəlki ərizəsində fikrini səhv ifadə etdiyindən həmin ərizənin etibarsız hesab edilərək, ekspert rəyində göstərilmiş məbləğ həcmində iddianı qəbul etdiyini və sığorta şirkəti tərəfindən ödənilmiş məbləğin ekspert rəyindən çıxıldıqdan sonra qalan hissəsini ödəməyə razı olduğunu bildirmişdir.
11. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək əlavə etdi ki, yol nəqliyyat hadisəsi törətdiyi avtomobil Cavabdeh2 MMC-yə məxsus olmuş, avtomobili etibarnamə əsasında idarə etmişdir. O, iddiaçıya ödənilmiş sığorta ödənişi çıxıldıqdan sonra ekspert rəyində dəymiş zərər kimi göstərilmiş qalan məbləği ödəməyə etiraz etmir. Lakin nə iddiaçının tələb etdiyi məbləğdə pul ödəməyə, nə də ona yeni avtomobil almağa maddi imkanı yoxdur. Odur ki, məhkəmədən tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ərizəyə uyğun olaraq, iddianın qismən təmin edilməsini xahiş etdi.
İş materialları.
12. Nəsimi RDYPŞ tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 00:50-də, Neftçilər prospektində “Mercedes Benz GLS” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cəlilov X3 prospektində hərəkət edərkən sola manevr etmiş, yolun solunda dayanmış vəziyyətdə olan “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xəta nəticəsində İddiaçı maddi zərər yetirilmişdir.
13. Nəsimi RDYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində, saat 00:50-də, Nəsimi rayonu ərazisində “Mercedes Benz GLS 450 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və hadisə yerindən yayınmışdır. Nəticədə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutuluş inzibati xəta törədilmiş və bu inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməsi qərara alınmışdır.
14. Nəsimi RDYPŞ tərəfindən verilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə 043436 nömrəli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, 01:00-da, Neftçilər prospektində baş vermiş hadisə zamanı İddiaçı məxsus “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanad, arxa sağ qapı, qabaq sağ qapı, sağ arxa təkər, qabaq oblitsovka, qapaq kapot, qabaq bufer hissələrində xarici əzintilər aşkar olunmuşdur.
15. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 07/21 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC ona məxsus olan ** AA *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsini Cavabdeh1 Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ verir və etibarnamə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədədir.
16. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə material və ehtiyat hissələri üçün 1270 manat məbləğində, görüləcək işlər üçün 1000 manat məbləğində zəhmət haqqı olmaqla cəmi 2270 manat zərər dəydiyi hesablanmışdır.
17. "xxxx" tərəfindən tərtib edilmiiş xx.xx.2021-ci il tarixli avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısından görünür ki, 2000-ci il buraxılışlı, “BMW” markalı, E-39 model avtomobilin ehtiyat hissələri və işçilik üçün cəmi 19995 manat xərc hesablanmışdır.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/1223 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2270 manat müəyyən edilmişdir.
19. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00203 nömrəli qiymətləndirmə haqqında rəydən görünür ki, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə material və ehtiyat hissələri üçün 2025 manat məbləğində, görüləcək işlər üçün 850 manat olmaqla, cəmi 2875 manat zərər dəymişdir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/4277 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2875 manat müəyyən edilmişdir.
21. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 MMC-nin Cavabdeh1 adlı işçisi olmamışdır.
22. Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 402/3/Ü saylı arayışdan görünür ki, Cavabdeh1 həqiqətən xx.xx.2019-cu il tarixindən Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatında baş mütəxəssis (sürücü) vəzifəsində işləyir. Ekspertin izahatı.
23. Məhkəmə iclasında iştirak edərək, verdiyi rəylə bağlı tərəflərin və məhkəmənin suallarına cavab verən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 bildirmişdir ki, o, bu işlə bağlı iki rəy vermişdir. İlk rəyi verdiyi zaman iş materiallarında "xxxx" və "xxxx" ASC tərəfindən tərtib edilmiş iki qüsur aktı olmuşdur. O, həmin aktları araşdırarkən müəyyən etmişdir ki, "xxxx" tərəfindən tərtib edilmiş aktdakı xərc məbləğləri açıq-aşkar absurd məbləğlərdir. Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus avtomobilin satış qiyməti 12-13000 manat məbləğindədir. Bu vəziyyətdə onun təmir xərcləri heç bir halda 20000 manata yaxın ola bilməz. Birinci rəyi verərkən onun keçirdiyi tədqiqatın nəticəsi iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş akta uyğun olduğundan o da həmin akta uyğun rəy vermişdir. İkinci rəyi vermək üçün isə avtomobilə servisdə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin hansı hissələrinin zədələndiyini, təmir üçün hansı ehtiyat hissələrin dəyişməsinə ehtiyac olduğunu müəyyən etmək ekspert kimi onun səlahiyyətində olmasa da (çünki o, əmtəəşünas ekspert kimi yalnız bu hissələrin qiymətlərini müəyyən edir) avtomobilin xarici görünüşü əsasında deyə bilər ki, həmin avtomobilin maksimum 2400-2500 manatlıq təmir işi olmuşdur. Hər bir halda “Toyota Əhmədli” servisində tərəflərin də iştirakı ilə mütəxəssislər tərəfindən avtomobilə baxış keçirilmiş, avtomobilin hansı ehtiyat hissələrinin dəyişilməli olduğu, hansı təmir işlərinə ehtiyac olduğu mütəxəssislər tərəfindən müəyyən edilmiş, o da həmin rəy əsasında öz rəyini vermişdir. Müvafiq mütəxəssis rəyinin “Toyota Əhmədli” servisi tərəfindən yox, "xxxx" MMC tərəfindən imzalanıb möhürlənməsinə münasibətdə qeyd edir ki, bu hal qeyri-adi qarşılanmamalıdır. Çünki servis mərkəzlərinin çoxunda bu cür aktlar başqa MMC adı ilə verilir. Məsələn, “Porsche” markalı avtomobil üçün qüsur aktı “Performance Center” tərəfindən verilir. Bu, servislər üçün ümumi praktikadır. Lakin "xxxx" MMC-nin VÖEN-nin rəydə göstərilməməsi barədə bildirir ki, bütün ekspertlər üçün əsas məsələ istənilən rəy və qüsur aktında imza və möhür olmasıdır. Əgər imza və möhür varsa, ekspert həmin sənədi qəbul edir və tədqiqat keçirərkən nəzərə alır. MMC-nin VÖEN-nin olub-olmaması kimi məsələlər hüquqi məsələlərdir və tərəf istəsə bu kimi məsələləri araşdıra bilər. Lakin ekspert kimi onun bu məsələləri araşdırmaq səlahiyyəti yoxdur. Avtomobilə baxış keçirən mütəxəssislərin rəy verdikləri qiymətə avtomobili təmir etməyə razı olmaması barədə vəkilin qeyd etdiyi hallara şahid olmamış, onun yanında belə bir söhbət baş verməmişdir. Hər bir halda belə bir hal baş tutmuşsa belə, nəzərə alınmalıdır ki, avtomobil ehtiyat hissələrinin qiymətləri, təmir xərcləri mütəmadi olaraq artır. Belə bir vəziyyətdə aydındır ki, bundan aylar sonra təmirə aparılacaq avtomobilin qiyməti bu günkü ilə eyni ola bilməz. Bu səbəbdən avtomobilə baxış keçirən mütəxəssislərin avtomobili həmin qiymətə təmir etməyə razı olmaması başa düşüləndir və burada şübhəli heç nə yoxdur. Sonda, "xxxx" tərəfindən tərtib edilmiş qüsur aktına nəyə görə istinad etməməsi ilə bağlı qeyd edir ki, əmtəəşünas ekspert kimi tam əminliklə deyə bilər ki, həmin avtomobilin təmir xərcləri Azərbaycan Respublikasında yerləşən heç bir servis mərkəzində, heç bir usta tərəfindən o qiymətə müəyyən edilə bilməz. Hətta deyə bilər ki, sonuncu rəydə verdiyi 2800 manatlıq təmir xərci belə o avtomobil üçün çoxdur. Çünki avtomobilə vizual baxışdan maksimum 2400-2500 manatlıq xərcə ehtiyac olduğu görünür. Hər bir halda hansı hissələrin dəyişilməli olması, hansı təmir işlərinə ehtiyac olması kimi məsələlər onun tərəfindən yox, mütəxəssislər tərəfindən müəyyən edildiyindən və o, ancaq əmtəəşünas ekspert kimi qiymət müəyyən edə bildiyindən bu rəyi vermişdir. "xxxx" tərəfindən tərtib edilmiş qüsur aktı isə istənilən vəziyyətdə qeyri-realdır. Məsələn, aktda avtomobilə 3500 manatlıq rəngsaz işi lazım olduğu qeyd edilmişdir. Hansı ki, bu məbləğdə rəngsaz işi qiyməti ölkə ərazisində heç bir servisdə qoyulmur. Bu gün ölkədə istənilən avtomobil üçün ən bahalı servisdə görülə biləcək ən bahalı rəngsaz işinin maksimum qiyməti 1800 manat ola bilər. "xxxx" tərəfindən tərtib edilmiş aktdakı bütün digər məbləğlər də bunun kimi dəfələrlə şişirdilmiş və tamamilə qeyri-real məbləğlər olmuşdur. O da bu səbəbdən həmin akta istinad etməmişdir. İşin faktiki halları.
24. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospektində Cavabdeh2 MMC-yə məxsus “Mercedes Benz GLS” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə yolun solunda dayanmış vəziyyətdə olan İddiaçı məxsus “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
25. Hadisədən sonra İddiaçı məxsus “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ilə bağlı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən, xx.xx.2021-ci il tarixdə isə “Deluxe Pro” tərəfindən qüsur aktı tərtib edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş aktda avtomobilin təmiri üçün dəyişilməli hissələrin qiyməti 1270 manat, təmir-bərpa işləri 1000 manat olmaqla, cəmi 2270 manat məbləğində, “Deluxe Pro” tərəfindən tərtib edilmiş aktda isə dəyişilməli hissələrin qiyməti 11995 manat, təmir-bərpa işləri 8000 manat olmaqla, cəmi 19995 manat məbləğində qiymətləndirilmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı “Deluxe Pro” tərəfindən tərtib edilmiş aktda müəyyən edilmiş təmir xərcinin cavabdehlərdən tutulmasını xahiş edir.
26. “Deluxe Pro” və "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktları ilə müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli fərq olduğundan məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ilk rəydə 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 2270 manat (dəyişilməli olan hissələrin qiyməti – 1270 manat, təmir-bərpa işlərinin qiyməti 1000 manat) olması müəyyən edilmişdir. Lakin bu rəyin məhkəmənin qərardadında bu barədə göstəriş olmasına baxmayaraq, avtomobilə baxış keçirilmədən və "xxxx" ASC tərəfindən verilmiş qüsur aktındakı qiymətlərin eynilə təkrarlanması yolu ilə verildiyini nəzərə alan məhkəmə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Əlavə ekspertiza zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən avtomobilə tərəflərin iştirakı ilə servisdə baxış keçirilmiş, bu baxış əsasında tərtib edilmiş qüsur aktına əsasən 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2875 manat (dəyişilməli olan hissələrin qiyməti – 2025 manat, təmir-bərpa işlərinin qiyməti 850 manat) təşkil etdiyi müəyyən edilmişdir.
27. Bundan sonra müvafiq rəyi vermiş ekspertə rəylə bağlı müəyyən suallar verilməsinin zəruri olduğunu bildirən iddiaçı tərəfin vəsatəti əsasında ekspertin məhkəmə iclasında dinlənilməsi təmin edilmiş, ekspert tərəfindən həm tərəflər, həm də məhkəmə tərəfindən verilmiş suallara cavab verilmişdir. Onun cavablarının ümumi məzmunu ondan ibarət olmuşdur ki, iş materiallarında “Deluxe Pro” və "xxxx" ASC tərəfindən eyni avtomobilin təmiri üçün lazım olan təmir xərci müəyyən edilsə də “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı məbləğlər həddindən artıq şişirdilmiş, ölkə ərazisində heç bir servis üçün xarakter ola bilməyəcək dərəcədə qeyri-real məbləğlər olduğundan, bunun əksinə, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı qiymətlər onun apardığı ekspert tədqiqatı nəticəsində müəyyən etdiyi qiymətlərə uyğun olduğundan o, ilk rəyini "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına uyğun vermişdir. Tərəfindən aparılmış əlavə ekspertiza tədqiqatı zamanı isə avtomobilə tərəflərin və özünün iştirakı ilə mütəxəssislər tərəfindən baxış keçirilmiş və yekun rəy verilmişdir. Əmtəəşünas ekspert kimi hesab etmişdir ki, həmin avtomobilin təmir xərci tərəfindən verilmiş rəydəki məbləğdən çox ola bilməz.
28. Məhkəmə iclasında iddiaçı tərəf avtomobilin təmiri üçün zəruri olan xərcin "xxxx" tərəfindən tərtib edilmiş qüsur aktına uyğun olduğunu, həm "xxxx" ASC, həm də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən müəyyən edilmiş qiymətlərin avtomobilə dəymiş real zərəri əks etdirmədiyini iddia etmiş, məhkəmədən “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 19995 manat məbləğində təmir xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçı tərəf əlavə etmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 2270 manat məbləğində pul ona ödənilmişdir. Həmçinin, iddiaçının bildirdiyinə görə o, cavabdehlərə təklif etmişdir ki, avtomobilinə dəymiş zərərin əvəzi kimi cavabdehlər ona 10000 manat məbləğində avtomobil alıb versinlər, lakin qarşı tərəf buna razı olmamışdır.
29. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və digər Cavabdeh2 MMC isə iddianı qismən qəbul etmiş, ekspert tərəfindən verilmiş əlavə ekspertiza rəyi ilə müəyyən edilmiş ümumi təmir xərcindən (2875 manat) iddiaçıya ödənilmiş sığorta ödənişi (2270 manat) çıxıldıqdan sonra yerdə qalan məbləği (605 manat) ödəməyə etiraz etmədiklərini, qalan hissədə isə iddianı qəbul etmədiklərini bildirmişdir.
Tətbiq edilən hüquq.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Göstərilən maddədə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsi) işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. ... Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 61. Prosesin digər iştirakçıları İşdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər. Maddə 63. Ekspert. 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. 63.2. Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. 63.3. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malikdir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
34. İşin faktiki hallarından göründüyü kimi İddiaçı avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Bunu məhkəmə iclasında iştirak edən cavabdeh özü də mübahisələndirməmişdir. Beləliklə, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozması) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi işin tərəflər arasında mübahisələndirilmədən qəbul edilən hallarıdır.
35. Yuxarıda istinad edilmiş (§ 31) Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edildiyi kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 35.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 35.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 35.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 35.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
36. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
37. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır.
38. Tərəflər işin bu hallarını mübahisələndirməsələr də cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı tam fərqli mövdedədirlər və aralarındakı əsas mübahisə də elə bununla bağlıdır.
39. Belə ki, iddiaçı tərəf avtomobilə dəymiş zərərin iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 19995 manat məbləğində olduğunu iddia edərək həmin pulu cavabdehlərdən tələb etmişdir. Cavabdeh tərəf isə avtomobilə dəymiş zərərin əlavə ekspertiza rəyinə əsasən müəyyən edilmiş məbləği ilə (2875 manat) razı olduqlarını, bu məbləğdən iddiaçıya ödənilmiş 2270 manat məbləğində sığorta ödənişi çıxıldıqdan sonra qalıq 605 manat məbləğində pulu ödəməyə etiraz etmədiklərini, qalan hissədə isə iddianı qəbul etmədiklərini bildirmişlər.
40. Tərəflərin mövqelərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə cavabdeh tərəfin mövqeyini əsaslı hesab edir. Məhkəmə bu cür nəticəyə gələrkən iş materiallarında olan ekspert rəylərini, məhkəmə iclasında verdiyi rəylə bağlı dinlənilmiş ekspertin qeyd etdiyi halları nəzərə alır. Hansı ki, həmin ekspert tərəfindən verilmiş birinci rəy avtomobilə baxış keçirilmədən və kifayət qədər araşdırma aparılmadan verildiyindən iddiaçı tərəfin vəsatəti ilə məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilmiş və bu dəfə tərəflərin, eləcə də ekspertin iştirakı ilə servisdə avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilmiş, yekunda avtomobilin təmiri üçün cəmi 2875 manat məbləğində vəsaitin lazım olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında verdiyi rəylə bağlı suallara cavab verən ekspert əminliklə bildirmişdir ki, iddiaçıya məxsus avtomobilin təmiri üçün kifayət edəcək maksimal məbləğ tərəfindən verilmiş ikinci rəydə müəyyən etdiyi məbləğdir. Əlavə etmişdir ki, iş materiallarında olan eyni avtomobilin təmiri üçün “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktında müəyyən edilmiş məbləğlər dəfələrlə şişirdilmiş qeyri-real məbləğlərdir və avtomobilə dəymiş real zərərin həmin akt əsasında müəyyən edilməsi istisna edilir.
41. Məhkəmə eksperti də dinləyərək belə nəticəyə gəlir ki, aparılmış əlavə ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyi əsaslıdır və məhkəmənin rəydə qeyd edilən məbləğlərlə razılaşmaması üçün heç bir əsas yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bunun məntiqi davamı olaraq, əgər iddiaçı tərəf bu rəydə qeyd edilən məbləğlərlə razılaşmırsa, bununla bağlı mövqelərini əsaslandırmalı, məhkəməyə mötəbər dəlillər təqdim etməlidir.
42. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili əlavə ekspertiza rəyini bir neçə əsasla mübahisələndirmişdir. Bunlardan ilki odur ki, müvafiq rəydə nəyə görə “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı qiymətlərə istinad edilmədiyi əsaslandırılmamışdır. Halbuki, ikinci rəydə nə "xxxx" ASC, nə də “Deluxe Pro” tərəfindən verilmiş qüsur aktına istinad olunmamışdır. Məhkəmənin iş üzrə əlavə ekspertiza təyin edilməsi nəticəsinə gəlməsinə əsas olmuş hallardan biri də elə bu olmuş, məhkəmə ekspert tərəfindən yalnız iş materiallarında olan qüsur aktlarına istinad edərək rəy verilməsinin qarşısını almaq, avtomobilə baxış keçirərək rəy verilməsini təmin etmək məqsədilə əlavə ekspertiza təyin etmişdir. Bu baxımdan ekspertdən iş materiallarında olan qüsur aktlarından hər hansı birinə istinad etməsi gözlənilməməlidir. Bundan başqa, ekspert məhkəmə iclasında iddiaçının vəkilinin əlaqəli sualına cavab olaraq bildirmişdir ki, ilk rəyində “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktına yox, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına uyğun nəticəyə gəlməsinə səbəb “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı məbləğləri əmtəəşünas ekspert kimi qeyri-real, hədsiz şişirdilmiş məbləğlər hesab etməsi, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məbləğlərin isə onun keçirdiyi tədqiqatın nəticəsinə uyğun olması olmuşdur. Avtomobilə baxış keçirilərək verilmiş əlavə ekspert rəyindən isə belə görünür ki, ekspert bu mövqeyində qismən haqlı olmuşdur. Belə ki, əlavə ekspert rəyinin nəticəsi ilə ilk ekspert rəyi tam üst-üstə düşməsə də bu rəyin "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı yekun məbləğə “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı yekun məbləğlə müqayisədə daha yaxın olması mübahisəsizdir.
43. Bundan başqa, iddiaçının vəkili mübahisələndirmişdir ki, avtomobilə ekspert tərəfindən baxış keçirilməsi “Toyota Əhmədli” servisində baş tutsa da müvafiq mütəxəssis rəyi "xxxx" MMC tərəfindən verilmiş, həmçinin rəydə bu MMC-nin VÖEN-i ilə bağlı məlumatlara yer verilmədiyindən bu MMC-nin həqiqətən mövcud olub-olmadığını belə müəyyən etmək mümkün olmamışdır.
44. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının vəkili özü də mübahisələndirmədən qəbul edir ki, avtomobilə baxış özünün iştirakı ilə baş tutmuşdur. Bu vəziyyətdə avtomobilə onun məlumatı olmadan başqa bir servis mərkəzində baxılması, yaxud baxılmadan rəy verilmiş olması istisna edilir. Həmçinin, məhkəmə iclasında vəkilin əlaqəli sualına cavab verən ekspert avtomobil servis mərkəzləri üçün bu halın adi hal olduğunu, digər mərkəzlərdə də qüsur aktı tərtib edən MMC-nin adının mərkəzin adından fərqli olduğunu, lakin bunun formal olduğunu, müvafiq MMC-nin məhz servisə məxsus olduğunu bildirmişdir. Məhkəmə ekspertin bu məsələ ilə bağlı qeyd etdikləri ilə razılaşır. Çünki "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə haqqında rəydə MMC-nin ünvanı kimi qeyd edilmiş ünvan “Toyota Əhmədli” servisinin ünvanı ilə eynidir. Belə olan halda məhkəmə bu halın ekspert tərəfindən verilmiş rəyin əsaslılığına şübhə yaratmadığını hesab edir.
45. "xxxx" MMC-nin VÖEN məlumatlarının rəydə qeyd edilməməsi və bu səbəbdən həmin MMC-nin həqiqətən mövcud olub-olmaması, dövlət qeydiyyatına alınıb-alınmaması kimi halları müəyyən etməyin qeyri-mümkün olması ilə bağlı vəkilin mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında "xxxx" MMC-nin hesab məlumatları mövcuddur və həmin məlumatlarda MMC-nin VÖEN-i (**********) də qeyd edilmişdir. Həmin VÖEN nömrəsinin həqiqətən MMC-yə məxsus olub-olmamasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytından kommersiya qurumlarının dövlət reyestri məlumatlarının yoxlanılması pəncərəsindən yoxlanılması mümkündür (Məhkəmə tərəfindən yoxlanılmış, müvafiq VÖEN nömrəsinin həqiqətən "xxxx" MMC-yə məxsus olduğu müəyyən edilmişdir).
46. Bunun əksinə, iddiaçı tərəfin etibarlı mənbə hesab etdiyi “Deluxe Pro”nun (təşkilati hüquqi forması məlum deyil) VÖEN-nin (**********) isə müvafiq saytdan yoxlanılması zamanı bu VÖEN-ə uyğun kommersiya qurumu ilə bağlı heç bir məlumat tapılmamışdır. Lakin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların yoxlanılması zamanı müvafiq VÖEN-in fərdi sahibkar X1 məxsus olduğu aşkar edilmişdir. İş materiallarından görünür ki, “Deluxe Pro” adından tərtib edilmiş qüsur aktını imzalan fərdi sahibkar Turan İsmayılov olmuşdur. Belə görünür ki, qüsur aktını tərtib edən də elə həmin fərdi sahibkar olmuşdur. Lakin aktın blankında nəyə görə "xxxx" yazıldığı, möhürdə nəyə görə “Deluxe Pro” qeyd edildiyi qeyri-müəyyəndir. Hər bir halda müvafiq icra hakimiyyəti orqanının rəsmi saytında nə “Deluxe Pro”, nə də "xxxx"ya aid məlumatlar aşkar olunmamışdır. Bu qeyd edilənlər müvafiq qüsur aktının etibarsız olması nəticəsinə gəlmək üçün kifayət etməsə də məhkəmə iddiaçının vəkilinin "xxxx" MMC-nin dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı məsələni mübahisələndirməsini nəzərə alaraq, qeyd edilənlərin fonunda "xxxx" MMC ilə müqayisədə “Deluxe Pro”nun dövlət qeydiyyatının mübahisələndirməyə daha açıq olduğunu vurğulamağı zəruri hesab edir.
47. Beləliklə, bütün bu qeyd edilənlər əsasında məhkəmə iş üzrə verilmiş əlavə ekspert rəyinin əsaslı olduğunu hesab edir və Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu nəticəsində İddiaçı məxsus avtomobilə ekspert rəyinə uyğun olaraq cəmi 2875 manat məbləğində zərər dəydiyi nəticəsinə gəlir.
48. Lakin məhkəmə qeyd edir ki, bu məbləğ bütövlükdə cavabdehlərdən iddiaçının xeyrinə tutula bilməz. Ona görə ki, məhkəmə iclasında iştirak edən iddiaçı da qəbul etmişdir ki, həmin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ona 2270 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarından da görünür ki, "xxxx" ASC avtomobilə dəymiş zərəri 2270 manat məbləğində qiymətləndirərək müvafiq qüsur aktı tərtib etmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, eyni yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə sığortaçı tərəfindən ödənilmiş pul təkrar təqsirli şəxsdən tutulmamalı, dəymiş zərərin (2875 manat) yalnız sığorta ödənişi (2270 manat) ilə əhatə edilməmiş hissəsi olan 605 (2875-2270) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
49. Məhkəmə bu cür nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, iddiaçıya sığorta ödənişi etmiş sığortaçı gələcəkdə ödədiyi sığorta ödənişinin hadisənin baş verməsində təqsiri müəyyən edilmiş şəxsdən subroqasiya qaydasında tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Əgər hazırkı qətnamə ilə dəymiş zərər bütövlükdə cavabdehlərdən tutularsa, bu o mənaya gəlir ki, cavabdehlər gələcəkdə iddiaçıya ödədikləri pulu təkrar sığortaçıya ödəməli olacaqlar. Odur ki, həm də bu səbəbdən məhkəmə avtomobilə dəymiş zərərə görə cavabdehlərdən yalnız 605 manat məbləğində pulun tutulmalı olduğu nəticəsinə gəlir.
50. Bu hissədə məhkəmə iddianın dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilmiş cavabdehlərdən 19995 manat məbləğində pul tutulmaqla “cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması” ilə bağlı qeyd edir ki, bu hissə hazırkı iş üzrə müstəqil tələb kimi qiymətləndirilə bilməz. Ona görə ki, tərəflər iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəymiş olması, bu ziyanın cavabdehlər tərəfindən qarşılanmalı olması və iddiaçının avtomobilinin təmir edilməli olması ilə bağlı onsuz da eyni mövqedədirlər. Onlar arasındakı əsas mübahisə avtomobilin təmiri üçün iddiaçıya ödənilməli olan pulun məbləği ilə bağlıdır. Belə olan halda məhkəmə “cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması”nı bu iş üzrə hüquqi nəticə doğuran müstəqil tələb kimi qiymətləndirmir. Eyni səbəbdən Cavabdeh1 “avtomobili hadisədən əvvəlki vəziyyətinə qaytarmağı qəbul etməsi” barədə ərizəsi iddianın etirafı kimi qiymətləndirilməmişdir.
51. Dəymiş zərərin Cavabdeh1 başqa həm də Cavabdeh2 MMC-dən tutulubtutulmaması ilə bağlı məhkəmə ilk növbədə yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilənləri xatırlatmağı zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır.
52. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC ona məxsus olan ** AA *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLZ 450” markalı nəqliyyat vasitəsini AC 726828 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh1 Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ vermişdir. Etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədədir. Lakin iş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh2 MMC-nin Cavabdeh1 adlı işçisi olmamışdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatında baş mütəxəssis (sürücü) vəzifəsində işləyir.
53. Bu vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi əsasında əmək münasibətləri olmadığı aşkardır. Bununla belə nəzərə alınmalıdır ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Hətta məhz bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında belə bir misal çəkilmişdir ki, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər.
54. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 və digər Cavabdeh2 MMC arasında faktiki əmək münasibətləri olmuş, Cavabdeh2 MMC-yə məxsus avtomobil məhz əmək funksiyalarının icrası üçün Cavabdeh1 etibar edilmiş, bununla bağlı cavabdehə müvafiq etibarnamə verilmişdir. Həmin etibarnamənin mövcudluğu və məzmunu Cavabdeh2 MMC tərəfindən iddiaya verilmiş etirazda da təsdiqlənmiş, lakin Cavabdeh1 MMC-nin işçisi olmadığı, sadəcə olaraq rəhbərliklə tanış olduğu üçün MMC-yə məxsus nəqliyyat vasitəsilə bəzi sənədlərin daşınmasının ona həvalə edildiyi bildirilmişdir. Məhkəmə təkrar qeyd edir ki, tərəflər arasında əmək müqaviləsinə əsaslanan işəgötürən-işçi münasibətlərinin olmaması onlar arasında faktiki əmək münasibətlərinin mövcudluğunu istisna etmir. Üstəlik, Cavabdeh2 MMC iddiaya etirazda həmin avtomobilin Cavabdeh1 məhz əmək funksiyalarının yerinə yetirilməsi (sənədlərin daşınması) üçün verildiyini təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında faktiki əmək münasibətləri mövcud olduğundan Cavabdeh1 Cavabdeh2 MMC-yə məxsus avtomobillə törətdiyi yol nəqliyyat hadisəsinə görə həm də Cavabdeh2 MMC birgə məsuliyyət daşıyır. Odur ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 605 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
55. İddia tələbinin 3000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir.
56. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.
57. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin sığortaçı tərəfindən qarşılanmamış hissəsinin cavabdehlərdən tutulmasının qət edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.
58. Son olaraq, iddiaçı cavabdehlərdən həm də 900 manat məbləğində ziyana görə pul tutulmasını tələb etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmunundan görünür ki, iddiaçı cavabdehlərdən dəymiş ziyan kimi tələb etdiyi bu pulu taksi üçün çəkilən xərc adı ilə tələb etmişdir. Lakin iş materiallarında iddiaçının hansısa məbləğdə taksi xərci çəkməsini təsdiq edən heç bir sübut yoxdur.
59. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).
60. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
61. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
62. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 900 manat məbləğində taksi xərci ilə bağlı hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri.
63. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 180 manat, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilərkən 12 manat olmaqla, cəmi 192 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada cəmi 23895 manat qiyməti olan iddiaçı üçün ödənilməli olan (161.6) rüsumdan artıq olmuşdur.
64. Bundan başqa, iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş iki ekspert rəyi mövcuddur. Bu rəylərin hər biri üçün ekspertiza xərci 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən edilmişdir.
65. İş materiallarında "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi və "xxxx" MMC-nin hesab məlumatları olsa da müvafiq xidmət haqqının məbləği barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyindən məhkəmə "xxxx" MMC tərəfindən çəkilmiş xərcə münasibət bildirmir.
66. Məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alan məhkəmə hesab edir ki, 23895 manatlıq iddianın təmin edilmiş 605 manatlıq hissəsi ümumi iddianın 2.5 %-ni təşkil etdiyindən ümumi 361.6 (161.6+100+100) manat məbləğində məhkəmə xərcinin 2.5 %-i olan 9 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, cəmi 200 manat məbləğində ekspertiza xərci isə iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
67. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 605 (altı yüz beş) manat məbləğində pul və 9 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, artıq ödənilmiş 30.4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, 200 (iki yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
68. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 605 (altı yüz beş) manat məbləğində pul və 9 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artıq ödənilmiş 30.4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. 200 (iki yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva