Məhkəmə qərarları › İş №2(010)-2918/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2918/2021

04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2918/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən daxil olmuş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ona dəymiş maddi ziyana görə 3460 (üç min dörd yüz altmış) manat, mənəvi ziyana görə 10000 (on min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun – cəmi 13490 (on üç min dörd yüz doxsan) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(003)-1791/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, iş üzrə cavabdehlərdən biri Masallı rayonunda, digəri isə Binəqədi rayonunda qeydiyyatdadır. Belə olan halda iddia cavabdehlərdən birinin qeydiyyat ünvanına görə ya Masallı, ya da Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunda “yaşadığı yer” yox, “rəsmi qeydə alındığı yer” anlayışından istifadə edilmişdir. Rəsmi sözünün mənası hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan deməkdir. (Azərbaycan dilinin izahlı lüğəti, dörd cilddə, üçüncü cild, 2006) Bu baxımdan məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş cavabdehin rəsmi qeydə alındığı yer anlayışı yaşadığı yer kimi başa düşülə bilməz. Nəzərə alınmalıdır ki, qanunverici də bu iki anlayışı bir-birindən fərqləndirmişdir. Məsələn, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsində qeyd edilir ki, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi, burada iddiaçının rəsmi qeydə alındığı yer yox, yaşadığı yer anlayışından istifadə edilmişdir. Sadəcə bu fakt onu deməyə əsas verir ki, bu iki anlayış eyniləşdirilə bilməz. Üstəlik, cavabdehin rəsmi qeydə alındığı yerə görə müəyyən edilən ümumi ərazi aidiyyəti qaydası cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi halda da keçərlidir. İlk növbədə ona görə ki, cəzaçəkmə müəssisəsinin həmin müəssisədə cəza çəkən məhkumların rəsmi qeydə alındığı yer kimi qəbul edildiyi qanunla müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində isə şəxsin rəsmi qeydə alındığı yerdən yox, yaşadığı yerdən bəhs edilir. İkincisi isə, cavabdehlərin hər ikisinin cəzaçəkmə müəssisəsində cəza çəkməsi o deməkdir ki, işə hansı məhkəmədə baxılmasından asılı olmayaraq cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün onlar müəssisədən məhkəməyə etap edilməlidir. Bu zaman işə cəzaçəkmə müəssisəsinin yerləşdiyi inzibati rayonun məhkəməsində, yaxud digər məhkəmədə baxılması yalnız məhkumu müəssisədən məhkəmənin inzibati binasına gətirən penitensiar xidmət avtomobilinin hərəkət marşrutunu qısalda bilər. Yəni işə məhz cəzaçəkmə müəssisəsinin yerləşdiyi inzibati rayonun məhkəməsində baxılmasının çəkişmə prinsipi, yaxud hansısa “səmərəlilik”lə heç bir əlaqəsi yoxdur. Nəticə hər bir halda eyni qalır, məhkumlar cəzaçəkmə müəsisəsindən istənilən məhkəməyə etap edilməlidir. Göründüyü kimi mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsə də işin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı vardır. Məhkəmə hesab edir ki, işə Masallı, ya da Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, işin aidiyyəti ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi arasında fikir ayrılığı yarandığından aidiyyət məsələsinin həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının MPM-in 45, 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARA A L D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işin aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar