Məhkəmə qərarları › İş №2(010)-292/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-292/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-292/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsmayılov Turqut Həsən oğlunun , Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mitsubishi Fuso” markalı, H 027 624 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1129 (bir min yüz iyirmi doqquz manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 1159.40 (bir min yüz əlli doqquz manat 40 qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsmayılov Turqut Həsən oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 xx xxxxxx 2014-cü ildə Cavabdeh2 məxsus idarə etdiyi “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində hərəkət edərək, manevr etmə qaydasının pozaraq düz istiqamətdə hərəkət edən “Mitsubishi Fuso” markalı H027 624 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Həmin hadisə nəticəsində “Mitsubishi Fuso” markalı H027 624 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 inzibati xəta haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin hadisə ilə əlaqədar “Mitsubishi Fuso” markalı H027 624 dövlət qeydiyyat nişanlı avtomobilə 3.230 manat məbləğində ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 012772 saylı sığorta aktına əsasən həmin dəymiş zərərlə bağlı İddiaçı Sığorta Şirkəti cəmi 3.230 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh1 subroqasiya qaydasında 2.101 manat İddiaçı Sığorta Şirkətinə ödəniş etmiş, qalan 1.129 manat zərər məbləği isə qalmışdır. “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olduğuna görə və hadisə baş verən zaman Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ödənilmiş sığorta ödənişi məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada subroqasiya hüququ əsasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.129 manat məbləğində sığorta ödənişi məbləği və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.159 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməiyini bildirərək göstərdi ki, “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı onun mülkiyyətində olsa da, o, həmin avtomobili etibarnamə əsasında satmışdır. Hətta həmin avtomaşının sığortalanması da Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Ona görə də, onun iddia tələbində qeyd olunmuş yol-nəqliyyat hadisəsi ilə hər hansı bağlılığı olmadığına görə, eləcə də hadisə ilə əlaqədar iddiaçı təşkilat ona heç bir məlumat verməmiş və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməmişdir. Məhkəmədə isə ona məlum olmuşdur ki, onuyn cavabdeh qismində cəlb olunmasına səbəb o olmuşdur ki, digər Cavabdeh1 iddiaçıya ödənişlərini dayandırmışdır. Ona görə də, iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 012772 saylı sığorta aktından görünür ki, xx xxxxxx 2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Mitsubishi Fuso” markalı H027 624 dövlət qeydiyyat nişanlı avtomobilə 3.230 manat zərər təyin olunmuşdur. Həmin sığorta aktında sığortalı qismində Cavabdeh1 kimi göstərilmiş və“Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2014-cü il tarixdən sığortalanmışdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində hərəkət edərək, manevr etmə qaydasının pozaraq düz istiqamətdə hərəkət edən “Mitsubishi Fuso” markalı H027 624 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə müşayiət olunan yol-nəqliyyat hadisəsi törətdiyinə görə o zaman qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mitsubishi Fuso” markalı H027 624 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 3.230 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçının izahatı ilə müəyyən edilir ki, Cavabdeh1 tərəfindən 3.230 manat məbləğində sığorta ödənişinın 2.101 manatı ödənilmiş,1129 manat məbləğində borc qalmışdır. İş materialları ilə müəyyən edilir ki, “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2013-cü il tarixdən xx xxxx 2015-ci il tarixədək Cavabdeh2 mülkiyyətində olmuşdur. Həmin avtomobilin idarə edilməsi xx xxxx 2013-cü il tarixdən xx xxxx 2023-cü il tarixədək etibarnamə ilə X1, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Cavabdeh1, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X3, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Cavabdeh1 verilmişdir. Məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 19/4899 №-li ekspert Rəyi ilə, texniki ekspertiza şöbəsinin x xxxxxx 2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla (dəyişilməli hissələrin qiyməti-2.560 manat, təmir-bərpa işlərinin qiyməti-670 manat) 2013-cü il buraxılışlı “Mitsubishi Fuco” markalı H027624 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.230 manat müəyyən edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla xx xxxx 2014-cü İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta ilə sığortalanmış, Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən idarə olunan “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cəmi 3.230 manat məbləğində pul vəsaitinin (sığorta ödənişinin) ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə də, yuxarıda təsvir olunanlarla İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 3.230 manat məbləğində pul vəsaitinin (sığorta ödənişi) zərərçəkmiş şəxsə ödənilməsi və həmin məbləğin 2.101 manat məbləğinin Cavabdeh1 tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi təsdiq olunduğundan məhkəmə qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı 1.129 manat məbləğinə sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə Cavabdeh2 barəsində iddia tələbini əsassız hesab edərək məhkəmə qeyd edir ki, həmin cavabdehə qarşı irəli sürülmüş tələb iddia ərizəsində ümumiyyətlə əsaslandırılmamış, məhkəmə iclasında isə iddiaçının nümayəndəsi bu tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuş bu hal isə sonuncunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən mülki məsuliyətə cəlb olunması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, işin materiallarında olan 012772 saylı sığorta aktı ilə müəyyən olunur ki, PAT********** saylı “İcbari sığorta müqaviləsi” üzrə sığortalı Cavabdeh2 deyil, məhz Cavabdeh1dur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Lakin hazırki işlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 yüksək təhlükə mənbəyi olan “Mercedes Benz” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi olsa da, hadisə baş verdiyi zaman həmin nəqliyyat vasitəsi digər şəxsin sahibliyi və istifadəsində olmuş və eyni zamanda həmin avtomobl Cavabdeh1 tərəfindən icbari sığortalanmışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki iddia ilə əlaqədar yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olması ilə əlaqədar məsuliyyəti istisna edilir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1.129 (min yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla - cəmi 1.159,40 (min yüz əlli doqquz manat 40 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar