Məhkəmə qərarları › İş №2(010)-293/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-293/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-293/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Höküməli oğlunun, Cavabdeh Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdeh Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğluna qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh X2 “Toyota Vitz” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2344 manat və “Baic M20” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1964 manat olmaqla, cəmi 4308 manat pulun və ödənilmiş 63.48 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri xx.xx.2019-cu il tarixdə X4 tərəfindən idarə olunan “Ford Transit” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Vitz” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı və “Baic M20” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Toyota Vitz” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2344 manat və “Baic M20” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1964 manat sığorta ödənişləri həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X4 müvafiq etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə Höküməli oğlu iddia tələbini müdafiə edərək tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğlu iddianı qəbul edərək, izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomaşını özü idarə etmişdir. Həmin zaman maşını idarə etmək üçün etibarnaməsi olmamışdır. Onun dostu Mahirin səhhəti pisləşdiyindən avtomaşını özü idarə etmişdir. Həmin avtomaşınla bağlı dostu Mahirin etibarnaməsi olmuşdur. İddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Belə ki, maddi imkanı çox ağırdır. Yalnız hissə-hissə həmin məbləği ödəyə bilər. İş materiallarına əlavə edilmiş: TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 089675 saylı sığorta aktından görünür ki, Cəfərov Tələt “Ford Transit” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (faydalanan şəxs "xxxx" ASC) xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə 55.000 manata sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Hövsan ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “Baic M20” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2548.00 manat təşkil edir. 081023 saylı sığorta aktından görünür ki, Cəfərov Tələt “Ford Transit” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (faydalanan şəxs X13) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə 55.000 manata sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Hövsan Zığ şossesi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “Toyota Vitz” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2920.00 manat təşkil edir. xx.xx.2020-ci il tarixli ödəmə tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC-ti tərəfindən A-GROUP İNSURANCE COMPANY JSC-nin xeyrinə 1964 manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli ödəmə tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC-ti tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 25609 manat məbləğində ödəniş etmişdir. "xxxx" MMC-nin qüsur aktından müəyyən olunur ki, “Baic M20” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 2548,20 manat məbləğində ziyan dəymişdir. "xxxx" Sığorta Şirkəti ASC-nin texniki ekspetizasının «nəqliyyat vasitəsinin yol nəqliyyət hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabat»dan görünür ki, “Toyota Vitz” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 2920 manat məbləğində ziyan dəymişdir. Suraxanı rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan-Zığ şossesində yerləşən Nəqliyyatda Baş Polis İdarəsinin /anında X4 idarə etdiyi «Ford Transit» markalı, **-FS-*** dövlət nömrə nişanlı avtomobil ilə yolun dönmək üçün icazəsi olmayan yerdən dönmək istəyən zaman X8 idarə etdiyi «Toyota Vitz» markalı, **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin və X6 idarə etdiyi «BAİC M 20» markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxdığı üçün toqquşaraq maddi ziyan vurmuşdur. xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, X1 Mahir İlqar oğluna “Ford Transit” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi etibar etmişdir. Həmin etibarnamə başqa şəxsə verilə bilməz. Etibarnamə 5 il 2 ay 8 gün müddətinə verilmişdir. "xxxx" Sığorta Şirkəti ASC-ti xx.xx.2021-ci il tarixli E.Cəlilova ünvanladığı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən ödənilmiş zərər məbləğini məktubu aldıqdan sonra 10 iş günü ərzində ödəməsini, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4) Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “Ford Transit” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdeh Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğlu idarə etdiyi “Ford Transit” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisə törədərək “Toyota Vitz” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı və “Baic M20” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşınlara maddi zərər vurmuşdur. TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğlu Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) törətdiyinə görə, barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC-ti tərəfindən hadisə nəticəsində zərər dəymiş “Toyota Vitz” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə 2344 manat və “Baic M20” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahibinə 1964 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 4308 (dörd min üç yüz səkkiz) manat həcmində subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğlundan ödənilmiş sığorta ödənişi müqabilində 4308 (dörd min üç yüz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASCnin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 63,48 (altmış üç manat qırx səkkiz qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğlundan ödənilmiş sığorta ödənişi müqabilində 4308 (dörd min üç yüz səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 63.48 (altmış üç manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar