Məhkəmə qərarları › İş №2(010)-3012/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3012/2024

28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3012/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 1900 manat əsas borc, 30 manat dam örtüyünün gətirilməsi üçün yük maşınına ödənilmiş pul, mənəvi ziyan olaraq 500 manat və dövlət rüsumu üçün ödənilmiş 46 manat, ümumilikdə 2476 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı 2023-cü ilin mart ayında məxsus olan BMW 530 markalı 2003-cü il buraxılış və **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyərkən X1 adlı şəxs yaxınlaşaraq avtomobili dostu ilə almaq istədiyini bildirdi. Dostu Cavabdeh ilə görüşdükdə Pərviz iddiaçıya bildirmişdir ki, pul əvəzi olaraq ona məxsus olan torpaq sahəsini verəcək, iddiaçı da bununla razılaşmış və razılaşmaları belə olmuşdur ki, Pərviz adına olan 5 ha torpaq sahəsindən 4 sot ayırıb iddiaçıya 19000 (on doqquz min) manat hesab edərək verəcək və iddiaçı da maşını 11000 (on bir min) manat hesab edərək əlavə 8000 (səkkiz min) manat verəcəkdir. Belə razılaşmışlar ki, yerdə qalan 8000 (səkkiz min) manat pulu noyabr ayına qədər verəcəkdir. Belə olan halda Pərviz dedi ki, noyabr ayına qədər torpağa etibarnamə verəcək, iddiaçı borcunu bağladıqda torpağı adına özəlləşdirəcəkdir. Bir müddət sonra Pərviz iddaçının yanına yaxınlaşaraq təcili pul lazım olduğunu deyib pulu ondan tələb etmişdir. İddiaçı ona bildirmişdir ki, onların razılaşması belə olmamışdı, cavabdeh iddiaçını noyabr ayına qədər gözləməli idi. Pərviz təcili olduğunu, hardansa pul tapıb verməsini təkidlə istədikdə belə razılaşdılar ki, 1500 manat, əlavə olaraq satdığı şiferdən versin. Elə də oldu, iddiaçı Pərvizə 1500 manat pul, əlavə 6500 AZN dəyərində dam örtüyü vermişdir. Lakin dam örtüyünü tanımadığı bir adamın həyətinə aparıb düşürtmüşdür. Sonra iddiaçı Pərvizdən borcu olmadığına görə torpağı iddiaçının adına özəlləşdirməsini istədikdə Pərviz iddiaçını aldadaraq müxtəlif vaxtlar vəd edərək torpağı verməkdən boyun qaçırdı. Belə olduqda iddiaçı avtomobil üçün verdiyi etibarnaməni ləğv etmiş və verdiyi dam örtüyünü hansı həyətə boşaltmışdırsa gedib götürmüşdür. Lakin dam örtüyündən az bir hissəsi (8 ədəd) istifadə edilmişdi. İstifadə edilən dam örtüyünün qiyməti 400 manat idi. İddiaçının avtomobili polis tərəfindən saxlanılaraq iddiaçıya təhvil verilmişdir. Hazırda Pərviz iddiaçıya 1900 manat əlavə olaraq şiferləri gətirmək üçün yük maşınına verdiyi 30 manat, mənəvi ziyan olaraq 500 manat və s. ziyan vurmuşdur. Pərviz pulunu könüllü şəkildə verməkdən imtina edərək nə bacarırsa edəcəyini söyləyir. Buna görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı bildirdi ki, şiferi götürən şəxs ona şiferə görə artıq 400 manat ödəmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları AR-İİ№ 952934 saylı xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixil, reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən icarə hüquqları ilə özünə məxsus olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 5.0 ha torpaq sahəsindən 400 kv.m olan hissəsinin icarə hüququ üzərində sərəncam verməyi (satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı) pulunu almağı, buna dair müqaviləni imzalamağı, həmin sahəyə dair daşınmaz əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların mohdudlaşdırılmasına dair arayış (forma 1) almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adımdan ərizə verməyi və digər bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 7 ay 28 gün müddətinə verilib və xx.xx.2023 il saat 23:59-dək qüvvədədir. RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 5,0 ha torpaq sahəsi Cavabdeh tərəfindən Abşeron rayon İcra hakimiyyətinin xeyrinə yüklü edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.7 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, cavabdeh Əliyev X2 rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 5.0 ha torpaq sahəsindən 400 kv.m olan hissəsi İddiaçı mülkiyyətinə vermək müqabilində iddiaçıdan 1500 manat məbləğində pul vəsaiti almışdır. Eləcə də, iddiaçının cavabdehə 6500 manat pul müqabilində şifer verməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh sözügedən pul vəsaitini özünə götürərək torpaq sahəsini iddiaçının istifadəsi və sərəncamına verməməsi əsassız varlanma sayılır və ona görə də iddiaçı 1530 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 500 manat məbləğində mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nədə ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1530 (bir min beş yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35,30 (otuz beş manat otuz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1530 (bir min beş yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35,30 (otuz beş manat otuz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar