Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3048/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh mülkiyyəti zəbt etdiyinə və bunun nəticəsində ona dəymiş maddi ziyana görə 110.000 manat, icarə haqqına görə 25.600 manat və tikinti xərclərinə görə 7-8 min manat və mənəvi ziyana görə 100.000 manat, cəmi 243.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları
2. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, qanuni qüvvəsi almış məhkəmə qətnaməsi ilə onun istifadəsində olan bağ sahəsinin iddiaçıya verilməsi qət olunmuşdur. Bundan sonra o, Sabunçu Rayon Məhkəməsində İddiaçı qarşı iddia qaldıraraq, ona dəymiş maddi zərərin ödənilməsi və cavabdehin qanunsuz sahibliyində olan torpaq sahəsinin ona qaytarılmasını xahiş etmişdir. Hazırda 2(008)-3536/2024 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatındadır və növbəti hazırlıq iclası 2024-cü ilin avqust ayına təyin edilmişdir. Hər iki tələb bağ sahəsində yaranmış mübahisə ilə bağlıdır.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 43. Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
Məhkəmənin mövqeyi
5. Məhkəmə hər iki mülki işin biri-biri ilə əlaqəli olduğunu və işlərə birlikdə baxılarsa, ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(010)- 3536/2024 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(008)-3536/2024 saylı mülki işə birləşdirilməsi məqsədəuyğundur.
6. Belə ki, həmin işlərin birləşdirilməsi həm də mübahisəyə daha operativ baxılmasına xidmət edəcəkdir.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(010)- 3048/2024 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(008)-3536/2024 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən Səlimə Miriyeva.