Məhkəmə qərarları › İş №2(010)-310/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-310/2023

10.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-310/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, X12 və X4 iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, X16 və X13) qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi. İddia tələbinin dəlilləri İddiaçı doğulduğu xx.xx.1965-ci il tarixdən başlayaraq hal-hazıra kimi ünvan 1 ünvanında yaşayır. Həmin ev rəsmi olaraq atası X14 adına olmuş, atası vəfat etdikdən sonra 1-ci dərəcə varis kimi anası X1 adına rəsmiləşdirilmişdir. Hal-hazırda da evin mülkiyyətçisi iddiaçıdır. Həmin dövrdə bacısıgilin ailəsi də onunla bir yerdə yaşadığına görə, onların ailə üzvləri də istifadə hüququ ilə həmin evdə qeydiyyatda olmuşdur. Bacısı oğlu Cavabdeh xx.xx.1996-cı il tarixində anadan olub, həmin vaxtdan da istifadə hüququ ilə iddiaçının mülkiyyətində olan həmin evin yerləşdiyi ünvanda qeydiyyatdadır. Lakin bacısı oğlu Cavabdeh bir neçə il bundan əvvəl bu ünvandan başqa naməlim yerə köçüb və həmin vaxtdan da bu ünvana qayıtmamışdır. Cavabdehin əvəzindən kommunal ödənişlərin iddiaçı tərəfindən ödənilməsi büdcəsinə ziyandır. Cavabdehin iddiaçının mülkiyyətində olan bu evdə yaşamamasına baxmayaraq, tanışları, dostları, iddiaçının və ailə üzvlərinin tanımadığı şəxslər onunla bağlı onu və ailə üzvlərini tez-tez narahat edirlər, bəzən də iddiaçının ailə üzvlərini təhdid edirlər. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək izahatında iddiasının təmin olunmasını xahiş etmişdir. O, bildirdi ki, cavabdeh onun bacısı oğludur. Cavabdehi atası rəhmətə gedəndən, 1999-cu ildən iddiaçı özü böyüdüb boşa-başa çatdırıb. Təxminən 17 yaşlarında Ukraynana təhsil almaq üçün getmiş, orada yaşamışdır. Cavabdeh tüfeyli həyat sürdüyündən ailəsi ilə münasibətləri pozulmuş, mütəmadi olaraq Azərbaycana gəlsə də onun evində qalmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında göstərdi ki, o, 1983-cü ildən həmin evə gəlin gəlmişdir. İddiaçının mərhum qardaşı İlhamın həyat yoldaşı olmuşdur. Cavabdeh 1996-cı ildə doğulub. Cavabdeh həddi buluğa çatandan sonra həmin evdə yaşamamışdır. Cavabdehin atası 1999-cu ildə vəfat edəndən sonra, o, bu ünvana gəlib nənəsinin yaşadığı hissədə yaşamağa başladı. Hazırda cavabdehin anası bu ünvanda yaşayır. Cavabdehin dəqiq yaşayış yerləri barədə məlumatları olmayıb. Cavabdehi dəfələrlə polis gəlib axtarmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında göstərdi ki, sözügedən evin paylı mülkiyyətçisi onun atası olmuşdur. Cavabdeh bibisi oğludur. İddiaçı onun əmisidir. Özü ailə qurandan sonra başqa ünvana köçüb gedib. Cavabdeh uzun müddətdir ki, bu ünvanda yaşamayıb. Təxminən 10 ildən çox olar. Cavabdeh problemli uşaq olub, Kazanda, Ukraynada yaşayıb. Cavabdehin anası ilə münasibətlərinin necə olmasını bilmirik. Sadəcə olaraq cavabdehlə bağlı dost tanışları onların ünvanından gəlib maraqlandıqlarına görə ailələrində narahatçılıq olur. Narahatçılıq yarandığına görə məsələnin həlli ilə bağlı əmisi məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 izahatında göstərdi ki, cavabdeh 10 il olar ki, həmin ünvanda yaşamır. Cavadeh 11 yaşından başladı evə yalnız gecələr gəlməyə. Cavabdeh 17 yaşlarından evə ümumiyyətlə gəlmir. Cavabdeh məktəbi bitirəndən sonra Ukraynaya köçmüş, mütəmadi olaraq Bakıya gəlmişdir. İş materiallarına əlavə edilmiş: MA seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 X15 adına 3/24 hissə və İddiaçı adına 21/24 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəlii reyestr kitabının 13961 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Forma № 2 arayışından görünür ki, ünvan 2 21/24 hissə ilə İddiaçı məxsusdur. Ailə tərkibi 13 nəfərdən- X24; X6; X7; X9; X17; X23; X2, X18; Cavabdeh; X19, X25 və X10 ibarətdir. Qonşuların iştirakı ilə tərtib edilmiş və Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh həqiqətən 2014-cü ilin avqust ayından indiyə kimi qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X39 (keçmiş Cabir Əliyev) küçəsi döngə 1, ev 7a ünvanında yaşamır. Hazırda yaşadığı ünvan barədə məlumatları yoxdur. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 21/24 hissədə paylı mülkiyyətçidir. Sözügedən fərdi yaşayış evinin 3/24 hissədə paylı mülkiyyətçisi vəfat etmiş qardaşı X20r. İddiaçı mənzil üzərindəki payı xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iş materiallarından görünən odur ki, bu mənzil hələ 1965-ci ildən iddiaçının ailəsinin istifadəsində olmuşdur. Cavabdeh iddiaçının bacısının oğludur. O, həmin fərdi yaşayış evinə 1999-cu ildən anası ilə birlikdə köçüb yaşamışdır. Beləliklə, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri (cavabdehin evdən istifadə hüququ) 2000-ci ildən əvvəl yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, yəni Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009cu il tarixdə isə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin müvafiq normalarından (§ 14), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından (§ 15) görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir. Hazırkı iş üzrə iddia tələbinin əsaslandırıcı hissəsindən, eləcə də iddiaçının verdiyi izahatlardan belə görünür ki, o, cavabdehin mənzildən istifadə hüququnun itirilməsinə dair tələbini cavabdehin 17-18 yaşlarında, təxminən 2014-cü ildən Ukraynada yaşaması, Azərbaycana mütəmadi olaraq qayıtsa da mübahisəli evdə ümumiyyətlə yaşamaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında bu faktları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər də təsdiq etmişdir. Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan da xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh 2014-cü ilin avqust ayından indiyə kimi qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X39 (keçmiş Cabir Əliyev) küçəsi döngə 1, ev 7a ünvanında yaşamaması müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evini qeyrikönüllü surətdə tərk etməsi, buna hər hansı bir məcburetmə hallarının olması da iş materialları ilə müəyyən edilmir. Məhkəmə hesab edir ki, şəxsin heç bir məcburetmə olmadan, könüllü surətdə yaşadığı evi 10 ilə yaxın müddətə tərk etməsini onun həmin evdən “daimi yaşamaq üçün getməsi” kimi qiymətləndirmək üçün ağlabatan müddətdir. Belə olan halda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazırkı işdə müəyyən edildiyindən Cavabdeh iddiaçının mülkiyyətindəki mənzildə olan yaşayış sahəsinə istifadə hüququnu itirmişdir. Odur ki, iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşdur. Son olaraq o da qeyd edilməlidir ki, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 9). Məhkəmə hesab edir ki, fərdi yaşayış evindən istifadə hüququnun itirildiyini təsdiq edən bu qətnamə də Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 3 saylı fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 3 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Fərdi yaşayış evindən istifadə hüququnun itirildiyini təsdiq edən bu qətnamə Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar