Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-314/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikinti nəticəsində iddiaçının otaqlarının təmir olunması, ona dəyən maddi ziyan 5000 manat və mənəvi ziyan 3000 manat hesab edilərək ödənilməsi, bütün xərclər (dövlət rüsumu, ekspertiza xərclərin cavabdehlərin üzərinə qoyulması, onun birinci mərtəbədə olan otağın zəbt olunmasının araşdırılması və ona maddi kompensasiya ödənilməsi, cinayəti törədənlərin məhkəməyə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı 2016-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Şərq 31 ünvanda fərdi ev almışdır. Ev kommunal cəhətdən tam yararlı olmuş, heç bir problemi olmamışdır. 2 il keçəndən sonra, yəni 2019-ci ilin yay aylarında paylı qonşusu Cavabdeh1 həbsdən qayıtmış və müəyyən müddətdən sonra 6-7 nəfər usta gətirməklə ümumi damın üstündə, yəni onun dam ərazisinə bitişik yerdə ev tikməyə başlamışdır. Ustalar hər gün gecəyə qədər (saat 11:00 kimi) onun dam hissədə işləyirdilər. Onun damda olan şiferləri tam yararsız vəziyyətə düşmüşdür. O, ustalardan apardıqları tikintidən İcra Hakimiyyətinin və yerli Bələdiyyənin məlumatı olduğunu soruşanda, ustalar ona bildirmişlər ki, həm bələdiyyə nümayəndəsi Cavabdeh3 və sahə müvəkkili Elton Salmanov tikintinin ilk vaxtlarında öz mobil telefonlarına şəkilərini çəkmişlər. Bu məlumatı ona Cavabdeh2 də demişdir. Bununla da yağış yağanda onun otaqları bərbad hala düşmüş, bütün oboylar qopmuş, otaqdan üfunət iyi yayılmışdır, tavan hissə tam qopmuşdur, yaşamaq mümkün deyildi. O, ərizə ilə Cavabdeh3 müraciət etmiş, ona bildirmişlər ki, belə qanunsuz tikilidən onun heç xəbəri yoxdur. Vəzifəli şəxs Cavabdeh3 Mülki Məcəllənin 217.5 maddəsinə və «Yerli İcra Hakimiyyəti haqqında» Əsasnaməyə əsasən üzərinə düşən vəzifəni icra etmədiyinə görə və bunun nəticəsində onun mülkiyyətinə dəyən ağır ziyanı nəzərə alaraq onun barəsində xüsusi qərar qəbul olunmalıdır. Evin sxemini və evin çıxarışını nəzərə alaraq bildirir ki, onun birinci mərtəbədə olan otağı qonşular tərəfindən zəbt olunmuşdur. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, digər Cavabdeh1 onun əridir, mübahisəli evdə inşa edilmiş tikili artıq sökülmüşdür. Tikili söküldükdən sonra yerinə pəncərə və nəfəslik qoyulmuşdur. İş üzrə verilmiş ekspert rəyində müəyyən edilmiş zərər həcmi ilə razı deyil. O, iddiaçının evinin tavanını borc-xərc edib düzəltdirmişdir. İddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 23.01.2020-ci il tarixli Suraxanı rayon İcra Hakimiiyyəti Başçısının Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cavabdeh3 və nümayəndənin müavini X3 iştirakı ilə tərtib və təsdiq edilmiş aktdan görünür ki, Bülbülə qəsəbəsi, Şərq küçəsi 31 ünvanında yaşayan İddiaçı müraciəti əsasında onun yaşadığı mənzilə baxış keçirmiş, İddiaçı istifadəsində olan mənzilin 7 kv.m. otağında dam örtüyünün su buraxması nəticəsində tavanı (7 kv.m.) və 31,8 kv.m. divar kağızının təmirə ehtiyacı olduğu müəyyən edildi. İstifadədə olan digər 11,84 kv.m. olan otağın yuxarı sağ tərəfinin künc hissəsində də nəmişlik müşahidə edilmişdir. 31.05.2020-ci il tarixli Suraxanı rayon İcra Hakimiiyyəti Başçısının Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cavabdeh3, nümayəndənin müavini X3 və Bülbülə Bələdiyyəsinin müavini X6 iştirakı ilə tərtib və təsdiq edilmiş aktdan görünür ki, Bülbülə qəsəbəsi, Şərq küçəsi 31 ünvanında yaşayan İddiaçı müraciəti əsasında onun yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Bülbulə qəsəbəsi, Şərq küçəsi 31 ünvanında yerləşən ev qədim tikilidir və həmin evdə yaşayan sakinlərin mənzilləri təmirə ehtiyaclıdır. İddiaçı yaşadığı mənzilində arxa otağın divarında nəmişlik və giriş otağının divarında çatlar aşkar edilmişdir. Mənzilin digər otağının tavan hissəsində dam örtüyünün su buraxması nəticəsində divarın təmirə ehtiyacı olduğu müşahidə edilmişdir. Evə daxil olmaq üçün yarımzirzəmidən keçən yol boyu tikilinin divarlarında rütubət və havasızlıqdan qabarmalar, kiflənmələr, eləcə də rütubət, qoxusu müəyyən edilmişdir. Mənzilə qalxan pilləkənin üzərində olan və qonşu ilə həmsərhəd olan hissədəki, açıq hissə qonşu Cavabdeh1 tərəfindən şüşə bloklarla hörülmüş və İddiaçı mənzilinə (pilləkən qəfəsinə) gələn havanın qarşısının alınmasına səbəb olmuşdur. Ünvana baxış yuxarıda adları çəkilən məsul şəxslər, eləcə də müraciət edənə sakin İddiaçı iştirakı ilə həyata keçirilmişdir. Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 08.06.2020-ci il tarixli 09- 15/1268 saylı məktubundan müəyyən olunur ki, mərkəzin mütəxəssisləri tərəfindən Bülbülə qəsəbəsi, Şərq küç, 31 ünvanına baxış keçirilmişdir. Baxış zamanı şikayətçinin bildirdiyi kimi pəncərə hörülmüş vəziyyətdə idi. Bu da həmin ünvanda havasızlığa şərait yaradır. Yaranmış vəziyyəti nəzərə alaraq lazımi tədbir görüb nəticəsi barədə Suraxanı rayon GEM-nə məlumat verilməsi xahiş olunmuşdur. RX seriyalı ******* saylı 07.05.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Şərq küçəsi, ev 31 xüsusi mülkiyyət kimi 2 otaq (y/s-20,34 kv.m.) olmaqla X1 və 3 otaq (y/s-40,1 kv.m.) olmaqla Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 127 ömrəli reyestr kitabının 11522 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı 26.01.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Şərq küçəsi, ev 31 xüsusi mülkiyyət kimi 3 otaq (y/s-4011 kv.m.) olmaqla Cavabdeh1 və 2 otaq (ü/s 36,55 kv.m. y/s-20,34 kv.m.) olmaqla İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 11522 nömrəli vərəqində qeydiyyata alınmışdır. 17.09.2020-ci il tarixli Suraxanı rayon İcra Hakimiiyyəti Başçısının Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini X3 və Bülbülə qəsəbə bələdiyyəsinin mühəndisi X4 iştirakı ilə tərtib və təsdiq edilmiş aktdan görünür ki, Bülbülə qəsəbəsi, Şərq küçəsi 31 ünvanında yaşayan İddiaçı müraciəti əsasında onun yasadığı mənzilə baxış keçirilmişdir. İddiaçı istifadəsində olan mənzilin dəhlizinin pilləkənlərinin qonşu ilə bitişik hissəsində diametri 100 mm olan boru keçirildiyi, dəhlizdən evin 2-ci mərtəbəsinə qalxarkən divarın sağ tərəfində də təqribən diametri 100 mm olan boru divarı deşərək salınmış və pilləkənin üzərində şüşə blokdan tikilmiş pəncərə önündə metal dirsəyin (kranşteyn) mövcud olduğu tərəfindən müşahidə edilmişdir. Bu problemə əsasən qonşu ilə danışıq aparmaq istəmiş, dəfələrlə ünvanına müraciət etdilsə də əlaqə saxlaya bilinməmişdir. Suraxanı rayon İH-nin 11.09.2019-cu il tarixli məktubundan görünür ki, ərizənin araşdırılması haqqında RlH-in tapşırığına əsasən RİHB-in Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış cavab məktubunda İddiaçı mənzilinə onun iştirakı ilə keçirilmiş baxış zamanı digər paylı müikiyyətçi olan qonşunun Cavabdeh1 tərəfindən öz mənzilində aparılan təmir-tikinti işləri zamanı onlara aid hissədə asbest şifer dam örtüyünün zədələndiyi, görülmüş tədbirlər nəticəsində damın qonşu tərəfindən zədələnmiş hissəsinin bərpa edildiyi, otağın təmiri haqqında göstərilən digər tələb barəsində İbiyevlər ailəsinə məlumat verildiyi ve qısa müddət ərzində yaranmış problemin aradan qaldırılmasının tapşırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.03.2021-ci il tarixli 10/4210 saylı rəyindən görünür ki, baxış zamanı əldə olunan və mülki iş materiallarında mövcud olan məlumatlara əsasən qeyd olunur ki, İddiaçı mənzilinin otaqlarında dam örtüyünün su buraxması və mənzilə qalxan pilləkənin üzərində və qonşu ilə həmsərhəd olan açıq hissənin şüşə bloklarla hörülməsi nəticəsində yaranmış qüsurların bərpası üçün lazım olan işlərin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1464 manat olduğu müəyyən olundu. Baxış zamanı əldə olunan və mülki iş materiallarında mövcud olan məlumatlara əsasən qeyd olunur ki, İddiaçı mənzilinin otaqlarında yaranmış qüsurlar dam örtüyünun su buraxması nəticəsində, iddiaçının mənzilinə qalxan pilləkənin ətraf divarlarında yaranmış qüsurlar isə mənzilə qalxan pilləkənin üzərində və qonşu ilə həmsərhəd olan açıq hissənin şüşə bloklarla hörülməsi nəticəsində yaranmışdır. Həmçinin qeyd olunur ki, iddaçı İddiaçı mənzilinin damında yaranmış qüsurların Cavabdeh1 yaşadığı evdə apardığı tikinti işləri nəticəsində baş veribvermədiyini müəyyən etmək mümkün olmadı. Suraxanı rayon məhkəməsinin 14.04.2021-ci il tarixli (hakim A.Qasımovun sədrliyi ilə) qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.08.2021-ci il tarixli 10/2014 №-li rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən İddiaçı adına verilmiş № ******* Seriya RX olan Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ümumi sahəsi 36.55 m2, yaşayış sahəsi 20.34 m2 olan mənzilinin sərhədləri müəyyən edilməsi mümkün olmuşdur. Belə ki, məhkəmənin 13.07.2021-ci il tarixli 2(010) 314/2021 nömrəli məktubu ilə 29.07.2021-ci ıl tarixdə Mərkəzə daxil olan əsaslı tikililərin mərtəbələr üzrə planlarında qeyd olunanları, eləcə də mülki iş materiallarında olan, Suraxanı rayonu İHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsi Cavabdeh3 imzası və rəhbərlik etdiyi qurumun möhürü ilə təsdiq edilmiş “Bülbülə qəsəbəsi Şərq küçəsi 31 № ev X5 məxsus hissənin abadlıq sxemi”ni və baxış zamanı əldə olunmuş məlumatları nəzərə aldıqda, mənzilin sərhədləri 1-ci mərtəbədə yerləşən 2 nömrəli otağa (S=8.14 m2), 5 nömrəli otağın bir hissəsinə (2.8 x 2.3 = 6.44 m2), 2-ci mərtəbədə yerləşən 8 nömrəli otağa (S=12.2m2), 11 nömrəli otağın bir hissəsinə (2.8 x 2.5 = 7 m2) eləcə də, ikinci mərtəbədə yerləşən ölçüləri 1.5 x 1.5 m (S= 2.25 rrv) ölçüdə olan hissəyə uyğun gəlir. Həmçinin qeyd olunur ki, tikilinin 1-ci mərtəbəsində yerləşən 2 nömrəli yaşayış otağı faktiki vəziyyətdə yaşayış otağı olaraq mövcud deyildir. Həmin yaşayış otağının yerləşməli olduğu yerdə faktiki vəziyyətdə tikilinin ikinci mərtəbəsinə qalxmaq üçün istifadə olunan dəhliz yerləşir. Mərkəzə təqdim olunmuş əsaslı tikililərin mərtəbələr üzrə planlarında və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən 26.01.2017-ci il tarixdə verilən RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 36.55 m2-lik ümumi sahə həmin sənədlərə uyğun olaraq müəyyən edilmiş sərhədlər daxilində iddiaçının faktiki istifadəsində mövcuddur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, qonşular tərəfindən aparılmış işlər nəticəsində İddiaçı mülkiyyətində və faktiki istifadəsində olan sahə arakəsmə divarlar vasitəsilə ümumi istifadədə olan sahələrdən təcrid olunmuşdur. Belə ki, faktiki vəziyyətdə iddiaçının özünün mülkiyyətində və faktiki istifadəsində qalan hissəsindən tikilinin damına qalxmaq üçün yer mövcud deyildir. Həmçinin iddiaçının tikilinin ikinci mərtəbəsinə qalxmaq üçün istifadə etdiyi pilləkənlərin üst hissəsində yerləşən boşluğun şüşə bloklarla hörülməsi nəticəsində tikiliyə təbii işığın və havanın daxıl olmasının qarşısı alınmışdır. İlkin ekspertiza rəyinin göstəriciləri, eləcə də, məhkəmənin 23.07.2021-ci il tarixli 2(010)~314/2021 nömrəli məktubu ilə 27.08 2021 -ci il tarixdə Mərkəzə daxil olan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rəşad Hacıyevin imzası ilə təsdiq edilmiş məktubda mövcud olan məlumatlara əsasən, Cavabdeh1 tərəfindən mübahisəli evin 3-cü mərtəbəsində əlavə otaqların inşa olunduğu, bu zaman aparılan təmir-tikinti işləri zamanı İddiaçı mənzilinin azbest dam örtüyünün zədələndiyi, zədələnən hissədən daxil olan sular nəticəsində mənzilin tikinti konstruktiv hissələri üzərində su sızmaya aid qüsurların yarandığı və bu qüsurların aradan qaldırılması üçün 1464 manat pul vəsaitinin lazım olduğu müəyyən olundu. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. Məhkəmə zamanı müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Şərq küçəsi 31 saylı evin 3 otağı Cavabdeh1 və 2 otağı İddiaçı paylı mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 30.08.2021-ci il tarixli 10/2014 №-li rəyindən görünür ki, Cavabdeh1 tərəfindən mübahisəli evin 3-cü mərtəbəsində əlavə otaqların inşa olunduğu, bu zaman aparılan təmir-tikinti işləri zamanı İddiaçı mənzilinin azbest dam örtüyünün zədələndiyi, zədələnən hissədən daxil olan sular nəticəsində mənzilin tikinti konstruktiv hissələri üzərində su sızmaya aid qüsurların yarandığı və bu qüsurların aradan qaldırılması üçün 1464 manat pul vəsaitinin lazım olduğu müəyyən edilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus mübahisəli evin 3-cü mərtəbəsində əlavə otaqların inşa olunması ilə bağlı aparılan təmirtikinti işləri zamanı İddiaçı mənzilinin azbest dam örtüyü zədələnmiş, zədələnən hissədən daxil olan sular nəticəsində iddiaçıya məxsus evin tikinti konstruktiv hissələri üzərində su sızmaya aid qüsurlar yaranmışdır. Bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan evdən iddiaçının əmlakına vurulmuş maddi zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və son nəticədə ondan 1464 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Digər Cavabdeh2 münasibətdə məhkəmə hesab edir ki, o da iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi tələbi üzrə digər Cavabdeh1 ilə müştərək qaydada məsuliyyət daşıyır. Belə ki, Cavabdeh2 mübahisəli evin paylı mülkiyyətçisi, digər Cavabdeh1 arvadı olması və həmin evdə yaşaması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya maddi ziyanın vurulmasına səbəb olan yaşayış sahəsini tutan şəxs kimi onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. Digər Cavabdeh3 münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hazırki iddia tələbi ilə bağlı sözügedən şəxsin təqsiri barədə hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin “birinci mərtəbədə olan otağın zəbt olunmasının araşdırılması və ona maddi kompensasiya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 30.08.2021-ci il tarixli 10/2014 №-li rəyindən görünür ki, mərkəzə təqdim olunmuş əsaslı tikililərin mərtəbələr üzrə planlarında və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən 26.01.2017-ci il tarixdə verilən RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 36.55 m2-lik ümumi sahə həmin sənədlərə uyğun olaraq müəyyən edilmiş sərhədlər daxilində iddiaçının faktiki istifadəsində mövcuddur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək və onu əsas götürərək hesab edir ki, iddia tələbi “birinci mərtəbədə olan otağın zəbt olunmasının araşdırılması və ona maddi kompensasiya ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 3000 manat məbləğində mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nədə ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyana görə 1464 (bir min dörd yüz altmış dörd) manat məbləğində vəsait alınaraq İddiaçı xeyinə tutulmalıdılır. İddia qalan hissəsi təmin edilməməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xidmətinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manatdan 15,20 (on beş manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 05 mart 2021-ci il və 30 avqust 2021-ci il tarixli bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. 50 (əlli) manat ekspert xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyana görə 1464 (bir min dörd yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumu və bank xidmətinə görə 15,20 (on beş manat iyirmi qəpik) manat məbləğində vəsait alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissəsi təmin edilməsin. Məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri qismində 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri qismində 50 (əlli) manat İddiaçı Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-314/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-314/2021
05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qanunsuz tikilinin sökülməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver