Məhkəmə qərarları › İş №2(010)-3168/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3168/2023

02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3168/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi tələbinə dair» mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18000 manat məbləğində əsas borcun, 144 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 18,144 (on səkkiz min yüz qırx dörd) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında göstərdi ki, 2017-ci ildə Cavabdeh baldızı X18, X28 və “X27” Açıq Səhmdar Cəmiyyətinin birgə müqaviləsinə əsasən, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazonov küçəsi, döngə 1, dalan 5-də ilkin olaraq 3 mərtəbə, üstü mansar 33 mənzildən ibarət bina inşa edildi. X19 məsləhəti ilə Cavabdeh, baldızı X1 nümayəndəsi kimi binanın tikilməsində, satışı ilə bağlı bütün işlərin aparılması tapşırıldı. O da digər sakinlər kimi satış müdiri olan Cavabdeh yaxınlaşmış, tikilinin şərtləri ilə maraqlandıqdan sonra şərtlər onu qane etdiyinə görə oradan mənzil almaq istəmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5-də inşası aparılan 1 nömrəli, 4 mərtəbəli, 33 mənzilli yaşayış binasından, dəyəri 18.000 manat olan 29 kv/m, 31 saylı mənzilə görə 16 noyabr 2017-ci il tarixli, 11/15 nömrəli müqavilə bağlayaraq, 18.000 manat pulu şəxsən ödəmişdir. Ona həmin pulun dəyərində olan mənzil üçün müqavilə və borcunun olmaması barədə maliyə arayışı təqdim edilmişdir. Sonradan 33 mənzilli binadan digər sakinlər iki evi alıb birləşdirdiyi üçün mənzilin sayı 30-a düşmüşdür. Beləliklə ona verilən mənzil 31-ci mənzil 27-yə dəyişərək, müqavilədə dəyişiklik etmişlər. Beləliklə o, mütəmadi olaraq alacağı evlə maraqlanmışdır ki, təmir işləri aparsın. Sonradan ona məlum olmuşdur ki, X32, X28 və “Unibank KB” əlbir olub öz çirkin oyunlara onların zülmlərlə qazanıb aldıqları evləri qurban ediblər. X32 imkan verməmişdir ki, həmin evini təmir etdirib yaşasın. Cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərindən və ondan aldıqları pulları qaytarmadıqlarından, onların barəsində şikayət etmişlər və cavabdehlərin ona və qeyrilərinə qarşı hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlıqları kimi qiymətləndirilərək, onlar Binəqədi rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü ilə müvafiq olaraq Azərbaycan Respublikasının CM-nin 308.2,313,32.4,313-cü maddələri ilə təqsirli bilinərək, müxtəlif cəzalara məhkum edilmişlər. Cinayət işinin ibtidai istintaq zamanı və iş məhkəmədə baxılan ərəfədə cavabdehlər ona vurduğu maddi ziyanın ödənilməsini təmin etməmişlər. Cinayət işi məhkəmədə baxılan zaman ona dəymiş maddi ziyanla bağlı cavabdehlərə mülki iddia verməmişdir. Göründüyü kimi Cavabdeh 16 noyabr 2017-ci ildə ondan 18.000 manat məbləğində pul alması və həmin pulu cavabdehlər X32 və X28 ilə birlikdə inşa etdikləri binanın tikintisinə istifadə etməklə, bu günədək ona qaytarmamaları Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin Cavabdeh və X32 və X33 haqqındakı 04 fevral 2020-ci il tarixli ittiham hökmü ilə müəyyən edilmişdir. O, X25 və X20 qarşı ödənilmiş pul vəsaitinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və onun iddia tələbi qismən təmin olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Nərimanov rayon Məhkəməsinəin qətnaməsi ləğv edilmiş və onun iddia tələbi təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, hökm ilə mənzilə dair müqavilənin iş üzrə məhkum edilmiş şəxs Cavabdeh ilə bağlandığını və 18000 manat məbləğində pulun onun tərəfindən alınması öz təsdiqini tapdığından iddia tələbi rədd olunmuşdur. Qeyd olunanlara əsasən hazırda iddia tələbini hazırkı cavabdehə qarşı qaldırmışdır. Ona görə də o, cavabdehdən ona olan 18.000 manat məbləğində əsas borcun, ödədiyi 144 manat dövlət rüsumunun, ümumilikdə 18.144 (on səkkiz min yüz qırx dörd) manat məbləğində pulun tutularaq qaytarılmasını tələb edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini və səhhətinin ağır olduğu üçün məhkəmə iclasının xx.xx.2024-cü il tarixdən sonraya təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil Tikinti Şirkətinin mənzil tikintisi haqqında xx.xx.2017-ci il tarixli müqaviləsindən müəyyən olunur ki, Şirkətin Direktoru Cavabdeh ilə “Payçı” İddiaçı arasında bağlanmış müqavilə üzrə ümumilikdə 20400 (iyirmi min dörd yüz) manat dəyərində olan Bakı şəhəri, ünvan 1 ünvanında 0,06 ha sahədə öz vəsaiti hesabına inşa edilmiş 4-mərtəbəli yaşayış binası 4-cü mərtəbəsində 1 otaqlı 27 saylı mənzilinə ödənişdən 18000 manat ödəniş etmişdır. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil Tikinti Şirkəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4-mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 1 otaqlı 31 saylı mənzilin dəyərini İddiaçı mənzilin dəyərini ödəmiş və alıcının borcu yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)- 10/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının CM-nin 303.2-ci maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təqsirli bilinsin və 01 (bir) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının CM-nin 308.2 və 313-cü maddələrin ilə təyin edilmiş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaq yolu ilə onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, təqsirləndirilən şəxs Cavabdeh cəzasının əvvəli 28 yanvar 2020-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs X32 Azərbaycan Respublikasının CM-nin 32.4, 313-cü maddəsi ilə təqsirli bilinməsi və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilməsi, təqsirlənidirilən şəxs X25 münasibətdə hökmün icrası Nərimanov Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs X19 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, təqsirlənidirilən şəxs X28 Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təqsirli bilinsin və 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, təqsirlənidirilən şəxs X21 münasibətdə hökmün icrası Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi, təqsirlənidirilən şəxs X16 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, mülki iddiaçı - X9 mülki iddiası baxılmamış saxlanılması, mülki iddiaçı - X8 mülki iddiası təmin edilməsi, Cavabdeh 36000 (otuz altı min) manat məbləğində pul vəsaiti tutularaq X15 ödənilməsi, mülki iddiaçı - X4 mülki iddiası təmin edilmiş Cavabdeh 14400 (on dörd min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq X5 ödənilməsi, mülki iddiaçı - X7 mülki iddiası qismən təmin edilsin. Cavabdeh 15840 (on beş min səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq X10 ödənilməsi, mülki iddiaçı - X7 iddiası qalan hissədə təmin edilməmiş, mülki iddiaçı - X2 mülki iddiası qismən təmin edilməsi, Cavabdeh 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməsi, mülki iddiaçı - X2 iddiası qalan hissədə təmin edilməmiş, mülki iddiaçı - X22 mülki iddiası qismən təmin edilməsi, Cavabdeh 9721 (doqquz min yeddi yüz iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq X26 ödənilməsi, mülki iddiaçı - X22 iddiası qalan hissədə təmin edilməsi, mülki iddiaçı - “X31” Açıq Səhmdar Cəmiyyətinin mülki iddiası təmin edilməsi, Cavabdeh 64416,2 (altmış dörd min dörd yüz on altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq “X31” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə maddi sübutlar - 01 ədəd CD disk, “Bakı Nyus Servis” və “X38” fərdi tikinti şirkətinin möhürləri, alqı-satqı müqavilələri, ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 104 (yüz dörd) manat təqsirləndirilən şəxslər Cavabdeh, X11 və X17 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, təqsirləndirilən şəxs X20 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X23 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat xidmət haqqı ödənilməsi, təqsirləndirilən şəxs Cavabdeh göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhər 11 sayli Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat xidmət haqqı ödənilməsi, xidmət haqqının ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2963/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X25 və X20 qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X17 və X13 müştərək qaydada 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4076/2021 saylı qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-1333/2021 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-7456/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, cavabdeh X19 apellyasiya şikayəti təmin olunmuş, Bakı Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi cavabdeh X25 aid hissədə ləğv edilmiş, İddiaçı cavabdeh X25 qarşı pul tələbinə dair iddiası təmin olunmaması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bu Məcəllənin 1091.2.-ci maddəsinə əssaən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Şirkətinin Direktoru Cavabdeh ilə “Payçı” İddiaçı arasında mənzil tikintisi haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə və maliyyə arayışına əsasən mənzilin dəyəri 18000 manat İddiaçı tərəfindən ödənilmiş və alıcının borcu olmamışdır. Sonradan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-10/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının CM-nin 308.2 və 313-cü maddələri ilə 02 (iki) il 06 (altı) ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh İddiaçı 18000 manat pul vəsaiti alması öz təsdiqini tapmışdır. Sonradan İddiaçı X25 və X20 qarşı ödənilmiş pul vəsaitinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və onun iddia tələbi qismən təmin olunmuşdur. Lakin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-7456/2022 nömrəli qətnaməsi ilə cavabdeh X19 apellyasiya şikayəti təmin olunmuş, Bakı Nərimanov rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi cavabdeh X25 aid hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4076/2021 saylı qərarından müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-1333/2021 nömrəli qətnaməsi ilə 18000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun X13 iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş və iddia tələbi X20 aid hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və iddiaçıya izah olunmuşdur ki, cinayət işi üzrə qəbul edilmiş hökmə əsasən Cavabdeh qarşı iddia tələbi irəli sürə bilər. Təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh 18000 manat məbləğində pul vəsaitinin verilməsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-10/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-7456/2022 nömrəli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4076/2021 saylı qərarında öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarında qeyd olunur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İddia edilən maddi vəsait tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdehə verilsə də, sonradan həmin şəxs rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı nəticəsində məhkum edilmişdir. Tərəflər arasında bağlanmış həmin müqavilə bağlandığı andan özlüyündə etibarsız olan əqddir və əhəmiyyətsiz əqd kimi tərəflər üçün heç bir hüquqi nəticə doğurmur. Cavabdeh şəxsin qanunazidd əməli və bu əməlin nəticəsi arasında səbəbli əlaqə mövcud olduğundan və iddiaçıya məxsus olan pul vəsaitinin cavabdeh tərəfindən əldə olunması ilə bağlı sübut təqdim olunduğundan məhkəmə cavabdehin əldə etdiklərini əsassız varlanma hesab edir və iddiaçı tərəfin pulun qaytarılmalı barədə iddia tələbini əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 18.000 manat məbləğində pul vəsaiti və 144 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar