Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3180/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Süleymanova (Denisova) İrina Sergeyevnaya qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Süleymanova (Denisova) İrina Sergeyevnaya qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 azyaşlı oğlu X6 ilə birlikdə, Cavabdeh2, Cavabdeh3, Süleymanova (Denisova) İrina Sergeyevnanın Bakı şəhəri, ünvan 1-dən istifadə hüquqları itirilmiş hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, ev 11 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən tam pay hüququ ilə ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 onun gəlini, Cavabdeh3 onun nəvəsi, X1 qızıdır. Habelə mənzilində oğlu Cavabdeh1 ilə gəlini Cavabdeh2 nikahından doğulmuş yetkinlik yaşına çatmamış nəvəsi X6 qeydiyyatdadır, lakin faktiki olaraq Rusiya Federasiyası, Sankt Peterburq şəhəri, Kirovsk rayonu, Daçnıy Prospekti, ev 36, korpus 4, litera A, mənzil 31-də yaşayır və Rusiya Federasiyasının vətəndaşdır. Cavabdehlər Rusiya Federasiyasında daimi yaşayırlar, Rusiya Federasiyasının vətəndaşıdırlar, daimi yaşayış yerləri Rusiya Federasiyasıdır, cavabdehlər onun mülkiyyətində olan mənzildən istifadə etmirlər. Cavabdehlər mübahisəli mənzildən uzun müddət (on beş il müddətində) və davamlı olaraq könüllü istifadə etməmişlər, çünki onların mənzildəki yaşayış sahəsinə olan ehtiyacları olmamışdır və mənzillə bağlılığını da itirmişlər. 2009-cu ildən cavabdehlərin yaşayış yeri onun mülkiyyətində olan mənzil olmamışdır və mənzildə onların heç bir əşyası da yoxdur. 2009-cu ildən onlar daimi olaraq Rusiya Federasiyasının ərazisində yaşayırlar. O tək yaşayır, bu səbəbdən də ona Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi yanında DSMF-nin Sosial Xidmətlər Agentliyindən sosial xidmətçi təyin edilmişdir. Belə ki, ona məxsus olan evini satmaq, bağışlamaq, ipoteka qoymaq və digər məqsədlər üçün cavabdehlərin razılığı tələb olunur, halbuki 15 ildir ki, cavabdehlər başqa bir mənzildə, ümumiyyətlə Azərbaycan Respublikasında yaşamırlar, cavabdehin evində qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından cavabdehlərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasını istəyir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, xanımın övladları 15 ildir burada yaşamırlar. Notarial qaydada təsdiqlənmiş öz razılıq ərizələrini də göndəriblər. İddiaçı evi satıb uşaqlarının yanına getmək istəyir. Qeydiyyat başqa şəxslər olduğuna görə evi almaq istəmirlər. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, övladları 15 ildir burada yaşamırlar. Getdikdən 10 il sonra Rusiya vətəndaşlığı aldılar. Onlar bura gəlmirlər. Əlaqəsi var, notarial qaydada təsdiqlənmiş razılıq ərizələrini də göndəriblər. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, İddiaçı qonşusudur. Yelizaveta xanım tək yaşayır. 15-20 ildir tanıyıram, tək yaşayır. Oğlanlarından biri rəhmətə gedib, qalan uşaqları Rusiyada yaşayır. Onların gəldiyini görməmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, iddiaçının baxıcısıdır. O, 3 saylı Dost Xidmətində sosial xidmətçi kimi işləyir. 6 aydır iddiaçıya o baxır. Evini yığışdırır, bazarlığını edir, kommunal ödənişləri edir. Xanımın şəkəri var. Həyətdə gəzir, amma gedib dərmanlarını o alır. 70-dən yuxarı olanları götürürlər. Özü gəzir, yemək bişirir. 1,5 saat yanında olurlar. Həftədə 1 dəfə gedir. Uşaqlarını görməmişdir. Rusiyada yaşadıqlarını bilir. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, iddiçıya o baxmışdır. Liza xanımın işi ilə bağlı gəlmişdir. Tək yaşayır. Pandemiya vaxtından ona xidmət göstərir. Yaşı 70-dən çoxdur. Uşaqlarını, nəvələrini görməmişdir.Telefonla danışdığını da görməmişdir. Uşaqlarının sayını bilmir. Uşaqları barədə danışmayıb. İş materialları. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 027170 nömrəli xx.xx.2004-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayram küçəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 75,9 kv.m, ümumi sahəsi 105,5 kv.m torpaq sahəsindən ibarət 11 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ******* saylı xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayram küçəsi ev 11-də xx.xx.1949-cu il təvəllüdlü İddiaçı, xx.xx.1972-ci il təvəllüdlü X7, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar. Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 974 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-177/2-24313/2024 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli **********4 nömrəli ərizəsi əsasında 3 saylı Dost Mərkəzi tərəfindən onun sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi aparılmış və evdə (səyyar) sosial xidmətin göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərar qəbul edilmişdir. Hal-hazırda İddiaçı evdə (səyyar) sosial xidmətlərin göstərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-38-2/33-1962/2024 nömrəli məktubundan görünür ki, şəxslərin ölkə hüdudlarını keçmələri barədə məlumatlar istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Bununla yanaşı, X2, Cavabdeh1, Cavabdeh3, X4 və Cavabdeh2 dövlət sərhədindən hərəkəti barədə məlumatların əldə olunması üçün AR Vəkillər Kollegiyasından orderin və ya məhkəmə tərəfindən müvafiq sorğunun olması zəruridir. Moskva şəhəri Marfino rayonu üzrə Rusiya DİNŞ-nin Miqrasiya Məsələləri üzrə şöbəsi tərəfindən verilmiş 45 23 174821 nömrəli pasportun notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.1977-ci ildə Azərbaycan SSRİ, Bakı şəhəri, Şaumyan rayonunda doğulmuş və 13 oktyabr 2022-ci ildən Moskva şəhəri, Botaniçeskaya küçəsi, ev 33, korpus 5, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh1 Suraxanı rayon məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial qaydasında təsdiq edilmiş ərizəsində bildirmişdir ki, o, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1 ünvan 4 ünvanında olan mənzilə hüququna xitam verilməsinə razıdır, çünki orada yaşamır və Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli notarial qaydasında təsdiq edilmiş ünvanda qeydiyyat haqqında arayışdan görünür ki, xx xxxxxx 1977-ci il təvəllüdlü, doğum yeri Bakı olan Cavabdeh1 13 oktyabr 2022-ci ildən Moskva şəhəri, Botaniçeskaya küçəsi, ev 33, korpus 5, mənzil 2 ünvanında qeydiyyatdadır. Cavabdeh2 Suraxanı rayon məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial qaydasında təsdiq edilmiş ərizəsində bildirmişdir ki, o, Cavabdeh2 Rusiya Federasiyasında yaşadığı və Rusiya Federasiyasının vətəndaşlığına malik olduğu üçün Azərbaycan Respublikası ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 10334649 nömrəli notarial qaydasında təsdiq edilmiş qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə özəlləşdirilmiş Sankt-Peterburq şəhəri, Daçnı prospekti, ev 36, k.4, lit A, 31 nömrəli mənzildə Cavabdeh2, Cavabdeh1, X6, Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil ümumi əmlak mülkiyyət hüququ ilə Cavabdeh2 və Cavabdeh1 məxsus olmuşdur. Sankt-Peterburq şəhəri Kirovski rayonu üzrə Rusiya DİN idarəsi miqrasiya məsələləri üzrə 2 nömrəli şöbəsi tərəfindən verilmiş 40 19 409322 nömrəli pasportun notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.1979-cu ildə Azərbaycan SSRİ, Bakı şəhəri, Şaumyan rayonunda doğulmuş və 06 oktyabr 2020-ci ildən Sankt-Peterburq şəhəri, Daçnı prospekti, ev 36, k.4, lit A, mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh3 Suraxanı rayon məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial qaydasında təsdiq edilmiş ərizəsində bildirmişdir ki, o, Cavabdeh3 Rusiya Federasiyasında yaşadığı və Rusiya Federasiyasının vətəndaşlığına malik olduğu üçün Azərbaycan Respublikası ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir. Sankt-Peterburq şəhəri Kirovski rayonu üzrə Rusiya DİN idarəsi miqrasiya məsələləri üzrə 2 nömrəli şöbəsi tərəfindən verilmiş 45 23 960359 nömrəli pasportun notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 xx.xx.2002-ci ildə Azərbaycan, Bakı şəhərində doğulmuş və 17 mart 2021-ci ildən Sankt-Peterburq şəhəri, Daçnı prospekti, ev 36, k.4, lit A, mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşayır. Samara vilayəti üzrə Rusiya DİN Bİ Samara şəhəri üzrə Rusiya DİNİ Kirov rayonu üzrə Polis şöbəsinin miqrasiya məsələləri üzrə şöbə tərəfindən verilmiş 36 23 368387 nömrəli pasportun notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1972-ci ildə Azərbaycan, Bakı şəhəri, Şaumyan rayonunda doğulmuş və 15 fevral 2024-cü ildən Samara vilayəti, Samara şəhəri, Olimpiyskaya küçəsi, ev 43, mənzil 24 ünvanında qeydiyyatda olmaqla yaşayır. X7 Suraxanı rayon məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial qaydasında təsdiq edilmiş ərizəsində bildirmişdir ki, o, X7 Azərbaycan Respublikası ünvan 4 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsinə qarşı etiraz etmir, çünki həmin ünvanda yaşamır, Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 6949 nömrəli notarial qaydasında təsdiq edilmiş qeydiyyat haqqında arayışdan görünür ki, X7 Samara şəhəri, Kirov rayonu, Olimpiyskaya küçəsi, ev 43, mənzil 24 ünvanında qeydiyyatdadır, mənzil özəlləşdirilib. Sankt-Peterburq şəhəri Kirovski rayonu üzrə Rusiya DİN idarəsi miqrasiya məsələləri üzrə 2 nömrəli şöbəsi tərəfindən verilmiş 40 22 037133 nömrəli pasportun notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə Azərbaycan, Bakı şəhərində doğulmuş və 06 oktyabr 2020-ci ildən Sankt-Peterburq şəhəri, Daçnı prospekti, ev 36, k.4, lit A, mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşayır. Sankt-Peterburq şəhəri Admiralteyski və Kirovski rayonları hərbi komissarlıqları tərəfindən xx.xx.2024-cü il tarixli, CA № ******* nömrəli hərbi xidmətə çağırılacaq vətəndaşın vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 doğum yeri Bakı şəhəri olaraq qeyd edilib. xx.xx.2024-cü ildə vətəndaşların hərbi qeydiyyata alınması üzrə Komissiya tərəfindən - Sankt-Peterburq şəhəri Admiralteyski və Kirovski rayonları hərbi komissarlıqları tərəfindən müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ...228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi ...52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2004-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin çıxarışından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayram küçəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 75,9 kv.m, ümumi sahəsi 105,5 kv.m torpaq sahəsindən ibarət 11 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Cavabdehlər iddiaçının yaxın qohumlarıdır (qızı, oğlu, gəlini və nəvələri). Sözügedən mənzildən cavabdehlərin istifadə hüququ vardır. İddiaçı cavabdehlərin həmin yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. İşin hallarından müəyyən edilir ki, cavabdehlər Rusiya Federasiyasının vətəndaşıdırlar və orada qeydiyyatda olmaqla, yaşayırlar. Həmçinin cavabdehlər ərizələrində mübahisələndirilən mənzildə yaşamadıqları səbəbindən, həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə razılıq verməklə, birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan X4 də istifadə hüquqlarına xitam verilmiş olur. Məhkəmə qeyd edir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Eyni zamanda, məhkəmə tərəfindən dindirilmiş şahidlər də təsdiq etmişdir ki, iddiaçı uzun illərdir ki, tək yaşayır, yaxın qohumları isə Azərbaycanda deyillər. Bu baxımdan məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də cavabdehlər iddianı etiraf etdiyindən iddia tələbi təmin edilməli, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 azyaşlı oğlu X6 ilə birlikdə, Cavabdeh2, Cavabdeh3, Süleymanova (Denisova) İrina Sergeyevnanın İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi, 11 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 azyaşlı oğlu X6 ilə birlikdə, Cavabdeh2, Cavabdeh3, Süleymanova (Denisova) İrina Sergeyevnanın İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi, 11 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-3180/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3180/2024
22.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver