Məhkəmə qərarları › İş №2(010)-322/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-322/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-322/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada əmlakına vurulmuş zərərin əvəzi kimi 4175 manat. Hadisə yerindən daşınma xərcləri 40 manat, 4 ay müddətində taksilərə verilən 600 manat, cəmi 4815 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 17 saylı notariusun yanından limanad zavoduna gedən yolda özünə məxsus "CHERY COWİN" markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcında, yəni dördyolda sol tərəfdən yüksək sürətlə hərəkətdə olan "Renault Megane" markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sol qabaq qanadından vuraraq onu ciddi şəkildə zədələmişdir. Hadisə yerinə gəlmiş Sabunçu Rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşı X3 tərəfindən inzibati araşdırma aparılmış və nəticədə Cavabdeh1 məxsus avtomobili idarə edən sürücü Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinmiş və onun barəsində xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bunun nəticəsi olaraq ona məxsus "CHERY COWİN" markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli No49/2022 saylı qüsur aktına əsasən 4175,00 (dörd min yüz yetmiş beş) manat maddi ziyan dəymişdir. Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis leytenantı X4 bu faktla bağlı araşdırma apararaq 11 iyul 2022- ci il tarixdə qərar qəbul etmişdir. Belə ki, araşdırma zamanı hadisəni törətmiş vətəndaş Cavabdeh2 izahatında bildirmişdir ki, 03 iyun 2022-ci il tarixdə "xxxx" MMC rentacar şirkətindən "Renault Megane" markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat olmaqla kirayə götürərək yol vərəqəsi və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Hadisə baş verən zaman hadisəni törədən avtomobilin icbari sığortası olmamışdır. Bununla əlaqədar olaraq ona dəymiş ziyan barədə dəfələrlə hadisəni törətmiş Cavabdeh2 bildirsə də heç bir nəticəsi olmamış, avtomobilə dəymiş 4175 manat ödənilməmişdir. Hal-hazırda cavabdeh zənglərini qəbul etmir, qərəzli şəkildə boyun qaçırır. Hesab edir ki, nəticədə onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, hadisə baş verdikdən sonra avtomobil yararsız hala düşmüşdür və bununla əlaqədar olaraq hadisə yerindən avto-təmir müəssisəsinin yerinə evakuator xidməti ilə daşınmışdır. İlk olaraq bu xidmətin göstərilməsi üçün avtoservis yerinə çatdırılmasına görə o, 40 manat ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi, baş vermiş hadisə nəticəsində əmlakına 4175 manat məbləğində zərər dəymişdir. Bununla əlaqədar hesab edir ki, cavabdehlər, yəni avtomobilin sahibi Cavabdeh1, sürücü Cavabdeh2 və "xxxx" MMC rentacar şirkəti tərəfindən əmlakına təqsirli olaraq zərər yetirilmişdir. Belə ki, avtomobilin sahibi avtonəqliyyat vasitəsini sığorta etsə idi hadisə baş verən zaman sığorta şirkəti tərəfindən ona dəymiş ziyan ödənilmiş olardı. Hadisə zamanı avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı halda Cavabdeh3 MMC şirkəti xx.xx.2022-ci il tarixdə Cavabdeh2 0040 nömrəli yol vərəqəsi vermişdir. Belə olan halda sığorta ödənişi ilə əhatə olunmayan zərər məbləğinin əvəzi məhz cavabdehlər tərəfindən ödənilməlidir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir və ödənilməlidir. Ona görə də, təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmiş həcmdə vurulmuş zərər məbləğinin ödənilməsinə etiraz etmir. İş üzrə Cavabdeh2 və Cavabdeh3 MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları AA 908653 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “CHERY COWİN minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, saat 00:00 radələrində “Renault Megane minik” marrkalı, **-RV-*** markalı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İXM-nnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. ` Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutumuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin təhquqatçısı təhqiqatçısı, polis leytenantı X2 «cinayət işi başlanılmasının rədd edilməsi» haqqında xx.xx.2022-ci il tarixli qərarını surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə DİNin 102 xidmətindən Sabunçu RPİ-nin Növbətçi Hissəsinə daxil olmmuş məlumatda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X1 yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, yol-hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb “Renault Megane” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin srücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 49/2022 saylı «qüsur aktı»ndan görünür ki, İddiaçı mülkiyyətində olan “CHERY COWİN minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir işlərinin cəmi xərci 4175 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli, 0040 nömrəli yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixənədək “Renault Megane” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün yol vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9428 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “CHERY COWİN minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3775 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, 016-/2-8058/2023 saylı məktubundan və ona əlavə olunmuş komputer uçot bazasında mövcud olan məlumatların komputer çıxarışından görünür ki, “Renault Megane minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1113.1.-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə, 00:00 radələrində özünə məxsus idarə etdiyi “CHERY COWİN minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində hərəktdə olarkən Cavabdeh1 mülkiyyətində olan “Reault Megane minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Cavabdeh3 MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə edən Cavabdeh2 yol hərəkəti qaydalarını pozaraq İddiaçı mülkiyyətində olan avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin törədilməsi faktı Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin təhqiqatçısı, polis leytenantı X1 icraatında olan araşdırma materialına əsasn xx.xx.2022-ci il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərarında və Sabunçu RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə öz əksini tapmışdır. Cavabdeh2 idarə etdiyi “Renault” Magane minik” markalı, **- RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortası olmamış, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddiz ziyan vurulmuşdur. İddiaçı hazırda mülkiyyətində olan avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehlərdən 4175 manat məbləğində, avtomobilin daşınma xərci olan 40 manatın və 6 ay müddətində taksilərə verdiyi 600 manatın, ümumilikdə 4815 manat məbləğində pulun alınıb ona ödənilməsini xahiş edir. Avtomobilə vurulmuş zərərin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və alınmış ekspert rəyi ilə avtomobilə vurulmuş zərərin 3775 manat olduğu qeyde edilmişdir. Cavabdeh1 iddia tələbini keçirilmiş ekspert rəyi məbləğində qəbul edərək, həmin hissədə pulun ödənilməsinə etiraz etmir, digər cavabdehlər isə məhkəməyə gəlmədiklərindən iddiaya münasibətlərini öyrənmək mümkün olmamışdır. İşin halları ilə tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçıya məxsus əmlaka Cavabdeh2 tərəfindən maddi ziyan vurulmuş, ziyanın vurulmasında Cavabdeh1 və Cavabdeh3 MMC-nin də təqsiri olmuş, bu avtomobilin sığorta olunmaması və bunun nəticəsində vurulmuş zərərin sığorta tərəfindən ödənilməməsi ilə təsdiq edilmişdir. Bununla da, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC tərəfindən İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulması halı-delikt baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş zərərin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Vurulmuş zərərin dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən 4175 manat məbləğində zərərin vurulması əsaslı ola bilməz. Belə ki, məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində zərərin əvəzinin 3775 manat məbləğində olması müəyyən edilmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul edir və iddiaçının əmlak mənafelərini və hazırkı bazar qiymətlərini nəzərə alaraq hesab edir ki, avtomobilin vurulan ziyanın məbləği 3775 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin 40 manat daşınma xərci və 600 manat taksilərə verilən pul hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, sadalanan prosessual hüquq normalarından göründüyü kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırda iddiaçı baş vermiş yol nəqliyyat hadisəsindən sonra avtomobilin daşınması üçün 40 manat xərc çəkdiyini, eyni zamanda 6 ay ərzində taksilərdən istifadə etdiyini və 600 manat xərc çəkdiyini bildirsə də, bununla bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə görə nəzərdə tutulmuş dövlət rüsumu olan 57.75 manat məbləğində pul vəsaiti də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, tərəfləri dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan “CHERY COWİN minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada 3775 (üç min yeddi yüz yetmiş beş) manat tutularaq iddiaçıya, dövlət rüsumuna görə 57.75 (əlli yeddi manat yetmiş beş qəpik) manat tutularaq dövlət büdcəsinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat isə tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə 3775 (üç min yeddi yüz yetmiş) manat məbləğində pulun İddiaçı xeyrinə tutulsun. İddianın təmin edilmiş hissəsinə münasibətdə nəzərdə tutulmuş 57.75 (əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar