Məhkəmə qərarları › İş №2(010)-3248/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3248/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3248/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən X6 məxsus İddiaçı Slğorta şirkətində sığortalanmış “Mercedes Benz E280” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 874.81 manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30.40 manat, cəmi 905.21 manatın cavabdehlərdən tutulmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı tərəf cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək, cavabdeh X3 əsl Cavabdeh3 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “QAZ 24” markalı, **-CV-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şamaxı yolunun 9-cu km-də hərəkətdə olarkən manevr qaydasını pozaraq təhlükəli manevr etmiş, nəticədə idarəetməni itirərək qarşıdan gələn X4 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mercedes Benz E280” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh3 mülkiyyətində olan “QAZ 24” markalı, **-CV-***” dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri olması Abşeron Rayon Məhkəməsinin 3(012)-496/2012 saylı, xx.xx.2012-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapıb. Toqquşma nəticəsində avtomaşına dəymiş ziyanla bağlı “xxxxxxxxx” MMCnin təqdim etdiyi baxış aktına uyğun olaraq, həmin avtomaşına 2320 manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 016-16279- 1220 saylı məktubundan da göründüyü kimi “QAZ 24” markalı, **-CV-***” dövlət qeydiyyat nişanlı avtomobil hadisə tarixində Cavabdeh1 qanuni sahibliyində olmuşdur. Sığortalanmış nəqliyyat vasitəsinin sığortası natamam şəkildə həyata keçirildiyindən MİP № 121011-B05 saylı sığorta müqaviləsinə və № 1168/2012 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 500 manat çıxmaqla 874,81 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbinə uyğun izahat verərək, tələbin təmin edilməsini, tələb edilən məbləğin cavabdehlərdən tutulmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Rafiq qızı məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və tələb edilən pul məbləği subroqasiya qaydasında Cavabdeh2 tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan: - MİP -1 1168/2012 № li, Sığorta Aktından görünür ki, xx.xx.2012-ci ildə Bakı- Şamaxı yolunun 9-cu km liyində “QAZ 24” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobillə toqquşmuş, maddi ziyan məbləği 2320 manat təşkil etmiş, X6 874.81 manat sığorta ödənişi verilməsi nəzərdə tutulmuşdur. - 22406 № li ödəniş tapşırığından müəyyən edilir ki, X6 874,81 manat sığorta ödənişi edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli İnzibati Xəta haqqında iş üzrə Qərarından görünür ki, xx xxx 2012-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “QAZ 24” markalı, Az ** CV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şamaxı yolunun 9-cu km liyində hərəkətdə olarkən manevr qaydasını pozaraq təhlükəli manevr etmiş, nəticədə idarəetməni itirərək qarşıdan gələn “Mercedes Benz E 280” markalı, Az MH 252 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində “Mercedes Benz E280” markalı avtomaşının sahibinə maddi zərər dəymişdir. Həmin Qərarla Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 2 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə üçüncü şəxsə maddi ziyan vurmuşdur. Sığorta şirkəti cavabdehin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmasını əsas gətirərək ödədiyi sığorta məbləğinin əvəzinin subroqasiya qaydasında tutulmasını xahiş edir. Bununla bağlı, məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslıdıır və təmin edilməlidir. Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh2 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmuşdur. Məhkəmə iddia tələbini digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə əsaslı hesab etmir. Belə ki, işdə olan Daxili İşlər Nazirliyi Baş Dövlət X14 xx.xx.2020-ci il tarixli məktubuna əsasən qəza törədilən QAZ 24 markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh3dır. Həmin avtomobil etibarnamə ilə idarə edilmək üçün X2, X8 və Cavabdeh1 verilmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yani, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə Cavabdeh2 təqsirinin olması iş materialları ilə sübut edilsə də, digər digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qəzanın baş verməsində təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2dan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə "Mercedes Benz E280" markalı, **-MH-*** dövlə qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 874,81 (səkkiz yüz yetmiş manat səksən bir qəpik) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar