Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3276/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7900 manat əsas borcun və 3000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, o cavabdehləri uzaq qohumu İddiaçı2 vasitəsi ilə tanımışdır. Onun bacısına sürmək üçün avtomobil lazım olduğundan o 2021-ci ilin yanvar ayının əvvəllərində Ramillə bu barədə danışaraq razılığa gəlmişdir. Ramil də Cavabdeh1la danışaraq razılaşmışlar. Samir ona satışda normal vəziyyətdə münasib qiymətə «Chevrolet Aveo» markalı avtomobil olduğunu, həmin avtomobil üçün ilkin olaraq 5500 manat, hər ay üçün isə 490 manat ödəməli olmasını və həmin ödəniş başa çatdıqdan sonra avtomobili onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O cavabdehə inanaraq İddiaçı2 vasitəsilə ona 17.01.2021-ci il tarixdə ilkin ödəniş məbləği olaraq 5500 manat pul vermiş və həmin pulu aldıqdan sonra cavabdeh həmin avtomobili qardaşı-digər Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bu məqsədlə ondan daha 600 manat pul almışdır. O iki ay, hər ay 490 manat olmaqla avtomobilə görə krediti ödəmiş, lakin həmin avtomobildə ciddi nöqsanlar aşkar etmiş və onu təmir etdirmək üçün 800 manat xərc çəkmişdir. Sonradan Cavabdeh1 müraciət edərək həmin avtomobili qaytarmaq istədiyini bildirmiş və ondan bu avtomobil üçün ödədiyi pul vəsaiti kimi 7000 manat pulun qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh1 avtomobili ondan təhvil almış və çəkdiyi xərci ona qaytarmamışdır. Bundan sonra o cavabdehin işlədiyi AR ƏN-nin PX-nə şikayət etmiş və ona ünvanlanan 23.04.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun ərizəsi əsasında araşdırma aparılmış və cavabdeh barəsində ciddi intizam tənbehi görülmüşdür. Hazırda həmin avtomobilə görə ödəmiş olduğu pul və avtomobilin təmirinə çəkdiyi xərclər bütünlüklə cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7900 manat pulun və 3000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan mülki işə baxılmasını və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Sənan adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, İddiaçı2 avtomobil almaq niyyətindədir və ona bu işdə kömək etmək lazımdır. Sənan ona bildirmişdir ki, Turaldan bu işdə onlara köməklik göstərilməsini xahiş etsin. İddiaçı2 ona bildirmişdir ki, Sumqayıt şəhərində bir avtomobil tapmış və ondan xahiş etmişdir ki, gedib avtomobilə baxsınlar. O Ramillə birlikdə gedib avtomobilə baxmış və Ramil avtomobili bəyənərək 100 manat beh vermişdir. Bundan sonra Ramil avtomobili satan Ruslan adında şəxslə görüşüb avtomobili yoxlatdırmaq üçün servisə getmişlər. Ramil avtomobili bəyəndikdən sonra o, dostu Sənan, Ramil notariusa getmişlər. 5400 manat məbləğində pulu İddiaçı2, 6500 manat pulu isə o notariusda avtomobili satan Ruslan adlı şəxsə verərək alqı-satqını rəsmiləşdirmişlər. Sonradan Ramil həmin avtomobilin Sənanın adına rəsmiləşdırilməsinə etiraz etmiş və bu zaman avtomobili qardaşı Seyfədin adına rəsmiləşdirmişlər və Seyfəd tərəfindən nəqliyyat vasitəsindən istifadə edilməsi barədə İddiaçı2 adına etibarnamə verilmişdir. Bu zaman Ramil ona etibarnamənin üzərinə onun tərəfindən avtomobilə görə ilkin ödənilmiş məbləğin yazılmasını tələb etmişdir. O ilkin ödəniş kimi 5500 manat və 20 ay ərzində 490 manat ödəməli olması barədə etibarnamənin üzərinə yazı yazmışdır. Ramil 2 ay ərzində avtomobilin kreditini ödəmiş, lakin sonra ona zəng vuraraq bildirmişdir ki, avtomobili onun əlindən alaraq onu qovmuşlar. Sonradan ona Xətai adlı şəxs zəng vuraraq avtomobili qaytarmaq niyyətində olduğunu bildirmişdir. O Avtomobilə baxış keçirərkən məlum olmuşdur ki, avtomobilin alt hissəsindən yağ axıtmışdır. O məcbur olaraq avtomobili geri götürmüş və avtomobilə görə Xətaiyə 3200 ABŞ dolları məbləğində pul qaytarmışdır. O bununla bağlı olaraq Ramilə zəng vurmaq istəmiş, lakin Xətai ona bildirmişdir ki, o Ramillə danışarsa, ondan şikayət edəcəkdir. Onun Xətai ilə avtomobilin alqı-satqısına dair heç bir söhbəti olmamış və onu tanımır. O avtomobillə bağlı olaraq yalnız İddiaçı2 ilə danışıqlar aparmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Ramil tərəfindən həmin avtomobilin dəyəri avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Bu halda Samir cavabdeh ola bilməz və ona qarşı iddia tələbi yönələ bilməz. Bundan başqa həmin avtomobilə Samirin özü tərəfindən də 6500 manat pul ödənilmişdir. Cavabdeh1 bununla bağlı heç kim tərəfindən pul verilmədiyindən, həmin pulun ondan tələb olunması da əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o avtomobilin alqısatqısına dair heç bir danışıqlarda iştirak etməmiş, yalnız avtomobil onun adına rəsmiləşdirilmişdir. Məhkəmə iddiaçının, cavabdehlərin və onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə şahid X1 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Samir və Ramil birlikdə işlədiklərindən bir-birini tanıyırlar. O Ramillə telefon vasitəsilə danışmış və Samirin avtomobil alqı-satqısı ilə məşğul olan tanışının olması barədə ona məlumat vermişdir. Sonradan Ramil özü Samirlə danışaraq razılığa gəlmişlər. Bununla əlaqədar olaraq Ramil Turbo. Az saytından avtomobil taparaq bəyənmiş və avtomobilin mülkiyyətçisi Ruslan adlı şəxslə görüşərək ona 100 manat beh vermişdir. Həmin atomobili onun adına rəsmiləşdirmək istəsələr də, onun qeydiyyatı rayona olduğundan alınmamışdır. Həmin vaxt Samir Ramilin adına baş etibarnamə verməmiş, yalnız sürmək üçün etibarnamə vermişdir. Ramil isə tələb etmişdir ki, onun avtomobilə görə ödədiyi pulun dəyərini etibarnamənin üzərində yazsın və Samir razılşaraq etibarnamənin üzərinə onun ilkin ödəniş etməsi və aylıq ödənişlər barəsində qeydiyyat aparmışdır. İş üzrə şahid X6 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o Samirlə yaxın dostdur. Ona məxsus avtoservis olduğundan onun tərəfindən mübahisəli avtomobilə baxış keçirilmişdir, servisdə maşının yağını dəyişmişlər. O alqı-satqı vaxtı notariat orqanında olmuş və Samir həmin avtomobilə görə 6500 manat pulu, Ramil isə 5400 manat pulu avtomobilin sahibinə ödəmişdir. İş üzrə Şahid ifadə verərək bildirmişdir ki, o Xətaini yaxından tanıyır. Bakıdan Sumqayıta gedən zaman Xətaiyə Samir adlı şəxs zəng vuraraq avtomobili ustaya yoxlatdıracağı barədə məlumat vermişdir. O X8 markalı avtomobili qarajdan götürərkən görmüşdür. Xətai həmin avtomobili Samirə təhvil vermiş və Samir avtomobilə görə ödənilmiş pulu karta köçürəcəyini bildirmişdir. İş üzrə şahid X4 ifadə verərək bildirmişdir ki, o Chevrolet Aveo markalı avtomobili satmaq istəmiş və Samir, Ramil və Sənan adlı şəxslər avtomobilə gəlib baxmışlar. O avtomobilin dəyərini saytda 12500 manat qeyd etmiş, lakin sonradan danışıqlar nəticəsində 12000 manata satılmasına razılaşmışdır. Ramil ona 100 manat beh vermiş və avtomobili servisdə yoxlatdırmışlar. Sonradan notariat orqanında ona avtomobilə görə Ramil tərəfindən 5400 manat, Samir tərəfindən isə 6600 manat pul verilmişdir. O avtomobilin alqı-satqısını Samirlə danışmış və razılaşmış, avtomobilin pulu ona bütünlükdə Samir tərəfindən ödənilmişdir. Ramil isə ona bildirmişdir ki, avtomobili Samir alır, lakin o qalan pulu hissə-hissə Samirə ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş ƏN-Vİ 480416 saylı 21.01.2021-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən İddiaçı2 Chevrolet Aveo markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək hüququ ilə etibarnamə verilmişdir. Həmin etibarnamənin üzərində əlyazma kimi ilkin ödəniş kimi 5500 manat, 20 ay müddətinə 490 manat sözləri yazılmışdır. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Chevrolet Aveo markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarına əlavə olunmuş ödəmə blankından müəyyən olunur ki, 18.02.2021ci il tarixdə 490 manat və 18.03.2021-ci il tarixdə 490 manat ödəyici İddiaçı2 tərəfindən Cavabdeh1 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə tərəflərin verdiyi izahatlardan, şahid ifadələrindən və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, İddiaçı2 tərəfindən 21.01.2021-ci il tarixdə avtomobilin alınması üçün verilmiş 5500 manat pul vəsaiti Cavabdeh1 tərəfindən alınaraq avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Həmin avtomobilin dəyərinin qalan hissəsi Cavabdeh1 tərəfindən mülkiyyətçiyə tam olaraq ödənildikdən sonra avtomobil Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Hazırda avtomobil Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsindən istifadə edilməsi barədə İddiaçı2 adına etibarnamə verilmişdir. Bundan sonra avtomobilə görə hər ay üçün 490 manat olmaqla iki ay ərzində pul İddiaçı2 tərəfindən Cavabdeh1 ödənilmişdir. Cavabdeh həmin avtomobilə görə ilkin olaraq 5500 manat alaraq mülkiyyətçiyə ödəməsini və 2 ay ərzində 490 manat almasını etiraf edir. Lakin Cavabdeh1 həmin avtomobilə görə 3200 dollar qaytarmasını iddia etsə də, bununla bağlı olaraq heç bir sübut təqdim etməmişdir. Bundan əlavə İddiaçı1 pulun ona məxsus olmasını iddia etsə də, iş materiallarına təqdim olunmuş sübutlardan müəyyən olunur ki, avtomobilə dair pulun alınıb-verilməsi İddiaçı2 ilə Cavabdeh1 arasında baş vermişdir. Bundan əlavə iddiaçılar avtomobilin rəsmiləşdirilməsinə görə 600 manat pulun və avtomobilin təmirinə görə 800 manat pul ödəməsini bildirsələr də, bununla bağlı mötəbər sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən avtomobilin qaytarılması zamanı həmin pulun iddiaçıya qaytarılması ilə bağlı sübut təqdim olunmadığından iddia qismən təmin olunmalıdır. İddiaçıların mənəvi zərərin əvəzi kimi 3000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı2 tərəfindən avtomobilə görə cavabdehə 6480 manat pul vəsaiti verildiyindən iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 6480 manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qalan hissəsinə dair mötəbər sübutlar təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 6480 (altı min dörd yüz səksən) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3276/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3276/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver