Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3386/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 37 saylı Dövlət Notariat Ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayəti” üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 37 saylı Dövlət Notariat Ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət”lə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx xxxxxx 2006-cı il tarixli, ƏN 037978 sseriya nömrəli, xx xxx 2007-ci il tarixli, 7E-10/3020 və xx xxxxxx 2014-cü il tarixli, 7E- 17/8172 reyestr nömrəli etibarnamələrin və həmin etibarnamələrin verilməsinə əsas olan X9, X12 və X6 “Qum adası” NQSİ-nin bağçılıq təsərrüfatı tərəfindən verilmiş üzvlük biletlərinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsinin Bakı şəhəri 37 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixli, ƏN 037978 seriya nömrəli etibarnamə ilə X9, xx xxx 2007-ci il tarixli, 7E-10/3020 reyestr nömrəli etibarnamə ilə X12 və xx xxxxxx 2014-cü il tarixli, 7E-17/8172 reyestr nömrəli etibarnamə ilə X8 məxsus “Qum adası” NQSİ-nin bağçılıq təsərrüfatı tərəfindən verilmiş üzvlük biletinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisindəki “Bahar” yaşayış sahəsi adlandırılmış ünvandan torpaq sahələri almışdır. Qeyd olunan etibarnamələrin əslini naməlum şəraitdə itirdiyindən xx xxxxxx 2019-cu il tarixli ərizə ilə həmin etibarnamələri vermiş Bakı şəhəri 37 saylı Notariat Ofisinə müraciət edərək xx xxxxxx 2006-cı il tarixli, ƏN 037978 seriya nömrəli, xx xxx 2007-ci il tarixli, 7E-10/3020 və xx xxxxxx 2014-cü il tarixli, 7E-17/8172 reyestr nömrəli etibarnamələrin və həmin etibarnamələrin verilməsinə əsas olan “Qum adası” NQÇİ-nin bağçılıq təsərrüfatı tərəfindən verilmiş üzvlük biletlərinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, H-01/13 saylı məktubla “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə istinad etməklə qeyd olunan sənədlərin ona təqdim edilməsindən əsassız olaraq imtina edilmişdir. Lakin Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən qeyd olunan sənədlər əsassız olaraq ona təqdim edilmədiyindən mülkiyyət hüququnun həyata keçirilməsi, qeyd olunan torpaq sahələrinin üzərində hüquqlarının qeydiyyatı və özəlləşdirilməsi imkanından məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı iştirak etsə də etibarnaməsi olmadığından izahatı dinlənilməmişdir. Cavabdeh Bakı şəhəri 37 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri 37 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, ƏN-İ 037978 nömrəli etibarnamənin surətindən görünür ki, X2 Kifayət Temir qızına etibarnamədə göstərilən hərəkətləri etməyi etibar etmişdir. Bakı şəhəri 37 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 7E-17/8172 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Kifayət Temir qızına etibarnamədə göstərilən hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilmişdir. Bakı şəhəri 37 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 7E-10/3020 nömrəli etibarnamənin surətindən görünür ki, X3 Kifayət Temir qızına etibarnamədə göstərilən hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 20 il müddətinə verilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri 37 saylı notariat Ofisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı “Qum adası” NQÇİ-nin bağçılıq təsərrüfatı tərəfindən verilmiş üzvlük biletlərinə əsasən X12, X10 və X9 məxsus bağ sahələrini etibarnamə əsasında aldığını, lakin torpaq sahələrinə aid olan üzvlük kitabçalarını və etibarnamələri naməlum şəraitdə itirdiyini bildirərək həmin sənədlərin dublikatlarının ona təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, H-01/13 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı “Qum adası” NQÇİ-nin bağçılıq təsərrüfatı tərəfindən verilmiş üzvlük biletlərinə əsasən X12, X10 və X9 məxsus bağ sahələrini etibarnamə əsasında müxtəlif tarixlərdə almış, bu zaman həmin etibarnamələr və üzvlük biletləri Bakı şəhəri 37 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə X14 ona verilmiş etibarnamələrin və üzvlük biletlərinin əslini itirdiyini bildirərək Bakı şəhəri 37 saylı notariat ofisinə sənədlərin dublikatının verilməsi ilə bağlı müraciət etmişdir. Bakı şəhəri 37 saylı Notariat Ofisi bu sənədlərin verilməsindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə istinad etməklə imtina etmişdir. Həmin maddədə qeyd edilir ki, notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Məhkəmə ilk növbədə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən, məhkəmə notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icraat qaydasında baxır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində qeyd edilir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə Bakı şəhəri 37 saylı notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtina etməsindən şikayətlə bağlı olduğundan və hüquqa dair tərəflər arasında mübahisə olduğundan işə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Notariat ofisinin notariat hərəkətinin aparılmasından imtinaya dair cavabından göründüyü kimi, Bakı şəhəri 37 saylı notariat ofisi hesab etmişdir ki, İddiaçı nə notariat hərəkətlərinin aparılmasını tapşırmış, nə də barəsində notariat hərəkətləri aparılmış şəxsdir. Bu səbəbdən də ona müvafiq etibarnamələr və üzvlük biletlərinin təsdiq edilmiş surətinin verilməsindən imtina edilmişdir. Məhkəmə notariat ofisinin həmin mövqeyi ilə qismən, etibarnamələrlə bağlı hissədə razılaşmayaraq qeyd edir ki, müvafiq etibarnamələrin iş materiallarında olan surətlərindən görünür ki, bu etibarnamələrin hər üçü üzrə etibarnamədə göstərilmiş hərəkətlərin etibar edildiyi şəxs İddiaçıdır. Göründüyü kimi, İddiaçı hər üç etibarnamə üzrə barəsində notariat hərəkətləri aparılmış şəxs olmaqla “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində göstərilmiş şəxslər dairəsinə daxil olduğundan onun həmin etibarnamələrin təsdiq edilmiş surətlərinin alınmasına hüququ olmuşdur və notariat ofisi əsassız yerə bu sənədlərin verilməsindən imtina etmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Odur ki, iddia müvafiq etibarnamələrin təsdiq edilmiş surətlərinin verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia bağçılıq təsərrüfatı tərəfindən verilmiş üzvlük biletlərinin təsdiq edilmiş surətlərinin verilməsi hissəsində əsassızdır. Ona görə ki, İddiaçı həmin sənədlərin tələb edilməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi İddiaçı verilmiş etibarnamələrin hər üçündə etibar edənin müvafiq bağ sahələri üzərində səlahiyyətini təsdiq edən sənəd kimi “Qum adasaı” NQÇİ-nin üzvlük bileti göstərilmişdir. Yəni həmin sənədlər birbaşa adına üzvlük bileti verilmiş şəxslərə məxsusdur. Məhkəmə hesab edir ki, müvafiq etibarnamələrin bu üzvlük biletlərinə əsasən verilmiş olması İddiaçı bu biletlər üzərində hər hansı hüququ olması mənasına gəlmir. Odur ki, həmin üzvlük biletlərinin təsdiq edilmiş surətlərini tələb etmək hüququ yalnız adına bilet verilmiş şəxslərin özlərinə məxsusdur. Bu mənada İddiaçı iddia tələbinin bu hissəsinə subyektiv hüququ olmadığından iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il tarixli, ƏN 037978 nömrəli; xx.xx.2007-ci il tarixli, 7E-10/3020 reyestr nömrəli və xx.xx.2014-cü il tarixli, 7E-18/8172 nömrəli etibarnamələrin notariat qaydasında təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi cavabdeh Bakı şəhəri 37 saylı notariat ofisinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il tarixli, ƏN 037978 nömrəli; xx.xx.2007-ci il tarixli, 7E-10/3020 reyestr nömrəli və xx.xx.2014-cü il tarixli, 7E-18/8172 nömrəli etibarnamələrin notariat qaydasında təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi cavabdeh Bakı şəhəri 37 saylı notariat ofisinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3386/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3386/2020
30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver