Məhkəmə qərarları › İş №2(010)-3394/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3394/2022

07.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3394/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tusi (keçmiş Pravda) küçəsində yerləşən 20 saylı, ümumi sahəsi 54.60 kv.m olan fərdi yaşayış evindən cavabdehin istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X13 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının qeydiyyatda olduğu ünvan iddiaçının şəxsi mülkiyyətindədir. Həmin ünvanda iddiaçı ailəsi ilə birlikdə yaşayır. İş üzrə cavabdeh iddiaçının qardaşı X1 həyat yoldaşıdır və o 2012-ci ildə nikaha daxil olaraq mübahisəli evə gəlin köçmüşdür. Onların nikahı Suraxanı rayon Məhkəməsinin 13 may 2022-ci il tarixində pozulmuş və azyaşlı uşaqlar atasının himayəsinə verilmişdir. Lakin cavabdeh uzun bir müddətdir ki, evi tərk etmiş və həmin ünvanda yaşamır. Nikahın pozulması və sair tələblərə baxan zaman Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və onun harada olması barədə iddiaçıda məlumat mövcud deyildir. Bununla bağlı olaraq X8 polis bölməsinə müraciət etmiş və Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi tərəfindən X4 məktub ünvanlanmış və həmin məktubda qeyd olunmuşdur ki, onun həyat yoldaşı Cavabdeh evdən könüllü olaraq getdiyinə görə müraciəti işə alınaraq saxlanılması üçün bölmənin dəftərxanasına təhvil verilmişdir. Cavabdeh mübahisəli evdə qeydiyyatda olsa da, mülkiyyətçinin qardaşı ilə onun arasında bağlanmış nikah pozulmuş və cavabdehin həmin evə qeydiyyatı hazırda formal xarakter daşıyır. İddiaçı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını pozur və onun əmlakı üzərində sərəncam verməsinə süni maneələr yaradır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 1812 saylı arayışdan görünür ki, İddiaçı Əlişi qızı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(010)-327/2022 saylı qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında 01 sentyabr 2012-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın pozulması haqqında akt qeydləri kitabında 1125 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 19 dekabr 2010-cu il təvəllüdlü X9 və 07 fevral 2012ci il təvəllüdlü X11 atası X2 yanında qalmaları, 18 yanvar 2016-cı il təvəllüdlü X12 anası Cavabdeh alınaraq atası X2 himayəsinə verilməsi, Cavabdeh 19 dekabr 2010-cu il təvəllüdlü X3 və 07 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 27 oktyabr 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 80 manat, cəmi 160 manata sabit pul məbləğində aliment tutularaq X4 verilməsi, Cavabdeh 18 yanvar 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaq atasına təhvil verildiyi gündən başlayaraq, hər ay uşağa 80 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 3 ünvanındakı mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Asan 5 orqanı tərəfindən X10 verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin X4 ünvanladığı 17 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, həyat yoldaşı Cavabdeh evdən könüllü olaraq getdiyinə görə müraciəti işə alınaraq saxlanılması üçün bölmənin dəftərxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında olan nikah 06 iyul 2022-ci ildə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə X8 arasında 01 sentyabr 2012-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış və cavabdeh mübahisəli evə gəlin köçmüşdür. Tərəflər arasında bağlanmış nikah pozulmuş və azyaşlı uşaqların atasının himayəsində saxıanılması qət edilmişdir. Cavabdeh mübahisəli evi tərk edərək çıxıb getmiş və bununla bağlı onun əri X8 tərəfindən polis bölməsinə müraciət olunmuşdur. Polis bölməsi tərəfindən verilmiş məktuba əsasən müəyyən olunmuşdur ki, Cavabdeh evdən könüllü olaraq getdiyindən bununla bağlı araşdırma aparılmamışdır. Mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tusi küçəsi (keçmiş Pravda) 20 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı mülkiyyətçi cavabdehin həmin mənzilə istifadə hüququnu tanıdığını, lakin sonuncunun mövcud olan hüququna nikah münasibətlərinə son verildiyindən və həmin mənzildə yaşamadığından xitam verilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması məhkəmə araşdırılması zamanı mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun mövcudluğunu qəbul edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tusi küçəsi (keçmiş Pravda) 20 saylı fərdi yaşayış evində yaşamaması, onun evdən könüllü olaraq çıxıb getməsi, onunla bağlanmış nikahın pozulması, mülkiyyətçisinin yaxın qohumu ilə ailə münasibətlərinə xitam verilməsi və qeydiyyatının formal xarakter daşıması təqdim olunmuş sənədlərlə tam təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tusi küçəsi (keçmiş Pravda) 20 saylı fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tusi küçəsi (keçmiş Pravda) 20 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar