Məhkəmə qərarları › İş №2(010)-350/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-350/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-350/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdehnə (bundan sonra – Cavabdeh MMC) qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş real zərərə görə 1208 manat və mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 4208 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMCdən “Bakı-İstanbul, İstanbul-Bakı” reysləri üzrə 2 ədəd (özü və həyat yoldaşı – X2 üçün) gediş-gəliş biletləri almışdır. Biletlərin ümumi dəyəri 556 manat təşkil etmişdir və ödəniş “eManat” ödəniş terminalı vasitəsilə Cavabdeh MMC-nin əməkdaşının (Sadıqova Şəlalə) “Kapital Bank” hesabına köçürülmüşdür. Köçürməni etdikdən sonra Cavabdeh MMC-nin əməkdaşı biletlərini şəkillərini ona göndərmişdir. Uçuş şərtləri barədə başqa heç bir məlumat təqdim etməmişdir. O, şəxsi səbəblərdən gediş biletindən istifadə edə bilməmişdir. Onlar nəzərdə tutmuşlar ki, gediş biletindən istifadə etməsələr belə, qayıdış bileti hələ də qüvvədədir. Həmin gün artıq tranzit yolla getdikləri İstanbul şəhərində olduqlarından geri qayıdış tarixindən 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə Cavabdeh MMC-nin əməkdaşı Şəlalə Sadıqova ilə əlaqə saxlayaraq öz biletlərinin şəkillərini ona göndərmiş və ondan əl yükünün olub-olmamasını soruşmuşdur. Şirkətin əməkdaşı isə cavabında bildirmişdir ki, “Bəli, sizin əl yükünüz 10 kq həcmindədir və əlavə olaraq 23 kq baqaj sifariş verə bilərsiniz”. Bunun müqabilində 120 manat ödəniş etməli olduqlarını qeyd etmişdir. Sabahı günü o, əlavə olaraq 1 ədəd əlavə yük baqaj alınmasını xahiş etmişdir. Cavabdeh MMC-nin əməkdaşı Şəlalə Sadıqova ona məlumat vermişdir ki, 120 manat əlavə ödəniş olunmalıdır. Şirkətin əməkdaşı yenə də ona özünün “Kapital Bank”a məxsus bank hesabını göndərmişdir. O, 120 manat pulu əməkdaşın bank hesabına göndərdikdən sonra heç bir problem olmadığı, tezliklə baqaj sifariş ediləcəyi bildirilmişdir. Axşam təxminən saat 19:00 radələrində “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə Şəlalə Sadıqova ona mesaj yazaraq bildirmişdir ki, sistemdə onların aldıqları biletlər göstərilmir. Daha sonra əməkdaş qeyd etmişdir ki, aldıqları biletlər kampaniya biletləri olduğu üçün gediş biletlərindən istifadə etmədikləri üçün qayıdış biletləri avtomatik ləğv olunub və onun da səbəbini əlavə olaraq qeyd etmişdir ki, gediş biletlərini istifadə etmədiklərinə görə onlar aviaturu məlumatlandırmalı, aviatur da öz növbəsində "xxxx" QSC-yə məlumat göndərməli imiş. O halda geri qayıdış biletlərimiz ləğv olunmayacaqdı. O isə bildirmişdir ki, belə bir şərt barədə ona əvvəllər heç bir məlumat verilməmişdir. Həmçinin, o, gediş biletlərindən istifadə etmədiyi təqdirdə aviaturdan nə şifahi, nə də yazılı olaraq ona əlavə bildiriş gəlməmişdir. Hətta gediş zamanı istifadə etdikləri üçün aviatur tərəfindən bu şərt barəsində ən azından onlara xəbərdarlıq mesajı göndərilməlidir. Əgər belə bir mesaj göndərilsə idi, onlar dərhal istifadə etmədikləri üçün bu barədə dərhal bildirərdilər. Şəlalə Sadıqova isə əsassız şəkildə bildirmişdir ki, bu "xxxx" QSC qaydaları ilə müəyən edilmişdir. O da bildirmişdir ki, o, biletləri Cavabdeh MMC-dən əldə etmişdir və MMC ona uçuş şərtləri barədə ətraflı məlumat verməli idi. Daha sonra, Cavabdeh MMC-nin əməkdaşı Şəlalə Sadıqovaya izah etmişdir ki, o, xx.xx.2024-cü il tarixində işdə olmalıdır. Belə ki, onun məzuniyyət vaxtı bitir və bu səbəbdən geri qayıdış biletini xx.xx.2024-cü il tarixə götürmüşdür. Cavabdeh MMC-nin əməkdaşı qeyd etmişdir ki, biletləri heç bir halda bərpa etmək mümkün deyil. Həmçinin, onu iş günü olmadığı "xxxx" QSC-nin İstanbul ofisinə yönləndirmişdir. Həmçinin, ona köməklik üçün qayıdış biletlərini almağa səy belə göstərməmişdir. Həmçinin, yığılan telefon zənglərinə də cavab verməmişdir. Cavabdeh MMC-nin rəhbəri Günel Şıxıyeva ilə əlaqə saxlayan zaman o da öz səhvlərini başqasının üzərinə atmışdır. "xxxx" QSC-nin qaynar xətti ilə əlaqə saxlayan zaman isə əməkdaş ona bildirmişdir ki, yuxarıda göstərilən şərtlərin hamısı aviatur tərəfindən onlara bildirilməli idi. Ən azından mobil telefona mesaj şəklində yazılmalı idi. Mövcud şərtlər barəsində bütün aviaturlar məlumatlandırılır. Həmçinin, əməkdaş ona əlavə olaraq bildirmişdir ki, onların aldıqları xx.xx.2024-cü il tarixinə, saat 15:30-a relsə boş yer qalmayıbdır. Yəni, onların yeri də artıq dolmuşdur. O, məcburiyyət qarşısında xx.xx.2024cü il tarixində Bakı şəhərindən yaxın dostundan kart ödəniş vasitəsilə borc alaraq 1208 manat ödəniş edərək yeni biletlər əldə etmişdir. Bununla da, Cavabdeh MMC-nin təqsiri nəticəsində 1208 manat məbləğində ona zərər dəymişdir. Cavabdeh MMC-nin təqsiri nəticəsində o, mənəvi zərərə də uğramışdır. Belə ki, istirahətinin son günündə bu xəbəri eşitdikdə yoldaşı və o, stressə düşmüşdür. Bütün günlərini mövcud problemin həlli üçün Cavabdeh MMC-nin, "xxxx" QSC-nin əməkdaşları ilə ünsiyyət qurmağa və yeni biletlərin alınmasına sərf etmişlər. Biletlərin ləğvi həmçinin digər planlarını da pozmuşdur. Bununla da, Cavabdeh MMC-nin məsuliyyətsizliyi nəticəsində dərin sarsıntı və iztirab keçirmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, əgər bilet alınırsa və həmin bilet üzrə gedişdən istifadə edilmirsə, qayıdış bileti avtomatik olaraq ləğv olunur. Bu qayda həmişə bu cür tətbiq edilmişdir. Əgər bileti alan şəxs uçuşdan əvvəl şirkətə məlumat verməsə, şirkətin bu halı yoxlamaq kimi bir imkanı yoxdur. İddiaçı tərəf özü bu işdə maraqlı olmalı və şirkətə gedişdən istifadə edilməməsi ilə bağlı məlumat verməlidir. Necə ki, iddiaçı tərəf baqajla bağlı şirkətlə əlaqə saxlayırdı, eləcə də bilet üzrə gedişin istifadə edilmədiyini və bu səbəbdən qayıdış biletinin aktiv saxlanılması ilə bağlı məlumat verə bilərdi. Belə bir məlumat onlara daxil olduğu zaman, onlar da öz növbələrində "xxxx" QSC-yə bu barədə məlumat verə bilərdilər ki, qayıdışı aktiv saxlasınlar. Onların iddiaçı tərəfə məlumat verməklə bağlı hər hansı öhdəlikləri yoxdur. Lakin, o, özü şəxsən iddiaçıya şifahi olaraq məlumat vermişdir. İddiaçının Şəlalə xanımla da yazışmaları da var, həmin yazışmalardan görünür ki, iddiaçı kifayət qədər məlumatlandırılmışdır. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən heç bir turizm şirkəti bilet alan şəxslərlə aralarında bağlanan müqavilələrdə biletin gedişindən istifadə edilmədiyi təqdirdə qayıdışın aktiv olmayacağını göstərmir. Çünki, turizm şirkətlərinin daim həmin uçuşları nəzarətdə saxlamaq imkanı yoxdur. Bilet alan şəxsin özü bunda maraqlı olmalı və "xxxx" QSC-nin müəyyən etdiyi daşıma qaydalarına uyğun olaraq uçuşdan 60 dəqiqə əvvəl turizm şirkətinə məlumat verməlidir ki, turizm şirkəti də öz növbəsində aviasiya şirkətinə məlumat versin və qayıdış aktiv saxlanılsın. Yəni, gedişdən istifadə edilmədiyi təqdirdə qayıdış biletinin aktiv saxlanılması üçün aviasiya şirkətinə məlumat verilməsi cavabdehin öhdəliyi deyil və iddia tələbi tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı “Bakı- İstanbul” və “İstanbul-Bakı” reysləri üzrə Cavabdeh MMC ilə əməkdaşlıq edərək bilet əldə etmiş, lakin İstanbul şəhərində həmin bilet üzrə deyil, başqa bilet üzrə, yəni digər tranzit qaydada hərəkət edərək getmişdir. İddiaçı məhz İstanbul şəhərinə getdikdən sonra həmin biletdən gediş üzrə istifadə etmədiyini şirkətin əməkdaşlarına bildirmişdir. Bununla bağlı qeyd edir ki, "xxxx" QSC tərəfindən müəyyən edilmiş daşıma qaydaları var ki, həmin qaydalar məhz "xxxx" QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Eyni zamanda, iddiaçı müvafiq tur agentliyi ilə müqavilə bağlayarkən məhz həmin qaydalarla tanış oldum qrafasını da təsdiq etməlidir. "xxxx" QSC tərəfindən müəyyən edilmiş daşıma qaydalarının müvafiq maddələrinin məzmunundan da göründüyü kimi, bileti almış şəxs əgər bron edilmiş müvafiq uçuş reysi üzrə gedişdən istifadə etməyəcəksə, uçuşda ən geci 60 dəqiqə əvvəl bu barədə tur agentliyinə məlumat verməlidir ki, onun həmin bilet üzrə qayıdış hüququ qüvvədə saxlanılsın. Lakin, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı bu barədə uçuşdan 60 dəqiqə əvvəl cavabdehə məlumat verməmiş, əksinə İstanbul istiqamətinə hərəkət etdikdən sonra şirkəti məlumatlandırmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli elektron biletlərdən müəyyən olunur ki, İddiaçı və Nəhmətova Həmidə Cavabdeh MMC-dən “Bakı-İstanbul-Bakı” aviareysinə gediş tarixi xx.xx.2024-cü il, dönüş tarixi xx.xx.2024-cü il olan, ümumi dəyəri 556 manat olan iki ədəd bilet əldə etmişlər. xx.xx.2023-cü il tarixli, ƏXZ seriyalı, 259609 nömrəli kassa mədaxil orderinə dair qəbzin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən “Bakı-İstanbul-Bakı” reysləri üzrə 2 ədəd aviabiletin dəyəri olan 556 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin kassasına mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli elektron biletin surətindən müəyyən olunur ki, İddiaçı və Nəhmətova Həmidə “İstanbul-Bakı” aviareysinə xx.xx.2024-cü il tarixə bilet əldə etmişlər. Qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 1200 manat pul vəsaiti köçürülmə edilmişdir. "xxxx" QSC tərəfindən “Turistimiz Aghalı/Aykhan MR ETKT 771 ********** və onun həyat yoldaşı Nahmatova/Hamida MRS ETKT 771 ********** qeyd edilən biletləri yazmışıq 2023-cü ilin dekabr ayında. Turistin uçuşu avqust ayında baş tutmalı idi. Yalnız turistlər bizə heç bir məlumat vermədən uçuşun gedişindən istifadə etməyərək başqa şirkətdən bilet alıb başqa ölkəyə, sonra isə İstanbula uçublar. Biletin dönüşünü istifadə etmək istəyəndə artıq biletin olmadığını görərək bizdən aldıqları biletlə geri dönə bilməyiblər. Bizə zəng vurduqları zaman hava yolunun qaydalarını tam olaraq izah etdik, amma turistlər bununla razılaşmayaraq şirkəti məhkəməyə verib bizdən 4208 manat məbləğində təzminat tələb edirlər. İlk məhkəmə keçirildi və biz hakimə hava yolu qaydalarını izah etdik. Amma, hakim bizdən "xxxx" QSC-nin qaydaları ilə bağlı rəsmi sənədləri tələb edir. Sərnişin israrla bildirir ki, siz bilməli idiniz, biz sizə xəbər verməsək də, biz uçmuruq bizə məlumat verməli idiniz ki, biletin gedişi yanacaq. Çox xahiş edirik ki bizə köməklik edəsiniz” məzmunlu məktuba cavab olaraq Cavabdeh MMC-yə e-mail vasitəsilə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Aviaşirkətimizin tarif qaydalarına əsasən, sərnişin birinci uçuş seqmentini istifadə etmədiyi halda, sistem avtomatik olaraq ikinci uçuş seqmentini “non-show” olaraq qəbul edir və rezervasiyanı deaktiv edir. Belə hallarla qarşılaşmamaq üçün sərnişin əvvəlcədən aviaşirkətə və ya bilet aldığı tur şirkətinə müraciət edərək uçuşda iştirak etməyəcəyi barədə məlumat verməlidir”. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 777. Tapşırıq müqaviləsi. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar. ...1.1.9. turizm xidmətləri – səyahətin məqsədindən asılı olaraq turistlərə ödənişli əsaslarla göstərilən yerləşmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkili xidmətləri və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər xidmətlər;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsi ilə bağlı münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Bakı-İstanbul- Bakı” aviareysi üzrə 2 nəfər üçün biletlərin alınması və uçuşun təşkil edilməsi işinin həyata keçirilməsini Cavabdeh MMC-yə tapşırmış, sonuncu da öz növbəsində ümumi dəyəri 556 manat olan 02 ədəd biletin iddiaçının tapşırığına uyğun əldə olunmasını təmin etmişdir. Göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlər məhz iddiaçının sifarişi əsasında cavabdehin elektron şəkildə aviaşirkətin biletlərinin alınmasından ibarət olmuşdur. Cavabdeh hüquqi şəxs aviaşirkətdən biletləri alaraq üzərinə düşən vəzifəni icra etmiş və cavabdehin fəaliyyəti bu xidmətin həyata keçirilməsi ilə məhdudlaşmışdır. Bundan sonrakı mərhələdə baş vermiş hər hansı qarşısıalınmaz qüvvənin təsirinə görə iddiaçının həmin biletlərdən istifadə etməməsində cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. İddiaçının hazırda tapşırıq müqaviləsi əsasında biletlərin alınmasını həyata keçirmiş və həyata keçirdiyi xidmətə görə haqqını almış cavabdehdən uçuşu həyata keçirən aviaşirkət tərəfindən dönüş biletindən istifadə edə bilməməsinin nəticəsində çəkdiyi xərcləri, eləcə də mənəvi zərəri tələb etməyinin hər hansı qanuni və müqavilə əsası yoxdur. Digər tərəfdən, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsində məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Lakin, hazırkı iş üzrə cavabdehin hərəkətləri iddiaçının tapşırığı əsasında aviaşirkətdən biletlərin alınması ilə məhdudlaşmış, bu hərəkətlər tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə uyğun olmaqla hər hansı qanuna ziddlik təşkil etməmişdir. Digər tərəfdən, iddiaçı cavabdehin qanunsuz hərəkət və (və ya) hərəkətsizliyi nəticəsində özünün keçirdiyi mənəvi sarsıntı və iztirabların nədə ifadə olunmasını, bu kimi sarsıntıların məhz cavabdehin hərəkətləri nəticəsində baş vermiş olmasını, eləcə də keçirilmiş sarsıntılarla cavabdehin hərəkətləri arasında nə kimi səbəbli əlaqənin olmasını sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı tərəfindən bu hissədə də iddia tələbinin əsasını təşkil edən fakt və halları təsdiq edən hər hansı mötəbər sübut işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, qərəzsiz, obyektiv və hərtərəfli baxaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar