Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3514/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pul tələbinə dair» mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-yə ödənilmiş 366 manat pul vəsaitinin və hüquqi yardımın göstərilməsi ilə bağlı (hüquqi məsləhət və iddia ərizəsinin tərtibi) ödənilmiş 60 manat pul vəsatinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Yaşayış evini optik internet ilə təmin etmək üçün "xxxx" MMC-yə 2022-ci ilin yanvar ayında müraciət etmişdir. Nəticədə cavabdehin rəsmi nümayəndələri əraziyə baxış keçirtmiş və fərdi yaşayış evinə 2022-ci ilin mart ayında internet çəkilişi təmin olunmuşdur. Xüsusi olaraq qeyd edir ki, internet çəkilişinin aparılması üçün tərəfindən 300 manat pul vəsaiti cavabdehin nümayəndələrinə ödənilmiş, həmçinin 18 manat əlavə ödəmiş, bundan sonra ona ******* abonent kodu verilərək hər ay internet xidmətləri üçün 18 manat ödəniş etməklə istifadə edəcəyini izah etmişlər. Qeyd edir ki, cavabdehə xx.xx.2022-ci ildə 30 manat, xx.xx.2022-ci ildə isə 18 manat pul ödənilmişdir. Bir ay müddətində internetdən istifadə etdikdən sonra internet xidmətindən istifadə edə bilmədiyi üçün o, cavabdeh ilə (OPTİK İnternet xidməti üzrə müqavilənin 8.2 və 8.3 bəndlərinə uyğun olaraq) əlaqə saxlamaq niyyətinin müsbət həlli olmadığından ilk öncə xx.xx.2022-ci ildə Sabunçu RPİ-nin 12-ci PŞ-nə müraciət etsə də, mübahisənin mülki xarakter olması ona bildirilmiş və məhkəməyə müraciət etməyi ona izah edilmişdir. Onun cavabdehə ödədiyi 300 manat üçün ona heç bir çek verilməmişdir. Beləliklə cavabdehə cəmi 366 manat pul ödəməyinə baxmayaraq internet xidmətindən istifadə edə bilməmişdir. Nəticədə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən istifadəçiyə möhürlü optik internet xidməti üzrə müqavilə verilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ-nin 12-ci PŞ-də aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda İddiaçı müraciəti üzrə toplanmış materiallar üzrə aparılmış yoxlama zamanı cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən müəyyən olunur ki, hüquqi yardım üçün 60 manat, ******* saylı kod üzrə 48 manat ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC tərəfindən istifadəçiyə möhürlü optik internet xidməti üzrə müqavilə verilmiş, lakin həmin müqavilə tərəflər arasında imzalanmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıdır və onun hüquqları və qanuni mənafeləri məhkəmə tərəfindən müdafiə olunmalıdır. İddiaçı həmin müqaviləni imzalamasa da, bunu bilmədiyini, lakin "xxxx" MMC ilə müqavilə bağladığını, bununla bağlı MMC tərəfindən ******* saylı kod verildiyini və ona məxsus evə internet çəkilməsini etiraf edir. "xxxx" MMC tərəfindən verilmiş müqavilə MMC-nin nümayəndəsi tərəfindən imzalanmasa da, həmin müqavilə MMC tərəfindən möhürlənmiş və MMC tərəfindən verilmiş koda iddiaçı tərəfindən 48 manat pul vəsaiti ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək öhdəliyin lazımi qaydada icra olunmadığını,cavabdehdən 366 manat pul vəsaitinin və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 60 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik lazımi qaydada yerinə yetirlmədiyindən iddiaçı tərəfindən ödənilmiş 48 manat pul vəsaiti və 60 manat hüquqi yardım üçün ödənilmiş pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə xərci - 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti və 60 (altmış) manat hüquqi yardım xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərci - 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3514/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3514/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver