Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-483/2023 19.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyirinə 374,46 manat əsas, 64,05 faiz borcu olmaqla ümumilikdə 435,51 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə AR FHN MMQ N nömrəli hərbi hissə rəisi X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək haqqı kartlarının alınması və onlardan istifadə edilməsi” haqqında müqaviləyə əsasən Bank tərəfindən sonuncuya işçiləri üçün Bankın buraxdığı MC Debet Standart tipli plastik bank kartları verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli “Əmək haqqı kartları haqqında məlumata” əlavəyə əsasən Cavabdeh adına hesab açılmış və onun adına əmək haqqı kartı verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) xx.xx.2021-ci il tarixdən və xx.xx.2021-ci il tarixədək sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 374,46 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində kartın balansına 4515,70 manat vəsait mədaxil olunmasına baxmayaraq kartdan 4954,22 manat məbləğində vəsait məxaric etmiş, bu zaman cavabdehin kart hesabında 374,46 manat məbləğində mənfi qalıq formalaşmışdır. Həmin vəsaitə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 64,05 manat faiz hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərk bildirdi ki, onun əmək haqqı kartına həmin dövrlərdə müxtəlif məbləğlərdə müavinətlər köçüb, ona görə də artıq köçən məbləğdən xəbəri olmayıb. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcunu 3 gün ərzində ödəməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin əsassız varlanmanı əks etdirən arayışından görünür ki, Cavabdeh tərəfindən hesabdan hüquqi əsas olmadan cəmi 374,46 manat vəsait çıxarılmışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh əmək haqqını "xxxx" ASC vasitəsi ilə alır. "xxxx" ASC-nin nümayəndəsinin qeyd etdiyinə əsasən bankın əməliyyat sistemində yaranmış texniki nasazlıq səbəbilə Cavabdeh hesabına heç bir qanuni əsas olmadan 374,46 manat pul köçmüş və Cavabdeh iddiaçının hesabına əsassız olaraq həmin məbləğ həcmində varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən heç bir hüquqi əsas olmadan cavabdehin hesabına köçürülmüş 374,46 manat pul cavabdehdən tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Məhkəmə iddia tələbini cavabdehdən faiz borcunun tutulması hissəsində əsassız hesab edir və həmin hissədə tələbin təmin olunmaması qənaətinə gəlir. İş üzrə məhkəmə xərci ödənilməli dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edidiyindən dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 374,46 (üç yüz yetmiş dörd manat, qırx altı qəpik) manat və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamənin qəbul edildiyi gündən bir ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-483/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-483/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver