Məhkəmə qərarları › İş №2(010)-3531/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3531/2024

09.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3531/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, evdən, həyətyanı torpaq sahəsindən çıxarılma və onlara məxsus əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Suraxanı rayonu, Əmircan qəs, X.Əliyev küç, dön 1, ev 23-ə köçürülməyi və Cavabdeh onun inşa etdiyi sahələrdən çıxarılması, ona və yoldaşı X3 məxsus əşyaların qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, Əmircan qəs, X.Əliyev küç, dön 1 ev 23-ü X4 on bir min manata almışdır. Evi aldıqdan sonra onun razılığına əsasən o, göstərilən evə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Evin və torpaq sahəsinin "Çıxarışı" olmadığına görə alqı-satqı müqaviləsini notariat kontorunda qeydə ala bilməmişdirlər. O, göstərilən həyətyanı torpaq sahəsinə köçdükdən sonra 1 otaq sahəsi 9 kv.m və otağın qabaq hissəsində 8.5 kv.m-lik giriş otağı inşa etmişdir. Göstərilən otaqları tikdikdən sonra ona məxsus olan ev əşyalarını da həmin sahələrə yerləşdirmişdir. Bir müddət keçəndən sonra X8 Azərbaycan Respublikası CM-nin 234.3.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuşdur. Halhazırda o, cəzaçəkmə müəssisəsindədir. Osmanov Sənan həbs olunandan sonra torpaq sahəsini özəlləşdirmək mümkün olmadığından onlar alqı- satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirə bilmədilər. X2 verdiyi pul məbləğini məhkəməyə təqdim etdiyi qəbzlər təsdiq edir və bundan əlavə o, onu göstərilən ünvava qeydiyyata götürmüşdür. Həyat yoldaşı Baladayev Vladimirin evi satıldığı üçün ona məxsus olan ev əşyalarını gətirib Əmircan qəs, X.Əliyev küç, dön 1 ev 23-ə yerləşdirmişdilər. Osmanov Sənan məhkum olunduqdan bir müddət sonra onun bacısı Gülqayda adlı qadın onu göstərilən ünvandan zor gücünə çıxarmağa başladı, həyətin qapısını bağladı və onu içəri buraxmadı. O, iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etdikdən sonra məhkəmənin qərarına əsasən evin və darvazanın açarları ona təhvil verdi. Buna baxmayaraq, Osmanov Sənanın qardaşı Cavabdeh Rusiya Federasiyasından qayıtmış və onu zor gücünə evdən çıxarmaq istəmiş və buna da nail olmuşdur. Cavabdehla aralarında baş verən münaqişələr nəticəsində onun barəsində Suraxanı RPİ tərəfindən cinayət işi başlanmış və Suraxanı Rayon Məhkəməsinin hökmünə əsasən məhkum olunmuşdur. Buna baxmayaraq, o, yenidən nalayiq hərəkətlər edərək onu ölümlə hədələməyə başlamışdır. O, öz həyatından ehtiyat etdiyi üçün məcburiyyət qarşısında qalıb evdən çıxmışdır. Hal-hazırda o, kirayə yaşayır. Kirayə haqqı vermək onun üçün çətindir. Ona məlum olmuşdur ki, Cavabdeh həyətyanı torpaq sahəsində tikdiyi otaqları sökmüş, ona və həyat yoldaşı Baladayev Vladimirə məxsus olan əşyaları talamışdır. Ona təxminən qırx min manat ziyan vurmuşdur.

Tərəflərin izahatları.

3. Cavbadeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazını bildiriş və qeyd etmişdir ki, həmin ərazi onun ata həyətidir, qardaşı ondan xəbərsiz oranı satmışdır.

4. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilən İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları.

5. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Suraxanı rayon XDS-nin İcraiyyə Komitəsinin 20 aprel 1990-cı il tarixli 05 saylı qərarı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsində yerləşən 0.052 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X7 verilmişdir.

6. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır.

7. xx.xx.2021-ci il tarixli “ Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”dən görünür ki, qeyd olunan müqavilə "xxxx" ASC ilə ünvan 2 ünvanında yaşayan İddiaçı arasında kommunal xidmətin göstərilməsi ilə əlaqədar bağlanmışdır.

İşin faktiki halları.

8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə obyekti olan ev sənədsiz tikilidir. İddiaçı həmin evə 2020-ci ildə qeydiyyata alınıb və kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə imzalayıb. Torpqağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X5 adınadır. Cavabdeh həmin şəxsin qardaşıdır. Hazırki iddia tələbində iddiaçı mübahisə obyektini təşkil edən fərdi yaşayış evinin alqı-satqı əsasında ona məxsus olduğunu, lakin evin çıxarışı olmadığı üçün mülkiyyət hüququnun rəsmi qeydiyyata alınmadığını bildirir və hazırda da cavabdehin ona məxsus olan fərdi yaşayış evini zəbt etməklə onun mülkiyyət hüququnu pozduğunu bildirir və bu səbəbdən hazırki iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin mübahisəli evə hər hansı bağlılığı müəyyən edilmir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi

166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri

180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

13. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisə obyektini təşkil edən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur və mübahisəli ev qanunsuz tikilidir. Mübahisə obyekti özbaşına tikili olduğuna görə, mülkiyyət və mülkiyyətin müdafiəsi hüququnu tənzimləyən maddi hüquq normaları həmin tikiliyə tətbiq edilə bilməz. Bununla yanaşı, məhkəmə hazırkı mübahisəyə hüquqi qiymət verərkən tərəflərin mübahisə obyektinə münasibətdə faktiki sahibliklərinin olub-olmamasını və bu sahibliyin həcmini müqayisə etməklə nəticəyə gəlinməsini məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, qeyd olunan torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-4096 nömrəli şəhadətnamə əsasında digər şəxs – X7 məxsus olmuş və onun razılığı əsasında İddiaçı həmin ünvanda yerləşən fərdi yaşayış evi üzrə qeydiyyata alınmaqla orda yaşamağa başlamış və eyni zamanda iş materiallarından göründüyü kimi həmin ünvanda kommunal xidmətlər iddiaçının adına olmuşdur. Başqa sözlə, iddiaçı həmin torpaq sahəsi və orada olan sənədsiz evə faktiki sahiblik etmişdir. Bu faktı hər iki tərəf qəbul edir. Bu xüsusda məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan fərdi yaşayış evinə münasibətdə faktiki sahibliyi mövcud olmuşdur. Cavabdehə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırki işin araşdırılan hallarından cavabdehin həmin mübahisəli fərdi yaşayış evinə münasibətdə hər hansı hüququnun olması halı müəyyən edilmir. Cavabdeh həmin evə girməsini və iddiaçını oradan çıxarmasını belə əsaslandırır ki, qardaşı ondan xəbərsiz evi iddiaçıya satıb, əslində həmin əmlak ona məxsusdur, sadəcə şəhadətnamədə qardaşının adı yazılmışdır. Cavabdehin mübahisəli əraziyə hər hansı hüququnun olmasına dəlalət edən hal müəyyən edilmir. Cavabdehin Mülki Məcəllənin 166.3-cü maddəsinin tələbləri baxımından mübahisəli torpaq sahəsi və ya onun üzərindəki sənədsiz tikilidə qalmasının əsası müəyyən edilmir. Həmin Maddəyə görə yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Göründüyü kimi, cavabdehin mübahisə obyektinə hər hansı əşya hüququnun olması müəyyən edilmir, eyni zamanda onun faktiki sahib olması halı da işin halları ilə öz təsdiqini tapmır. Cavabdehin mübahisə obyektinə münsibətdə faktiki sahibliyi müəyyən edilmədiyinə görə onun iddiaçını həmin fərdi yaşayış evindən çıxarması və özünün orada yerləşməsi faktiki sahibliyin müdafiəsi deyil, qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməli, yəni İddiaçı ünvan 3 ünvanına köçürülməli və Cavabdeh ünvan 3 ünvanından çıxarılmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçının mübahisə obyekti olan sənədsiz evə köçürülməsi onun həmin əmlakla bağlı əşya hüquqlarının (mülkiyyət və ya istifadə) olması anlamına gəlməməlidir. Ona görə ki, əşya hüquqlarının əmələ gəlməsi əsasları qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Hazırkı işdə isə belə əsaslar yoxdur.

14. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya və onun yoldaşına məxsus olan əşyaların cavabdehdə alınaraq ona qaytarılması hissəsində əsaslı deyildir. Birincisi ona görə ki, iddiaçının həyat yoldaşının adından iddia irəli sürmək hüququ müəyyən edilmir. Mülki-Prosessual Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Bundan əlavə, iddiaçı qeyd olunan formada tələblə müraciət etsə də, lakin tələbin öz əşyalarına münasibətdə əsaslı olmasına dair müvafiq dəlilləri məhkəməyə təqdim edilməmiş, tələbini bu hissədə əsaslandırmamış, yalnız izahatlarında əşyalarının həmin evdə qaldığını bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, tələb qeyd olunan hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 3 ünvanına köçürülməli, Cavabdeh ünvan 3 ünvanından çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanına köçürülsün. Cavabdeh ünvan 3 ünvanından çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakjı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar