Məhkəmə qərarları › İş №2(5-124)-252/2026

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(5-124)-252/2026

12.03.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(5-124)-252/2026 12.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə və torpaq sahəsinə köçürülmə, cavabdehin ailə üzvlərinin əmlakı ilə birlikdə mülkdən və torpaq sahəsindən çıxarılması və zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə və torpaq sahəsinə köçürülmə, cavabdehin ailə üzvlərinin əmlakı ilə birlikdə mülkdən və torpaq sahəsindən çıxarılması və zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə JN 435 A, KOD 50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülküyyətinə verilmiş 0.06 hektar həyətyanı torpaq sahəsindən, yəni Göygöl şəhəri Heyvandarlıq sovxozunun ərazisindən 4-cü küçə 77 nömrəli ünvanda yerləşən (hazırkı Vaqif küçəsi ev 77) mülküyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsindən və üzərindəki tikililərdən, evdən, mülkdən cavabdeh və ailə üzvlərinin öz əmlakları ilə birlikdə zəbtlərindən azad edilib boşaldılaraq torpaq sahəsinin və əmlakın qaytarılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Hesab edirəm ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyrimüəyyənlik və tələbin dəqiq olmaması var. Belə ki, iddiaçı Cavabdeh və ailə üzvlərinin ona məxsus torpaq sahəsindən və torpaq sahəsinin üzərində olan tikililərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdehin ailə üzvlərinin kimlərdən ibarət olmasını göstərməmiş, nəticədə tələbdə qeyri-müəyyənlik yaratmış, mülkdən çıxarılmalı olan şəxslərin və cavabdehlərin dairəsini müəyyən etmək, iddiaçıya yönələn tələbi müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3–cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.5–ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4–cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə və torpaq sahəsinə köçürülmə, cavabdehin ailə üzvlərinin əmlakı ilə birlikdə mülkdən və torpaq sahəsindən çıxarılması və zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev İş № 2(5-124)-252/2026 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə və torpaq sahəsinə köçürülmə, cavabdehin ailə üzvlərinin əmlakı ilə birlikdə mülkdən və torpaq sahəsindən çıxarılması və zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 16:00-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 16:10-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar