Məhkəmə qərarları › İş №2(010)-3540/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3540/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3540/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək “BMW” 530 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə avtomobilin sahibinə ödənilmiş 2500 manatın və məhkəmənin hesabına köçürülmüş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31.07.2016-cı il tarixdən 30.07.2017-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ 603514 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh 12.11.2016-cı il tarixdə 17.00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz” markalı, **-BC-*** d.n.q.n avtomobillə yeni Günəşli qəsəbəsində A.Fətullayev küçəsində Yeni Günəşli istiqamətində hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törədərək “BMW” 530 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilin sahibi X1 maddi ziyan dəymişdir. 0316/CLM- 3384/2016-2017 saylı sığorta aktına əsasən “BMW” 530 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 2500 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı ASC məhkəməyə yazılı şəkildə müraciət edərək iş üzrə keçiriləck məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq və MPM-nin 185-ci maddəsinə istinad edərək işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və nəticə verilməsini mümkün hesab edir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və tələb edilən pul məbləği subroqasiya qaydasında cavabdehlər tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsindən görünür ki, ** BC *** dövlət qeydiyyat nömrəli avtomobil PAZ********** nömrəli şəhadətnamə ilə bir il müddətinə, 31.07.2016-cı ildən 30.07.2017-ci ilədək sığortalanmışdır. -KYP 512230 № li, 15 noyabr 2016-cı il tarixli X5 Protokolun surətindən görünür ki, 12 noyabr 2016-cı il tarixdə, saat 17.30-da «Mercedes Benz C180» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı özünə məxsus avtomobili idarə edən Cavabdeh hərəkətdə olarkən digər avtomobilə yol verməyib, yol ver nişanının tələbini pozaraq yolayrıcına daxil olarkən “BMW” 530 markalı, **-CT-*** minik ** CT *** d.n.q.n-lı avtomobillə toqquşmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyinə görə X3 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi hallarını tənzimləyir. Həmin Məcəllənin 332.4-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. -0316 CML-3384/2016 № li sığorta aktından görünür ki, sığortalı Cavabdeh məxsus «Mercedes Benz» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin “BMW” 530 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində dəymiş ziyan məbləği olan 2500 manat sığorta ödənişi ödənilməli olması qeyd edilmişdir. - Avtomobil təmir mərkəzi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 16.11.2016-cı il tarixdə təmirə qəbul edilmiş “BMW” 530 markalı, **-CT-*** dövlə nömrə nişanlı avtomobillə bağlı cəmi ödəniləcək təmir xərci 5355 manat təşkil edir. -01 fevral 2017-cı il tarixli № 641 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən faydalanan şəxs X2 hesabına 2500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh avtomobillə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “BMW” 530 markalı, **-CT-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsində ziyan dəyən digər avtomobil üçün faydalanan şəxsə 2500 manat məbləğində sığorta ödənişi etmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdıır və təmin edilməlidir. Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmuş və hadisə zamanı onun sürücülük vəsiqəsi olmamışdır. Bu hal Suraxanı RPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş 14 noyabr 2016-cı il tarixli arayışla da təsdiq edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abbasov Mehdı̇ xan Əşrəf oğlundan "BMW 530" markalı, **-CT-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2500 (iki min beş yüz) manat sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar